Uşaqlıq dövründə daha çox “İsveçrəli Robinzon” kitabını mütaliə etməyi xoşlamışam (İohan Rudolf Vissin (1782-1830) yeniyetmələr üçün qələmə aldığı macəra romanı nəzərdə tutulur – A.B.). Mənim qənaətimcə, bu kitab Daniel Defonun “Robinzon Kruzo” əsərindən daha üstündür. Doğrudur, mən bilirdim ki, Daniel Defonun romanı özünün fəlsəfi xüsusiyyətləri ilə daha zəngindir. Əsərdə təsvir olunan tənha insan obrazı günlərin bir günü qumun üzərində çılpaq ayağın izlərini aşkarlayır. Amma Vissin əsəri özünün zəngin hadisələri və macəraları ilə cavan beyinlər üçün daha maraqlı görünür. Həmin romanda bütöv bir ailə - ata, ana, onların uşaqları özlərinin müxtəlif əməlləri ilə təsvir olunublar. Təsəvvür edirsinizmi, neçə illərdən bəri bu ailənin məskunlaşdığı adada gəzib-dolaşmışam! Hansı zülmlərlə onların kəşflərinə yol tapmış, taleyinə həsəd aparmışam! Təəccüblü deyil ki, “Sirli ada”da özümdən asılı olmadan hansısa qüvvə Elmi Robinzonları səhnəyə çıxarmağa təhrik edib. “İki il məktəb tətili” romanımın da personajlarını məhz bütöv Robinzonlar pansionu təşkil edir.