Rus-bolşevik işğalına qarşı döyüşən Sarı Ələkbərin film kimi həyatı
Rubrika: “Gizlədilmiş tarix”
Tarixi, uzun illər, bir əsrə yaxın gizlədilmiş tariximizi vərəqləyib, lap altda qalan səhifələri üzə çıxardıqca adam iliyinə qədər yansa da, daxilən qürur hissi keçirir. Qürurlanır ki, nəsilbənəsil məhv etməyə, soyqırımı etməyə çalışıblar, ediblər də, amma yenə həmin nəsillərin davamçıları dərin qatlardan zühur edib, eyni mübarizəni, müqaviməti göstəriblər.
Nə qədər ki, Azərbaycan sərhədlərini dədə-baba yerindən bərpa etməyib, əbədi azadlığına qovuşmayıb, “qonşular”ı öz yerində sona qədər oturtmayıb, bu yolda “qanını qaşığa qoyan” oğullar həmişə olacaq. Yenə doğulacaq, çünki kök həminkidir.
O oğullardan biri haqqındadır növbəti hekayətimiz. Pressklub.az-ın “Gizlədilmiş tarix” rubrikasında novbəti yazımızda daha bir gizlədilmiş tarixi aşkara çıxartmaqda bir addım atmağa iddialıyıq.
Sarı İmamqulu oğlu Ələkbər. Sarı Ələkbər adı ilə Azərbaycan tarixinə düşüb, həm də igidlik və vətənpərvərliyinə, düşmən qarşısında yalnız əyilmədiyinə görə deyil, eyni zamanda qat-qat güclü düşmənlə sinə-sinəyə gəldiyinə görə.
Sarı Ələkbər haqqında araşdırmalar apardığım zaman kəsiyində Fikrət Qocanın məşhur
Babalarımız …
Biri qaçaq olub, mərd olub,
Biri qoçaq olub, mərd olub.
Biri kasıb olub, mərd olub.
Bəs namərdlər hardandı,
Bax, bu mənə dərd olub – misraları fikrimdə dəfələrlə səslənirdi.
Sarı Ələkbər 1874 -75-ci ildə Gəncədə – bəzi mənbələrdə 1885-də yazılır- Xəlfəli məhəlləsində anadan olub. Gəncə axı, Cavad xanın yurdudur. Ordan çox Cavad xan kimi, Sarı Ələkbər kimi mərdlər çıxıb. Anadan olandan sonrakı illər barədə onun haqqında tutarlı məlumat yoxdur, bir odur ki, Gəncə üsyanına qədər qaçaq olub. Zatən, doğum tarixinə və harda doğulduğuna diqqət verəndən sonra niyə qaçaq olduğu da su kimi aydınlaşır. Bir də fəaliyyətinə nəzər salaq.
1894-cü ildən qaçaqlıq edib. Azərbaycan kişiləri erməni-rus işğalından qaçıb dağlara sığınaraq, öz haqq və hüquqları uğrunda mübarizə aparıblar. Onlara “qaçaq-quldur”, “kulak”, “xalq düşməni” kimi müxtəlif adlar sırınsa da, mahiyyətinə görə bu adamlar yalnız vətənin, xalqın azadlığı, öz torpağının, mülkünün özünə qaytarılması uğrunda mübarizə aparıblar. Sarı Ələkbərin mübarizəsinin kökündə erməni daşnaklarla, onların torpaq iddiaları ilə savaş dururdu.
Sarı Ələkbər də erməni daşnaklarının Gəncəyə və ətraf rayonlara hücumlarının qarşısını almaq üçün 1906-cı ildə əhalinin gənc təbəqəsini, Gəncə və ətraf rayonların sakinlərini toplayıb ətrafına və daşnaklarla döyüşə başlamışdı.
“Difai” təşkilatının Gəncə şöbəsinin üzvü olan qəhrəmanımız Qafqaz İslam ordusunun əsgəri idi. Bu ordunun tərkibində bir çox döyüşlərdə iştirak edib. Gəncə Milli Komitəsinin zərbə dəstəsinin birinə başçılıq edib. Azərbaycan Cümhuriyyəti dövründə taqım komandiri olub. Sonralar polis idarəsinin rəis müavini işləyib.
