Şahin Cəfərli: “Sərhəddə təntənəli mərasimin təşkili, dünya mediasının tədbirə dəvət olunması, hər iki ölkə liderinin sülh sazişinə imza atması beynəlxalq aləmə səs salar və hər kəs görər ki…”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında Azərbaycan-Ermənistan sülh prosesi və bölgədəki vəziyyət barədə danışıb. O, Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən nəqliyyat əlaqəsinə alternativ olmadığını deyib.
Rusiyanın baş diplomatı Ermənistanın Baş naziri Nikol Paşinyanın tranzitlə bağlı açıqlamalarında məntiq görmədiyini bildirib: “Üçtərəfli Birgə Bəyanatın müddəalarından biri nəqliyyat-kommunikasiyanın blokdan çıxarılmasıdır. Bəyanatda da qeyd edildiyi kimi, nəqliyyat-kommunikasiyaların açılmasını həyata keçirməkdə çətinlik çəkən məhz Ermənistandır. Mərşrut boyu təhlükəsizliyin təmin edilməsi ilə bağlı yeni tələblər irəli sürən də rəsmi İrəvandır”.
XİN başçısı bəyan edib ki, Azərbaycan Rusiya platformasında Ermənistanla sülh sazişi imzalamağa hazırdır: “Azərbaycanın bütün qarşılıqlı fəaliyyət sisteminin qurulması səylərinin başladığı Rusiya ərazisində sülh müqaviləsi imzalamağa hazır olması faktdır. Amma İrəvanın buna nə dərəcədə hazır olması məlum deyil”.
Rusiyalı nazirin sözlərinə görə, Moskvanın vasitəçiliyi ilə Bakı ilə İrəvan arasında razılaşmaların əldə olunmasında əsas maneə Qərbdir: “Ümumiyyətlə, deməyə hər cür əsasım var ki, Qərb bizim aramızda əldə edilmiş razılaşmaların həyata keçməsinə imkan vermək istəmir”.
Ekspertlər Lavrovun bu açıqlamalarını təhlil edərkən bildirirlər ki, Moskva sülh sazişinin Rusiyanın vasitəçiliyindən kənarda imzalanmasında maraqlı deyil. Analitiklərin qənaətincə, Rusiya bunun üçün bütün təsir vasitələrindən istifadə edir.
Politoloq Şahin Cəfərli AYNA-nın mövzu ətrafında suallarını cavablandırarkən söyləyib ki, rəsmi Bakıdan Rusiya XİN başçısının dediklərinə reaksiya verilməsi yaxşı olardı:
- Maraqlıdır ki, Azərbaycan rəsmiləri həqiqətən də sülh sazişinin Rusiyada imzalanmasını istəyirmi?! Bu suala cavab vacibdir. Hər halda fakt ondan ibarətdir ki, hazırda Azərbaycan-Rusiya münasibətləri çox yüksək səviyyədədir. Həqiqətən də bu münasibətləri müttəfiqlik münasibətləri adlandırmaq yanlış olmaz. Unutmayaq ki, ortada iki ölkə liderinin imzaladığı sənəd var. Söhbət 2022-ci ilin fevral ayında imzalanmış Müttəfiqlik Bəyannaməsindən gedir. Həmin sənədin son dövrlərdə işlək sənədə çevrildiyini müşahidə edirik.
Bu gün Azərbaycan-Rusiya münasibətləri həmin Bəyannamədə əksini tapan müddəalara əsasən inkişaf edir. Məsələn, orada ən vacib bəndlərdən biri odur ki, tərəflər aktual beynəlxalq məsələlərə dair ya eyni, ya da bir-birinə yaxın mövqelər tutur. Eyni zamanda, sənəddə tərəflərin iqtisadi siyasətini əlaqələndirməsi də əksini tapıb. Təbii ki, hərbi əlaqələrin inkişafı, dərinləşdirilməsi məsələləri də Bəyannamədə qeyd olunub və ona uyğun inkişaf edir. Biz bu sənədin praktikada işlədiyini görürük.
Düşünürəm ki, Azərbaycan rəhbərliyi Ermənistanla sülh danışıqları prosesinə Qərbin müdaxiləsini istəmir. Yəni Qərbin bu prosesdə dominant rola sahib olması Azərbaycanın marağında deyil. Bu baxımdan, ola bilər ki, Azərbaycan Rusiya ərazisində sülh sazişinin imzalanmasına razılıq mesajını Moskvaya ötürüb. Hesab edirəm ki, Azərbaycan sülh sazişini Qərbdə hansısa paytaxtda imzalamaqdansa Moskvada imzalamağa daha çox üstünlük verə bilər.
