"Kanadada millət vəkilləri azərbaycanlıların icma mərkəzinin harada yerləşdiyini soruşanda keçirdiyimiz hissləri təsəvvür etmək çətin deyil"
Kanadada güneyli-qüzeyli azərbaycanlı xanımlardan ibarət "Azərbaycan-Türk Dünya Qadınları Cəmiyyəti"ni, "Azərbaycan-Türk Kanada Asossasiyası"nı yaradıb. Toronto, London və Kanadanın digər şəhərlərində Azərbaycanla bağlı keçirilən tədbirlərdə onunla rastlaşmamaq mümkün deyil. Müsahibimiz vətənimiz adına Kanadada saysız-hesabsız tədbirlər düzənləyən, müxtəlif sərgilərdə Azərbaycanı təmsil edən Kəmalə Şiriyevadır.
Qeyd edim ki, K.Şiriyeva 2012-ci ildə Mühafizəkarlar Partiyasından olan deputat, Elm və Texnika naziri Ed Holderin parlamentin ümumilər palatasında Xocalı faciəsi və Azərbaycan Xalq Cümhuriyyəti günü ilə bağlı çıxışına nail olub. Keçən il isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar müsahibimizin Torontoda düzənlədiyi tədbirə senator, federal və əyalət parlamentlərinin üzvləri də qatılıblar.
Psixologiya üzrə elmlər namizədi K.Şiriyeva Ontario əyalətinin London şəhərində yaşayır və burada psixoterapevt kimi fəaliyyət göstərir. Eyni zamanda Qalf Universitetində (Guelph University) mütəmadi elmi tədqiqatlar aparır və beynəlxalq konfranslarda çıxış edir. Azərbaycanda yaşayarkən, 1992-ci ildən Lənkəran Dövlət Universitetində psixologiya müəllimi kimi fəaliyyətə başlayıb və sonradan Azərbaycan Dövlət Pedaqoji və Bakı Dövlət universitetlərində fəaliyyətini davam etdirib.
- Kəmalə xanım, Kanadaya köçəndən iki il sonra, 2005-ci ildə "Azərbaycan-Türk Dünya Qadınları Cəmiyyəti"ni yaratmısınız, 2010-cu ildə isə "Azərbaycan-Türk Kanada Asossasiyası"nı təsis etmisiniz. Bu təşkilatları qurmaq hansı tələbatdan yarandı?
- Bura yeni gələndə düşünürdüm ki, bütün dünya Azərbaycanı tanıyır. Azərbaycandan olduğumu deyəndə adamlar qaşlarını çatıb baxışları ilə, hansı ölkədən söhbət getdiyini soruşurdular.Ölkəmizin adını ilk dəfədir eşitmələri məni mənəvi cəhətdən çox incidirdi. Əfqanıstanı, tanınmamış Kürdüstanı tanıdıqları halda, Azərbaycan barədə ilk dəfədir eşitmələrinə, şübhəsiz, pis olurdum. Azərbaycanı tanıtmaq, mədəniyyətimizi, milli dəyərlərimizi, xüsusən Azərbaycanın başıbəlalı tarixini yerli kanadalılara çatdırmaq ümdə vəzifə kimi qarşımda dururdu. Eləcə də yeni gələn azərbaycanlılara, türklərə müxtəlif aspektlərdən (iş tapmaq, evlə, həkimlə təmin etmək, buradakı mövcud ictimai sərvətlərdən istifadə etmək) dəstək olmaq üçün "Azərbaycan-Türk Dünya Qadınları Cəmiyyəti"ni yaratdım. Keçirdiyimiz davamlı tədbirlər, sərgilərimiz sayəsində qısa müddətdə tanınmağa başladıq. Qrupumuzun əsas üzvləri Güney Azərbaycandan olan xanımlar idi. Çünki Londonda Şimali Azərbaycandan olan ailələr çox azdır. Ayda iki dəfə xanımlarla görüşür, səhiyyə, təhsil, biznes sahəsində çalışan mütəxəssislərin çıxışlarını təşkil edir və bu sahələrdə qrup üzvlərimiz bilgiləndirirdik. Qrupumuzdakı xanımların həyat yoldaşları onları tədbirlərimizə dəvət etməməyimizdən şikayətlənirdilər. Bu da yeni tələbat - "Azərbaycan-Türk Kanada Asossasiyası"nın "doğulmasına" səbəb oldu.
