Düz 3 ildir ki, Azərbaycan-Ermənistan münasibətlərində yeni reallıq yaranıb. Qarabağ iqtisadi rayonu mübahisəli ərazi olmaqdan çıxıb.
Ermənistan bu ərazinin Azərbaycana məxsus olduğunu tanıyıb. Amma burada yaşayan ermənilərin təhlükəsizliyinə beynəlxalq zəmanət verilməsini ortaya ataraq sülh sazişinin imzalanmasını uzadırdı.
Bu gün Azərbaycan Qarabağ zonasında suverenliyini bərpa edib, demək olar ki, orada erməni qalmayıb. Deməli, onların təhlükəsizliyi məsələsi də aktuallığını itirib.
Bu o deməkdir ki, sazişin imzalanması üçün ciddi əngəl qalmayıb.
Mətbuatda yazılanlara inansaq, guya Ermənistan 10 noyabr bəyannaməsində nəzərdə tutulan Zəngəzur dəhlizinin açılmasını istəmədiyinə görə sülh sazişi gecikir.
Ermənistan tərəfi isə bunu təkzib edir. Onlar bildirirlər ki, həmin sənəddə dəhliz söhbəti yoxdur, söhbət nəqliyyat əlaqələrinin bərpasından gedir ki, biz də öz ərazimizdə suveren hüquqlarımızı saxlamaqla Azərbaycana Naxçıvanla əlaqə yaratmaq üçün yol açmağa hazırıq.
(Bəyannamənin 9-cu bəndi belədir: -Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.
Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir).
Əslində, həqiqətən həmin sənəddə birbaşa dəhliz ifadəsi yoxdur. Dolayı yolla olsa belə, bu sülh sazişinin imzalanmasına əngəl olmamalıdır. Ermənistanın etiraz etdiyi element həmin yola Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin nəzarət etməsidir ki, bunu da Rusiya ilə Ermənistan öz aralarında razılaşdırmalıdır. Yəni yola kimin nəzarət etməsinin bizim üçün əhəmiyyəti yoxdur. Bunu sülh sazişinə əlavə edib imzalanmanı ləngidən amilə çevirmək doğru deyil.
Sülh sazişi iki ölkə arasında düşmənçiliyə xitam verəcək bir sənəd olmalıdır. Öncə biz düşmənçiliyi dayandırmalı, sonra isə əməkdaşlıq və dostluq barədə danışmalıyıq.
Sülh sazişinin özəyini qarşılıqlı olaraq ərazilərin tanınması, bundan sonra bir-birinə ərazi iddiası irəli sürməmək barədə öhdəliyin götürülməsi təşkil etməlidir.
Bunu hər iki tərəf şifahi də olsa səsləndirib. İndi qalıb həmin öhdəlikləri imzalarla təsdiq etmək. Əgər səsləndirilən öhdəliklər sənədlə rəsmiləşdirilsə, ondan sonra sərhədlərin dəqiqləşdirilməsi, kommunikasiyaların açılması, iqtisadi əməkdaşlıqlara təkan verilməsi prosesinə başlamaq heç bir çətinlik törətməyəcək. Ola bilər ki, sülh sazişi imzalanandan sonra iqtisadi əməkdaşlıq, kommunikasiyaların açılması barədə razılıq əldə olunmasın. Bu da sülhə əngəl deyil. Qonşuların sülh şəraitində yaşaması üçün onların iqtisadi portnyor olmaları vacib deyil.
Təbii ki, sülhün bərqərarından dərhal sonra olmasa da, bir müddət sonra iqtisadi əlaqələr yaranacaq. Bunu bir-birinə düşmən olmayan ölkələrin iqtisadi durumu diqtə edəcək.
Hazırda isə ən vacib olan məsələ iki ölkənin bir-birinin ərazisini tanımasını təsdiqləyən sənədə rəsmi imza atılmasıdır.
Bundan sonra, hər iki ölkə silahlanma əvəzinə, iqtisadi inkişafa sərmayələr yatırmaq üçün imkan qazanacaq.
İndi isə sərlövhədəki suala qayıdaq: sülh sazişi niyə gecikir?
Üç ildir ki, çoxsaylı müstəvidə sülh danışıqları davam edir: Rusiya platforması, ABŞ platforması, Avropa İttifaqı platforması, Tbilisi platforması.
Mənə elə gəlir ki, hazırda sülh sazişini ləngidən yeganə səbəb danışıqların çoxplatfotformalı olmasıdır. Bu platformaların başında duranlar öz mənafeləri naminə sazişin mətninə yeni-yeni bəndlər salmağa çalışırlar. Bu bəndlər də gah bu, gah da digər tərəfi qane etmədiyindən imzalanma prosesi daşa dirənir. Obrazlı desək, platformalar arı pətəyinə çöp soxmaqla məşğuldurlar.
Zənnimcə, sülhü tezləşdirmək üçün Azərbaycan və Ermənistan rəhbərləri özümüzün sərhəd kəndlərinin birində bir araya gəlib ikilikdə sazişin mətnini razılaşdırmalı, ondan sonra platforma dəllallarını dəvət edib “buyurun, biz razılaşdıq, indi gəlin bu razlıaşmaya qarant olun” deməlidirlər.
Vaşinqton bir tərəfə, Moskva digər tərəfə, Avropa da 3-cü istiqmətə çəkəcəksə, region sülhün həsrəti ilə hələ çox yaşamalı olacaq.