- Sülh sazişinin hansı ölkədə imzalanmasının əhəmiyyəti varmı?
- Azərbaycan üçün prinsipial olaraq o qədər də əhəmiyyəti yoxdur. Şəxsən düşünmürəm ki, sülh sazişi hansısa kənar ölkədə imzalansın. Sülh sazişi imzalanacaqsa, bunun bölgədə imzalanması daha yaxşı olardı. Məhz Azərbaycan-Ermənistan sərhədində təntənəli mərasimin təşkili, dünya mediasının tədbirə dəvət olunması və hər iki ölkə liderinin sülh sazişinə imza atması daha uyğurlu olardı. Bu, həm də dünyaya daha çox səs salardı, hər kəs də görərdi ki, uzun illər bir-biri ilə müharibə aparan ölkələr özləri öz iradələri ilə öz sərhədlərində saziş imzaladı. Məncə, Azərbaycan bunda maraqlıdır. Vasitəçisiz danışıqlar təklifi ilə Bakı bunda maraqlı olduğunu nümayiş etdirib. Bu variant realdırmı, birmənalı cavab vermək çətindir.
- Bəs sülh sazişinin harada imzalanmasının Qərb və ya Rusiya üçün əhəmiyyəti nədir?
- Sülh müqaviləsi harada imzalanacaqsa, ən azından, belə bir təsəvvür yaranacaq ki, həlledici rol oynayan həmin ölkə olacaq. Məsələn, Vaşinqtonda, yaxud Brüsseldə imzalanarsa, bu zaman Qərbin prosesdə həlledici roluna dair təsəvvür formalaşacaq. Bu da Qərbin regionda güclənməsinə zəmin yaradacaq. Rusiya məhz bu səbəblə sülh sazişinin Qərbin vasitəçiliyi və ev sahibliyi ilə imzalanmasını istəmir. Azərbaycan da son vaxtlar Qərbin proseslərdə yaxından iştirakında maraqlı görünmür. Əvvəl balans siyasəti var idi. Artıq balans siyasəti yoxdur və rəsmi Bakı bu mərhələdə bu siyasəti həyata keçirir. Ona görə indiki mərhələdə deyirəm ki, Azərbaycanın siyasəti dəyişkən və dinamikdir. Bakının sabah hansı siyasətə keçəcəyini deyə bilmərik. Amma bu gün balans aşkar şəkildə Rusiyanın xeyrinə pozulub. Dediyim kimi, Azərbaycan-Rusiya münasibətləri müttəfiqlik münasibətləridir.
- Ermənistan isə sülh sazişinin Rusiyada imzalanmasında maraqlı deyil...
- Ermənistanın siyasəti Rusiyadan uzaqlaşmaq siyasətidir. İrəvan bu yolu tutub. Bu, erməni rəsmilərinin bəyanatlarından, İrəvanın atdığı addımlardan açıq şəkildə görünür. Ermənistan sülh sazişinin imzalanarsa, Qərbin təminatı altında imzalanmasında maraqlıdır. Bəziləri bildirirlər ki, Ermənistanla Rusiya müttəfiqdir, sadəcə bir-birinin ünvanına radikal bəyanatlar verməklə manipulyasiya edirlər və s. Bu, yanlış yanaşmadır. Ermənistanla Rusiyanın müttəfiqliyi sadəcə kağız üzərində qalıb. Bəli, kağız üzərində iki ölkə arasında həqiqətən, çox dərin əlaqələrə, müttəfiqliyə dair müqavilələr imzalanıb. Amma real olaraq bu gün iki ölkənin müttəfiqliyi bitib. Sadəcə hələlik Ermənistan Rusiyadan tam qopmağa hazır deyil. Yəni ki, sabah Paşinyan “Rusiya ilə münasibətləri bitirdik, bundan sonra hər hansı sahədə əməkdaşlığımız olmayacaq” deyə bilməz. Bunu demək üçün zaman lazımdır ki, həmin zaman da gəlməyib. Məsələn, Rusiya Ermənistanı cəzalandırmaq üçün iqtisadi sahədə sanksiya tətbiq edə bilər ki, Ermənistanın indiki mərhələdə bu sanksiyanı qaldırmaq gücü yoxdur. Lakin İrəvan Moskvadan uzaqlaşmaq siyasətini başladıb.