Kimi yandıracaq, kimi qızdıracaq?
BMT Təhlükəsizlik Şurasının Rusiyanın sədrliyi ilə keçirilən toplantısı demək olar ki, tarixinin ən qalmaqallı iclası olub. Burada iştirakçıların Rusiyanın ünvanına səsləndirdikləri ittihamlardan daha çox bu ittihamların ifadə olunduğu dil çox önəmlidir. Görünür, TŞ üzvləri artıq yeni dünya nizamına doğru tarazlayıcı sistemin formalaşması zərurətini görürlər. Bu mənada, BMT-nin artıq işə yaramadığını da gizlətmək istəmirlər. Ən azından TŞ-nın indiki formatı heç də qaneedici deyil.
Rusiyaya qarşı kim, hansı dili seçib?
ABŞ nümayəndəsi Linda Tomas-Qrinfild: “Bizim bugünkü iclasımızın riyakar sədri Rusiya qonşusu Ukraynaya müdaxilə edib və BMT Nizamnaməsinin və əziz bildiyimiz bütün dəyərlərin ürəyinə zərbə endirib”.
Britaniyanın BMT-dəki səfiri Barbara Vudford: “Rusiyanın Ukraynaya müdaxiləsi ukraynalılara təsəvvürolunmaz iztirablar gətirib və Rusiyanın özü üçün də fəlakətə çevrilib”.
Fransa səfiri Nikolya de Rivyer: “Rusiya bundan əvvəl də beynəlxalq hüququn aliliyi prinsipini pozub”.
Yaponiyanın BMT-dəki səfiri İsikane Kimihiro: “Rusiya ilk növbədə bütün qoşunlarını və texnikasını Ukraynanın beynəlxalq aləmdə tanınmış sərhədləri içərisindən dərhal və qeyd-şərtsiz çıxarmalıdır”.
BMT Təhlükəsizlik Şurası yanında Avropa İttifaqı nümayəndə heyətinin rəhbəri Olaf Skuq: “Rusiya özünü BMT Nizamnaməsinin və çoxtərəfliliyin müdafiəçisi kimi təqdim etməyə çalışır. Heç nə həqiqətdən bu qədər uzaq ola bilməz. Bu, sadəcə olaraq, arsızlıqdır”.
Nəyə fikir verək?
ABŞ, Britaniya nümayəndələri, eyni zamanda Yaponiya və AB-nin nümayəndəsi daha kəskin dil seçib. Fransa isə demək olar ki, heç bir ciddi və konkret fikir deməyib. Düşünmək olar ki, Paris Osetiya və Abxaziyanın qeyri-qanuni tanınmasından narahatdır. Çin isə demək olar ki, bu sırada yoxdur. Amma onun yerində Yaponiya gözə dəyir. Özü də ciddi mövqeyi, tələbi ilə. Belə bir toplantıdan sonra Rusiyanın ixtiyari məsələdə söz sahibi olması və ya veto hüququnu tətbiq etməsi, edə bilməsi dünya nizamı üçün ciddi mənəvi-siyasi, hətta hüquqi böhran olmazmı? Əlbəttə, olar.
Üfüqdə nə görünür?
Görünən odur ki, Rusiya yaxın zamanlarda BMT Təhlükəsizlik Şurasında veto hüququnu itirəcək və Ukrayna müharibəsinin sonunda bu məsələ özünün məntiqi sonu ilə növbəti mərhələyə keçəcək. Bununla da yeni dünya nizamı deyilən prosesin başlanğıcına qədəm qoyacağıq. Çin və Fransa yeni dünya nizamında ABŞ və Britaniya ilə eyni statusda qala biləcəklərmi? Bu, əsas suallardan biri olaraq qalır. Fransanın tərəddüdlü mövqeləri fonunda Almaniyanın Rusiyaya qarşı sərt mövqeyə keçməsi və Yaponiyanın özünü dünya nizamının önəmli fiquru kimi təqdim etməyə başlaması diqqətdən qaçmır. Burada ən mühüm olan iki məqam var.
- Yaponiya Rusiyaya qarşı Qərb blokunun əsas müttəfiqidir.
- Yaponiya özü Rusiya və Çinin bölgədə yaratdığı xoşagəlməz simbiozun yeganə parlaq alternativdir. Bununla da biz yenidən, 80 il sonra Yaponiya və Almaniyanı dünya siyasətinin vitrinində görəcəyik. Bu dəfə onlar faşizmin, fundamentalizmin və siyasi konservatizmin qənimi kimi meydanda peyda olacaqlar. Üstəlik, Şərqi Avropanın, xüsusilə Ukraynanın yeni dünyanın əsas təhlükəsizlik halqalarından biri olacağı artıq şübhəsizdir.
Seymur Həzi/ pressklub