Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Uğursuz Krım əməliyyatı, “icazəsiz” sui-qəsdlər, haker hücumu...




“The New York Times” ABŞ və Ukrayna xüsusi xidmətlərinin əməkdaşlığı haqqında böyük araşdırma dərc edib. Bu əməkdaşlıq Rusiya təcavüzünün dəf edilməsində mühüm rol oynayıb. “Meduza” məqalənin əsas hissələrini təqdim edir. 

“The New York Times” yazır ki, Amerika və Ukrayna xüsusi xidmətlərinin indiki şəkildə əməkdaşlığı 10 il əvvəl formalaşmağa başlayıb. Qəzetin jurnalistləri ABŞ, Avropa və Ukrayna məmurlarından 200-dən çox müsahibə alıblar. 2014-cü ilin fevralında prezident Viktor Yanukoviç ölkədən qaçıb, Ali Rada isə Valentin Nalivayçenkonu Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX – SBU) rəhbəri təyin edib. O, bu postu 2006-2010-cu illərdə bir dəfə tutub və hələ o zaman Amerika xüsusi xidmətləri ilə əlaqə yaratmağa cəhd edib. Amma qəzet yazır ki, Ukrayna Yanukoviç dövründə Rusiya ilə yaxınlaşmağa başlayanda bu əməkdaşlıq pozulub.

Nalivayçenko UTX-nin mənzil-qərargahına gələndə həyətdə közərən sənədlər topası, içəridə isə bütün informasiyaların silindiyi çoxlu kompüterlər görüb. “Bomboş idi. Nə işıq vardı, nə rəhbərlik. Orada heç kəs yox idi”, – Nalivayçenko deyir. 

UTX-nin yeni rəhbəri dərhal ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ – CIA) və Britaniyanın MI-6 kəşfiyyatına üçtərəfli əməkdaşlıq təklif edib, eləcə də Ukrayna kəşfiyyatının sıfırdan qurulması üçün kömək istəyib. “Hər şey belə başladı”,  – o deyir.

Tezliklə Rusiya Krıma qoşun yeridib, Donbasda isə “Donetsk xalq respublikası” elan olunub. Nalivayçenko Ukraynanın müdafiəsi üçün kəşfiyyat məlumatları verilməsindən ötrü MKİ-yə müraciət edib, bundan sonra MKİ rəhbəri Con Brennan Kiyevə səfər edib. 

O, UTX rəhbəri ilə görüşündə bildirib ki, ABŞ münasibətlərin inkişafında maraqlıdır, amma yalnız MKİ üçün komfortlu tempdə baş tutmalıdır. “The New York Times” qeyd edir ki, Nalivayçenkonun öz vəzifəsində nə qədər qalacağı və Ukraynanın yeni rəhbərliyinin böhranı adlayıb-adlamayacağı o zaman Amerika kəşfiyyatı üçün əsas sual olub. 

MKİ-nin bundan əvvəl UTX ilə uğursuz əməkdaşlıq cəhdi olduğundan, Brennan Nalivayçenkoya xəbərdar edir ki, Ukrayna xüsusi xidmət orqanı ABŞ-a qiymətli məlumatlar verə biləcəyinə qadir olduğunu sübut etməlidir. MKİ rəhbəri həm də qeyd edib ki, UTX rusiyalı agentlərdən təmizlənməlidir. Ukrayna tərəfi bu şərtlərlə razılaşıb.

“The New York Times” yazır ki, prezident Obamanın administrasiyasında bu əməkdaşlığın Kremllə konfliktə səbəb olacağından çəkinirdilər və buna görə Ağ Ev MKİ və UTX üçün müəyyən xətlər cızıb. Onlardan biri də bu olub ki, əməkdaşlıq insan ölümlərinə səbəb olmamalıdır. UTX bu tələblərlə razı olmasa da, xüsusi xidmət orqanları sonda kövrək balans əldə ediblər. 

2014-cü ilin yayında Malayziya “Boinq”inin qəzası əməkdaşlığın inkişafına güclü təsir göstərib. O zaman UTX-nin əks-kəşfiyyat departamentinin Beşinci idarəsinin topladığı qiymətli məlumatlar faciədə qondarma DXR-in silahlı qüvvələrinin əli olduğunu təsdiq edib.

Görülən iş MKİ-də müsbət təəssürat yaradıb. Buna görə də amerikalılar üzərilərinə ilk ciddi öhdəlik götürüblər: ukraynalılara mühafizə olunan rabitə vasitələri veriblər, eləcə də Beşinci idarənin və UTX-nin daha iki elitar bölməsinin üzvlərinə xüsusi hazırlıq keçiblər. 

“Ukraynalılara balıq (yəni, kəşfiyyat məlumatları) lazım idi, biz isə siyasi səbəblərdən onu verə bilmirdik. Amma biz onlara ləvazimat vermək və balıq ovlamağı öyrətməkdən məmnun idik”, – amerikalı məmurlardan biri jurnalistlərə deyib. 

