Sərhəd kəndi Əlibəylinin sakinləri su dalınca Ermənistan ərazisinə keçməli olurlar
Otuz illik Ermənistan-Azərbaycan münaqişəsində media, demək olar, hər gün sərhəd kəndlərinin ağır həyatından, orada atəş altında yaşayan, bütün çətinliklərə dözərək, evlərini tərk etməyən insanların qəhrəmanlığından yazırdı. Müharibə bitdi, diqqət işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işlərinə yönəldi, o kəndlər, bir növ, yaddan çıxdı.
Bəs dağıntılara məruz qalmış bu yurdlarda insanlar indi necə yaşayırlar, dinc həyatlarını necə qururlar? Evlərini, təsərrüfatlarını bərpa edə, sosial ehtiyaclarını qarşılaya, psixoloji reabilitasiya keçə bilirlərmi? Müharibənin vurduğu yaraları sağaltmaqda dövlətdən, qeyri-hökumət təşkilatlarından, heç olmasa, əvvəlki qədər qayğı görürlərmi?
Müxbirimiz bir neçə gününü bu sərhəd kəndlərinin insanları ilə birgə keçirib, onların həyatı ilə yaşayıb, çətinliklərini öz çiyinlərində hiss edib. Və gördüklərini, eşitdiklərini növbə ilə qələmə alıb. Məqsədimiz bu gün də erməni postlarına dirənən həmin kəndlərin problemlərini bir daha ictimaiyyət və dövlət üçün qabartmaqdıq. O yurdlarda yaşayanlar otuz il qələbəyə verdikləri töhfə ilə daha xüsusi dəstəyə layiqdirlər.
İlk reportajımız Tovuzun adı dillər əzbəri, amma özünü unudulmuş hiss edən Əlibəyli kəndindəndir.
Əlibəyli Ermənistanla müharibə illərində 49 şəhid verib, onlarla yaralısı var. İndi sakitlikdir, amma müharibənin izləri daşda-divarda olduğu kimi, insanların üzündə, davranışında, sözündə-söhbətində addımbaşı özünü göstərir. Hətta zarafatlar, söylənilən məzəli əhvalatlar da müharibə ətrafındadır.
Həmsöhbətim Kamal Həsənov uzun illər adının ölülər siyahısında olduğunu deyir. Bir neçə dəfə onu bu siyahıdan çıxarmaq üçün dövlət orqanlarına müraciət edib, xeyli get-gəldən sonra dirilərin sirasına qayıda bilib. Hazırda 60 yaşı olan Kamal kişidən təvəllüdünü soruşan olanda, zarafatla “7 yaşım var”, deyir.
Amma güzərandan söhbət düşəndə insanların ovqatı dəyişir.
***
Cəbhə xəttinə çox yaxın yerləşən Tovuzun Əlibəyli kəndi haqqında əvvəllər, demək olar, hər gün eşidirdik. 30 ildən artıq buranın əhalisi erməni postları ilə üz-üzə dayanıb. Müharibənin ağır günlərini geridə qoyan kənd hazırda sosial problemlərlə çarpışır. Daimı gərginlik, işsizlik, suvarma sisteminin və örüş yerinin olmaması kənd sakinlərinin, xüsusilə cavanların doğma yurdu tərk etməsi ilə nəticələnir. Altı tirədən ibarət Əlibəyli kəndinin sərhədə ən yaxın hissəsi və daha çox problemlərlə üzləşən ərazisi Qışlaq və Bijalılar tirələridir. Orada yaşayanların başlıca problemi də yenə suvarma suyunun və örüş yerlərinin olmamasıdır.
İnsanlar hətta arxlara su buraxmaq üçün Ermənistan ərazisinə keçməli olduqlarını deyirlər.
