Bu hadisə Türkiyədə “İSKİ yolsuzluk skandalı” kimi tanınır. Bu qalmaqal olmasaydı, prezident Rəcəb Tayib Ərdoğanın siyasi karyerası və dolayısı ilə Türkiyənin müasir tarixi tamamilə başqa cür ola bilərdi.
Diqqətəlayiqdir ki, ölkədəki siyasi proseslərə bu qədər önəmli təsir göstərən hadisənin səbəbkarı önəmli siyasi fiqur deyildi: nə partiya rəhbəri idi, nə nazir, nə də bələdiyyə başqanı. Bir bürokrat, İstanbul Su və kanalizasiya idarəsi (İSKİ) müdiri Ergün Göknel idi.
***
Oxucuda hadisə haqqında təəssüratın tam olması üçün mövzuya bir qədər əvvəldən giriş etmək lazım olduğunu düşünürəm.
Türkiyədə 1980-ci il hərbi çevrilişindən sonra siyasi partiyalar qapadıldı və onların köhnə adlarla bərpası qadağan olundu. Bu, hətta Atatürkün yaratdığı CHP-yə də aid idi (parlament bu qadağanı 1992-ci ildə qaldırdı). Partiyanın lideri Bülent Ecevitə isə siyasətlə məşğul olmaq 10 il qadağan edildi.
Sol düşərgədə boşluğu doldurmaq üçün 1983-cü il mayın 20-də Halkçı Partiya (HP) quruldu. Necdet Calp partiyanın başqanı oldu. İyunun 6-da isə Erdal İnönünün (İsmet İnönünün oğlu) başqanlığında Sosial-demokrat partiyası (SODEP) quruldu.
1983-cü il parlament seçkilərində, hərbi xuntanın törətdiyi əngəllər üzündən, SODEP iştirak edə bilmədi. Cəmi üç partiyanın buraxıldığı seçkilərdə HP 30,46% səs topladı və təkbaşına iqtidar olan Ana Vətən Partiyasının (ANAP, Turqut Özal) ana müxalifəti oldu.
1984-cü ildə keçirilən bələdiyyə seçkilərində isə SODEP iştirak edə bildi və bu, HP-nin zərərinə oldu. SODEP 23,35% səs toplayaraq, 8 bələdiyyə başqanlığı qazandı. HP isə 8,76% səslə başqanlıq qazanmadı.
HP-nin 1985-ci il iyununda keçirilən qurultayında daha əvvəl baş katib vəzifəsini tutan Aydın Güven Gürkan başqan seçildi. Bundan sonra SODEP ilə birləşmək uğrunda danışıqlar başladı. Həmin il noyabrın 2-də iki partiyanın birləşməsi ilə Sosial-demokrat Halkçı Partiya (SHP) quruldu. Aydın Güven Gürkan 7 ay yeni partiyanın başqanı oldu, 1986-cı il mayın 30-da isə bu posta Erdal İnönü seçildi.
Siyasət qadağası davam edən Bülent Ecevit isə öz xanımı Rehşan Ecevitin adı ilə Demokratik Sol Partiyanı (DSP) qurdu. HP-SODEP birləşməsindən razı qalmayan bəzi HP-lilər də DSP-yə qoşuldular. 1987-ci ildə Konstitusiya dəyişikliklər səbəbindən keçirilən referendumdan sonra Ecevitin qadağası ortadan qaldırıldı və özü partiyanın başına keçdi.
***
1987-ci il parlament seçkilərində sol elektoratın səsinin bir qisminin (8,53%) DSP-yə getməsinə baxmayaraq, HP-nin dörd il əvvəl qazandığı ana müxalifət statusunu SHP qoruya bildi – 24,74% və 99 mandat.
Əvəzində 1989-cu ilin bələdiyyə seçkiləri partiyanın gözlənilməz zəfərinə çevrildi. SHP 28,69% səs toplayaraq, birinci oldu və 39 vilayətin bələdiyyə başqanlığını qazandı. Özü də bunların içində İstanbul, Ankara və İzmir kimi üç ən böyük şəhər vardı.
Bu illərdə SHP funksionerlərinin adı korrupsiyadan uzaq idi. Türkiyə kimi emosional siyasi mühiti olan ölkədə siyasi rəqiblər bir-birlərini haqq-nahaq çox şeydə ittiham edirdilər. Amma SHP-lilərə korrupsiya ittihamı yapışmazdı. Təmiz imici ilə tanınan adamlardan biri də İstanbul bələdiyyəsinin yeni başqanı Nurettin Sözen idi.
Onun seçkilərdə qələbəsi SHP-nin ümumi qələbəsindən daha sensasion idi. Proqnozlara görə, İstanbula artıq 5 ildir rəhbərlik edən Bedrettin Dalan (ANAP) böyük üstünlüklə qalib gəlməli idi. Amma Dalan cəmi 26,12% səs toplayaraq, ikinci oldu. Nurettin Sözen isə 35,95% səslə qalib gəldi.