Amma görünür, 2015-ci ildə UTX və MKİ arasında münasibətlər zəifləməyə başlayıb. Çünki Nalivayçenkonu vəzifəsindən çıxarıblar. Amma bu, digər tərəfdən yeni fürsətlər açıb. O vaxtkı yerdəyişmələrin gedişində MKİ-nin əks-kəşfiyyat departamentinə rəhbərlik edən Valeri Kondratyuk Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ – QRU) rəisi təyin olunub.

ABŞ əvvəlcə BKİ ilə əlaqələri inkişaf etdirmək istəməyib. Çünki hesab edirmişlər ki, Ukrayna hərbi kəşfiyyatı qiymətli məlumatlar vermir. Amma Kondratyuk bunun əksini sübut etmək qərarına gəlib. O, ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin nümayəndəsi ilə görüş təşkil edib və ona Rusiyanın bir bağlama məxfi sənədlərini verib. Amerika hərbi kəşfiyyatının nümayəndələri buna şübhə ilə yanaşıb və BKİ ilə əməkdaşlıq etməmək qərarına gəlib. 

Belə olduqda, Kondratyik MKİ ilə əlaqə qurmaq qərarı alıb və Amerika kəşfiyyatına Rusiyanın Şimal donanması haqqında məxfi sənədlər, məsələn, atom sualtı qayıqlarının layihəsi haqqında məlumatlar ötürüb. MKİ sənədlərin həqiqiliyini təsdiq edib və Amerika xüsusi xidmətinin əməkdaşları “BKİ ofisini sənədlərlə dolu çantalarla tərk etməyə başladılar”, – “The New York Times” yazır. 

Hər iki idarə əməkdaşlığı faydalı hesab edib. Kondratyuk əmin imiş ki, amerikalılar ona BKİ-ni möhkəmləndirməkdə kömək edəcəklər, MKİ isə ukraynalıların Rusiyada agent tovlamağa kömək edəcəklərinə inanırmış. 

“Bir rusiyalı üçün amerikalıya onu əməkdaşlığa cəlb etməyə imkan vermək – ən alçaq xəyanət və satqınlıq deməkdir. Amma rusiyalının ukraynalı tərəfindən ələ alınması – sadəcə pivə parçı arxasında dost söhbətidir”, – Kondratyuk qəzetə izah edib.

Vaxt ötdükcə BKİ rəhbəri və MKİ-nin Kiyev rezidenturasının rəhbəri, ukraynalıların “Santa Klaus” adı verdikləri şəxs (“The New York Times” onun adını yazmır) arasında daha sız yaxınlaşma olub, iki qurum arasında əməkdaşlıq da sürətlə inkişaf edib. 

Kondratyukun 2016-cı ilin yanvarında Vaşinqtona səfəri dönüş nöqtəsi olub. O zaman MKİ BKİ-ya Rusiya hərbçilərinin danışıqlarını ələ keçirmək sistemini modernləşdirməkdə kömək etməyə razılıq verib. Bunun əvəzində Ukrayna hərbi kəşfiyyatı da bütün işlənməmiş kəşfiyyat məlumatlarını amerikalılarla bölüşməyə razı olub. 

Tezliklə MKİ ukraynalı həmkarlarına avadanlıqlar göndərib, onlar da casus bazaları şəbəkəsi qurmağa başlayıblar. Şəbəkə Rusiya ilə sərhəd boyunca yerləşdirilən 12 məxfi obyektdən ibarət olub. Təxminən həmin vaxt Ukrayna kəşfiyyatçılarının təlim proqramı işə salınıb. “Qızıl balıq əməliyyatı” adlanan təlim Avropanın iki şəhərində keçirilib. Məzunları sərhədboyu həmin 12 əməliyyat bazasına göndəriblər, onlar da Rusiyanın daxilində olan agentlər şəbəkəsini oradan idarə ediblər. Bunları jurnalistlərə Kondratyuk danışıb. 

“The New York Times” qeyd edir ki, MKİ-yə çox zaman xarici xüsusi xidmətlərlə birgə əməliyyatlar keçirmək üçün etimad səviyyəsinə çatmağa illər lazım olur. Amma ukraynalılar buna 6 aydan tez (Kondratyukun Vaşinqton səfərindən sonra) nail olublar.

Bununla belə, “qırmızı xətlər” yoxa çıxmayıb, iki xüsusi xidmətin əməkdaşlığı isə informasiya toplamaqla məhdudlaşıb. Bundan əlavə, BKİ Rusiya qoşunlarının mümkün hücumu zamanı Rusiya dəmiryolunda diversiya törətmək planlaşdırıb, MKİ isə onları bu fikirdən daşındırıb. Bundan sonra Kondratyuk analoji əməliyyatlar zamanı amerikalılara daha xəbər verməməyi qərara alıb. 

Ukrayna kəşfiyyatı 2016-cı ildə Rusiya hərbçilərinin işğal olunmuş Krımdakı aerodroma helikopterlər göndərməsindən xəbər tutanda, BKİ rəhbəri MKİ-də hazırlıq keçmiş “2245-ci dəstə”nin döyüşçülərinə aerodroma partlayıcı yerləşdirmək tapşırıb. Bu missiya ilə göndərilənlər arasında BKİ-nin hazırkı rəhbəri Kirill Budanov da olub. 