Qeyd edim ki, rəsmi tədbirlərimizə federal və eyni zamanda əyalət parlament üzvlərini, hökumət nümayəndələrini və bələdiyyə nümayəndələrini dəvət edirəm. Məqsədim daha çox kanadalının Azərbaycan haqqında bilgilərini artırmaq, milli adət-ənənələrimiz, sərvətlərimiz, ən əsas da keşməkeşli tariximiz - 20 Yanvar, Qarabağ problemi, Xocalı faciəsi haqqında ətraflı məlumat verməkdir. Tədbir zamanı qonaqlarımızın çıxışından sonra onlara Xocalı faciəsi haqqında kitablar və broşüralar təqdim edirəm.
- Kəmalə xanım, sizin gördüyünüz işlər təqdirəlayiqdir, çox fəalsınız. Amma "tək əldən səs çıxmaz" deyiblər. Kanadada sayımız kifayət qədərdir - təxminən 100 min nəfər. Acı da olsa, axı hiss olunmur bu qədər azərbaycanlının mövcudluğu. Səsimiz neçə minlik, yaxud neçə yüzlük eşidilir?
- Səsimiz kifayət deyil. Səsimizin kifayət olmaması və sonda eşidilməməsinin bir neçə səbəbi var. İlk növbədə, ermənilərdən fərqli olaraq, bizlər burada yeniyik. Ermənilər 1905-ci ildən Kanadaya miqrasiya etməyə, burada kök salmağa başlayıblar. Bizlər isə ilk dəfə 20-ci əsrin sonları 21-ci əsrin əvvəllərində, Sovet İttifaqı dağılandan sonra Kanadaya köçümüz baş tutub. Bundan başqa, sayımız çox olsa da, birliyimiz yoxdur, biz bir ola bilmirik. Torontoda həmvətənlərimizin sayı çoxdur və kifayət qədər cəmiyyət və təşkilatlarımız var, amma rəsmiləşdirilmiş cəmiyyətlər arasında birlik zəifdir.
- Niyə ermənilər birləşə bilir, biz yox?
- Bu, çox çətin sualdır. Bunun görünən və görünməyən tərəfləri var. Biz Azərbaycan türkləri tarix boyu birləşmək, bir olmaq nöqteyi-nəzərindən zəif olmuşuq. Hətta son zamanlar bir daha bu təcrübənin şahidi oldum. Kanadadakı hansısa Azərbaycan təşkilatının rəhbərinin fəaliyyətində cüzi səhv, kiçik bir diqqətsizlik görəndə o, sosial şəbəkələrdə mütəmadi olaraq kəskin tənqid atəşinə tutulur, hətta şəxsi həyatı belə müzakirə mövzusuna çevrilir, ailə barədə lazımsız fikirlər söylənilir. Həmin təşkilat başçısının cəmiyyətdən kənarlaşmasına, nüfuzdan düşməsinə çalışılır. Bu kimi hallarda əslində daha çox bərabər olmağımızın və bir-birimizə mənəvi dəstək göstərməyimizin gerçək zamanı gəldiyini düşünmürük. Vaxtımızı, enerjimizi bir-birimizi gözdən salmağa sərf etməkdənsə, uzun illər boyu tariximizə qara hərflərlə yazılan düşmənimiz ermənilərin Torontoda nüfuzdan salınması planlarını heç ağlımıza gətirmirik. Bizlər ağıllı fikir və düşüncələrimizin, enerjimizin, səmərəli vaxtımızın istiqamətini təyin etməkdə səhvlərə yol veririk. Ermənilər isə yüksək və aşağı təbəqələrindən asılı olmayaraq bir-brlərinə maddi və mənəvi dəstək olur, rəsmi və qeyri-rəsmi qruplar birgə fəaliyyət göstərir. Ən sonunda öz simalarında gələcək nəsillərə gözəl örnək olurlar.
