Günəş Mərdin narkotik aludəçiləri Vüqar Həsənov və Hikmət Yusifovla söhbətini təqdim edirik.
Yasamal... Qaranlıq küçə...
Addım səsləri...
İki nəfər...
Əllərində butulka, damaqlarında siqaret...
Qaranlığı əyə-əyə addımlayırlar...
Bel çantası nimdaş... Paltarlar köhnə-kürüş...
Üz-üzə gəlirik...
– Söhbət edə bilərik?
– Nə barədə?
– Narko...
– Yox... Söhbət etsək, nə dəyişəcək ki? Bizi sağaldacaqsan? Ya nəsə verəcəksən?
– Sağalmaq istəyirsən? Adın nədir?
– Hə. Vüqar...
Səkidə əyləşirlər... Vüqar bayaqkı siqaretin öləziməkdə olan közüylə təzə siqaret yandırır...
– Gündə neçə siqaret çəkirsiz?
– Çox. Pul çatdıra bilmirəm.
– Kimsə alır?
– Hə yaxşı qədeşlər var. Vəziyyəti bilirlər də, özləri alıb gətirirlər. Kimin yazığı gəlirsə... Eləsi də olub ki, dilimlə istəmişəm, siqareti ola-ola, deyib ki, yoxumdu. Təhqirdi e, bu...
Siqaretə başlayanda 15 yaşım var idi...
– İndi neçə yaşın var?
– 42…
– Cavan görünürsən... İlk dəfəni xatırlayırsan? Narkotiklə ilk tanışlıq...
– Dəqiq polis çağırmayacaqsan?
– Yox, narahat olma.
– Bizi harada müalicə edəcəksən?
– Müalicə olunmaq istəyirsən?
– Həə...
– Məktəbə getmisən?
– Məktəbdən qaçmışam... Yevlaxda. Orada yaşayırdıq. Beşinci sinifdən sonra heç getmədim. Guya mühəndis olmaq istəyirdim.
– Nə mane oldu?
– Ev. Evdəki problem. Atam həbsdə olub. Mənə analığım baxıb. Düzü, əziyyət də verib... Doğma anamı tanımamışam... Həyatın nəbzini tuta bilməmişəm heç vaxt.
– Sonradan doğma ananını tapdın?
– Hə...
– Qəbul etdin onu?
– Əlbəttə, anamı qəbul etdim... Atam da 1996-cı ildə “türmədən” çıxdı, ancaq 1998-ci ildə öldü. 1999-cu ildə də mən narkotikə başladım...
– Atan niyə tutulmuşdu? O da narkotikə görə?
– Yox, “razborka” etmişdi ölüm-itim olmuşdu... Hamı durub bizə məsləhət verir. Sən də məsləhət verməyə gəlmisən? Düzdü, insana yol göstərən biri olmalıdır. Amma başa düşmürlər ki, bu istəyin qarşısını almaq olmur. Bəlkə, məni də vaxtında yönləndirən olsaydı, bu yola düşməzdim. Çəkinərdim. Atam olmadı ki, məni başa salsın...
– Zamanla doğmaların, tanışların münasibəti də dəyişdi, əlbəttə...
– Özüm şəraiti yaratdım ki, məndən uzaqlaşsınlar. Özümlə birlikdə xətrini çox istədiyim adamları da məhv etmək istəmədim.
Onlar həqiqi dost olublar. Bu əməlimə görə indiyə qədər mənə “çox sağ ol” deyirlər. Deyirlər, ay qaqa, var ol ki, bizi əvvəldən belə şeyə çəkmədin. Hamısının evi eşiyi ailəsi var...
– Sənin ailən bəs?
– Mənim də ailəm var. Üç oğul, bir qız... Oğlumun biri beş ay olar ki, əsgərlikdədir. Bir oğlu da var. Kəlbəcərə düşüb... Amma nə olsun, mən onlardan uzaqdayam...
– Səni qəbul etmədilər, yoxsa özün uzaqlaşdın?
– Özüm uzaqlaşdım. Dedilər gəl birlikdə yaşayaq, sənə kömək edək, istəmədim...
- Uşaqlarla görüşürsən?
