Düşübsən sehrinə bir dəli eşqin,
Pay vermek istədin mənəcanından.
Bilmədin bu yolun əzabı nədir
Kəsildin məhəbbətimtahanından.
Əlisa Qəmgin
BÖLGƏMİZİN YAZARLARI
Hələ XIX əsrdən başlayaraq ölkəmizin bir çox şəhərlərində yaranan ədəbi məclislərdən biri də Lənkəran şəhərində şair Mirzə İsmayıl Qasirinrəhbərliyi ilə fəaliyyət göstərirdi.
Zaman keçdikcə bu bölgədə daha çox yazıçı və şairlər tanınmağa başladı. XX əsrin ortalarında Əlisa Nicat, Şəkər Aslan, Məmmədhüseyn Əliyev, Mir Haşım Talışlı, Vaqif Hüseynov, Ayaz Vəfalı, Məmməd Kazım, Böyükxan Pərviz, Abbasağa Azərtürk, Azad Talışoğlu və başqaları kimi Respublikanın ədəbi mühitində tanınan və oxucuların rəğbətini qazanan bir çox ədəbiyyat adamları yetişmişdi.
XX əsrin sonu, XXI əsrin əvvəllərində ədəbi mühit daha da genişləndi, yeni gənc qüvvələr ədəbiyyata gəldi.
Cenub.az saytı olaraq bölgəmizdə fəaliyyət göstərən yazıçı və şairlər haqqında silsilə yazıları və onların əsərlərindən nümunələri sizə təqdim edirik.
Bu vaxta qədər Xanəli Ağayevin (Masallı), Ruhiyyə Abbaszadənin (Cəlilabad), Xanlar Həmidin (Lerik), Ziya Dilsuzun (Lənkəran), Rəna Əlisaqızının (Masallı), Şahid Cövziyevin (Astara), İqbal Nəhmətin (Yardımlı), Əlövsət Tahirlinin (Cəlilabad),Təbrizə Pünhanın (Astara), Rafiq Məmmədin (Masallı) şeirlərini, Meyxoş Abdullahın (Cəlilabad) hekayələrini,
Fikrət Baxışın (Masallı), Arif Fərzəlinin (Masallı), Eldar İlqaroğlunun (Lənkəran), Qədiməli Əhmədin (Lerik), Məmməd Əvəzoğlunun (Masallı), Rarmiz Titayevin (Lerik), Əfrahim Abbasın (Cəlilabad), Nurməmməd Ağanın (Masallı), Hacı İsrafil Hüseynzadənin, Ülvi Aydının (Yardımlı), Ağaddin Babayevin (Lənkəran) şeirlərini sizə təqdim etmişik.
Linklər burada:
Ziya Dilsuz
Rəna Əlisaqızı
Şahid Astaralı
İqbal Nəhmət
Əlövsət Tahirli
Təbrizə Pünhan
Rafiq Məmməd
Meyxoş Abdullah
Fikrət Baxış
Arif Fərzəli
Eldar İlqaroğlu
Qədiməli Əhməd
Məmməd Əvəzoğlu
Ramiz Titayev
Əfarahim Abbas
Nurməmməd Ağa
Hacı İsrafil Nüseynzadə
Ülvi Aydın
Ağaddin Babayev
Bu silsilədən növbəti qonağımız Əlisa Qəmgindir(Masallı).
Əlisa Qəmgin 8 avqust 1959-cu ildə Masallı rayonunun Dəmbəlov kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. Bir müddət - 1978 -1994 -cü illərdə Masallı rayonunun Dəmbəlov kənd səkkizillik məktəbində ixtisası üzrə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 1978 -1980-ci illərdə hərbi xidmətdə olmuşdur. Hazırda Rusiya Federasiyası Kpasnoyarsk diyarının Norilsk şəhərində yaşayır. Norilsk şəhərindəAzərbaycan diasporu idarə heyətinin üzvüdür.