Onu da qeyd edim ki, erməni diasporası həm Ermənistan hökuməti, həm sosial qruplar, həm də kilsə tərəfindən dəstəklənir.
- Ermənilərin sayı bizdən az, 2016-cı ilin məlumatına görə, Kanadada 64 min nəfərdir. Amma səsləri az qala 64 milyon kimi çıxır. Təkcə Torontoda erməni dilində körpələr evi, uşaq bağçası, orta məktəb, Gənclər Mərkəzi, bir neçə kilsə var. Hələ o biri şəhərlərdəki məktəblərdən, kilsələrdən danışmıram. Bəs azərbaycanlıların nəyi var? Azərbaycanın təbii sərvəti olan neftindən erməni kilsələrinə pay çatır, bəs bu paydan Azərbaycan adına Kanada azərbaycanlılarının iş görməsi, kiçicik bir mərkəz açması üçün pay çatırımı? Londonda, Torontoda azərbaycanlılar hansı məkanda bir yerə yığışıb problemləri müzakirə edir, fikir mübadiləsi aparırlar?
- Çox təəssüf ki, bizim bir mərkəzimiz yoxdur. Bəzən hətta Azərbaycan adına olan cəmiyyət rəhbərləri bir yerə yığışıb görəcəyimiz plan və proqramları müzakirə etmək üçün münasib yer axtarırırq. Hansısa ölkənin icma mərəkəzini icarələyir, yaxud kilsələrdə yer götürüb görüşürük. Xüsusən Azərbaycanın milli bayramları ilə əlaqədar böyük tədbirlər keçirərkən başqa millətlərə - rusa, kürdə, filippinliyə, tailandlıya, koreyalıya məxsus mərkəzləri, və ya Kanada ictimai icma mərkəzlərini kirayələyirik. Öz yerimiz olsa, daha böyük işlər görə bilərik.
Azərbaycanlıların ən çox məskunlaşdığı Toronto şəhərində Azərbaycan evinin (mərkəzinin) yaranması çox vacibdir. Mən və həmyerlilərimizi birləşdirən digər cəmiyyət rəhbərləri hər zaman bu məsələnin gerçəkləşməsi yolları haqqında müzakirələr aparırıq. Xüsusən Kanadada federal və əyalət millət vəkilləri azərbaycanlıların icma mərkəzinin harada yerləşdiyini soruşanda keçirdiyimiz hissləri təsəvvür etmək çətin deyil. Amma bu, əsla bizim Azərbaycan naminə çalışmağımıza, hansısa işlər görməyimizə böyük təsir göstərmir. İnanıram ki, yaxın gələcəkdə bizim də Kanadada məskunlaşan digər millətlər kimi toplaşmaq, müzakirələr aparmaq üçün, ən əsası rəsmi tədbirlərimizin keçirilməsi üçün öz mərkəzimiz olacaq.
Qeyd edim ki, Azərbaycanı tanısınlar deyə, vaxtimin az olmasına baxmayaraq, illərdir seçkilərdə könüllü kimi yaxından iştirak edir, eyni zamanda evimin qapılarını Liberal Partiyaya açıram. İstər federal, istərsə də əyalət seçkiləri günü evim seçki mərkəzi olur. Könüllülər və seçki mərkəzi işçiləri hazırlanmış seçki planlarını mənim evimdə həyata keçirirlər. Seçki günü millət vəkiliyinə namizəd, seçkilərin gedişatı ilə maraqlanmaq üçün evimə baş çəkir, mənə təşəkkürünü bildirir. Bütün bunları Azərbaycanı tanıtmaq naminə edirəm ki, sonda Azərbaycanın haqq səsi parlamentdə, palatada səslənsin.
- Yenə ermənilərdən misal çəkməli olacam. Erməni diasporası 2015-ci ildə Kanada hökuməti ilə razılaşdırıb Suriyadan minlərlə ermənini öz hesablarına Kanadaya gətizdirdilər. Amma Kanadada yaşayan bir sıra həmyerlimiz azərbaycanlıların buraya gəlməsini istəmirlər. Adi sosial şəbəkələrdə Azərbaycandan kimsə Kanadaya gəlməyin yollarını soruşanda lağ etməyə, yuxarıdan aşağı cavablar verməyə başlayırlar. Ya da Kanadaya 6-7 ildir gələnlər özlərini aborigen sayıb yeni gələnləri bəyənmirlər. Öz həmvətənini bəyənməmək, onunla ünsiyyətdən qaçmaq, hətta Kanadaya gəlmək istəyinə qıcıqlanmaq nədən irəli gəlir? Niyə istəmirik ki, burada azərbaycanlıların sayı çox olsun?