- Hərdən görüşürəm, danışıram. İndi bircə arzum var. Əsgərlikdə olan oğlumu görmək istəyirəm...
– Həyat yoldaşının sənə münasibəti necədir?
– Yaxşı olar sizcə?!
– Evləndikdən sonra öyrəndi?
– Hə. Xeyli müddət bilmədi... Cavan idim, həm daha az “eləyirdim”, ona görə də gizlədə bilirdim. Sonradan çətinləşdi… Bu gün tərgidəcəm, sabah tərgidəcəm... Axırı da belə. Heç o demədi ki, ayrılaq. Mən uzaqlaşdım. Gözəl ailədi. Mənsiz…
Bu patı-zad millətin belini qırdı. Necə gözəl uşaqlar məhv oldu. Allaha and olsun, görürəm, ürəyim partlayır. Ağlayıram o 15, 16 yaşlı uşaqlara görə. Deyirəm, bala eləməyin. İnsanın adına xələl gətirir. Bir dəfə gəlirik də dünyaya, onda da gərək adımız üçün yaşayaq...
– Pulu haradan tapırsız?
– Fəhləlik edirəm. Mis, dəmir, butulka yığıb satıram. Belə şeylərlə…
– Cinayət işin olmayıb ki?
– Yox elə şeylə aram yoxdur. Bir neçə dəfə narkotikə görə tutulmuşam.
– Bu oğlan sənin nəyindir? - Yanındakı sısqa oğlanı göstərirəm.
– Qohumdur. Buralarda tapışmışıq.
– Sənin adın nədir?
– Hikmət
– Neçə yaşın var?
– 18.
– Məktəbə getmisən?
– Yox... Yevlaxda oluram mən. Bakıya arada gəlirəm. “Mala” görə... Narkomaçılıqdır da nə deyim...
– Evdəkilər bilirlər burada olduğunu?
– Hə.
– Səndən imtina ediblər?
– Yox. Zəng vurub soruşurlar. Danışırıq arada.
– Ailədə neçə uşaqsız?
– Doqquz bacı, dörd qardaş. Ən böyüyü mənəm. Bir kisə un alırıq üç günə bitir.
– Atan, anan işləyirlər?
– Atam xəstədir. Anam da işləmir.
– Bəs necə dolanırsız?
– Atamın əlilliyinə görə pul alırıq. Bir də sosial yardım...
– Bacı qardaşların məktəbə gedir?
– İkisi-üçü gedir.
– Özünlə bağlı nə planın var?
– Müalicə edən olsa, gedərəm. Camaat bizə qaraçı kimi baxanda xoşuma gəlmir. Müalicə olunub ailəmə qayıtmaq istəyərəm. Yaxşı işim olsun... Biznesmen olum... Yaxşı qazanım, bir də belə şeylərə baş qoşmayım...
Dostlarım da deyirlər ki, bu zibildən ayrıl, bu həyata layiq deyilsən...
Birtəhər qalxırlar.
– İndi hara gedirsiz?
– İşə gedirik... - Vüqar cavab verir.
– Gecələr işləyirsiz?
– İş yerimiz yoxdur ee. Gedirik də, görək nə tapırıq...
– Bəs harda qalacaqsız?
– O qədər yer var ki...
– Patı çəkən, kakos istifadə edən cavanlara nə demək istərdin?
– Əvvəl elə bilirsən, hər şey başladığı kimi davam edəcək. Həmişə əhvalın yaxşı olacaq, həmişə pulun olacaq. Getdikcə hər şey tükənir. Əvvəlki kimi “kayf” da almırsan. Asılılıq başlayır, canın ağrayır. Evdən, çöldən - hər yerdən oğurluq edirsən... Dostunu, qardaşını, valideynini aldırsan.
Hərəyə bir cür təsir göstərir. Sümüyün, dırnağın, nə bilim, saç dibləri... - Bütün bədənin sızıldayır, hər yerin ağrıyır.
– Əlaqə nömrənizi verin, müalicənizə kömək edim.
– Telefon işlətmirik.
– Bəs sizi necə tapım?
– Buralardayıq da…
Qol-boyun olub qaranlıqda itirlər.../kulis az