Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı Ensiklopediyası silsiləsindən - 37-cı yazı. Masallı şəhəri, Seybətin ərazisi (Yaxud seyidlər yurdu)


“Masallı Ensiklopediyası” silsiləsindən yazılar müəyyən səbəblərdən yubansa da,   hazırda davam edir. Artıq Masallı şəhəri və Ərkivan Ərazi dairələrində bəzi ərazilər üzrə iş yekunlaşmaq ərəfəsindədir. Ümumiyyətlə, müddətə kimi "Masallı Ensiklopediyası" şərçivəsində 100 kənd və 1 qsəbə haqqında yazılar yazılıb və cenub.az-da eyni adlı bölümdə yerləşdirilib.  Masallı şəhəri üzrə araşdırmalar silsiləsindən isə ilk yazımız indiki Masallı şəhərinin yuxarısındakı  Göyənlilər Tayfası barədə oldu.

https://cenub.az/12630-masalli-golnlilr-nslinin-yadda-qalan-kiilrindn-biri-dyrli-rza-mullim.html. Bu gün isə sizə Masallı şəhərinin Seybətin ərazisi barədə yazını təqdim edirik.

 

Ərazinin özəllikləri:

 

- Ərazidə 2 məscid, 1 məktəb fəaliyyət göstərir.

- Rayonun ən aparıcı Kərpic Zavodu Seybətin kəndində  fəaliyyət göstərir.

- Masallı şəhərinin hazırda işlək olan yeganə hamamı Seybətindədir. 

- Seybətində  2 Şadlıq sarayı (“Lanur” və “İlqar Plaza”), 

- 1 Əyləncə Mərkəzi (“Qızıl GÜL”) fəaliyyət göstərir.

- Seybətində 10-a yaxın  geniş mebel salonu fəaliyyət göstərir.

- Seybətində 2 Yanacaqdoldurma Məntəqəsi fəaliyyət göstərir.

- Seybətin ərazisində 100-dən artıq mağaza, maşın, məişət avadanlıqları sexi və digər xidmət sahələrini əhatə edən dükanlar yerləşir

- Dövrünün məşhur din xadimi  Şeyx Əsədulla Axund bu kənddə yaşamışdır.

- İranda  6 Şahın sarayında çıxış etmiş məşhur  xanəndə Mir İslam Rəfiyev  bu kənddəndir.

- Məşhur ictimai xadim, general Mehmandarovun qardaşının burada torpaq sahələri olmuşdur.

- Seybətin həm də ünlü seyidləri və türkəçarə həkimləri ilə tanınmışdır.


 Sərhədləri:

 

Şərqdən - II Səmidxanlı, 

şimaldən – Şərəfə və Ağakişibəyli kəndləri ilə, 

qərbdən –Digah kəndi, 

cənubdan – Dadva kəndi,   Masallı şəhəri və Öncəqala kəndi ilə həmsərhəddir.

 

Coğrafiyası:

 

Sebyətin hazırki Masallı şəhərinə ən yaxın ərazilərdən biridir. 1861-ci il Kameral siyahıyaalınmasına görə Lənkəran qəzasının Dəştvənd mahalına məxsus ərazi olub. İndiki Masallı şəhərinin ərazisində yerləşir. (Həmin dövrdə indiki Masallı şəhərinin ərazisində yerləşən Dadva, Digah, Masallı və Seybətin kəndləri olub)

Azərbaycan Respublikasının Milli Məclisinin 5 mart 2013-cü il tarixli 590-IVQ qərarı ilə Masallı rayonunun Masallı Şəhər İnzibati Ərazi Dairəsi tərkibindəki Seybətin kəndi ləğv ediərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət Reystrindən çıxarılmış, Seybətin kəndinin 312,0 ha təşkil edən ərazisi Masallı Şəhər İnzibati Ərazi Dairəsinin tərkibinə daxil edilmişdir. Hazırda bu ərazi Seybətin küçəsi adlandırılır, amma əhalinin dilində hələ də “Seybətin kəndi”deyilir. Seybətin Yuxarı Baş və Aşağı Baş olaraq iki hissədən ibarətdir.