- Başqa millətlərlə müqayisədə, biz sayca azlıq təşkil edirik. Burada millət vəkilləri ilə söhbət edəndə öncə sayımızı soruşurlar. Güney azərbaycanlıların hesabına sayımızı artıra bilirik. Bildiyimiz kimi, millət vəkilləri seçicilərinin sayının çox olamsında maraqlıdırlar. Bizim xarici ölkəlrədə çoxluğumuz səsimizin çox olması deməkdir. Amma say da kifayət deyil. Çox iş görməliyik, bir-birimizə dəstək durmalıyıq ki, səsimiz eşidilsin. Bəzən böyük məqsədlərlə bağlı məktubların hazırlanıb bütün əyalətlərdə yaşayan azərbaycanlılar adından millət vəkillərinə göndərilməsi üçün xeyli imzaya ehtiyacımız olur. Belə məqamlarda da bəzilərimiz cüzi məsuliyyət daşımaqdan yayınırıq. Bu cür məsələlər bizim ağrılı yerimizdir.
Biz bir-birimizə dəstək olmalı, yenicə gələnlərə əlimizdən gələn köməyi etməliyik ki, onlar da 5-10 ildən sonra təmənnasız əl tutmağı yeni gələnlərə ötürsünlər. Biz azərbaycanlıların çox gözəl adət-ənənələrimiz, mənəvi dəyərlərimiz, sosial normalarımız və yüksək mədəniyyətimiz var. Yaxşı olar ki, bu kimi mənəvi sərvətlərimizi yeni məskunlaşmış ailələrə köməkdə əsirgəməyək.
Şəxsən mən Assosiasiyamız adından yeni gələnlərə əlimdən gələn köməyi edirəm. Onların işlə, ailə həkimi ilə təminatından tutmuş, ev tapmasında, kiçik uşağı olan ailələrə uşaqlar üçün proqramlara qatılmasında yardımımı əsirgəmirəm. Burada nə qədər çox azərbaycanlı olarsa, daha çox tanınarıq. Yuxarı vəzifələrdə çalışanlarımızın olması, məmləkətimizin adını daşıyan restoranların, çayxanaların açılması və ya Azərbaycan adına kiçik bizneslərin mövcudluğu bilavasitə Azərbaycanın tanınmasına xidmət edir.
Məmləkətimizə, məmləkətimizin insanlarına canımızla, ruhumuzla bağlı olmalı və bir-birimizi dəstəkləməliyik. Ancaq bu yolla böyüyə, ucala, səsimizi səslər içində eşidə bilərik.
- Müsahibəmizi pozitiv çalarlarla bitirmək üçün yaxşı ki, səbəbimiz var. Bu il, iyun ayının əvvəlində 400-dən çox həmyerlimiz yığışıb həm Azərbaycan Cümhuriyyətinin yaranmasının 101-ci ildönümünü, həm də Ontario Azərbaycan İcmasının (Azerbaijani Community of Ontario) yaranmasını qeyd etdi. Cəmiyyəti yaradan təşkilatçıların əksəriyyəti heç bir şəxsi təmənnası olmayan gənclərdir. Hər halda mən kənardan belə hiss etdim və bu təşkilatın azərbaycanlıları bir yerə yığacağına, Azərbaycan adına böyük işlər görəcəyinə böyük ümidim var. Siz də tədbirdə idiniz. Fikirləriniz maraqlıdır...
- Sevindirici o idi ki, bu tədbiri gənclərimiz təşkil etmişdi və azərbaycanlılar bərabər oldu. Buna uğurlu addım deyə bilərəm və davamlı olacağına inanıram.
Lalə MUSAQIZI
Müəllif: Ayna.az