Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“İnanmıram ki, Putin intihara hazır olsun”



Rauf Mirqədirov: “Qarşıdakı 20 gün Ukrayna üçün son dərəcə ağır olacaq, lakin...”

Tanınmış politoloq Rauf Mirqədirov AYNA-ya müsahibəsində Ukraynadakı müharibəni və müharibə ətrafındakı geosiyasi vəziyyəti təhlil edib. Beləliklə:

- Ruslar Ukraynanın Avdeyevka şəhərini işğal etdilər. Bu hadisə ikitirəli yanaşma ortaya çıxarıb. Bəzi müşahidəçilərin fikrincə, 617 minlik nəhəng ordu ilə Ukraynaya hücuma keçmiş imperiyanın bu qədər mübarizədən sonra 50 minlik kiçik bir şəhəri ələ keçirməsi fəxr olunası qələbə deyil. Başqa bir qism isə hesab edir ki, Avdeyevka olduqca strateji bir şəhərdir və onun ələ keçirilməsi ruslara irəliləmək üçün geniş imkanlar açacaq. Siz necə düşünürsünüz?

- Hərbi-strateji baxımdan bunu böyük qələbə hesab etmirəm. Nəzərə almaq lazımdır ki, Rusiya bu şəhəri külli miqdarda itkilər hesabına ələ keçirib – söhbət onminlərlə insan itkisindən gedir. Bu, rus ordusu üçün çox böyük itkidir. İndi bəziləri bildirirlər ki, 150 milyona yaxın əhalisi olan Rusiya özündən bir neçə dəfə az əhalisi olan Ukrayna ilə müqayisədə ordudakı kəmiyyət itkilərini daha rahat bərpa edəcək və s. Amma bunu düzgün yanaşma hesab etmirəm. Çünki söhbət insan resurslarnın çoxluğundan deyil, təlim görmüş ordunun sayından gedir. Təlim görmüş ordunun böyük itkilərə məruz qalması sonradan onun kəmiyyət baxımdan bərpasını çətinləşdirir. Rusiyada bu mənada ciddi problemlər var. Təsəvvür edin ki, həbsxanalardakı məhkumları, hətta ən ağır cinayət törətmiş şəxsləri, son məlumatlara görə, məhkum qadınları belə, səfərbərliyə cəlb edirlər. Bu fakt ölkədə insan resurslarının o qədər də çox olmadığını göstərir. Digər tərəfdən, kütləvi narazılıqlar səbəbdən səfərbərliyi daha miqyaslı edə bilmirlər. Bütün bunlar təlim görmüş ordunun bərpası çox çətinləşdirir. Yəni verilən qurbanlar çoxdur.

Amma Avdeyevka hadisəsinin siyasi-psixoloji nəticələri var. Putin seçkiqabağı ərəfədə böyük qurbanlar bahasına olsa belə, hansısa uğurlar qazanmağa çalışır. Bütün resursları işə salır, böyük qurbanlar verir və nəticədə müəyyən siyasi-psixoloji-mənəvi uğurlar əldə edir. Bu, bir tərəfdən Putinə seçkiqabağı hədiyyədir, digər tərəfdən xalqı uğur qazanmağa inandırmağa cəhddir.

Ukraynaya gəldikdə, bu hadisə onlar üçün müəyyən mənəvi-siyasi zərbədir. Cəmiyyətdəki əhval-ruhiyyəyə təsir göstərir, insanlar arasında ruh düşkünlüyü yarada bilər və s. Ümumiyyətlə, Rusiyadakı seçkilərədək – martın ortalarına qədər Ukrayna üçün çox ağır dövr olacaq. Çünki Putin bütün imkanlardan istifadə edərək, Ukrayna cəbhəsində hansısa uğurlar qazanmağa çalışacaq. Amma Rusiyanın insani və hərbi resurslarını nəzərə alsaq, hələlik elə də ciddi uğur qazanılmayıb. Ukrayna üçün indiki mərhələdə əsas prioritet mümkün qədər az ərazi itirilməsidir və Kiyevin hərbi-siyasi rəhbərliyinin bunun öhdəsindən gələcəyini ehtimal edirəm. Sözsüz ki, müəyyən itkilər olacaq, amma həmin ərazi itkilərinin katastrofik olmayacağını düşünürəm. Fikrimcə, Ukrayna ətrafındakı geosiyasi vəziyyəti müəyyənləşdirən proseslər martdan sonra başlayacaq. Rusiya üçün hücum əməliyyatlarını davam etdirmək ağırlaşacaq və yayın sonlarına doğru Ukrayna ətrafındakı geosiyasi vəziyyətin hansı yönə istiqamətlənəcəyinin şahidi olacağıq.

- Avdeyevkanın işğalından sonra Ukraynada bir narazılıq baş qaldırıb. Yerli və xarici media orqanlarında da fikirlər yer alır ki, bu, şəxsən Zelenskinin məğlubiyyəti, onun hərbi-siyasi təcrübəsizliyinin nəticəsidir. Qatılırsınızmı bu fikirlərə və Ukrayna Prezidentinin siyasi karyerasını necə proqnozlaşdırırsınız?