Gəncə üsyanının rəhbərlərindən biri Cahangir bəy Kazımbəyli xatirələrində yazır: “1920-ci il mayın 24-dən 25-nə keçən gecə partizan dəstələrinin rəhbərləri Sarı Ələkbər və Qaçaq Qəmbərlə Bala Bağban məscidində üsyana başlamaq haqqında razılığa gəldik”.
Kazımbəylinin xatirələrinə görə, zəngin tacir olan Sarı Ələkbər gəncəlilərin xatirində xeyriyyəçi, məktəb, xəstəxana açan, ehtiyacı olanlara yardımını əsirgəməyən bir millətsevər kimi qalıb.
Sarı Ələkbər Gəncədə rus-bolşevik işğalına qarşı başlayan üsyanın rəhbərlərindən idi. Gəncə üsyanının əsas təşkilatçısı, yaxın dostu, Şəki süvari alayının komandiri, polkovnik Cahangir bəy Kazımbəyli ilə birlikdə öz ətraflarına yığdıqları gənclərə təlim keçərək, üsyana hazırlayır. Gəncə üsyanı iki həftə sürüb. Bolşevik ruslar bu tarixi də ört-basdır edib bir neçə saata üsyanın yatırıldığını qeyd edirdilər. Əslində isə tərəflər arasında iki həftə qanlı, amansız döyüşlər gedib. Hərbi gücü olan bolşevik ordusu ilə “dayandoldurum”la silahlanan əhali düşmənlə üzbəüz, bir addım belə geri çəkilmədən döyüşüb. Üsyançılardan 12 min nəfər qətlə yetirilib. Qarşı tərəfin, 11-ci Qırmızı Ordunun itkilərinin 8500 nəfər olduğu məlumdur.
Dr. Fəthi Tevetoğlu “Mənim gördüyüm bugünkü Rusiya” adlı kitabında Müzəffər Tuğsavul paşadan və bir neçə başqa azərbaycanlıdan Sarı Ələkbər haqqında eşitdiyi xatirəni yazır:
“Mürsəl Bakı Paşa komandanlığındakı türk ordusu Bakını almaq üzrə irəliləyərkən Gəncədə bir könüllü alayı qurulmuş, türk silahlı qüvvətlərinə qatılmışdı. Bu könüllü alayın başında böyük mücahid gəncəli Sarı Ələkbər bəy idi. Trabzon liseyindəki qardaşımız İsmayıl Sarıyalçının atası olan bu qəhrəman azəri-türk övladı 41 dərəcə atəşlə xəstələnir və Bakıya girmədən yolda buraxılmaq, Gəncəyə geri göndərilmək istənilir. “Mən bu mücadilədə ölməyə gəldim, dönməyə gəlmədim!” deyən bu gəncəli türk övladının alovu və ruhuyla Gəncədən Bakıya gəlinir və şəhərə girilir”.
Yeri gəlmişkən, Sarı Ələkbərin xanımının adı Cəvahirdir. Onların Qulu, İsmayıl adlı iki oğlu, Briliant adlı qızları olub. Qızı Briliant Əsədulla Ağüzümün oğlu Lətif Ağüzümlə ailə qurub. Başxanım adlı qızları olub, 1931-ci ildə onlar sürgün edilib, Sarı Ələkbərin qardaşları və bir çox yaxın qohumları istintaqsız-məhkəməsiz güllələniblər.
Özü böyük çətinliklərlə Trabzona qaça bilib. Oğlanları Qulu, İsmayıl, qızı Briliant Qazaxıstana sürgün ediləndən sonra Sarı Ələkbərin silahdaşları onları 1924-cü ildə gizli yolla Trabzona keçirə biliblər. Gəncədə bolşevik hakimiyyəti qurularkən Sarı Ələkbərin bütün əmlakı müsadirə olunub.
Hələ 1905-ci ildən Sarı Ələkbərdən yanıqlı qalan erməni quldurları onun yeganə qardaşı Məhəmmədrzanı ələ keçirib, bolşeviklərə təhvil verirlər. Məmmədrzanı vəhşicəsinə qətlə yetirirlər və nəşini ailəsinə qaytarmırlar.