Vaxtilə keçmiş Bakı-Astara  magistral yolu - Musaküçə və Şərəfə kəndlərini birləşdirən bu yolun bir hissəsi Seybətin kəndinin mərkəzindən keçirdi. Hazırda həmin hissə Bakı küçəsi adlanır. 

Seybətin küçəsində 2 məscid, 1 məktəb fəaliyyət göstərir.

“Seybətin” sözünün mənası: Seyfiəddin,  ərəbcə “Dinin qılıncı” deməkdir. Bu da Sefiəddin əhalisinin əksəriyyətinin Seyyid - ərəb mənşəli olması ilə əlaqədardır.

 

Seybətin əhalisinin əsas məşğuliyyəti:

 

Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq olmuşdur. Sovet hakimiyyəti dağıldıqdan sonra isə kəndin əhalisinin əksəriyyəti ticarətlə məşğul olmuşdur. Buna səbəb 90-cı illərin əvvəlində el arasıda “Təzə bazar” adlanan ticarət mərkəzinin tikilməsidir. Hazırda həmin bazarda 500-dən artıq ticarət köşkü fəaliyyət göstərir ki, bu köşklərdə 700 nəfərə yaxın şəxs ticarətlə məşğuldur.

 

Seybətinin əhalisi - 1800 nəfər

Seybətinin ərazisi - 350 hektar

 


 Tarixi:

 Seybətin ərazisində ilk məskunlaşma Lənkəran xanı Mir Mustafa xanın dövrünə -  XVIII əsrin axırları və XIX əsrin başlanğıcına təsadüf edir. Kənd, əsasən, 3 hissədən ibarət olmuşdur:

 

1. Seyidlər 

2.Avamlar (seyid olmayanlar)

3. Təzəkənd

 

Keçmişdə bura Təzəkənd-Seybətin kəndi ilə I Səmidxan arasında yerləşən kiçik bir ərazi olub. Həmin kəndin Ağası əslən Şuşalı Baba bəy Mehmandarov idi. (ADR dövründə hərbi nazir Səməd bəy Mehmandarovun qardaşı)

Sovet hakimiyyəti qurulandan sonra kolxozun  yaranması ilə əlaqədar olaraq həmin kəndin əhalisinin yarısı Seybətinə, yarısı isə rayonun Qarğalıq kəndinə köçürülmüşdür.

 

Onların da əksəriyyəti  əslən Qarabağlılar idi. Buna dəlil  olaraq kənddə yaşayan Pənalıyevlər nəslini göstərmək olar.

Ümumiyyətlə, Pənalı adı cənub bölgəsində çox az işlənən addır. Bu ada ən çox Qarabağ bölgəsində rast gəlmək olur. (Yəqin ki, bu da 1756–cı ildə  Şuşa şəhərinin əsasını qoyan Pənahəli xanın adı ilə əlaqədar olmuşdur). 

 Çox yaxın tarixə kimi - 1970-ci ilə qədər Masallının Təzəkənd kəndinin yerləşdiyi ərazidə həmin dövrdə Pənahalı bəyin əkdirdiyi Tut bağları qalırdı.

Seybətin kəndinin ərazisinin böyük bir hissəsi - indiki Seybətin məscidindən Dadva məsçidinə qədər olan dairəvi ərazi xanəndə Mir İslam Rəfiyevin   atasının babası Mir Bağıra məxsus olmuşdur. Həmin ərazi xalq arasında “Mirzə  Bağır  istili” kimi tanınmışdır. Savad sahibi olduğuna görə el arasında ona “Mirzə Bağır” deyə müraciət edərmişlər. Mirzə Bağırın adı Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun yazdığı “Əxbarnamə” əsərində çəkilir.

