Malın ixracını gəl sən bu qədər dərd eləmə,
Dubaya ixrac olub, namusu-vicdan satılır.
Qoyub əxlaqımı "mama-rozalar" hərraca,
Təzə"razrezli" xanım növbəti qurban, satılır.
Nurməmməd Ağa
BÖLGƏMİZİN YAZARLARI
Hələ XIX əsrdən başlayaraq ölkəmizin bir çox şəhərlərində yaranan ədəbi məclislərdən biri də Lənkəran şəhərində şair Mirzə İsmayıl Qasirin rəhbərliyi ilə fəaliyyət göstərirdi.
Zaman keçdikcə bu bölgədə daha çox yazıçı və şairlər tanınmağa başladı. XX əsrin ortalarında Əlisa Nicat, Şəkər Aslan, Məmmədhüseyn Əliyev, Mir Haşım Talışlı, Vaqif Hüseynov, Ayaz Vəfalı, Məmməd Kazım və başqaları kimi Respublikanın ədəbi mühitində tanınan və oxucuların rəğbətini qazanan bir çox ədəbiyyat adamları yetişmişdi.
XX əsrin sonu, XXI əsrin əvvəllərində ədəbi mühit daha da genişləndi, yeni gənc qüvvələr ədəbiyyata gəldi.
Cenub.az saytı olaraq bölgəmizdə fəaliyyət göstərən yazıçı və şairlər haqqında silsilə yazıları və onların əsərlərindən nümunələri sizə təqdim edirik.
Bu vaxta qədər Xanəli Ağayevin (Masallı), Ruhiyyə Abbaszadənin (Cəlilabad), Xanlar Həmidin (Lerik), Ziya Dilsuzun (Lənkəran), Rəna Əlisaqızının (Masallı), Şahid Astaralının (Astara), İqbal Nəhmətin (Yardımlı), Əlövsət Tahirlinin (Cəlilabad), Təbrizə Pünhanın (Astara), Rafiq Məmmədin (Masallı) şeirlərini, Meyxoş Abdullahın (Cəlilabad), Fikrət Baxışın (Masallı), Arif Fərzəlinin (Masallı), Eldar İlqaroğlunun (Lənkəran), Qədiməli Əhmədin (Lerik), Məmməd Əvəzoğlunun (Masallı), rmiz Titayevin (Lerik), Əfrahim Abbasın (Cəlilabad) şeirlərini sizə təqdim etmişik.
hekayələrini sizə təqdim etmişik.
Linklər burada:
Ziya Dilsuz
Rəna Əlisaqızı
Şahid Astaralı
İqbal Nəhmət
Əlövsət Tahirli
Təbrizə Pünhan
Rafiq Məmməd
Meyxoş Abdullah
Fikrət Baxış
Arif Fərzəli
Eldar İlqaroğlu
Qədiməli Əhməd
Məmməd Əvəzoğlu
Ramiz Titayev
Əfarahim Abbas
Bu silsilədən növbəti qonağımız şair Nurməmməd Ağadır (Masallı).
Nurməmməd Ağa 02. 05.1957-ci ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olmuşdur. ADPU-nun filologiya fakültəsini bitirmişdir.
Şeirləri "Azərbaycan", "Ulduz" jurnallarında, "Azərbaycan gəncləri", "Azərbaycan müəllimi" qəzetlərində və ölkənin digər mətbuat orqanlarında, müxtəlif antologiyalarda dərc edilmişdir.
80- ci illər ədəbi nəslinə mənsub şair Nurməmməd Ağaya mərhum xalq şairi B. Vahabzadə "Uğurlu yol!" yazaraq şeirləri barədə dəyərli fikirlər söyləmişdir.
Dörd tarixi-etnoqrafik, bədii-publisistik kitabın - "Boradigah" (1994), "Boradigahım mənim" (1997), "Ağa Mirtağı - Nur ocağı" (1999), "Müdrik ömrün anları" (2004) və 3 şeirlər kitabının -"Anamın əlləri" (2003), "Müqəddəs qorxu" (2006), "Hər görüşdə ayrılıq var" (2018) müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin və AzərbaycanJurnalistlər Birliyirinin üzvüdür. AYB-nın Şəkər Aslan ədəbi mükafatı laureatıdır.
OLUR
Ayaqqabın dar olsa,
Dünya sənə dar olur.
Qan damarda həyatdır,
Axarkən murdar olur.
Hər yaşanan hiss deyil,
Hər müsibət yas deyil,
Tikan güldə pis deyil,
Gül tikanda xar olur.
O saçlara baxanda,
Yandırar da, yaxar da,
Tük xörəkdən çıxanda
Xörək zəhrimar olur.
Ağzımızda tüpürcək,
Həyatdır o da gerçək,
Tüpürcəyi tüpürsək,
Yalamaq da ar olur.
Kütləşər öz qınında,
Olsa namərd belində,
Qılınc Əli əlində
Dönüb "Zülfüqar" olur.
YAMANDI
Gülşənində gülü solan dünyanın
Tikanının gül olmağı yamandı.
