Ermənilərin böyük “peşəkarlıqla” tarixi saxtalaşdırmaq bacarığı artıq bütün dünyaya məlumdur. Bu bacarıqda ad dəyişmək, yeni ad “kəşf” etmək xüsusi yer tutur. Amma öz gerçək tarixlərindən xəbəri olmayan, yaxud da olub görməzdən keçən ermənilər anlamırlar ki, ad dəyişməklə tarixi dəyişmək mümkün deyil...
Gördüklərini özününkü etmək xisləti ilə yaşayan ermənilər uzun illər keçmiş “Dağlıq Qarabağ Muxtar vilayətində”, xüsusilə Xankəndi şəhərində ad dəyişməklə məşğul olaraq tarixi saxlaşdırmağa çalışıblar. Bu işdə keçmiş “Dağlıq Qarabağ Muxtar vilayəti” Partiya Komitəsinin birinci katiblərinin xüsusi rolu olub.
Onlar hər müəssisəyə, hər təhsil, mədəniyyət, səhiyyə ocağına, parklara, meydanlara, keçə və prospektlərə ermənilərin adını verməklə dünyaya bu bölgənin ermənilərə məxsus olduğunu sübut etməyə cəhd ediblər.
Ötən sayımızda Xankəndi şəhər mərkəzi stadionuna Şaumyanın adının necə verildiyi haqda yazı təqdim etmişdik. 1952-1958-ci illərdə vilayətin birinci katibi olan Yeğişe Qriqoryanın vilayətdə, o cümlədən Xankəndi şəhərində “ad” oynatmağı təkcə bununla yekunlaşmayıb. O, 1942-1946-cı illərdə də vilayətə rəhbərlik edib. Məhz bu illər ərzində təkcə Xankəndi şəhərində 38 küçənin adı dəyişdirilib və onlara erməni “məşhur”ların adı verilib.
1950-1952-ci illərdə Qriqoryan Anastas Mikoyanın dəstəyi ilə Azərbaycan KP MK-nın maliyyə-plan şöbəsinə rəhbərlik edib. Bu iki il ərzində Qriqoryan Xankəndi şəhəri üçün büdcədən daha çox vəsait ayrılmasına nail ola bilib. Məhz bu iki il ərzində Xankəndidə yeni üçmərtəbəli yaşayış binaları inşa edilib. Bununla yanaşı iki onillik məktəb də tikilib ki, onlar ermənilərin ixtiyarına verilib və ermənilərin adını daşıyıb. Hansı ki, həmin dövrdə Xankəndidə yeganə azərbaycanlı məktəbi olan Nizami Gəncəvi adına 4 nömrəli orta məktəb zirzəmi şəraitində fəaliyyət göstərib. O cümlədən 1952-ci ildə Xankəndi Dram Teatrının binası da istifadəyə verilib. Teatrın ad məsələsində ermənilər istədiklərinə nail ola bilməyiblər. Moskvanın göstərişi ilə teatra Maksim Qorkinin adı verilib.
1958-ci ildə Dağlıq Qarabağ Muxtar vilayəti Partiya Komitəsinin birinci katibi vəzifəsində Qriqoryanı Şahnazarov əvəzləyib. Şahnazarov Qarabağda nə at, nə də “ad” oynada bilib. Yəqin elə buna görə də onun Qarabağda vəzifə ömrü uzun çəkməyib.
Vilayətin növbəti birinci katibi (1962-1973-cü illər) Qurgen Melkumyan isə vilayətdə və Xankəndi şəhərində adların dəyişdirilməsində “rekord”lara imza atıb.
