Açmışam özümə söz karxanası,
Sözdən ev tikirəm, qala salıram!
Ruhum bu dünyada tapmadı yerin,
O biri dünyaya yola salıram!!
Əlizaman Baxış
BÖLGƏMİZİN YAZARLARI
Hələ XIX əsrdən başlayaraq ölkəmizin bir çox şəhərlərində yaranan ədəbi məclislərdən biri də Lənkəran şəhərində şair Mirzə İsmayıl Qasirin rəhbərliyi ilə fəaliyyət göstərirdi.
Zaman keçdikcə bu bölgədə daha çox yazıçı və şairlər tanınmağa başladı. XX əsrin ortalarında Əlisa Nicat, Şəkər Aslan, Məmmədhüseyn Əliyev, Mir Haşım Talışlı, Vaqif Hüseynov, Ayaz Vəfalı, Məmməd Kazım və başqaları kimi Respublikanın ədəbi mühitində tanınan və oxucuların rəğbətini qazanan bir çox ədəbiyyat adamları yetişmişdi.
XX əsrin sonu, XXI əsrin əvvəllərində ədəbi mühit daha da genişləndi, yeni gənc qüvvələr ədəbiyyata gəldi.
Cenub.az saytı olaraq bölgəmizdə fəaliyyət göstərən yazıçı və şairlər haqqında silsilə yazıları və onların əsərlərindən nümunələri sizə təqdim edirik.
Bu vaxta qədər Xanəli Ağayevin (Masallı), Ruhiyyə Abbaszadənin (Cəlilabad), Xanlar Həmidin (Lerik), Ziya Dilsuzun (Lənkəran), Rəna Əlisaqızının (Masallı), Şahid Astaralının (Astara), İqbal Nəhmətin (Yardımlı), Əlövsət Tahirlinin (Cəlilabad), Təbrizə Pünhanın (Astara), Rafiq Məmmədin (Masallı) şeirlərini, Meyxoş Abdullahın (Cəlilabad) hekayələrini, Fikrət Baxışın(Masallı), Arif Fərzəlinin (Masallı), Eldar İlqaroğlunun (Lənkəran), Qədiməli Əhmədin (Lerik), Məmməd Əvəzoğlunun (Masallı), Rarmiz Titayevin (Lerik), Əfrahim Abbasın (Cəlilabad), Nurməmməd Ağanın (Masallı), Hacı İsrafil Hüseynzadənin, Ülvi Aydının (Yardımlı), Ağaddin Babayevin (Lənkəran), Əlisa Qəmginin şeirlərini sizə təqdim etmişik.
Linklər burada:
Ziya Dilsuz
Rəna Əlisaqızı
Şahid Astaralı
İqbal Nəhmət
Əlövsət Tahirli
Təbrizə Pünhan
Rafiq Məmməd
Meyxoş Abdullah
Fikrət Baxış
Arif Fərzəli
Eldar İlqaroğlu
Qədiməli Əhməd
Məmməd Əvəzoğlu
Ramiz Titayev
Əfarahim Abbas
Nurməmməd Ağa
Hacı İsrafil Nüseynzadə
Ülvi Aydın
Ağaddin Babayev
Əlisa Qəmgin
Bu silsilədən növbəti qonağımız Əlizaman Baxışdır (Masallı).
ƏLİZAMAN BAXIŞ 1950-ci ildə Masallı rayonunun Hacıtəpə kəndində anadan olub. 1969-cu ildə Lənkəran Pedoqoji məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 2015-ci ilədək müəllim işləmişdir. Gənc yaşlarından müxtəlif mətbuat orqanlarında publisistik və bədii yazıları ilə çıxış etmişdir! “Hacıtəpə (keçmişdə və indi)”, “Qayaların dağ harayı”, “Ömür kitabı”,“Kəndimizin qartalları” bədii-publisistik, “Yaxşı ki varsan” və “Analı dünyamdan gəlmişəm” şeirlər və hekayələr kitablarının müəllifidir. Hazırda təqaüddədir. “Talisman” qəzetində redaktor vəzifəsində çalışır.
ƏLLƏRİNİ VER ƏLİMƏ...
Bu dünyada yaş ötürüb yaşamağın dadı yoxmuş,
Sevgi yoxsa, həyat nədir, ömür nədir, adı yoxmuş!
İnsanların fərqi yoxdur, doğması yox, yadı yoxmuş,
Bu dünyanın ləzzətini sona qədər varmı dadan?
Əllərini ver əlimə, çıxaq, gedək bu dünyadan!!!
Dərd adamı dağa çıxsa, dağ oynayar məhvərindən,
Bir ah ilə alovlanar Simurq quşu şəhpərindən!!
