Təhlükəsizlik üzrə ekspert: “Qazaxın 7 kəndi ilə bağlı hansısa güzəştə yer yoxdur”
İyulun 12-də Azərbaycanla Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında görüş keçirilib. Bun görüş Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın dördüncü görüşüdür.
Azərbaycan Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib ki, tərəflər Azərbaycan və Ermənistan rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə edilən razılaşmaları nəzərə alaraq, delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər. Tərəflər, həmçinin Komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi görüşün Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Tavuş rayonunun sərhədində baş tutduğunu açıqlayıb. Görüşün bu ərazidə keçirilməsini nəzərə alan ekspertlər hesab edirlər ki, danışıqlarda Ermənistanın işğalında olan Qazaxın 7, Naxçıvanın Kərki kəndinin qaytarılması da gündəmə gətirilib.
Yeri gəlmişkən, Ermənistanın hakim “Mülki müqavilə” Partiyasından olan deputat Qaqik Melkonyan erməni mediasına müsahibəsində deyib ki, Ermənistan Azərbaycana kəndləri dəyişməyi təklif edib: “Kərkinin Başkəndlə dəyişdirilə biləcəyindən, anklavlar məsələsinin də bu məcrada həll olunacağından danışdıq. Başkənd anklavdır, ora çatmaq üçün bizə dəhliz lazımdır. Yaxud Kərkiyə çıxış əldə etmək üçün Azərbaycana dəhliz lazımdır. Danışıqlarda erməni tərəfinin tələbləri ondan ibarətdir ki, Azərbaycan Ermənistanın 29 min 800 kvadrat kilometr ərazisini tanısın, həmçinin Cermuk və Zod ərazilərindən geri çəkilsin”.
“Ermənistan hakimiyyəti sülh müqaviləsinə doğru irəliləyir. Biz Azərbaycanın ərazi bütövlüyünü tanıdıq və Qarabağın Azərbaycanın bir hissəsi olması məsələsini qaldıranda Bakı yeni tələblər irəli sürməyə başladı: indi hər şeyin kağız üzərində olmasını tələb edirlər. Amma bizim tələblərimiz də kağız üzərində olmalıdır”.
Görüşlər, danışıqlar işğalda olan kəndlərin qaytarılmasının, anklavlar məsələsinin həll olunmasının yaxın gələcəkdə mümkünlüyü ehtimalını artırır.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl AYNA-ya müsahibəsində bildirib ki, Qazağın 7, Naxçıvanın bir kəndinin qaytarılması gerçəkləşməlidir:
- 10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Birgə Bəyanata bu məsələ salınmasa da, danışıqların getdiyi aydındır. Əlbəttə, Azərbaycan bir qarış da torpağını Ermənistanda qoymayacaq. Bütün danışıqlarda hesab edirəm ki, işğalda olan kəndlər, anklavlar məsələsi gündəmə gətirilir, müzakirələr aparılır. Bu, qeyri-adi məsələ deyil. Yekun sülh sazişi, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı danışıqlarda işğalda olan kəndlərin qaytarılması masaya gətirilir. Hər iki ölkənin Baş nazirlərinin müavinlərinin Qazaxda sərhəddə görüşməsi o demək deyil ki, təkcə bu kəndlərin məsələsi həll edilir. Təbii ki, Qazaxın kəndlərinin məsələsi də danışıqlarda predmetlərdən biridir. Ümumilikdə isə delimitasiya, demarkasiya müzakirə olunur.
- Bir müddət əvvəl Ermənistanın Baş naziri bəyan etmişdi ki, anklavda olan kəndlərin məsələsini həll etməyə hazırdırlar...
- Xatırlayıram həmin bəyanatı. Paşinyan kənd yox, “kəndlər” ifadəsini işlətmişdi ki, bu, səhvdir. Ermənistanın bizdə kəndləri yox, cəmi bir kəndi var – Gədəbəyin Başkənd kəndidir. Biz bunu bilirik, anklav kənddir. Əslində Başkənd də Azərbaycanındır, 1992-ci ildə azad edilib. Amma Ermənistan BMT-yə daxil olanda həmin kənd də ərazisinə aid olub və biz bunu qəbul edirik. Azərbaycanın isə 8 kəndi Ermənistanın hazırda işğalındadır – Qazağın 7, Naxçıvanın Kərki kəndi. Hesab edirəm ki, anklav kəndlər danışıqlar predmetidir və həllini tapmalıdır.
- Anklav kəndlər demişkən, erməni deputat Melkonyan deyib ki, Ermənistan Azərbaycana kəndləri dəyişməyi təklif edib...
- Ermənistan çox şey təklif edə bilər. Amma Azərbaycan bu təklifləri dərhal qəbul etməli deyil, etməyəcək. Yenə deyirəm, Ermənistanın bir anklav kəndi bizdədir. Əgər Başkəndə görə ərazi güzəşti nəzərdə tutulubsa, Başkənd Naxçıvanın Kərki kəndinə daha uyğundur. Çünki hər iki kənd dövlət sərhədlərindən çox aralıdır. Amma Qazağın 7 kəndi ilə bağlı hansısa güzəştə yer yoxdur. Əgər eksklavdakı kəndlərlə əlaqə baxımından arada qalan Ermənistan ərazisi mübahisəlidirsə, o zaman komissiya yaradıla, hesablama aparıla və arada qalan torpaqlara uyğun başqa bir istiqamətdən, dağlıq hissələrdə güzəştlər edilə bilər. Bunlar danışıqlar predmetidir.
Bilirsiniz, işğalda olan ərazilərimizin hamısı qayıdacaqsa, təbii ki, Başkənd də Ermənistana qaytarılmalıdır. Qaytarmamaq üçün müəyyən razılığa gəlinməlidir. Anklavda, eksklavda olan kəndlər üçün xüsusi zolaq yaratmağa ehtiyac yoxdur. Başkəndlə Kərki məsələsində hansısa güzəşt olmalıdır. Hesab edirəm ki, ən yaxşı güzəşt Kərki ilə Başkəndin əvəzlənməsidir. Çünki hər iki kənd dövlət sərhədlərindən xeyli kənardadır. O kəndlər üçün təhlükəsizlik zolağını yaratmağın özü çox çətin məsələdir. Məsələni hər iki tərəfdən komissiya işləməlidir, fikirləşməlidirlər ki, güzəşt necə olsun.
- Yəni ki, Kərki ilə Başkəndin dəyişdirilməsi mümkündür?
- Real variant kimi deyirəm ki, kəndlərin əvəzlənməsi mümkündür. Dəqiq ölçü-biçi ilə bunu həyata keçirmək lazımdır. Lakin Qazaxın anklavdakı kəndləri məsələsini dediyim kimi, Ermənistana məxsus arada qalan ərazilərlə müəyyən dağlıq yerlərdəki əraziləri əvəzləmək olar. Ortada qalan əraziləri hesablamaq, daha sonra sərhədlərdə strateji əhəmiyyəti olmayan dağlıq ərazilərdən anklavı birləşdirən ərazini dəyişmək olar. Yox, əgər Ermənistan güzəşt etmirsə, o zaman həmin kəndlərə təhlükəsiz gediş-gəliş zolağı təmin olunmalıdır. Bunlar hamısı dövlət komissiyası tərəfindən həll edilməlidir.