Bu gün Xalq artisti Rasim Balayevin doğum günüdür. Onun haqqında maraqlı faktları təqdim edirik.
1948-ci il avqustun 8-də Ağsu rayonunda anadan olan sənətkar 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
O, ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarda əsl tamaşaçı sevgisini qazanıb.
“Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün gecəyarısı” kimi filmlərdə o, epizodik rollarda çəkilib. Xalq artisti "Özbəkfilm", "Mosfilm" və digər kinostudiyalarda filmlərə çəkilib.
1990-cı ildən 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, 2022-ci il mayın 31-dən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri kimi fəaliyyətə başlayıb.
Rasim Balayevin kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün də əsl sənət məktəbidir. “Ən yaxşı kişi rolu”na görə nominasiyanın qalibi olaraq, ömür boyu bir aktyorun ala biləcəklərini Rasim Balayev yalnız Nəsimi roluna görə alıb. Həmin ərəfədə onun 25-26 yaşı vardı. Aktyor 31 yaşında isə Babək rolunu oynayıb.
Görkəmli sənətkar Almaniyada, Türkiyədə, İranda, Tacikistanda, Osetiyada, çeçenlərin ilk kinosunda, Özbəkistanda, Moskvada, Gürcüstanda ekranlaşdırılan 70 filmdə sanballı rolları ifa edib. O, yalnız müsbət qəhrəman kimi sevilməyib, həm də cəmiyyətdəki mənfi tipləri tamaşaçının gözü qarşısında bütün çılpaqlığı ilə canlandırıb.
Rasim Balayev 34 yaşında artıq Azərbaycanın Xalq artisti idi.
Rasim Balayev onlarla əcnəbi filmin dublyajında da müxtəlif xarakterli obrazları səsləndirib.
Rasim müəllimi 75 illiyi münasibətilə təbrik edir, ona cansağlığı arzulayırıq.
***
Ailənin böyüyü Rasim boyca hündür olsa da, çəlimsizin biri idi, hətta kiçik bacı-qardaşları ondan böyük görünürdülər, amma bu uşağın oxumağa, öyrənməyə o qədər həvəsi vardı ki, beş yaşında artıq əlifbanı bilir, altı yaşında heç kimin köməyi olmadan kitab oxuyurdu.
- "Wonka" filminin ilk treyleri yayımlandı - Video
- “Simpsonlar”dan növbəti qorxulu proqnoz
- Tanınmış bəstəkar vəfat etdi
***
Ədəbiyyat müəlliminin sayəsində ədəbiyyata, incəsənətə marağı yaranır:
“Nədənsə, mənim şeir deməyim, əsərləri intonasiyalı oxumağım Nabat müəllimin xoşuna gəlirdi. Sinifdə dram əsərlərini rollara görə bölüşdürürdü. O vaxt radio-tamaşalar olurdu, onlara qulaq asırdım və bu da sinifdə rolumu yaxşı oynamağıma kömək edirdi”.
Rayonda - xəstəxananın həyətində dostunun bir nəfərlə sözü çəpləşir. Dava başlayır. Rasim də, təbii ki, dostuna kömək etməyə çalışır və dava böyüyür. Onları tutub milis məntəqəsinə gətirirlər. Sovet milisi xuliqanlığa görə Rasimi həbs edir.
“100 gün Gəncə həbsxanasında yatdım. Həmin 100 gün mənə həyat dərsi oldu. Çox burnu yuxarı idim, həyat mənim üçün əyləncə idi elə bil. Həbsxana göstərdi ki, əslində, həyat nədir, necədir...”
Rasim Balayev sevdiyi əmisi qızı ilə evlənmişdi. Bakıda bir erməninin evində kirayədə yaşayırdılar. Atasının ölüm xəbərindən sonra xəstəxanaya düşür. Həmin vaxt onun ikinci oğlu dünyaya gəlir. Rasim xəstəxanadan xəbər göndərir ki, oğlanın adını Asim qoyun, ölsəm, adının əvvəlinə “R” hərfini əlavə edərsiniz. Depressiya onu çox pis hala salmışdı.
Rasim Balayevin ən yaxın dostlarından biri də Ramiz Əzizbəyli olub. Onların arasındakı dostluq münasibətləri zamanla şəxsi münasibətlərin pozulmasına, hətta düşmənçiliyə çevrilib.
"Qızımı, Xədicə balamı o vaxt çox yaxın dostum Rasim Balayevin baldızı oğluna verdim. Amma alınmadı. Ayırdım. Hələ də ailə qurmayıb. Artıq neçə illərdir Rasimi danışdırmıram. Çox yaxın dost idik. Amma övladıma görə dostluğumuzun üstündən qara xətt çəkdim. Əvvəl peşmanlıq hissim olurdu, amma indi hiss edirəm ki, ondan qırıldığıma sevinirəm. Bu saat Rasim Balayev qapıdan içəri girsə, xoş gəldin deyərəm, süfrə açaram, amma ürəyimdəki də ürəyimdə qalar. Onu heç vaxt bağışlamayacam".
***
Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli isə atası haqqında danışarkən deyir:
“Rasim əmi nə xəstə yatanda, nə də atam dünyasını dəyişəndə gəlmədi. Baxmayaraq ki, biz bir evli kimi olmuşuq. Sonradan soyuqluq yarandı. Görünür, onların da incidikləri məqamlar var. Amma Rasim əminin uşaqları atamı çox istəyirdilər, atam da onları əzizləyirdi. Çünki onun əlində böyümüşdülər. O, xəstə yatanda oğlanları bir neçə dəfə zəng vurmuşdu. Atam rəhmətə gedəndə də zəng vurub baş sağlığı vermişdilər”.
İsa Hüseynovla Həsən Seyidbəyli Nəsimi roluna aktyor axtarırlarmış. Həsən Seyidbəyli Tədris Teatrında gördüyü oğlanı xatırlayır və tapşırır ki, ssenarini verin ona oxusun, sınağa gəlsin.
Rasim ona xəstəxanada təqdim olunan ssenarini oxumadan qaytarır ki, mənim ömrümə az qalıb, sizi naümid etməyim. Rejissor Səhiyyə nazirinə zəng vurur. Xahişdən sonra Rasim yenidən müayinədən keçirilir və onu Mərdəkana - əsəb sanatoriyasına göndərirlər.
***
1973-cü ildə “Azərbaycanfilm”in Bədii Şurası Rasimin həyatı ilə bağlı çox önəmli bir qərar verir – onu Nəsimi roluna təsdiqləməklə həm də ölümün pəncəsindən qoparır. Rasim sevindiyindən uşaq kimi hönkür-hönkür ağlayırmış. “Nəsimi” filmi Rasim üçün uğurlu başlanğıc olur. Filmin ilk nümayişinin səhəri o, artıq bütün Sovet İttifaqında məşhur idi.
Moskvada, kino festivalı vaxtı köşklərdə bir aktyorun şəkillərinin satıldığını görür. Şəkilləri Azərbaycandan gedən başqa sənətkarlar da görüb, Rasimə deyirlər ki, öz şəklindən birini də özün al. Rasim elə bilir, onunla zarafat eləyirlər, cavab verir ki, hə, mənə yaman oxşayır. Köşkə yaxınlaşıb şəkli alır və baxır ki, öz şəklidir, arxasında da haqqında məlumat yazılıb.
Kulis.az