Necə cüda düşsün ruhum könül adlı sərvərindən,
Gəl, əzizim, zamanıdır, gəl ayılaq bu röyadan!
Əllərini ver əlimə, çıxaq, gedək bu dünyadan !
Əcəl gələr, bir gün oynar qaş ilə göz arasında,
Ruhum həmən qüs(ü)l eylər gözlərinin qorasında!
Al ruhumu, qalx göylərə, mələklərin sırasında,
Şəfalansın xəstə könlüm qoy ruhumun meracından!
Əllərini ver əlimə, çıxaq, gedək bu dünyadan!!
ŞƏHİD ANA
(Oğulları şəhid olmuş analar da şəhiddir)
Şəhid ana, bu dərdi tək ağlama,
Gəl qolunu boynuma sal, ağlayaq!
Məndən sənə oğul olmaz, bilirəm,
Oğul kimi qoynuna al, ağlayaq!
Lənət deyim xeyirəmi, şərəmi?
Göz yaşları dərdimizə çarəmi?
Aşıq, bu gün çalma Yanıq Kərəmi,
Vağzalı çal, Vağzalı çal, ağlayaq!
Şəhid ana, özünə gəl, dur, ayıl,
Bu, tək sənin çəkəcəyin dərd deyil!
Nə dizlərin bükülməsin, nə əyil,
Ayaq üstə mərdanə qal, ağlayaq!
Şəhid ana, xalq hamısı birhallı,
Neçə oğul tək ayaqlı, tək əlli,
Necə verək analara təsəlli!?
İmkan verin, qoyun bol-bol ağlayaq!
Şəhid ana, hər dərdimiz Vətəndir,
Şəhid olan hər mərdimiz Vətəndir!
Yolunda qan tökdüyümüz Vətəndir -
Vətən yaşa, Vətən sağ ol!! Vətəndə
Qoy sevincdən, qoy fərəhdən ağlayaq!
26.09.23.
BELƏDİ DÜNYA
Bu dünyaya bel bağlama,
Əzəldən belədi dünya!
Kiminə boy verir, qaçırdır,
Kiminə tələdi dünya!!
Tutur kimi, salır tora,
Boynun ölçür, çəkir dara.
Kimin ömrü qalır para,
Quş tutan cələdi dünya!!
Gediş var, geri gəlməzsən,
Doyunca deyib-gülməzsən.
Ağırdı, çəkə bilməzsən,
Ay oğul, şələdi dünya!!
Gah zəhərdi, gah da baldı,
Nə verdi, tovladı, aldı,
Qolu zordu, Rüstəm Zaldı,
Nə bildi, elədi dünya!
Kimi yağ içrə böyrəkdi,
Kiminin atı yüyrəkdi!
Kiminin ağlı seyrəkdi,
Yanında tuladı dünya!!
Əzəldən bir adı yalan,
Əzab verən, ləzət alan!
Kərəmi oyuna salan
Həmin o Lələdi dünya!
Çalış ömrü yaxşı yaşa,
Yara dosta, yar-yoldaşa!
Hamını ağca qumaşa
Bürüyüb bələdi dünya!
01.09.23.
YOLA SALIRAM
Açmışam özümə söz karxanası,
Sözdən ev tikirəm, qala salıram!
Ruhum bu dünyada tapmadı yerin,
O biri dünyaya yola salıram!!
Yenilik adıyla güncələnirəm,
Yalan təriflərdən qönçələnirəm,
Sıxırlar, boğurlar, incələnirəm,
Özümü hər haldan-hala salıram!!
Hər atılan kirtək başıma dəyir,
Yüzdən bir adam var, dişimə dəyir!
Çox az-az şairlər döşümə dəyir,
Dost edib özümə, qola salıram!!
Hansı səmtə dönsəm, dərdə tuş gəlir,
Hərif çox danışır, ardı "quş" gəlir!
Nə olsun, yaş üstə yeni yaş gəlir -
Ömrün günlərini dala salıram!!
Dünyanın gərdişi çox gərgin düşüb,
Söz hikmət evindən didərgin düşüb!
Xoş gündən ömrümə bircə gün düşüb -
Baxım, görüm hansı ilə salıram!!
30.08.22.
PAYIZ O PAYIZ DEYİL
Payızın nəfəsi duyulur yenə,
Dumandan-çiskindən üzüm nəmlənir!
Ömrümün payızın salır yadıma,
Qəlbim qubarlanır, gözüm nəmlənir!
Bir zaman payızın həsrətindəydik -
gəlsin, sıralansın payız toyları!
Al-yaşıl bəzənmiş toyxanalarda
Ucalsın gənclərin hay-harayları!!