- Düşünmürəm ki, bu hadisə Zelenskinin siyasi karyerasına ciddi zərbə ola bilər. Əvvəla qeyd etmək lazımdır ki, hazırkı uğursuzluğun təməli 2023-cü ilin yayındakı əks-hücum əməliyyatında Ukrayna ordusunun ciddi uğura nail ola bilməməsində qoyuldu. Çox böyük gözləntilər vardı, lakin mən əvvəlki müsahibələrimdə də qeyd edirdim ki, bu gözləntilər gerçəkliyi o qədər də əks etdirmir. Çünki müharibənin başlanmasından bir ildən çox vaxt keçmişdi və Rusiya tərəfi müdafiə döyüşlərinə hazırlaşmışdı.

Digər tərəfdən, Qərb dövlətləri hücum əməliyyatları üçün Ukraynaya kifayət qədər hərbi yardım etməmişdi. Söhbət hərbi yardımın kəmiyyətindən deyil, qarşıya qoyulan hədəflərə çatmaq üçün keyfiyyətindən gedir. Hücum əməliyyatları üçün güclü aviasiyaya malik olmalısan, düşmənin arxa cəbhəsinə ciddi zərbələr endirməlisən, bunun üçün uzaqmənzilli raket qurğuların olmalıdır, minalanmış əraziləri təmizləmək üçün lazımi qədər texnikaya sahib olmalısan və s.

Lakin Ukraynanın müasir aviasiya, uzaqmənzilli raket və artilleriya ilə ciddi şəkildə təmin olunması məsələsində hələ də Qərbdə yekdillik yoxdur. Belə vəziyyət Ukraynanın həm müdafiə, həm də hücum əməliyyatlarını çətinləşdirir. Dediyim kimi, hazırkı uğursuzluqların kökünü Kiyevin taktiki müdafiə sistemini zəif qurmasında deyil, daha dərin qatlarda axtarmaq lazımdır.

- ABŞ Konqresində Ukraynaya yardım layihəsinin ləngidilməsini Prezident Bayden də təəssüflə dilə gətirdi və bildirdi ki, bu ləngimə Avdeyevkanın itirilməsinə səbəb oldu. Qərbdən Ukraynaya yardımlar niyə yubanır və zəifləyir? Və sizcə, bu gedişat Kiyevi təslimiyyətə aparıb çıxarmayacaq ki?

- Hesab etmirəm ki, yaxın 6 ay ərzində hansısa tərəf ağ bayraq qaldıracaq. Düzdür, Respublikaçılar Partiyasının çoxluq təşkil etdiyi ABŞ Konqresinin Nümayəndələr Palatasında, Donald Trampın təsiri ilə, Ukraynaya hərbi yardımın ayrılması üçün səsvermənin keçirilməsini ləngidirlər. Əgər səsvermə baş tutsa, qanun layihəsinin qəbulu labüddür. Çünki Palatadakı Respublikaçıların əksəriyyəti həmin qanun layihəsinin lehinə səs verməyə hazırdır. Trampın bu addımı taktiki gedişdir ki, öz imkanlarından istifadə edib Baydenə siyasi zərbə vursun. Amma həm Tramp, həm də Respublikaçıların rəhbərliyi başa düşür ki, bu qanun layihəsinin qarşısını uzun müddət ala bilməyəcəklər. Əslində, Tramp və tərəfdarları təklif edirdilər ki, bu yardımı Ukraynaya yardım şəklində deyil, aşağı faizli kredit şəklində verək və gələcəkdə qaytara bilməsələr, bağışlayarıq. Amerika tarixində belə təcrübə var. Başqa təklifləri də vardı ki, hərbi yardımı edək, amma iqtisadi yardımı kredit şəklində verək. Yəni, həm ABŞ-da, həm də Qərb dövlətinin əksəriyyətinin siyasi elitasında əminlik var ki, bu müharibədə Rusiyanın qalib gəlməsinə imkan vermək olmaz. Hətta, hər zaman Rusiyaya meyli ilə seçilən aparıcı Avropa ölkələri də son dövrlər Ukraynaya hərbi yardımları artırmağa başlayıb. Digər tərəfdən, Avropa İttifaqı Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımı ayrılmasına qərar verdi. Həmçinin, Avropa ölkələri ayrı-ayrı şəkildə də Ukraynaya yardımlar edir, Qərbin nəzarətindəki maliyyət qurumları tərəfindən Ukraynaya faizsiz kreditlər ayrılır.