Əməliyyat uğursuz olub, çünki ukraynalılar ruslarla üz-üzə gəliblər. Baş verən atışmada bir neçə nəfər ölüb. Nəticədə, ukraynalılar geri çəkilməli olublar. 

Vladimir Putin həmin münaqişə ilə bağlı deyib: “Şübhəsiz ki, biz, belə şeylərə göz yummayacağıq”. Barak Obamanın bəzi müşavirləri MKİ-nin ukraynalılarla əməkdaşlığı dayandırmasını istəyiblər, amma qurumun rəhbəri onları bunun yanlış olduğuna inandırıb: MKİ o zaman Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsini araşdırırmış, ukraynalılar isə qiymətli məlumatlar ötürürmüşlər. 

Brennan Kondratyukla əlaqə saxlayıb və bir daha “qırmızı xətlər”i cızıb, amma tezliklə BKİ rəhbərini vəzifədən uzaqlaşdırıblar. Bundan sonra bir sıra sui-qəsdlər həyata keçirilib, nəticədə “Sparta” dəstəsinin komandiri Arsen Pavlov (Motorola) və “Somali” taborunun komandiri Mixail Tolstıx (Qivi) öldürülüb. “The New York Times” yazır ki, Obamanın müşavirləri baş verənlərə görə “çox qəzəbli” imişlər, amma bir şey də edə bilməyiblər. Çünki ABŞ prezidenti seçkilərinə cəmi bir neçə həftə qalırmış. Seçkilərdə Donald Tramp qalib gəlib. 

“Tramp Putini tərifləyir və Rusiyanın seçkilərə müdaxiləsini inkar edirdi”, – qəzetin məqaləsində deyilir. Amma öz administrasiyasında həlledici vəzifələrə “qırğıları” təyin edir. MKİ direktoru Mayk Pompeo, prezidentin milli təhlükəszilik üzrə müşaviri isə Con Bolton olub. “Tarmp nə desə, nə etsə də, onun administrasiyası çox vaxt əks istiqamətdə fəaliyyət göstərirdi”, – “The New York Times” yazır. Nəticədə, ABŞ və Ukrayna xüsusi xidmətlərinin əməkdaşlığı daha da genişlənib. Məsələn, ukraynalı mütəxəssislər üçün yeni təlim proqramları tətbiq edilib.

Əməliyyatların birində BKİ vacib məlumatlar əldə edib. Bu məlumatlar MKİ-yə digər fəaliyyətləri ilə yanaşı 2016-cı ildə ABŞ-da prezident seçkiləri öncəsi kiberhücumlarda iştirak etmiş “Fancy Bear” haker qrupunu Rusiya hakimiyyəti ilə əlaqələndirməyə kömək etdi. 

Həmin dövr haqqında danışan Kirill Budanov deyir ki, xüsusi xidmətlərin partnyorluğu daha da möhkəmlənib və daha çox sahələri əhatə edib. “The New York Times” yazdığına görə, əməkdaşlıq o qədər uğurlu olub ki, MKİ ona Avropa xüsusi xidmət orqanlarını da qoşmağı qərara alıb. Nəticədə, Rusiyaya qarşı bütöv bir koalisiya formalaşıb, burada da Ukrayna xüsusi xidmətləri mühüm rol oynayıblar. 

Rusiya qoşunlarının Ukraynaya iri miqyaslı təcavüzü başlayanadan sonra MKİ əməkdaşlarının kiçik qrupu Ukraynada qalıb. Onların və tərəfdaşlarının kəşfiyyat məlumatları Ukraynaya müharibənin ilk aylarını adlamağa imkan verib. Məsələn, MKİ məlumatları sayəsində prezident Volodimir Zelenskiyə qarşı qəsdlərdən birinin qarşısı alınıb. 

Müharibə başlayandan sonra Ağ Ev Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlıq zamanı MKİ üçün nəzərdə tutulan bütün məhdudiyyətləri ləğv edib və Ukrayna ərazisində Rusiya qüvvələrinə qarşı keçirilən əməliyyatlara bütün zəruri dəstək göstərməyə icazə verib. 

MKİ və BKİ-nin birgə səyləri nəticəsində rusların danışıqlarını tutmaq üçün daha iki məxfi baza yaradılıb və ukraynalılar daha çox informasiya toplamağa başlayıblar. Bu bazalar şəbəkəsindəki obyektlərdən birinə rəhbərlik edən general Sergey Dvoretski “The New York Times” jurnalisti ilə söhbətində deyib: “Belə informasiyanı siz başqa heç yerdə ala bilməzsiniz – yalnız burada və indi”. 

Hazırladı: Yadigar Sadıqlı

https://meduza.io/feature/2024/02/27/ukrainskaya-razvedka-pri-podderzhke-tsru-sozdala-12-sekretnyh-baz-na-granitse-s-rossiey 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10