Kül təpəcik ola bilməz deyirlər,
Uca dağın kül olmağı yamandı.
Kimlər kəsdi qabağını sellərin,
Qıfılı var haqqı deyən dillərin,
Qarışqaya əlborcu var fillərin,
Qarışqanın fil olmağı yamandı.
Elə birdir: ya yan yaşa, yaşa - yan.,
Quruya yan, atəşə yan, yaşa yan,
Bir şorgözün qonşusunda yaşayan
Bir gəlinin dul olmağı yamandı.
PAYIZ NAĞILI
Göylərin o günəş şamı da söndü,
Təbiət büründü qaranlıqlara.
Sevdalı söyüdlər Məcnuna döndü,
Dağ çayı yüyürüb qaçdı xəbərə.
Kimi harayladı o gurşad yağış?!
Dəlisov küləklər, görən, nə dedi?!
Göylərin o qəfil kişnəməsindən
Yarpaqlar qorxudan əsib titrədi.
Leylinin - baharın həsrəti ilə
Soldu, xəzəl oldu o Məcnun söyüd.
...Tikan barmağını qaldırıb o kol,
Verdi oz "oğlu"na nəsihət, öyüd.
Buludlar Məcnunun elçiləridir,
Qanları qaralmış "yox" cavabından.
Dağlar fikirlidir, düşüncəlidir,
Qeysin atasına bənzəyir yaman.
Leyli atasımı dəlisov külək?!
Elçi buludları qovur evindən.
O salxım söyüdün göz yaşlarıyla
İslanmış bir solğun məktubdu çəmən.
Pərişan söyüdün halına yandı,
Göylərdə bir haray qopardı şimşək.
Hirs ilə sıyırıb qılıncı qından,
Hücuma çağıran Nofəldi şimşək!
Onun hücumu da qaldı yarımçıq,
Beləcə sarsıldı, qaraldı qanı.
Bir parça ağ bulud ağ kəcavədir,
Qara buludlarsa, dəvə karvanı...
... Göz yaşı tökəcək elçi buludlar,
O Məcnun söyüdlər islanacaqdır.
Sevdalı payızın həzin nağılı,
Xəzan hekayəti başlanacaqdır.
... Göylərin, yerlərin dəyişdi halı,
Doldu, doluxsundu xeyli təbiət.
Havanın başına havamı gəldi?!
Qorxudan saraldı Leyli- təbiət!
SATILIR
Bu da bir tazə zamandır ki, bu dövran satılır,
Satılır xan çinarın kölgəsi, orman satılır.
Çıxarıb biz bazara satmadayıq hər nə ki var,
Evdəki xalça-palaz, kilimlə yorğan satılır.
Bir tərəfdə maniken şəklinə bax-- lüt-üryan,
Bir tərəfdə dinimin aynası Quran satılır.
Evlərin damı satıldı, dəmir oldu İranın,
Bir para əcnəbiyə zirzəmi, ev, ban satılır.
Malın ixracını gəl sən bu qədər dərd eləmə,
Dubaya ixrac olub, namusu-vicdan satılır.
Qoyub əxlaqımı "mama-rozalar" hərraca,
Təzə"razrezli" xanım növbəti qurban satılır.
Yarıçılpaq gəlinin orda göbək atmadadır,
Əxlaqı pozmadadır, bir özəl ekran satılır.
Kimi məcburdur, satır əcnəbiyə böyrəyini,
Xarici valyutaya daxili orqan satılır.
Çoxu dəllal bazarında başını girləmədə,
Çox ucuz, bir kişiyə köhnə dəyirman satılır.
Bir salam verməyimiz sanki təmənnalı olub,
Bir zaman qonşu payıydı, daha ayran satılır.
Ağa Nurməmməd Ağa şair imiş, ya satıcı?!
Kitabın qiymətini qoydu bir "Şirvan"... Satılır?!...
QƏZƏL
Özü mülk sahibidir, göz də dikib malımıza,
Kaş soğan doğramaya gül kimi əhvalımıza.
Bal kimi sözlərimiz zəhri də bal etmədədir.
Bu səhər kimdir, zəhər qatmadadır balımıza.
Yetişib meyvələrim, heyvalarım bağda tamam,
Dəymişi qoydu naşı, əl uzadıb kalımıza.
Atalar yaxşı deyib:"Bağ olamaz şaftalıdan",
Niyə bəs əyri baxır qonşu o şaftalımıza?!
Kəbənin daşını öpdü başı pambıqla kəsən,
Vallahi, hacı deyilməz belə zəvvarımıza.
O adam hacı olar ki, başımın tacı ola,
Rəftarı acı ola, onda da vay halımıza.
Bu qədər ki günahı vardır müsəlmanımızın,
Necə yazsın mələyim nameyi- əmalımıza?
Ağa Nurməmməd üçün yaxşı o kəslərdir ki,
Ehtiram eyləyə ustadə, qəzəlxanımıza.
Cenub.az saytı üçün tərtib etdi Əlizaman Baxış.