Təkrar edirəm, Qərbdə gözəl anlayırlar ki, bu müharibədə Rusiyanın qələbəsinə imkan vermək olmaz. Söhbət Ukraynanın məğlubiyyətindən, ərazi itirməsindən getmir. Söhbət Qərb – Rusiya münasibətlərindən, Moskvanın siyasətindən gedir. Çünki Rusiyanın siyasəti daim hərbi qələbələr, irtica, digər dövlətlərə qarşı hərbi təcavüz üzərində qurulub. Kreml bu amili həm xarici siyasətdə, həm də daxili siyasətdə işə salır. Xalqın hisslərini vaxtaşırı imperiya qaydaları, hərbi qələbələrlə doyururlar. Və bu faktoru Qərbdə çox gözəl dərk edirlər. Bilirlər ki, Putinin ambisiyaları Ukrayna ilə yekunlaşmayacaq, gec-tez digər ölkələrə də soxulmağa çalışacaq.

Hesab edirəm ki, martdan sonra həm ABŞ, həm də Avropa İttifaqının Ukraynaya hərbi yardımları tam gücü ilə işə düşəcək. Maraqlı bir dövrə qədəm qoyuruq. Bu ilin payızında Birləşmiş Ştatlarda prezident seçkiləri keçiriləcək. Demokratlar Partiyası və Respublikaçılar Partiyasının bir hissəsi - ənənəvi siyasi elitası Donalt Trampın qalib gəlməsini istəmir. Trampın qalib gəlməsində Avropa İttifaqının siyasi elitası da maraqlı deyil, onlar Trampın Ağ Evə qayıdışını Avropa üçün təhlükə kimi görürlər və bu səbəbdən həmin təhlükəni önləməyə çalışırlar.

Düşünürəm ki, yaxın aylarda bu mübarizə daha da kəskinləşəcək. Bildiyiniz kimi, Ukrayna müharibəsi və Rusiyaya münasibət Trampın Baydenə qarşı mübarizəsində əsas istiqamətlərdəndir. Ukraynanın Rusiyaya qarşı müəyyən uğurlar əldə etməsi isə Trampın hakimiyyətə gəliş yolunda ciddi maneə ola bilər. Ona görə də düşünürəm ki, yaxın aylarda Ukraynaya dəstək genişlənəcək və ABŞ-da seçkiöncəsi ərəfədə Ukraynanın uğurlar qazanması üçün bütün imkanlardan istifadə ediləcək.

- Çoxdan idi ki, Rusiya rəhbərliyi nüvə ritorikasından istifadə etmirdi. Bu günlərdə nüvə təhdidi yenidən gündəmə gətirildi və konkret hədəflər göstərildi: Dmitri Medvedyev paylaşım etdi ki, hazır vəziyyətə gətirilmiş nüvə başlıqlı raketlər Berlin, London və Vaşinqtonu vura bilər. Bunlar nə deməkdir – Üçüncü Dünya müharibəsinin siqnalı?

- Dünya müharibəsi təhlükəsi nəzəri baxımdan həmişə var. Amma əsas sual budur: Rusiya nüvə müharibəsi etmək istəyirmi və buna hazırdırmı? Düşünürəm ki, xeyr. Çünki Putin nə qədər imperialist təfəkkürə malik, öz hakimiyyətini qorumaq üçün hər şeyə hazır olan bir siyasətçi olsa da, çox gözəl başa düşür ki, nüvə müharibəsinin qalibi olmayacaq. Məhv edilən təkcə Berlin, London, Vaşinqton olmayacaq, Moskva da məhv ediləcək, Sankt-Peterburq da, Yekaterinburq da. Moskva daim Qərbi nüvə müharibəsi ilə şantaj edib. Bu, bir müddət öz effektini verirdi, Qərb müəyyən güzəştlərə gedirdi.

Amma sonra Qərbdə anladılar ki, Putin dayana bilmir, onun hakimiyyətinin təməlini xarici hərbi qələbələr təşkil edir, daxili ictimai dəstəyi xaricdəki aqressiv hücumları ilə qazanır, buna görə də Qərbi daim nüvə müharibəsi ilə şantaj edir. Və indi kollektiv Qərbdə belə bir fikir formalaşıb ki, Ukraynada qələbə qazanarsa, rus qoşunları Qərbin sərhədlərinə dayanacaq. Ona görə də Kremlin təhdidləri artıq işləmir. Əslində, Moskvanın belə təhdidlərinin kökündə Ukraynadakı hərbi əməliyyatlarından gələcəyindən narahatlıq dayanır. Qeyri-nüvə silahları ilə qalib gələcəyinə arxayın olan dövlət bu cür təhdidlərdən istifadə etməz.

Burada Çin amilini də diqqətdən qaçırmamalıyıq. Rusiyanın qonşuluğundakı Çin kimi böyük bir dövlət nüvə müharibəsinin, dünya savaşının olmasında qətiyyən maraqlı deyil. Belə bir şəraitdə düşünmürəm ki, həmin təhdidlərin arxasında gerçəkləşmə planları dayansın. Buna yalnız intihar edən şəxs əl ata bilər. Hesab etmirəm ki, Putin və ətrafı intihara hazır olsunlar. Qərb də bu təhdidlərə ciddi fikir verib, öz planlarında korrektələr etməyəcək. Əksinə, Qərb bütün gücü ilə çalışacaq ki, bu problem özünün maraqları çərçivəsində həll olunsun.

Müəllif: Tural Talehoğlu





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10