Fikrət Yusifov: “Müəssisələrin dövlət-sahibkar modeli ilə yaradılması mümkündür”
Uzun illərdir bölgələrin inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilir. Bu istiqamətdə bir sıra mühüm addımlar atılıb. Ancaq təəssüf ki, bölgələrdə iş yerlərinin yaradılması məsələsində ciddi problemlər var. Bu səbəbdən xüsusilə gənclər regionlardan paytaxta axın edir, həmçinin xeyli sayda vətəndaş xaricə üz tutur.
Yeri gəlmişkən, rəsmi mənbələrdə qeyd edilir ki, ötənilki yeni iş yerlərinin 77,1 faizi Bakı şəhərinin payına düşsə də, 0,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,3 faizi digər regionlarda yaradılıb. Regionlarda açılan iş yerlərinin 4,7 faizi Abşeron-Xızı, 3,8 faizi Gəncə-Daşkəsən, 2,3 faizi Lənkəran-Astara, 2,2 faizi Quba-Xaçmaz, 2 faizi Şəki-Zaqatala, 1,5 faizi Qazax-Tovuz, 1,4 faizi Şirvan-Salyan, 1,3 faizi Mərkəzi Aran, 1 faizi Qarabağ, 1 faizi Mil-Muğan, 0,8 faizi Dağlıq Şirvan, 0,3 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarındadır.
Ötən il hüquqi şəxslərin yaratdıqları iş yerlərinin 21,7 faizi tikinti, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 11,2 faizi emal sənayesi, 6,5 faizi peşə, elmi və texniki fəaliyyət üzrə açılıb. Açılan iş yerləri inzibati və yardımçı xidmətlərin göstərilməsi üzrə 5,8, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi üzrə 5,6, turistlərin yerləşdirilməsi və ictimai iaşə üzrə 4,9, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq üzrə 4,6, təhsil üzrə 3,5 faiz təşkil edib. Qalan iş yerləri nəqliyyat və anbar təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar və digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.
Prezidentin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ilə bağlı sərəncamında da paytaxt və regionların tarazlı inkişafına dair istiqamət müəyyənləşib. Sərəncamda qeyd edilir ki, ötən dövrdə regionlarla müqayisədə ölkəmizin paytaxtı daha sürətlə inkişaf edib. Uzunmüddətli dövrdə əsas məqsədimiz regionların inkişafını paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaqdır. Bunun üçün regionlarda zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılıb. Regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resurslar tamamilə iqtisadi dövriyyəyə cəlb edilməlidir. Regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət olunmalıdır. Regionlar paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olmalıdır. Bu, regionların milli gəlirdə payının artırılmasını təmin edəcək".
Göründüyü kimi, bu məsələ ölkə üçün prioritet sayılır. Elə bir gün öncə parlamentin iclasında da mövzu yenidən gündəmə gəlib. Deputat Vahid Əhmədov bununla bağlı çağırış edib. O, bölgələrdə iş yerlərinin açılmasını zəruri hesab edib. O, nümunə kimi qeyd edib ki, Quba-Xaçmaz bölgəsində 500 minə yaxın əhali yaşayır, cəmi 2 emal müəssisəsi var. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, bu istiqamətdə addım atılmayıb.
Millət vəkili əlavə edib ki, qeyri-neft sektorunun inkişafı ilə əlaqədar bölgələrdə iş yerlərinin açılması hökumət üçün prioritet olmalıdır. Deputat həmçinin, işğaldan azad edilmiş ərazilərdə də iş yerlərinin açılması, hərbi sənaye müəssisələrinin yaradılmasını təklif edib: “Müharibə veteranlarına verilən 80 manat müavinətin məbləğinə baxılmasını da xahiş edirəm” - deyən V.Əhmədov dövlət şirkətlərinin tədricən özəlləşdirilməsi ilə bağlı da təklif verib.
Qeyd etmək yerinə düşər ki, artıq uzun müddətdir ki, ekspertlər bu problemlə bağlı narahatlıqlarını ifadə edirlər? Bəs bölgələrdə konkret olaraq hansı müəssislərin yaradılması və onların rentabelli çalışması imkanları var? Hansı istiqamətdə zavod, fabriklər qurmaq olar ki, onun məhsullarını xaricə də satmaq və davamlılığı təmin etmək mümkün olsun?
Fikrət Yusifov
İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, son illərdə bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı hökumət bir çox proqramlar çərçivəsində çox ciddi layihələrin reallaşdırılmasına nail olub: “Bütün bunlar təqdirəlayiq işlərdir. Lakin görülən bu işlərlə hələ ki qoyulmuş hədəflərə çatılmayıb. Regionlara investisiyaların cəlb edilməsi, yeni istehsal və emal müəssisələrinin qurulması, ölkənin bütün əraziləri üzrə işsizlik probleminin həllinə və həmin ərazilərdə büdcə gəlirlərinin artırılmasına töhfə verə bilər.
