“4 ildir şəkər xəstəsiyəm, lakin bu 4 ildə maddi imkansızlığın ucbatından düzgün müalicə ala bilməmişəm. Deyirlər, dövlət özü qayğı göstərməlidir, insulin ehtiyacımı da təmin etməlidir. Amma bununla bağlı mənimlə heç əlaqə saxlayan olmayıb. Ötən gün şəkərim qalxmışdı, nə dərmanım var idi, nə də insulinim. Evdə tək idim, almağa da pulum yox idi. Olsa belə, gedib alacaq taqətim yox idi. Qonşuya dedim, sağ olsun, alıb gətirdi. Dövlət söz verdiyi qayğını göstərsə, bəlkə halım bu qədər pisləşməz, ömrüm isə bir az da olsa uzanar”.
Özünü müalicə etməyə maddi imkanı olmayan Bakı sakini F.A. şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında qanuna əməl edilmədiyini iddia edir.
“2 ildir şəkərli diabet xəstəsiyəm, dövlət qeydiyyatın da keçmişəm. Hər ay gedib lazım olan dərmanları dövlətdən ödənişsiz alıram. Dövlət xəstəxanalarında ödənişsiz müayinə şəraiti də yaradılır. Həkim əlavə dərman qəbul etməmi tələb edərsə, o zaman öz pulumla alıram. Qazi olduğum üçün digər müalicə prosedurlarında da güzəştlər edilir”.
Bu sözləri deyən Mais Abbasov dövlətin onun dərman ehtiyaclarını təmin etməsindən razılığını bildirir.
Şəkərli diabet xəstələrinin ehtiyaclarının təmin olunması üçün dövlət proqramının mövcud olmasına baxmayaraq, bəzi xəstələr bu proqrama düzgün əməl olunmamasından şikayətçidir. Bu barədə redaksiyamıza daxil olan çoxsaylı müraciətlərə əsasən, məsələni araşdırmağa qərar verdik.
Şəkərli diabet xəstəliyinin profilaktikası və onunla mübarizə ilə bağlı tədbirləri həyata keçirmək məqsədi ilə Azərbaycanda “Şəkərli diabet üzrə Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) təsdiq edilib. Dövlət Proqramının həyata keçirilməsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı (bu halda, Səhiyyə Nazirliyi) təmin edir. Proqram, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə yardım məqsədi ilə bütün profilaktiki və digər zəruri müalicə vasitələrinin və preparatların dövlət hesabına maliyyələşdirilməsini nəzərdə tutur. Qanunda bildirilir: “Şəkərli diabet xəstələrinin dispanserizasiyasını, müayinə və müalicəsini həyata keçirən ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin, diabetoloji xidmət strukturlarının yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsinə, sanatoriya-kurort müəssisələrində müalicəsinin təşkilinə və bu xəstəliyə tutulmuş şəxslərin dərman vasitələrinə və diabetik ərzaq məhsullarına olan tələbatının təmin edilməsi məqsədi ilə iqtisadi, hüquqi və təşkilati tədbirlərin həyata keçirilməsinə təminat verilir”.
Hazırda Azərbaycanın tibb müəssisələrində şəkərli diabet diaqnozu ilə qeydiyyatda olan xəstələrin cəmi sayı 321 min nəfərə yaxınlaşıb.
2022-ci ildə ilk dəfə şəkərli diabet diaqnozu ilə 25 min 417 nəfər qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, onlardan 870 nəfəri insulindən asılı şəkərli diabet xəstələri, 24 min 547 nəfər isə insulindən asılı olmayan şəkərli diabet xəstələri olublar.
Qeydiyyatda olan 321 min nəfər xəstənin 29 min 804 nəfəri insulindən asılı şəkərli diabet xəstələri, 291 min 178 nəfəri isə insulindən asılı olmayan şəkərli diabet xəstələri olublar.
Qeyd edək ki, ilk dəfə qoyulan diaqnozla 2018-ci ildə 24 min 774, 2019-cu ildə 27 min 157, 2020-ci ildə 25 min 430, 2021-ci ildə 30 min 236 nəfər qeydə alınıb.