Özgə hüsnü vardı o vaxt toyların,
Başlarda gəzərdi bəy xonçaları!
Halay turardılar gəlinlər-qızlar,
Cavanlar səpərdi gül-qönçələri!!
Dəyişdi zəmanə, vaxt o vaxt deyil,
Qalmayıb heç nəyin dadl-ləzzəti!
İndi şəhər toyu, kənd toyu yoxdu,
"Şadlıq sarayları" daha dəbdədi!!
Ömrün də payızı yetişib artıq,
Səbrimi çən kəsib, dözüm nəmlənib!
Ruhumu ağrıdan naşı sözündən
Hisslərim şeh çəkib, sözüm nəmlənib..!
...Nədənsə səngiyib payız toyları,
Ömrümün payızı toy tutur mənə!!
Səs gəlir ömrümün qarlı qışından:
- Ömrün payızından pay gətir mənə!!
28.08.23.
DİLBƏRİM
Allı-güllü gülüstandı, çəməndi,
Bar-bəhərlə dolu bağdı dilbərim!
Ətəkləri zümrüd donlu meşəlik,
Zirvələri qarlı dağdı dilbərim!!
Söz əvəzi bal tökülür dilindən,
Vallah, yoxdu, belə nazlı gəlindən!
Əllərimi necə üzüm əlindən,
Barmaqları qızıl bağdı dilbərim!
Şerimizin səmasında bir mələk,
Dan ulduzu, parlaq Günəş, bir fələk!
Təmiz adı, incə qəlbi, saf ürək,
El yanında üzü ağdı, dilbərim!
Nakam eşqin yarımamış ahıdır,
Naşı oxdan yaralanmış ahudur!
Qızılgültək çiçəklərin şahıdır,
Su üstündə tər zanbağdı dilbərim!
Hərdən-birdən səsi gəlir Bərdədən,
Yol uzaqdı, nə gələn var, nə gedən!
Bir odu ki, məni burda şad edən -
Şükür, Tanrı, hələ sağdı dilbərim!
21.08.23.
YUXU KİMİSƏN
Sən mənim, sən mənim ruh ağacımsan,
Səni becərirəm xəyallarımda!
Sən mənim ruhani ehtiyacımsan,
Hər gün axtarıram röyalarımda!
Narahat gördüyüm yuxu kimisən,
Ha çalışıramsa, yoza bilmirəm!
Susur qarşımdakı kağız qələm də,
Bir barmaq məktub da yaza bilmirəm!!
Nə adın bilirəm, nə yerin məlum,
Harada axtarım, arayım necə!?
Elə istəyirəm, beləcə qalım,
Bitməsin yuxular, uzansın gecə!!
Sənsiz bu dünyanın dadı da qaçır,
Yerində umusu-küsüsü qalır!
Bu eşq tonqalının odu da keçir,
Acı xatirətək tüstüsü qalır!!
Qoşa buludlardan qopan şimşəktək,
Bir anlıq nur saçdın, çaxdın da, getdin!
Bu xəyal dünyamda, ayüzlü mələk,
Sanki bir ulduzdun, axdın da, getdin!!
Şirin röyalardan ayılmaq çətin,
Yormasın özünü bu müdhiş gecə!
Əlini əlimdən ayırmaq çətin,
Ayrılsan, mənimçün yaşamaq becə!!
24.08.23.
HƏLƏ
Uşaqkən böyümək arzusundaydım,
Yenə o illəri anıram hələ!
Ayrıla bilmirəm uşalığımdan,
Özümü bir cocuq sanıram hələ.
Məni yoldan ötən naşı aldadır,
Yalıncıq hər addımbaşı aldadır!
Namərdin gözünün yaşı aldadır,
Baxıram, heyrətdən donuram, hələ!
Gözüm görə-görə sərpa soyurlar,
Adımı çəkənə "veto" qoyurlar!
Yeddiqat soyumu eşib oyurlar,
Əslimi--nəslimi danıram, hələ!
Mənim arzum vardı vətəndaş olam,
Hamıyla birlikdə dost-yoldaş olam.
Haqqa, ədalətə məsləkdaş olam,
Yandırıb-yaxdılar, yanıram, hələ!
Canımın ağrısın bilmirəm ki mən,
Döyüb öldürürlər, ölmürəm ki mən.
Gözlərim tutulub, görmürəm ki mən,
Gələn taqqıltıya cumuram hələ!
Qayıdıb gedəcəm uşaqlığıma,
Güləcəm indiki uşaq ağlıma!
Arxamca boylanıb, dostum, ağlama,
Bəlkə ağıllandım, umuram hələ!!
21.08.23.
Cənub.az saytı üçün hazırladıXodaşirin Cəbiyev.