Haşiyə: Bu gün Bakı üçün də aktual olan bir məsələyə toxunum. 1950-ci illərin ikinci yarısından İstanbulda tramvay xətləri azaldılmağa başladıldı. 1966-cı ildə tamamilə ləğv olundu. Amma effekt gözlənilənin tam əksi oldu. İstanbulun çirklənməsi ilə yanaşı, hərəkət gözlənildiyi kimi sürətlənmədi, daha da yavaşladı. Məhz Nurettin Sözenin dövründə, 1990-cı ildə İstanbulda tramvay nəqliyyatı bərpa edildi.
Nurettin Sözenin ilk təyinatlarından biri sol görüşlü siyasətçilərin, ziyalıların, jurnalistlərin qatıldıqları “Taksim toplantıları”ndan 10 ildən çoxdur tanıdığı və dostlaşdığı Ergün Gökneli İstanbul Su və kanalizasiya idarəsinə (İSKİ) müdir təyin etməsi oldu.
***
1950-ci illərdən İstanbulun əhalisi sürətlə artır. Hər beş ildən bir 20-30% arası artım qeydə alınır. Məsələn, 1985-1990-cı illər arasında şəhərin əhalisi 5,84 milyondan 7,3 milyona qədər (25%) artmışdı. Bu proses şəhər infrastrukturunun bütün sahələrinin yenidən qurulmasını tələb edirdi. Demoqrafik artımdan xeyli geri qalan sahələrdən biri də su təchizatı və kanalizasiya idi.
Ergün Göknel 1937-ci ildə İstanbulda anadan olub. Ştutqart universitetindən kimya mühəndisi kimi məzun olmuş, sonralar doktorluq işini də orada müdafiə etmişdi. 1968-1985-ci illərdə dövlət və özəl sektorda müxtəlif işlərdə çalışandan sonra öz şirkətini qurdu. Oradan da İSKİ-yə təyin olundu.
Bitərəf müşahidəçilərə görə, Ergün Göknel işinin öhdəsindən pis gəlmirdi. O, meqapolisin su təchizatını xeyli yaxşılaşdıracaq, əhalinin bundan sonrakı artımını da nəzərə alan layihələr hazırladı və həyata keçirməyə başladı. Bu qiymətin həqiqətə nə qədər uyğun olması məqaləmizin mövzusu deyil. Problem odur ki, Göknelin bu fəaliyyəti zamanı tenderlər dürüst keçirilmirdi və qalib gəlmək üçün rüşvət alınırdı, xidmətlər və satınalmalar zamanı (məsələn, suya qatılacaq xlor alışı) qiymətlər şişirdilir və vəsait mənimsənilirdi.
Bu məsələnin üstü açılmaya bilərdi, amma ortaya başqa amillər girdi. Ergün Göknel özündən 29 yaş kiçik katibəsi Feray Karvar ilə sevgi münasibətləri qurdu. Bu, sadəcə adyulter deyildi, Göknel ciddi aşiq olmuşdu. Hətta o qədər ki, arvadı Nurdan Erbuğdan boşanmağı qərara aldı.
1993-cü ilin bir yaz günü arvadına bu qərarını açıqlayanda Nurdan xanım özündən getdi. Göknel ayılan arvadını dilə tutdu, boşanmağa razılıq verməsi üçün kompensasiya ödəməyə razı olduğunu dedi. Nurdan Erbuğ çox tamahkar qadın idimi, ya da boşanmaq istəmədiyindən ağlasığmaz məbləğ dedimi, hər halda 10 milyard lirə (o vaxtın kursu ilə təxminən 1 milyon dollar) istədi. Ergün Göknel də necə aşiq olmuşdusa, razılaşdı.
Bununla belə, pulun hamısını nağd verə bilmədi. 600 min dollar və 100 min alman markası ilə yanaşı, 175 kv metrlik bir ev və təzə avtomobil verdi. Cütlük qarşılıqlı razılaşma ilə boşandı.
Nurdan Erbuğun əvvəldən bir planı vardımı, yoxsa ərinin təmtəraqlı toy təşkil etməsi və yeni arvadı ilə Sidneyə bal ayına getməsimi onu qıcıqlandırdı, söyləmək çətindir. Amma qadın ərindən külli miqdarda “nəfəqə” aldığını mətbuata açıqladı və “bu dəyirmanın suyu haradan gəlir?” sualını verdi.
Demokratik sistem və azad mətbuat olan yerdə rüşvət qalmaqalı həmişə böyük rezonans doğurur. Amma bu dəfə mövzu təkcə rüşvət deyildi. Ortada adyulter, məmurun 29 yaş kiçik qadına məhəbbəti və bu məhəbbət yolunda 1 milyon dollara yaxın vəsait itirməyə hazır olması kimi faktlar olanda “İSKİ yolsuzluk skandalı”nın rezonansı görünməmiş həddə çatdı.
