Sovet-alman müharibəsindən sonra SSRİ-də digər məhsullar kimi alkoqollu içkilərin də qıtlığı yaranıb. Alkoqollu içkilərin istehsalını, bölgüsünü, satışını tam nəzarətdə saxlamaq üçün Stalinin müvafiq qurumlara mütəmadi olaraq ciddi göstərişləri olub. Əsas məqsəd o olub ki, işbazlar bu sahədə bazara müdaxilə edə bilməsinlər. Amma bu ciddi nəzarətə baxmayaraq özünə “güvənənlər” bu sahədəki qeyri-qanuni fəaliyyətləri ilə milyonçuya çevriliblər. Onlardan biri də Tengiz Alabidze olub.
Alabidzenin şərabçılıq sahəsindəki maxinasiyaları o qədər dəqiq mexanizmlə işləyib ki, üç il ərzində onun cinayətkar fəaliyyətində bir dəfə də olsun şübhə yaranmayıb. Həbs olunanda da heç kimin ağlına gəlməyib ki, sərxoş olub restoranda dava salan bu şəxs milyonçudur və bu bu milyonlar cinayətlə qazanılıb. Belə ki, 1952-ci ilin iyun ayında Alabidze Moskvanın məşhur restoranlarının birində yeyib-içdikdən sonra xidmətçi qıza pul qarşılığında onunla intim əlaqədə olmağı təklif edib. Xidmətçi qızın bu təklifi rədd etməsi Alabidzeni qəzəbləndirib və o qıza qarşı kobudluq edib. Mübahisə o həddə çatıb ki, Alabidze ilə restoran işçilərinin arasında dava düşüb. Alabidze üstündə gəzdirdiyi tapança ilə üç nəfəri yaraladıqdan sonra insidentə milislər müdaxilə edib və onu milis şöbəsinə aparıblar. Bu kiçik restoran davası böyük bir cinayətin üstünün açılmasına səbəb olub...
Tengiz Alabidze 1949-cu ildən Kuybışevdə şərab zavodunun direktoru işləyib. Buna qədər o, Tbilisidə hamam-camaşırxana kompleksinin müdiri olub. Bu hamam Tbilisidə gizli fahişəxana kimi tanınıb. Müharibədən yayınan Alabidzeni bu hamam kifayət qədər zənginləşdirib. Amma buna baxmayaraq o, daha çox varlanmaq üçün yollar axtarıb. Tbilisidəki erməni dostlarından biri ona “kömək” etmək qərarına gəlib, Alabidzeyə onu Moskvada böyük bir adamla tanış etməyi söz verib.
Beləliklə, dostlar Moskvaya yollanıblar. Dostunun vasitəçiliyi ilə Alabidze SSRİ Yeyinti Sənayesi Nazirliyinin şərabçılıq baş idarəsinin rəis müavini, milliyətcə erməni olan Nikolay Mirzəyanla tanış olub. İki günlük danışıqlardan sonra Mirzəyan Alabidzeyə Kuybışevdəki (indiki Samara) şərab zavoduna direktor vəzifəsini təklif edib.
Qeyd edək ki, Mirzəyan vəzifə ranqına görə böyük səlahiyyətlərə sahib olmasa da, o, bu nazirlikdə ən ötkəm və sözü keçən şəxslərdən biri olub. Anastas Mikoyanın kadrı və ona ən yaxın adamlarından biri sayıldığından Mirzəyan bu nazirlikdə istədiyi kimi hərəkət edə bilib. Ölkənin bütün şərabçılıq müəssisələri birbaşa onun nəzarəti altında olub. Sonralar o da məlum olub ki, Mirzəyan Alabidzeni zavod direktoru təyin etdiyinə görə 170 min rubl rüşvət alıb.
Erməni “dayı”sına arxayın olan Alabidze zavod direktoru kimi fəaliyyətə başlayanda böyük məbləğlərdə pul qazanmaq üçün xüsusi mexanizm yaradıb. Əvvəlcə Alabidze gizli sövdələşmələr nəticəsində zavoda daxil olan şərab xammallarının spirt faizinin daha çox olmasına nail olub. Belə olduğu halda daha çox hazır məhsul əldə etmək mümkün olub ki, onların satışından gələn pullar Alabidzenin şəxsi büdcəsinə axıb. Sözsüz ki, hazır məhsulu satışa çıxarmaq üçün şüşə qablara və onların etiketlərinə tələbat yaranıb. Alabidze zavoddan kənarda şüşə qabların qəbul məntəqəsini açıb və boş şüşələr digər qəbul məntəqələrindən daha baha qiymətə qəbul olunub. Bununla yanaşı, o, mətbəələrin birindən çap dəzgahı alıb və həmin dəzgahda istənilən qədər etiketlər çap olunub.
Hazır məhsulların satışı Alabidze üçün problem olmayıb. Zavodda qalan qayimə-faktura ilə hazır məhsulları daşıyan maşınlara verilən qayimə fakturalar fərqli olub. Mal restoran, kafe, mağazalara çatdırıldıqdan sonra saxta qayimə-fakturalar ləğv edilib. Digər tərəfdən, Alabidze onun işinə müdaxilə etmək səlahiyyətində olanlarla da dil tapıb. Ən əsası isə o, ayda bir dəfə Moskvaya gedib “dayı”sı Mirzəyanın haqqını verməyi də unutmayıb.
Beləliklə, 3 il ərzində Mirzəyan və Alabidzenin qarşılıqlı fəaliyyəti nəticəsində 20 milyon pul qazanılıb. Mövcud dövr üçün bu ağılasığmaz bir məbləğ sayılıb.
Restorandakı davadan sonra hüquq-mühafizə orqanları Tengiz Alabidzenin fəaliyyətini ciddi araşdırmağa başlayıblar. SSRİ Daxili İşlər Nazirliyinin əməkdaşları Kuybışevə ezam olunublar. İki həftəlik araşdırmalardan sonra Alabidzenin bütün maxinasiya həlqələri tam aşkar olunub. Həlqənin digər tərəfindəki Mirzəyan da kənarda qalmayıb.
Axtarış zamanı Mirzəyanın evindən nağd şəkildə 2 milyon 800 min, ailəsindən kənar yaşadığı məşuqəsinin evindən isə 1 milyon rubl tapılıb. Alabidzenin Tbilisidəki mənzilindən 3 milyon rubl, 600 min rubl dəyərində qızıl aşkar olunub.
Bu cinayət hadisəsi ilə bağlı Stalinə də ətraflı məruzə edilib. Sovet lideri istintaqın daha dərindən aparılmasını, cinayətkar şəbəkənin bütün üzvlərinin aşkar edilməsini, cinayətkarlara ən ağır cəzaların, ölüm hökmünün verilməsini tələb edib. Sözsüz ki, bu tələbdən sonra Mikoyan havadarlıq etdiyi şəxslərin istintaqına müdaxilə etməyə özündə cürət tapmayıb. İstintaq bir ildən artıq davam edib. Cinayət işi məhkəməyə məhz Stalinin vəfatından bir neçə ay sonra verilib. Bu dəfə Mikoyan çox rahatlıqla məhkəmə prosesinə müdaxilə edərək həm Mirzəyanı, həm də Alabidzeni güllələnmə cəzasından xilas edə bilib.
İlham Cəmiloğlu, Musavat.com