“Erməni postunu da keçib onların yerinə giririk, – Bijalılarda yaşayan Ədalət Rzayev vəziyyəti izah edir. – Çayyuxarı gedib bənd vururuq ki, kəndə su gəlsin. Ayrı-ayrı vaxtlarda iki nəfərimizi ermənilər orada vurandan sonra arxlar xeyli istifadəsiz qaldı, bir də aprel döyüşlərindən sonra bərpa edildi. 44 günlük müharibədən sonra isə kənddən düşüb arxı təmizləyə-təmizləyə düz erməninin Movses kəndinə aparan körpüsünün altına kimi getdik. Ermənilərin postunun qabağından bənd vurub suyu arxa yönəltdik. Onda atmadılar. Amma səhəri gün 4 nəfər getdik ki, suyu bir az artıraq, onda biz tərəfə iki güllə atdılar”.
Qışlaq sakini Kamal Həsənov xatırlayır ki, müharibənin şiddətli vaxtında kənddə artezian quyusu qazıldı, lakin hələ də onu işə salmayıblar.
“Müharibə gedə-gedə Goranboydan gəlib burda artezian quyusu qazdılar. Atışmaların birində bir işçi də yaralandı. Amma hələ də o quyu istifadəsizdir, ağzıbağlı orda qalıb. O işə düşsə, biz də özümüzü güllə qabağına atıb su gətirmərik. Həyətimizdən başqa, pay torpaqlarımız da var. Yağış suyuna ümid olub əkirik. Yağış normada yağsa, sənindi, yox, çox yağsa, yaxud yağmasa, heç nə sənin deyil”.
Kamal Həsənov buna bənzər səbəblər üzündən kəndin tədricən boşaldığını söyləyir. Onun sözlərinə görə, Qışlaq tirəsində hazırda 70 evdən 20-də yaşayış var. Onun özünün 3 oğuldan heç biri kənddə qalmayıb. İkisi rayon mərkəzinə, biri Bakıya üz tutub.
Qışlaq sakini Hüseyn Həsənovun fikrincə, dövlət sərhədyanı bölgələrdə yaşayan insanlara diqqəti artırmalı, sərhəddən aralı rahat ömür sürən bir sakinlə təmas xəttindən 300 metr məsafədə yaşayan insanlara fərq qoymalıdır:
“Burda da qaz var, işıq var… Amma dolanışıq yoxdu. Status cəhətdən götürsək, bizimlə hər hansı şəhərdə yaşayan insana fərq qoyulmur. Erməni postuyla üzbəüzük. Dolanmaq xətrinə, yaşamaq üçün məcburuq həyatımızı riskə qoyaq. Yavanlığımızı öz həyətimizdən çıxarmaq üçün su dalınca Ermənistan ərazisinə keçirik. Dağ çayıdı, bir az yağınlıq oldumu, uçurur vurduğumuz bəndi, di get, təzədən bərkit. Hər getməyi də risk. Neyləyək, məcburuq. Heç olmasa, həyətyanı təsərrüfatımızla dolanmağa çalışırıq”.
Hüseyn Həsənov dövlətdən müəyyən güzəştlər gözləyir:
“Burada yaşayan əhaliyə müəyyən güzəştlər olmalıdı, bu kənddə hamı müharibə iştirakçısıdı. Amma tərsinə olur: kiminin əlilliyini kəsirlər, kiminin əlil kateqoriyasını dəyişib pulundan qırpırlar. Mənim özümün pensiyamı kəsiblər. Bəs bu sərhəd zonasında, çətin şəraitdə nəylə dolanım? Heyvan saxlamaq mümkün deyil. İçi mən qarışıq, əksəriyyət satdı heyvanı. Evi daldeydə olanlar, ipə bağlayıb qoltuğunda otara bilənlər saxladı. Kənddə yaşaya-yaşaya hər şeyə pul verməklə dolanmaq olmur axı…”.
Hüseyn Həsənovun evi qarşı tərəfin postlarına daha yaxın olan evlərdəndir. Müharibə vaxtı o, kəndin özünümüdafiə dəstəsində döyüşüb.