Poeziya ilə tələbəlik illərindən məşğul olmuş, istər təhsil aldığı ADPİ-nin ədəbi orqanında, istərsə də Respublikanın qəzet və jurnallarında, eyni zamanda Masallıda çıxan o vaxtkı “Çağırış” qəzetində şeirləri dərc olunmuşdur.
Əslində istedadlı şair kimi ədəbiyyata gələn Əlisa Qəmgini təvazökar şair adlandırmaq olar. Özünün dediyi kimi, heç də kimisə üzə salmaq, hansısa mövqe və münasibətdən istifadə eləmək fikrində olamayıb. Sadəcə Facebook məkanında şeirlərini paylaşmaqla kifayətlənərək fikir və düşüncələrini sosial şəbəkələrdə öz dostları ilə bölüşməyə daha çox üstünlük vermişdir. Şairin yaradıcılığında dünya, cəmiyyət, Vətən, İnsan, sevgi və sair məsələlərdən bəhs edən şeirlərini oxuyanda mükəmməl qələm təcrübəsi olan şairlə üzləşirsən:
Yazıram qaranlıq, səssiz gecələr ,
İlahi bir sevgi çırağım olur.
Mənim xəyallarım məndən uzaqda,
Acı xatirələr qonağım olur. – misralarında bu fikrin doğruluğunu görə bilərik!
Onun şeirlərini oxuyanda vətəndaş bir şairlə həmsöhbət olursan. Qürbətdə yaşayan biri kimi Vətən həsrəti, Vətənin başına gələn problemlər, faciələr hamı kimi onu da sıxır, kədərləndirir, Vətəndən uzaqda olan şairi isə daha çox! Vətənin dar vaxtında da o, ümüdlərini itirmir, Azərbaycan əsgərinə inanır və bir vaxt tam və qəti qələbə çalacağımızı öz şeirlərində öncədən deyir. Zəfər günümüzdən çox qabaq “Vətən, sənə salam olsun” şeirində şairin bu inamınıaydın görürük:
Yaylağına, hər dağına,
Dalğalanan bayrağına Salam olsun !
El-obada toy-düyünə,
Qarabağı alan günə Salam olsun !
Əlisa Qəmginin lirik şeirlərində də sevgisinəsadiq fədakar bir aşiq obrazı canlanır. Oxucuşairin səmimiyyətinə inanır, aşiqin taleyi iləmaraqlanır, belə ki, şair oxucusunu ardıncaapara bilir, sevginin yalan, qondarma bir hiss olduğu haqqında fikirləri tarmar edir, həqiqisevgini inandırıcı verə bilir:
Ümid payızaydı, o da ki ötdü,
Bir çimir yuxuya həsrətəm indi.
Sənə danışdığım nağıllar bitdi,
O nağıl qoxuya həsrətəm indi.
Əlisa Qəmginin şeirlərinin əksəriyyəticəmiyyət, ictimai fikir, dünyada baş verənhadisələr haqqında düşüncələrə həsrolunmuşdur. Bu şeirlərdə şair hadisələrə özşəxsi münasibətini bildirir, insanları ağıllınəticələr çıxarmağa, öz həyatlarını yalansız, məkrsiz, dava-dalaşsız, sulh və əminamanlıqlayaşamağa çağırır:
Xəcalət çəkirmi yaratdığından ?
Bəşərin incisi sayılan İnsan
Əşrəfi sayılır yaranmışlardan.
Bəs indi kimdir müqəssir ?
Qanun, ya insan ?
Şair Əlisa Qəmginə yeni yaradıcılıq uğurları arzulayırıq!
QARAÇI KÖÇÜ
Bu dünyanın əvvəl-axır
bir müqəddəs köçü var -
Qaraçı köçü!