Həmin dövrdə Türkiyədə başqa önəmli hadisələr baş verirdi. Aprelin 17-də prezident Turqut Özal qəflətən vəfat etdi, bir ay sonra Süleyman Dəmirəl prezident seçildi. Hakim Doğru Yol Partiyasının qurultayında Tansu Çiller sürpriz şəkildə partiya başqanı seçildi və Türkiyə tarixində ilk qadın baş nazir oldu (DYP və SHP-nin koalisyon hökuməti).
1993-cü il “faili meçhul” qətllər ili idi. Yanvarda məşhur jurnalist Uğur Mumçu avtomobilinə qoyulan bombanın partlaması ilə öldürüldü. Fevralda Jandarma baş komandanı Eşref Bitlis müəmmalı helikopter qəzası nəticəsində həlak oldu. İyulda Sivasda Madimak cinayəti törədildi: Aziz Nesinin qaldığı hotelin fanatik dindar kütlə tərəfindən yandırılması nəticəsində 33 nəfər öldü. Beş gün sonra PKK Ərzincanın Başbağlar kəndində daha 33 nəfəri öldürdü. Noyabrda JİTEM-in əsas adamlarından binbaşı (mayor) Cem Ersever öldürüldü. Amma bu və başqa cinayətlərə baxmayaraq, “İSKİ skandalı” manşetlərdən düşmədi.
Araşdırmalar zamanı İsveçrə banklarının birində Göknelin adına hesabda daha 30 min dollar və 670 min alman markası olduğu aşkar edildi.
Əlbəttə, bundan siyasi rəqiblər də istifadə etməyə başladılar. Rüşvət məsələsində təkcə Göknelin deyil, Nurettin Sözenin və hətta SHP rəhbərliyinin günahkar olduğu iddia edildi. Sözen bu işdə əli olmadığını sübut etmək üçün hələ qalmaqal yeni başlayanda Gökneli işdən çıxardı və Daxili İşlər Nazirliyinə özü şikayət etdi. Buna baxmayaraq, ictimai rəydə həm Sözenin, həm SHP-nin nüfuzu ciddi şəkildə sarsıldı. Onu da deyim ki, bu gün əksəriyyət Sözenin həqiqətən də dürüst adam olduğunu iddia edir.
Məhkəmə də Sözenə bəraət verdi. Ergün Göknel isə tabeliyində çalışan iki nəfərlə birlikdə günahkar bilindi və iki maddə üzrə 11 il 4 ay həbsə, bir sıra başqa ittihamlar üzrə də pul cəzasına məhkum edildi. O, beş il həbs çəkəndən sonra vaxtından əvvəl azadlığa buraxıldı. Həbsdə olduğu müddətdə gənc arvadı Feray Karvarın ondan boşandığını yazsam, yəqin ki, təəccüblənməzsiniz.
Azadlığa çıxan Göknel üçüncü dəfə evləndi və 8 il sonra yenidən boşandı. O, ömrünün son illərini pensiyası və etdiyi tərcümələr hesabına yaşayırdı. 2023-cü il iyunun 5-də 86 yaşında vəfat etdi.
Məhkəmə hökmü Göknelə kəsilsə də, ən ağır cəzanı Türkiyə solu çəkdi. Partiyanın nüfuzu xeyli azaldı. Artıq növbəti, 1994-cü ildə keçirilən bələdiyyə seçkilərində SHP cəmi 13,52% səs toplayaraq, dördüncü oldu. Partiya cəmi 10 vilayətdə bələdiyyə başqanlığı qazandı. Ankarada Rifah Partiyasının (sədri Necmettin Erbakan), İzmirdə isə DYP-nin namizədi qalib gəldi.
İstanbulda partiya Sözenin deyil, Zülfi Livanelinin namizədliyini irəli sürdü. Bu zaman populyarlığı sürətlə yüksələn Refah Partiyası isə özünün yeni nəsil nümayəndələrindən Rəcəb Tayib Ərdoğanın namizədliyini irəli sürdü.
Seçkilərdə Erdoğan cəmi 25,19% səs toplasa da, bu, başqa namizədlərin daha da az səs toplaması üzündən (Livaneli 20,3% səslə üçüncü oldu) birinci olmağa və İstanbulun bələdiyyə başqanı seçilməyə kifayət etdi. Onun parlaq siyasi karyerası məhz belə başladı. İSKİ qalmaqalı olmasaydı, bu karyera necə olardı, söyləmək çətindir. Türkiyə soluna İstanbul və Ankaranı qaytarmaq üçün tam 25 il lazım gəldi.
***
Hə, bir şey qaldı. Məhkəmə həm də “mənbəyi məlum olmaması səbəbindən” Nurdan Erbuğa verilən pulun müsadirə olunması haqda qərar qəbul etdi. Beləcə, ərindən qisas almaq ehtirası Nurdan xanıma aldığı kompensasiyanı itirməsi bahasına başa gəldi: ər də getdi, zər də…