“Atam isə evimizdə qurulmuş rabitədə “oturmuşdu”. Ətraf postlardan göndərilən məlumatları lazımi yerlərə ötürürdü. Erməni də yatmır axı. Neçə dəfə evimiz, həyətimiz artilleriya atəşinə məruz qalıb. Amma həm ev, həm post olduğundan heç kim onu tərk etməyib. Bura tank mərmisi düşəndə, yoldaşım hamilə idi. Həmin hadisədən sonra fiziki qüsurlu qız övladımız dünyaya gəlib. Ona ayrılan əlillik pulu isə heç öz müalicəsini ödəmir”.
***
Sənədlərdə artıq bir dəfə “ölüb-dirilmiş” Kamal Həsənovun bir qardaşı döyüşlərdə şəhid olub, qoca atası Paşa Həsənov da vaxtilə vuruşub. Həm də müharibə başlayadan bu günə kimi sərhəddə baş verənləri təfərrüatı ilə qələmə alıb. Paşa kişinin dəftərlərində 1987-ci ildən bəri bütün hadisələr, atışmalar saatına, dəqiqəsinə, neçəyə kimi davam etməsinə, hansı silahlardan istifadə olunmasına, neçə güllə atılmasına qədər əksini tapıb. Onun “statistikasında” son atışmalar haqqında qeyd 2020-ci il iyul döyüşlərinə təsadüf edir.
“O vaxtlar məktəbdə işləyirdim, – Paşa Həsənov deyir. – Gündüz dərsdə olurdum, axşamlar da dəhrə, balta götürüb kəndin qırağındakı səngərlərdə dururduq. Elə səngərdə durduqca başladım hər atılan gülləni yazmağa. Sonra atışmaların da sayı artdı, xırda qeydlərim artıq məşğuliyyətə çevrildi”.
Bijalılardan Ədalət Rzayev isə evinə atılan güllələri toplayıb. Tikili elə bir yerdədir ki, düşmən postlarından atılan güllələrin qabağını kəsməkdə istinad divarları belə aciz olublar. Bu səbəbdən otaqlarda hər işıq yandırılanda ev atəşə tutulub, güllələrin izləri divarlarda, peyk antenası çanağında qalmaqdadır. Ədalət Rzayev güllə və mərmi ucluqlarını toplamaq fikrinə son illərdə düşüb. Onun sözlərinə görə, müharibə başlayandan atılan güllələri yığmış olsa indi, evdə onları qoymağa yer qalmazdı:
“Burada 200-dən çox güllə, mərmi ucluğu var. Aralarında partlamayanlar çoxuydu, nəsə
baş versə, açıla bilərdilər. Ona görə əksəriyyətini atmışam. Ən çox güllə ucluğu 5,45 avtomat güllələridi. Kəndə ən böyük ziyan isə “AQS” qumbaraatanından və “Şilka” zenit qurğularından gəlirdi. Atamı da həyətdə olarkən “Şilka” ilə vurmuşdular”.
Əlibəyli sakinləri hələ müharibənin ab-havasından çıxmasalar da, onun bitdiyinə sevinirlər, dayanıqlı sülh yaradılacağına inanırlar, ancaq bu şəraitdə öz həyatlarını necə quracaqları haqqında suallara cavab axtarırlar: işləri olacaqmı, “yavanlıqlarını” təmin edə biləcəklərmi, örüş yerlərinə, su arxlarına rahatlıqla əlləri yetəcəkmi, xəstələrinin qayğısını çəkməy ə kömək edən tapılacaqmı? Həmin suallar böyük-böyük ərazilərdə ağıllı kəndlər salan, nəqliyyat dəhlizləri yaradan, nəhəng layihələr həyata keçirənlər üçün çox xırda görünə bilər. Amma belə layihələrin indi gerçəkliyə çevrilməsi üçün onilliklərlə atəş altında dözmüş, qəhrəmanlıqları dillər əzbəri olmuş, qələbədən sonra isə yavaş-yavaş diqqətdən kənarda qalmağa başlamış sərhəd kəndlərimizin ehtiyacları unudulmamalıdır./pressklub
İlham Mustafa