Mövzu ilə bağlı Pressklub.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, diabetli xəstələrin ağırlaşmadan, vaxtında müalicə olunması üçün mütləq bir sistem qurulmalıdır: “İcbari tibbi sığorta tətbiq olunana qədər diabetli, vərəmli, həmçinin onkoloji xəstələrlə bağlı dövlət proqramı var. Bu xəstələr dövlət proqramı çərçivəsində müalicə olunurlar. İndi də şəkərli diabet xəstələri üçün xüsusi dispanserlər ayrılıb. Onlar orada qeydiyyata alınırlar. Nəticədə onların dərman təchizatı, qlükometrlərlə təchizatı, periodik müayinəsi və s. həyata keçirilir. Bu dövlət proqramı hələlik mövcud olduğuna görə, onları icbari tibbi sığorta qarşılamır. Yəqin nə vaxtsa bu xəstələr də dövlət proqramının ləğvi ilə icbari tibbi sığorta paketinə daxil olacaqlar. Həm orada, həm burada olmaq mümkün deyil. Bu xəstəliklərin spesifikasını nəzərə alaraq, hələ icbari tibbi sığortadan qabaq onlara dövlət proqramı tətbiq edilmişdir”.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kamilə Əliyevanın da fikirlərini öyrəndik. Xanım deputat Pressklub.az-a açıqlamasında dedi ki, bütün şəkərli diabet xəstələri istənilən vaxt yerli tibb müəssisələrinə müraciət edərək, dərmanlarını ala bilirlər: “Qanunvericiliyə əsasən, şəkərli diabet xəstələrinə bütün növ dərman preparatları pulsuz verilir. Şəkərli diabet xəstələri hər zaman bu imtiyazlardan istifadə ediblər. Düzdür, təxminən bir il bundan öncə ölkəmizlə bağlı olmayan səbəblərdən, dərmanların Azərbaycana çatdırılmasında gecikmələr müşahidə olunmuşdu. O zaman bu problem kütləvi informasiya vasitələrində işıqlandırılmışdı. Ölkə rəhbərliyinin bu məsələyə təcili müdaxiləsindən sonra müvafiq dövlət qurumları ölkəmizə dərman gətirən şirkətlərlə bərabər qısa müddətdə bu problemin həllinə nail oldular. Bu gün isə belə bir problem yoxdur. Bakı şəhəri də daxil olmaqla, regionlarımıza da bu dərmanlar vaxtında çatdırılır”.
Məlum oldu ki, dövlət proqramına əsasən şəkərli diabet xəstələrinin müalicə və dərman ehtiyacları dövlət hesabına maliyyələşir. Onun üçün də bu xəstəlikdən əziyyət çəkən şəxslərin ərazi xəstəxanasına müraciət etmələri və şəkərli diabet xəstəsi kimi qeydiyyata düşmələri vacibdir.
Lakin qeydiyyatda olan xəstələrin sayı 321 minə çatsa da, qeydiyyatda olmayan xəstələrdə az deyil. Bu xəstələr ya dövlət proqramından xəbərsizdir, ya maddi imkanı yaxşıdır, ya da qeyri-müəyyən səbəblərə görə qeydiyyatdan keçməyən şəxslərdir. Düzdür, bəzi xəstələr öz seçimlərinə görə qeydiyyatdan keçməyə bilər, amma statistik göstəricilərin dəqiq olması üçün hər bir xəstənin qeydiyyatdan keçməsi lazımdır. Həmin xəstələrin qeydiyyatdan keçməməsi statistikaya xələl gətirir.
Vaxtlı-vaxtında dərman ala bilməyən xəstələrə gəlincə, professor Adil Qeybulla bu işə xəstələrin özlərinin də müəyyən dərəcədə məsuliyyətli yanaşmasını vacib sayır: “Dövlət proqramı qeydiyyatdan keçən bütün şəkər xəstələrinin diaqnostika, müalicə və ağırlaşma problemləri ilə məşğul olan bir proqramdır və bunu tam əhatə edir. Təəssüflər olsun ki, şəkər xəstələri bu xəstəliyə barmaqarası yanaşır. Çoxu gedib heç qeydiyyatdan keçmir. Digərləri də rejimə riayət etmir, xəstəlikləri ağırlaşır. Xəstələr uzun müddət yatmalı olurlar. Onların ağırlaşmaları həm böyük xərc tələb edir, həm də çox vaxt əmək qabiliyyətinin itirilməsinə, ətrafların amputasiyasına gətirib çıxarır”.
Adil Qeybulla təklifini də səsləndirdi:“Maarifləndirməni gücləndirmək, şəkər xəstələri üçün xüsusi televiziya proqramları təşkil etmək lazımdır. Onların nələrə diqqət etməsi, şəkəri necə tənzimləməsi, hansı pəhrizə, hərəkətlərə fikir verməsi, açıq havada gündəlik gəzməsi, nə qədər məsafə qət etməsi, hansı qidalardan istifadə etməyə üstünlük verməsi və s. bunları tez-tez demək lazımdır ki, insanların beyninə həkk olsun. Təəssüf, bu cür təbliğat yoxdur . Belə təbliğatlar dövlət proqramının bir hissəsini təşkil etsə, yaxşı olar”./pressklub
Günay Elşən