Sarı Ələkbərin beş bacısı olub. Həm də onlar igidlikdə Sarı Ələkbərdən geri qalmayıblar. Bacıları, nəyin bahasına olursa-olsun, qardaşlarının meyitini götürməyi qərara alırlar.
Məhəmmədrzanın qayınatası Hacı Kərimin köməkliyi ilə Nərgiz və Gilə, iki bacı gecəyə salıb, “qırmızı” əsgərlərə qızıl verib, şəhid qardaşın nəşini kazarmadan çıxarıb, arabada ot-ələfin altında gizlətməklə, Səbizkar məzarlığına gətirib, dini ayinlərlə dəfn ediblər. Hər ehtimala bacılar “ikimərtəbə” qəbir qazdırıblar, yəni üst qatı iz azdırmaq üçün, meyit aşağı qata qoyulub.
Sonra da Nərgiz Məhəmmədrzanın gizləndiyi yeri bolşeviklərə nişan vermiş satqını da böyük miqdarda pul müqabilində tapıb (o, azərbaycanlı olub) Kür sahilində öz əlləri ilə güllələyir. Kür də çox tarixi hadisələrə şahidlik edib.
Sarı Ələkbər haqqında uzun müddət heç bir məlumat olmayıb. Təbii ki, rus-sovet işğalı vaxtı. Müstəqillikdən sonra bəzi mənbələrdə onun elə üsyan yatırılandan sonra 1920-ci il avqustun 16-da Tiflisdə güllələndiyi yazılır. Lakin sonradan bu məlumatların doğru olmadığı üzə çıxdı.
Son araşdırmalara görə, Sarı Ələkbərin Qarsda gübrə zavodu varmış, yəni sahibkarlıqla məşğul olub.
1938-ci ildə Qars şəhərində vəfat edib. Bu faktlar son illərin araşdırmaçısı Zakir Muradın araşdırmalarındandır: “Bir neçə ildən sonra Sarı Ələkbərdən də soraq gəlir. Göyçədən Məmmədəli bəy adlı bir tacir (o, Türkiyənin sərhəd ərazilərinin əhalisi ilə alış-veriş edirmiş) Gəncədə olarkən, Sarı Ələkbərin bacılarına danışır ki, o, Qars şəhərində məskunlaşıb və ailəsinin də Türkiyəyə göndərilməsini arzulayır. Odur ki, Sarı Ələkbərin həyat yoldaşı və iki övladını gizlicə Qazaxıstandan Gəncəyə gətirmək qərarlaşdırılır. Onları etibarlı adamların köməyi ilə bir neçə aya Vətənə çatdırırlar. Bu müddətdə Məmmədəli bəy də dəfələrlə sınağa çəkilir. Nəhayət, son dəfə Türkiyədən dönərkən özü ilə tutarlı əşyayi-dəlil, Sarı Ələkbərin kəmərini gətirdikdən sonra şübhə yeri qalmır. O, Sarı Ələkbərin ailəsini özü ilə Ermənistan-Türkiyə sərhəd məntəqəsindən birinə götürür. Tezliklə Sarı Ələkbər bura göndərdiyi adamları vasitəsilə ailəsini Türkiyəyə keçirdir. Məmmədəli bəy Gəncəyə növbəti səfəri zamanı Sarı Ələkbərin ailəsinə qovuşması haqda müjdə ilə bacıları sevindirmiş olur. Beləcə, Sarı Ələkbərin Gəncədə qalan bacıları, bəlkə də Gəncə üsyanının “son mərhələsini” yerinə yetirmiş kimi, bu kiçik “zəfər”in onlara bəxş etdiyi həyat enerjisinin gücü ilə Sovet rejiminin sonrakı mənəvi sıxıntılarına da mərdliklə sinə gərərək, yaşadılar.”
Sarı Ələkbərin nəslindən bacılarının övladları, öz nəvə-nəticələri bu gün də yaşayır, o şərəfli nəsil, tarix davam edir. Demək, Sarı Ələkbərlər yenə doğulur…