Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ərkivan:- 90 il öncə bu ərazidə demokratiyanın gücünə baxın



O vaxt ki Kənd Şurasının 3 gündə 5 sədrİ dəyişib 

Cenub.az saytı sizə Masallı rayonunun Ərkivan qəsəbəsi ilə bağlı maraqlı bir məlumat təqdim edir.

Dəyərli jurnalist dostumuz, boradigahlı Sücəddin Şərifovbir neçə aydır ki, Bakıda, Arxivlər İdarəsində, eləcə də M.F. Axundov adına Milli Kitabxanada Boradigah qəsəbəsi (Masallı rayonu) ilə bağlı olduqca maraqlı araşdırmalar aparır. Həmin araşdırmalar zamanı o, Ərkivanla da bağlı çoxumuzdəyərli görünə biləcək  materiallarla qarşılaşıb.

Bizə təqdim olunan həmin məlumatlardan biri  isə Ərkivan Kənd Şurası barədədir.

Gənc nəslə aydan olsun deyə, öncə“kənd şurası” nədir? Sualına aydınlıq gətirək.

XIX əsrin əvvəllərində baş vermiş Rusiya İran müharibələrinin nəticəsi  olaraq Azərbaycanın   şimal torpaqları (Xanlıqlar) Rusiya tərəfindən işğal edildi. İşğal edilmiş ərazilərdə ilk əvvəl əyalətlər, dairə və distansiyalar yaradıldı. Əyalətlər komendantlar tərəfindən idarə olunurdu. Daha sonra isə quberniyalar yaradıldı. Quberniyalar qəza,mahal və kəndlərə bölünürdü. Quberniyalar qubernator, qəzalar general-qubernator, mahallar naiblər, kəndlər isə kəndxudalar tərəfindən idarə olunurdu.

   Azərbaycanda sovet hökuməti qurulduqdan sonra öncə yerlərdə Yoxsul Komitələri, sonra isə bəzən 1, bəzən bir neçə kəndi birləşdirən Kənd Şuraları fəaliyyət göstərirdi.

Azərbaycanda 1930-cu ildə rayonlaşma başlayandan sonra quberniya-qəza-mahal sistemi dəyişdirilib, birbaşa mərkəzə tabeçilik forması yaransa da, Kənd Şuraları fəaliyyətdə idi. Sonralar bu şuralar kəndsovetləri (Kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsi) adlandırılmışdır. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra isə kənd (qəsəbə) sovetlikləri ləğv edilərək yerində kənd, qəsəbə inzibati ərazi vahidliyi yaradılmışdır. 2009-cu ildən inzibati ərazi vahidliyi inzibati ərazi dairəsi adlanır.

1934-cü ildə Masallı rayonunda 24 kənd şurası fəaliyyət göstərirdi ki, onlardan biri də Ərkivan kənd şurası idi. Ərkivan kənd şurası tək Ərkivan kəndini (2007-ci ildən qəsəbədir) əhatə etmişdir.

1922-ci ildə Cəlil Məmmədquluzadənin redaktorluğu ilə fəaliyyətə başlayan, onun ölümündən sonra da, 1938-ci ilə qədər davam edən, paytaxtda nəşr edilən “Yeni yol”qəzeti, görün avqust 1934-cü ildə çap olunan sayında nə yazır:

Masallıda hökumət tapşırıqları dərin kəsirlə ödənilməkdədir. Bunun əsas səbəbi bəzi Kənd Şuralarında sədrlərin tez-tez dəyişdirilməsidir. Üstəlik, bəzi kolxozların  rəhbərliyinin də yabançı ünsürlərə tapşırılmasıdır. 

Ərkivan Kənd Şurasında bir neçə gün ərzində 5 sədr dəyişib.

Sabiq sədr İsmayıl Vahabzadə vəzifəsindən götürülərək yerinə kolxozçu qadın Xeyranisə gətirilib. 

O biri günü isə Xeyranisənin yerinə Bayram Cəfərov gətirilib.

3-cü gün isə Xeyranisə yenidən həmin vəzifəyə qaytarılır. Bunun üstündən 2 gün sonra isə Heybət Kazımov şura sədri gətirilib.

Diqqət etdinizmi, kənd şurasının idarə heyəti seçki yolu ilə 3 gündə eyni vəzifəyə 5 nəfəri necə gətirib?

Qeyd: Bu olaydan 90 il keçsə də, belə demokratiya nümunəsinə yerlərdə rast gəlmək mümkünsüzdür.

Cenub.az üçün hazırladı: Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10