Bu dünyanın dənizi var, çayı var,
Bu dünyanın istisi var, yayı var,
Bu dünyanın soyuğu var, qışı var,
Bu dünyanın sevinci, alqışı var,
Bu dünyanın torpağı var, daşı var,
Bu dünyanın neçə-neçə məmləkəti, şahı var,
Bu dünyanın qorxusu, təlaşı var,
Bu dünyanın əvvəl-axır
bir müqəddəs köçü var -
Qaraçı köçü!
Bu dünyanın oyağı var, yatanı var,
qovanı var, qaçanı var!
Qova - qova qovanların ardınca da
hələ bir daş atanı var.
Bu dünyanın alanı var, satanı var,
Bu dünyanın doğrusu var, yalanı var.
Bu dünyanın yarı yolda qalanı var.
Bu dünyanın mənzilinə çatanı var.
Bu dünyanın əvvəl-axır
bir müqəddəs köçü var -
Qaraçı köçü!
Bu dünyanın neçə-neçə milləti var,
Hər millətin şah yanında öz dəyəri, qiyməti var.
Bu dünyanın zülmü var, zilləti var,
Zülm üçün neçə-neçə aləti var.
Bu dünyanın talanı var, qarəti var,
Bu dünyanın yaradanın xəlq etdiyi
İNSAN adlı xilqəti var!
Bu dünyanın əvvəl-axır
bir müqəddəs köçü var -
Qaraçı köçü!
Bu dünyanın dirisi var, öləni var,
Bu dünyanın geyimi var, kəfəni var.
Bu dünyanın "istisindən isinməyən"
neçə-neçə "vətəni" var!
Bu dünyanın nizamını pozanı var, əyəni var,
Bu dünyanın dilənçidən pay alanı, yeyəni var!
Öz yurdundan, obasından bezəni var,
Dərd əlindən öz-özünü söyəni var,
Aman Allah, hələ özün öyəni var!
Bu dünyanın əvvəl-axır
bir müqəddəs köçü var -
Qaraçı köçü!
Sənə qibtə edirəm, Qaraçı köçü!
Sənin nə dərdin var, nə sərin,
Nə də. ....... nə də.... vətənin..!
ÜMİDLƏR ÖLMÜR
Yazıram qaranlıq, səssiz gecələr,
İlahi bir sevgi çırağım olur.
Mənim xəyallarım məndən uzaqda,
Acı xatirələr qonağım olur.
Qısılıb arzular qaranlıq küncə,
İttiham edirlər məni hər gecə.
Gündüzlər vəd verir, itmir ümidim,
Gecələr hayfını alır astaca.
Vüsal görüşünə çıxıram hər gün,
Nə yaxşı, arzular yolumu bölmür.
Sakini olmuşam xəyal dünyamın,
İnsan yaşayırsa, ümidlər ölmür.
Qaçıram insandan xəyal dünyama,
Görürəm özümü ruhsuz bir bədən.
Mənim arzularım, yetməsəm sizə,
Vida görüşünə gələcəyəm mən.
Qısılıb arzular qaranlıq küncə,
Xəyalım susmadı, arzular dindi.
Ümidlə yaşadım, neyləyim ki mən,
Xəyal şairinə dönmüşəm indi.
Rusiya. 22.12.2019.
ƏSGƏRİM
Siz tarix yazdınız, şərəfli tarix,
Bayrağı başından uca əsgərim!
Şuşa torpağını, Şuşa daşını
Şəhid əvəzinə quca, əsgərim!
Mübariz ruhunu görəndə yəqin
Dincəldi saf ruhu Pənah xanın da!
Sən nələr hiss etdin, nəyi düşündün
Qələbə gətirən sevinc anında!
Müzəffər ordumun igid əsgəri,
Qanınla tarixə yazdın adını.
Üzgün baxışlara bəxş etdin bu gün
Qələbə dadını, sevinc dadını.
Bu gün sərkərdədir, bu gün əsgərdir,
Ali Baş Komandan xalqın gözündə.
Qələbə yaraşır sənə, əsgərim,
Bayrağı əlində, sevinc üzündə.
