Hər gün keçdiyiniz küçələrin niyə bu adları daşıdığını bilirsiniz?
Doğma küçələrimizin yad adları çox vaxt diqqətimizi çəkir. Niyə qoyulub bu adlar?
İnsanın ağlına ilk gələn budur ki, əgər bir küçəyə hansısa adı verilibsə, deməli, bunun bir səbəbi var.
Bəs biz, hər gün keçdiyimiz küçələrin tarixini niyə bilmirik?
Elə burdan yola çıxaraq “Bizim küçələr” adlı rubrikasının növbəti yazısını “Kövkəb Səfərəliyeva küçəsi”nin tarixi ilə bağlı olacaq. Haqqında danışacağımız küçə Bakının Nəsimi rayonunda yerləşir.
Bəs, Kövkəb Səfərəliyeva kimdir? Hansı xidmətinə görə küçəyə onun adı verilib?
Azərbaycanın ilk pianoçu-pedaqoq qadını, böyük sevgisinə həyatının sonuna qədər sadiq qalan – Kövkəb Səfərəliyeva... Onun ulu babası Səfərəli bəy Pirşağının kəndxudası idi. Babasının qardaşı Tağı bəy isə AXC dövründə Ticarət və Sənaye nazirinin müavini, Kövkəbin atası Kamil bəy isə Çar ordusunda polkovnik olub.
1902-ci ildə Kamil bəy qacarlardan olan Qəmər xanımla ailə həyatı qurub. Qəmər xanımın da ailəsi repressiyadan yan keçməyib. Cütlüyün 1902-ci ildə Bakıda Kövkəb adlı qızları dünyaya gəlib. O, 8 yaşında Marinski adına ümumtəhsil qadın gimnaziyasına daxil olur. Eyni zamanda, fortepiano sinfində musiqi dərsləri alıb. 1916-cı ildən etibarən isə təhsilini Musiqi Texnikumunda davam etdirib. Kövkəbin ailəsində olan 6 uşağın hər biri musiqi təhsili alıb.
Azərbaycanın Sovet ordusu tərəfindən işğalından sonra demokratik təbəqəyə qarşı kəskin repressiyalar başlayır. Səfərəliyevlər ailəsinin Bakıda çoxlu mülkləri vardı. Lakin Sovet hökuməti onların da hər şeyini alır.
Kövkəbin atası Kamil Səfərəliyev bu hadisələrdən çox təsirlənərək, 1920-ci il noyabrın 27-də 48 yaşında vəfat edir. Ailə öz evlərinin zirzəmisində yaşamağa məcbur qalır. Lakin Kövkəbin anası Qəmər xanım uzun mübarizədən sonra bir otağı geri ala bilir. Təzyiqlərə və təqiblərə baxmayaraq 1926-cı ildə Musiqi Texnikumunu bitirir və Türk Musiqi Məktəbinə dəvət alır. Burada Üzeyir Hacıbəyli ilə tanış olur və birlikdə çalışaraq Azərbaycan musiqisinə böyük töhfələr verirlər.
Kövkəb xanımın Azərbaycanda qadın xorunun yaranmasında böyük rolu olur. Azərbaycan muğam və xalq musiqilərini nota köçürən Üzeyir bəyə çoxlu kömək edir.
Kövkəb Səfərəliyeva və Asəf Zeynallı sevgisi...
Texnikumdan sonra Kövkəb təhsilini dövlət konservatoriyasının fortepiano şöbəsində davam etdirir. Elə burada da o, Asəf Zeynallı ilə tanış olur. Kövkəb xanım Asəfin bütün işlərində ona yardımçı olur. Asəf Zeynallı dram teatrının musiqi hissəsinə rəhbərlik edəndə Kövkəb də orada orkestrdə pianoçu kimi səhnəyə çıxır. Asəf Zeynallı onu əlindən tutub ilk səhnəyə çıxaranda - "sən böyük musiqiçi olacaqsan" - deyib.
Onlar arasında böyük sevgi yaranır... Lakin bu sevgi çox uzun çəkmir. Belə ki, 1932-ci ildə Asəf Zeynallı tif xəstəliyindən vəfat edir. Bundan sonra Kövkəb xanım heç vaxt ailə həyatı qurmur. O, bütün həyatını Asəfin də sevdiyi Azərbaycan musiqisinə həsr edir. 1930-cu illərin sonunda D.Şostakoviç Bakıda Kövkəb xanımın ifasını eşidəndə bu gənc qızın böyük gələcəyi olacağını deyir.
1937-ci ildən etibarən orta ixtisas musiqi məktəbinin direktoru olan Kövkəb xanım 1952-ci ildə professor, 1972-ci ildə Xalq artisti adını alır. 72 yaşında Kövkəb xanım konservatoriyada tələbələrinə son dərsini keçərək, rektora ərizəsini təqdim edir və iflic olduğu üçün təqaüdə çıxır.
1985-ci il iyunun 27-də 78 yaşında Bakıda dünyasını dəyişir və Fəxri Xiyabanda dəfn edilir.
Hə, yazımızın əsas məqsədinə gəldikdə, Bakı şəhərinin mərkəzi hissəsində ən görkəmli küçələrdən biri məhz Kövkəb xanım Səfərəliyevanın adını daşıyır. Maraqlısı isə, həmin küçənin Üzeyir Hacibəyov küçəsi ilə kəsişməsidir.
Bu da belə... Ömrünü nakam sevgilisinə həsr edən ilk pianoçu qadının talehlindən siz də xəbərdar olun. /Lent az