Xankəndi şəhərində 1963-cü ildə yeni kinoteatrın inşası nəzərdə tutulub və Azərbaycanın büdcəsindən vəsait ayrılıb. Ayrılan vəsait Melkumyanı qane etməyib, o, kinoteatrın foyesinin daha böyük və inzibati otaqların daha çox olmasını istəyib. Bu mübahisəli məsələyə görə kinoteatrın tikintisi bir müddət uzanıb. Nəhayət, 1965-ci ildə kinoteatrın tikintisi başa çatıb. Azərbaycan rəhbərliyi kinoteatrın adının “Azərbaycan” olmasını təklif edib. Bu təklif Melkumyanı qıcıqlandırıb. Birinci katib bu təklifi əsl erməni hiyləgərliyi ilə rədd edib. 1990-cı illərdə təqaüddə olan müəllim Samson Aleksanyan öz açıqlamalarında həmin hadisəni belə xatırlayıb:
“Yeni kinoteatra “Azərbaycan” adının veriləcəyini biləndə biz bir qrup müharibə veteranı, müəllim və ziyalılar Melkumyanın qəbuluna getdik, etirazımızı bildirdik. Birinci katib bizi təmkinlə dinlədi, hətta açıq şəkildə olmasa da sətiraltı haqlı olduğumuzu da bildirdi. Kiçik fikir mübadiləsindən sonra o, mədəniyyət sahəsi ilə məşğul olan qurumların rəhbərlərini yanına çağırdı, onlara göstəriş verdi:
- Təcili olaraq kinoteatrın adını əks etdirən göstəricini binanın yuxarı hissəsinə vurun və bu göstərici iri hərflərlə olmalıdır.
Bu göstəriş müvafiq qurum rəhbərlərində bir çaşqınlıq yaratmışdı. Çünki onlar kinoteatrın adını bilmirdilər. Melkumyan bu çaşqınlığı anlamışdı:
- Kinoteatrın adı “Rosiyya” olacaq. Açılışa gələn Azərbaycan rəhbərləri bu ada etiraz edə bilməyəcəklər...”
Bununla da Xankəndidəki “Azərbaycan” adını daşıyacaq kinoteatrın adı “Rosiyya” olub.
Ümumiyyətlə erməni araşdırmaçıların qənaətinə görə SSRİ dövründə Azərbaycanın tabeliyində olan Dağlıq Qarabağ Muxtar vilayətinin ən “milli ruhlu” rəhbəri Qurgen Melkumyan sayılıb. Qurgen Melkumyanın belə “yüksək” qiymətləndirilməsi, rəhbərliyi dövründə onun millətçilik yönümdə apardığı siyasət, vilayətdə erməni şovinizminin inkişafı üçün yaradılmış şərait, ermənilərin Qarabağ torpaqları ilə bağlı yersiz iddialarına göz yummağı və hətta onlara dəstək olması ilə bağlıdır. Yaxın tariximizdən də məlumdur ki, Dağlıq Qarabağ Muxtar vilayətində 1960-cı illərin sonlarında, 1970-ci illərin əvvəllərində erməni millətçilərinin fəallığı artaraq qabarıq şəkildə özünü büruzə verib. Məhz elə 1967-ci ildə Xankəndi şəhərinin mərkəzində üç nəfər azərbaycanlının diri-diri yandırılması kimi dəhşətli bir hadisə də Melkumyanın vilayətdə birinci katib olduğu dövrə təsadüf edib.
Melkumyanın birinci katib olduğu dövrdə Xankəndinin girişində “Baba və nənə” abidəsi ucaldılıb, şəhərdə Azərbaycan hökumətinin təşəbbüsü ilə yeni park açılanda Melkumyanın canfəşanlığı sayəsində həmin parka Nelson Stapanyanın adı verilib, şəhərin bir neçəsi küçəsi prospektə çevriləndə Melkumyanın təşəbbüsü ilə həmin prospektlər də ermənilərin adını daşıyıb. Bir sözlə, Melkumyan “ad” oynatmaqda ad çıxarıb. Nəhayət, 1973-cü ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Qurgen Melkumyanı və onun yaxın ətrafını vilayət rəhbərliyindən uzaqlaşdırıb.
Zaman sübut etdi ki, tarixi saxtalaşdırmaq mümkün deyil. O ki qaldı ermənilərin “adqoydu” mərasimlərinə, bunu da uğursuz və mənasız bir cəhd kimi qiymətləndirmək olar.. Hər kor kişinin oğluna Koroğlu deməklə ondan qəhrəman düzəltmək olmaz...
İlham Cəmiloğlu, Musavat.com