Ruhları sevinsin bu qələbəyə
Şəhid anaları ağlamır daha.
Başını dik tutsun, əsgərim - deyə
Başına qaralar bağlamır daha.
08.11.2020
YAVAŞ-YAVAŞ
Ömrünün payızı haqladı səni,
Həyatdan payını al yavaş-yavaş.
Acılı, şirinli xatirələri
Düşünüb yadına sal yavaş-yavaş.
Kimi əmi deyər, kimisi baba,
Gözəllər yanından ötməzlər daha!
Ümidsiz qalanda bu gün sabaha,
Qəlbinə düşəcək xal yavaş-yavaş!
Xatırla baharı, xatırla yazı,
Götürüb qoynuna sıx telli sazı,
Gördün ki, özündən deyilsən razı,
"Ürfanı" üstündə çal yavaş-yavaş.
Həsrətlə tamaşa etsən dağlara,
Könlündən keçəcək çıxmaq yaylağa!
Əlin çatmayırsa keçmiş oylağa,
Kiriyib yerində qal yavaş-yavaş.
İnsafsız qocalıq yolunu kəssə,
Ürəyin diksinər hər kiçik səsə.
Elə ki əlində göründü əsa,
Onda dəyişəcək hal yavaş-yavaş.
Sevgilin gözündə çox cavan qalar,
Zaman öz hayfını ondan da alar!
Ağbirçək, nurani bir qarı olar,
Başına örtəcək şal yavaş-yavaş.
Ay Qəmgin, düz baxdın elin gözünə
Güvən sənətinə, güvən özünə.
Yarat sözlərinə sirli xəzinə,
Dilindən tökülsün bal yavaş-yavaş.
2009
DÜNYA, SƏNDƏ GÖZÜM YOXDUR
Gəl dindirmə mən dilsizi,
Dünya, səndə gözüm yoxdur.
Çoxdur deyiləsi sözüm,
Dünya, səndə gözüm yoxdur.
Əzrayıla dönüb bəndə,
Fürsət verirsən namərdə.
Bu günahlar hamsı səndə,
Dünya, səndə gözüm yoxdur.
Toxu çox, acı görünmür,
Suçlunun suçu görünmür,
Kələfin ucu görünmür,
Dünya, səndə gözüm yoxdur.
Yol almadın haqqa sarı,
Oldun küpəgirən qarı.
Əməlindən utan, barı,
Dünya, səndə gözüm yoxdur.
Dünyaya insan gələsi,
Mükafatı qəm şələsi,
Yolunda şeytan tələsi,
Dünya, səndə gözüm yoxdur.
Sənin zülmün ərşə çatır,
Alan alır, satan satır.
Haqq deyənin haqqı batır,
Dünya, səndə gözüm yoxdur.
Nə dəvədir, nə də atdır,
Bir əsli zay - axsaq qatır!
Xəzinə üstündə yatır,
Dünya, səndə gözüm yoxdur.
Hiyləgər tülkü önündə
Aslan gücsüzdür bu gün də!
Ruhların çoxu sürgündə,
Dünya, səndə gözüm yoxdur.
Gah boşalıb, gah dolansan,
Biz gedərik, sən qalansan.
Demirəm ki, sən yalansan,
Dünya, səndə gözüm yoxdur.
Heç sormuram, nə təhərsən?
Gah şirinsən, gah zəhərsən!
Zalımdan da sən betərsən,
Dünya, səndə gözüm yoxdur.
Abırın yox, arın yoxdur,
Sərvətin çox, varın çoxdur,
Yer üzündə harın çoxdur,
Dünya, səndə gözüm yoxdur.
Bilinmir haradır yönüm,
Dərdlərimi kimlə bölüm?
Axırı bir ucuz ölüm,
Dünya, səndə gözüm yoxdur...
18.02.2018
Cənub.az saytı üçün hazırladı Əlizaman Baxış.