“Bu dünyada həqiqət axtarmağa dəyməz” deyənlər nə qədər haqlıdır?
Hər ad günü mənim üçün bir imtahandır. Belə günlərdə dostları, qohum-qardaşı bir yerə yığıb, onların tərif dolu tostlarını dinləməkdən, hədiyyələrini qəbul etməkdən çox uzağam. Heç vaxt - nə 50, nə 60, nə 70 yaşlarımı təntənə ilə qeyd etmədim; sponsorlar kifayət qədər olsa da.
Ad günlərimdə günahlarımla, savablarımla söhbətləşməyi, dərdləşməyi daha çox xoşlayıram.
Həmişə də “günahlarım” “savablarımdan” çox olur. Nə qədər yaşlaşsam da, təcrübəm artsa da, insanlara daha çox inanmağım, bağışlanmamağa haqq etdiyim kəslərə şans verməyim mənə növbəti yaralar vurur. Axı, bilirəm ki, bu namərddir, maskadır, cılızdır, pula görə hər şeyindən keçəndir, amma yenə onu bağışlayıram. Şair demişkən “məni öldürəni əfv eləmişəm, çünki ya dost çıxır, ya qardaş çıxır”.
Bəzən savablarımdan çox, günahlarım mənə daha şirin gəlir. Bir filosof demişkən “Onsuz da əvvəl axır peşman olacaqsan – ya etdikərin, ya da etmədiklərin (bəlkə də edə bilmədiklərin) üçün”
Arabir düşünürəm “Bəlkə hər şeyə əlvida” - yazı-pozuya da, dostlara da, günvəndiyin nə varsa, hər şeyə. Sanki söykənmək üçün “divar” qalmayıb, ya da qalanlar da elədir ki... üstünə uçmasa yaxısıdır.
İdeallar uzaqlarda, xəyallarda qaldı. Nimdaş, cılız, polüşgəmiş insanlar aşıb-daşır; oğrusuyla doğrusu, şərəflisi ilə şərəfsizi “bir qucaqda” oturur. Tərif xəstələri və onların ehtiyaclarını ödəyən tərifçilər hörmüçək toru kimi bizi bürüyür.
Bəzən bir körpə gülüşündə, bir sevgi naxışında, uzaq illərin xatirə “yağışında” - saflıq, zəriflik, məsumluq, duruluq axtarırsan. Amma yoxdur. Səni aldadanlardan qaçıb, özünü aldatmaq istəyirsən, amma görürsən ki, şirin yalanlar da tükənib.
Dünən səni titrədən sevgi jestləri bu gün sənə “kiflənmiş” bir parça kimi görünür. “Kaş ki” lər bir-birini əvəz etsə də, heç biri yetim qalmış zərif duyğunu əvəz etmir. Əlacın “Baxma, bu qatarın dalınca, baxma” mahnısını züm-zümə etməkdən başqa heç nəyə çatmır.
Keçmiş dostlarda birinin dediyi kimi – Gördün ki, dahisən, əvəzedilməzsən, yaşa xalq üçün. Gördün ki, milyonlardan birisən, yaşa özün üçün.
Əgər ətrafındakıların əksəri yaşamaq üçün yox, ancaq sağ qalmaq üçün çarpışırsa, ən romantik duyğular da sönük, mənasız görünür. Hər rəhbər gələndə sanki yeni qanunlar, yeni qaydalar gəlir... “Dağ” bildiklərin “təpələşir”, “qartal” sandıqların “cücələşir”. Öz içində itənlər, özgə “çəməndə” bitənlər ömrümüzə kölgə salmaq istəyir.
Elə bilməyin ki, ruhdan düşmüşük, bədbinləşmişik. Əsla, dünyanı adiləşməyə qoymamaq üçün hər an həyəcanlar qaldıra, ömrümüzə kölgə salan qara buludları dağıda bilərik.
Həyat yaşamağı bacaranındır.
Bir türk mahnısında deyilmişkən
Yıxılmadım, ayaqdayam
Dərdlərimlə baş-başayam
Zalimlara, kötülərə,
Şərəfsizərə
yenilmədim-
Buradayıq.
Bax, bu məqamda nəvələrim ad günümlə bağlı kollajı mənə ünvanladılar. İndi hərəsi bir məkanda olsa da (İtaliyadan Almaniyayadək ) hər birinin nəfəsini ruhumda hiss edirəm. Elə bu nəfəsin şirinliyindən gələn duyğular ad günümdə mənə ən böyük hədiyyədir.
Nə qədər ki, bu şirin-şəkər nəvələr var, "hələ yaşamağa dəyər bir az da".
Zahir Əmənov