Bu gün insanlar nədən regionlardan Bakı və onun ətrafındakı yaşayış məntəqələrinə axın edir? Bu ilk növbədə onunla bağlıdır ki, insanlar regionlarda iş yerləri tapa bilmirlər. Regionlardan Bakıya və onun ətraf yaşayış məntəqələrinə iş axtarmaq üçün gəlmiş insanlar arasında apardığımız çoxsaylı sorğular bir daha sübut edir ki, insanlar Abşeron yarımadasına ilk növbədə iş axtarmaq məqsədilə gəlirlər. Bu ciddi və ölkəmiz üçün qlobal bir problemdir. Bəs insanlar nədən yaşadıqları regionlarda iş yerləri tapa bilmirlər? Bu məsələni bir qədər geniş müstəvidə təhlil etsək, problemin kökünü tam aydınlaşdırmış olarıq. Bu gün Azərbaycanın regionları üzrə ölkənin Ümumi Daxili Məhsulu və dövlət büdcəsi necə formalaşır? Ölkə iqtisadiyyatının ortalama 90%-i Abşeron yarımadasının payına düşür. Baxın, növbəti 2024-cü ilin dövlət büdcəsinin 34 milyard 173 milyon manat gəlirlərinin cəmisi 773,1 milyon manatını və ya 2,3%-i yerli gəlirlər hesabına formalaşacaq. Eyni qayda ilə növbəti ildə dövlət büdcəsinin 36 milyard 763 milyon manat xərclərinin 782,5 milyon manatını və ya 2,2%-ni yerli xərclər təşkil edəcək".
Ekspert əlavə edib ki, dövlət büdcəsinin gəlir və xərclərinin ölkə ərazisi üzrə formalaşmış bu mənzərəsi, regionlarda nədən iş yerləri azdır kimi suala gerçək cavabdır: “Yeri gəlmişkən, ölkə iqtisadiyyatında və onun büdcəsindəki bu mənzərə sovet dönəmində də mövcud olub. Yəni ölkənin sənaye potensialının əsasən Abşeron yarımadasında yerləşməsi hesabına iqtisadiyyatın da böyük bir hissəsi bu ərazidə formalaşırdı. Lakin o dövrdə yerlərdə aqrar sektorun inkişafı, iri istehsal və emal müəssisələrinin mövcudluğu səbəbindən ərazi üzrə iqtisadiyyatın və büdcənin formalaşmasında bu qədər böyük uyğunsuzluq yox idi. Deməli, bu mənzərə müstəqillik əldə etdikdən sonra mövcud olmuş iqtisadi sistemin dağıdılmasından sonra formalaşıb.
Ölkə iqtisadiyyatının və dövlət büdcəsinin ərazi yükünün optimallaşdırılması üçün hökumət hansı addımları atmalıdır? Bu problemin qlobal şəkildə həlli ilk növbədə dəfələrlə yazdığımız və dediyimiz kimi normadan qat-qat artıq yüklənmiş paytaxtın ölkəmizin digər ərazisinə köçürülməsindən keçir. Bu gün bunun üçün ən münasib variant müasir şəhərsalma mədəniyyətinin bütün tələbləri ilə tikilən Ağdam şəhəri ola bilər. Digər bir addım, ölkə iqtisadiyyatının onurğa sütununu təşkil etməli olan kiçik və orta biznesin maliyyə əlçatanlığının təmin edilməsindən keçir. Bu gün sahibkar biznes məqsədləri üçün vəsait əldə edə bilmir və ya onun əldə etdiyi bahalı kreditlər hər hansı bir layihəni normal şəkildə reallaşdırmağa imkan vermir. Bankdan 15-18%-lə götürülən kreditlər, orta rentabelliyi ən yaxşı halda 10-12% olan istehsal və ya emal müəssisəsi qurmaq üçün yetərli ola bilməz. İllik 134 milyard manat ÜDM istehsal etdiyimiz halda, iqtisadiyyatın onurğa sütununu təşkil edən kiçik və orta biznes üçün ayrılan bir neçə yüz milyon manat güzəştli kredit yetərli ola bilməz. Bu gün dövlətimiz özünün Ümumi Daxili Məhsulundan çox olan valyuta ehtiyatlarına sahibdir. Biz bu ehtiyatların bir hissəsini regionlarda istehsal və emal müəssisələri quracaq biznes layihələrə güzəştli və uzunmüddətli kreditlər şəklində istifadə edə bilərik və bu zaman qurulan müəssisələrin böyük əksəriyyətinin dövlət-sahibkar modeli ilə yaradılması mümkündür. Bu modelin mahiyyəti nədən ibarətdir? Sahibkar hər hansı bir layihəyə öz imkanları çərçivəsində öz şəxsi vəsaitini ayırır, vəsaitin çatışmayan hissəsini isə uzunmüddətli və simvolik sayılan faizlərlə (0,5 -0.7%) dövlət yatırır. Sahibkarla dövlətin qurduğu bu müəssisə fəaliyyətə başlayıb mənfəət gətirdikdən sonra dövlət uznmüddətli və güzəştli kredit şəklində qoyduğu payını tədricən çıxarır və bu proses başa çatdıqdan sonra müəssisə sahibkarın tam mülkiyyətinə çevrilir. Belə müəssisələrin yaradılmasında risklər də minimum səviyyədə olacaq. Çünki burada layihənin reallığı dövlət tərəfindən ciddi şəkildə araşdırılacaq.
Belə müəssisələrin qurulduğu ərazilər yeni iş yerləri, yerli büdcələr isə yeni gəlir mənbələri əldə etmiş olacaq. Bir sözlə, bu tip layihələrin reallaşmasından həm dövlət, həm sahibkar və həm də region qazanmış olacaq. Bu yolla iqtisadiyyatımızın və büdcəmizin formalaşmasında mövcud olan bugünkü mənzərəni zaman-zaman dəyişdirmək mümkün olar".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”