Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Bu ayrılıq nədən oldu?” – Ermənilər əllərini ruslardan üzüb gedir



Rusiya və Ermənistanın ayrılmasına satirasız yanaşmaq mümkün deyil. Hər şey necə də ailə-məişət boşanmasına bənzəyir. Hətta ortada “sevgi üçbucağı” da var.

Budur, neçə il idi ki, Ermənistan Rusiyaya “daha birlikdə ola bilmərik, ayrılmalıyıq” eyhamı edir, mesaj verirdi. Artıq iş eyhamdan da keçib, ermənilər niyyətlərini açıq şəkildə dilə gətirirlər, “Tıq-tıq xanım” kimi özlərinə ayrı dist tapıblar.

Rusiya isə özünü o yerə qoymur, ətrafa, dünyaya çatdırır ki, “elə dediklərinə baxmayın, bizsiz yaşaya bilməzlər, əslində bizi çox sevirlər, onlara dövlət qurub vermişik”.

Qərb ölkələri məşhur Azərbaycan mahnısında deyildiyi kimi reaksiya verir: “Onu burax, bana gəl, o, sənə yaxşı baxmır, qorumur, sənə başını yaslayacağın çiyin lazımdır”.

Ermənistanın özündə tərəddüd var, əhalinin bir qismi Rusiyadan ayrılacağı təqdirdə, ölkənin əldən-ələ, hətta pis yola düşəcəyindən qorxur.

İndilikdə çoxluq olan digər qism isə “Rusiyadan bizə yar-yoldaş olmaz, 2020-ci ildə onun etibarını gördük, 2023-də isə tam əmin olduq ki, güvəniləsi yer deyil” deyə düşünür.

Açıq-aşkardır, Ermənistanı idarə edənlər Qərbə meylləniblər, Fransanı seçiblər, avropalı olmaq, avro xərcləmək, NATO-nun qanadı altında olmaq istəyirlər.

Rusiyanın yüksək mənsəbli siyasi xadimləri Ermənistanın bu tövrünü əğyardan görürlər, hesab edirlər ki, araya girən var və onlar İrəvanın saqqızını oğurlayıblar, onu Moskvadan üz döndərməyə sövq edirlər.

İndi Ermənistan baş naziri Nikol Paşinyan deyir ki, KTMT-dən çıxırıq, çünki bu təşkilat öz öhdəliklərini yerinə yetirməyib.

Paşinyan belə deyərkən Rusiya və KTMT-nin 2020-ci və 2023-cü illərdə bu hərbi təşkilatın gəlib Ermənistan tərəfdən Azərbaycana qarşı döyüşməməsini nəzərdə tutur.

KTMT-nin nizamnaməsində isə göstərilir ki, bu təşkilat yalnız üzvlərinin biri hərbi təcavüzə məruz qalanda fəal şəkildə hərbi kampaniyaya başlaya bilər.

Bu, o halı nəzərdə tutmur ki, Ermənistan qonşu dövlətlərdən birinə hücum edərsə və ya həmin dövlətin ərazisində müharibə apararsa, KTMT işə qarışmalıdır.

Ermənistan umurdu ki, məhz belə olacaq və o, KTMT-yə güvənərək Azərbaycana qarşı effektiv müharibə apara biləcək. Bu, yuxarıda deyilən və deyilməyən səbəblərdən baş tutmadı.

Hətta 2020-ci ilin oktyabr ayının 14-də Ermənistan ordusu Rusiyadan aldığı ballistik raket kompleksini öz ərazisində, Berd rayonunda quraşdırraq, Gəncəni, Mingəçeviri vurmaq istərkən, Azərbaycanın dronları tərəfindən darmadağın edilmişdi və ermənilər artıq KTMT-nin işə qarışmalı olduğu barədə hay-küy salmışdılar.

Onlar iddia edirdilər ki, bu zərbə Ermənistan ərazisinə endirilib, ona görə də KTMT hərəkətə keçməlidir. Belə çıxırdı ki, ermənilər öz ərazilərindən ballistik raketlərlə şəhərlərimizi dağıda bilər, amma Azərbaycan ona cavab versə, bu, KTMT-yə hücum sayılacaq.

Təbii ki, KTMT bu avantüraya getmədi, ermənilər umsuq oldular və “rus NATO-su”ndan incik düşdülər.

Yeri gəlmişkən, KTMT-nin yarandığı vaxt “rus NATO-su” adlandırılmasının nə qədər dəqiq ifadə olduğu bir daha təsdiqləndi. Ermənistan bu təşkilata qarşı bir ittiham səsləndirən kimi, KTMT-yə sədrlik edən ölkə kənarda qalır, dərhal rus rəsmilər cavab verirlər. Çünki vaxtilə mövcud olan Varşava Müqaviləsi Təşkilatı kimi, KTMT-nin də sahibi Rusiyadır.

Elə ona görə də Ermənistanın NATO-dan çıxmaq təşəbbüsünə Rusiya prezidentinin sözçüsü Peskov cavab verir: “İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünün dondurulması ilə bağlı rəsmi bildiriş göndərməyib”; “Biz həmkarlarımızla əlaqə saxlamaq və bu bəyanatların mənasını aydınlaşdırmaq niyyətindəyik”.

Bu da satira hədəfi olacaq sözlərdir. Daha nə bildirişi göndəriləcək, o boyda baş nazir artıq “Vağzalı” çaldırıb, başqa tərəfə gedir. Bu bəyanatların mənası isə çoxdan aydındır.

Bəlkə də Ermənistan rəhbərliyi indiyə qədər “KTMT-dən çıxarıq” ifadəsi ilə Rusiyanı şantaj edirdi, bu dəfə elə deyil, gerçəkdən də bu ölkə Rusiyadan ayrılır və gedir. Onun qarşısını yalnız Şərq ölkələrində evdən qaçan qadının zorakılıqla geri qaytarılması yolu ilə almaq olar.

Rusiya belə bir addım ata bilərmi? 100 faiz. Ukraynaya, Gürcüstana qıcanmış dişini, caynaqlı pəncəsini göstərən “rus ayısı” nədən eyni şeyi Ermənistana qarşı da etməsin?

Bax, burası artıq faciəvi perspektivdir.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10