 

Kərbəlayı Zeynal

 

   Seybətin kəndinin ən qədim Seyyid olmayan tayfası Kərbalayı Musalı adlanır.

Digər qədim seyid olmayan tayfalar isə Kərbalayı Musalı tayfasından sonra gələnlərdir.

Həmin tayfanın məskunlaşdığı sağ tərəfdə isə Seybətin kəndinin qədim məscidi yerləşir. Bu məscidin tikilməsinin təşəbbüskarlarından biri də rayonun çox zəngin tacirlərindən biri olan Hacı Zeynal Tağı oğlu olmuşdur.

 

Öz şəxsi vəsaiti ilə Seybətində tikdirdiyi ev 1978-ci ilə kimi mövcud idi. Həmin evdə Hacı Zeynalın nəvələrindən olan 4 ailə yaşayırdı.

Həndəsi ölçülərinə görə bu ev rayonda ən böyük evlərdən biri idi. Hacı Zeynalın atası Tağı kişinin qardaşı Cahangir isə Salyan rayonunda yaşamışdır. Azərbaycanın görkəmli bəstəkarı Arif Məlikovun babasıdır. Yaşlıların dediyinə görə, Hacı Zeynal rayon ərazisində bir çox tikililərin inşasına maddi dəstək vermişdir. Onun Seybətin kəndində şəxsi dükanı olmuşdur.

 

Hacı Zeynalın müasiri olan milyoner Hacı Zeynalabdin Tağıyevlə həm ticarət, həm də şəxsi münasibətləri  olmuşdur.

 

 Seybətin məktəbi

 

Seybətin məktəbi uzun illər 8- illik, sonra 9-illik ümumi orta məktəbi kimi fəaliyyət göstərib.

Məktəb 2 korpusdan ibarətdir.

I korpus 1970- ci illərdə,

1990-cı ildə II korpus istifadəyə veriləndən sonra məktəb 11- illik tam orta məktəb statusu alıb.

 

Məktəb hal-hazırda Masallı şəhər 6 saylı, 44 günlük Vətən müharibəsindən sonra isə Şuşa fatehi, şəhid,  Qarabağ Müharibəsi Qəhrəmanı Ramiz Cəfərovun adını daşıyır.

Məktəbdə 300 şagird və onların təlim-tərbiyəsi ilə 30- dan çox müəllim məşğul olur. Ötən il, 2022-ci ilin yayında kənd camaatının maddi vəsaiti hesabına məktəbin binası əsaslı təmir olunmuşdur.

 


Hal-hazırda Seybətin məktəbini bitirmiş 20-yə qədər məzun ali təhsil müəssisələrində təhsil alır. Onların içərisində yüksək təqaüd alan əlaçı tələbələr də vardır. Bu da Seybətin kəndində son zamanlar təhsilə verilən yüksək önəmin nəticəsidir. 

 

Seybətin məktəbində son bir ildə kadr dəyişikliyi məktəbdə təhsilin və davamiyyətin, nizam-intizamın artmasına səbəb olmuşdur.


Seybətinin ziyalıları:

 

Zeynalov Məhərrəm Dadaş oğlu- Gəncə şəhərində Kənd Təsərrüfatı İnstitutunu bitirmiş və Masallı rayonunda ilk kadrlardandır.

 

Zeynalov Ənnağı Kərim oğlu - Rusiyanın Omsk şəhərində Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsini bitirmişdir. Rusiyanın Rostov vilayətinin Yeqorlok rayonunun sovxozlarından birində baş zootexnik vəzifəsində işləmişdir.

 Həsənov Saleh Mirnağı oğlu 

Uzun müddət Kənd Təsərrüfatı Nazirliyi nəzdində Tədarük şöbəsində rəis işləmişdir.

 

Zeynalov Baba Kərim oğlu- (1931-2010)

 

 “Mirzə” ləqəbi ilə tanınan bu şəxs hələ məktəb illərindən rus dilini mükəmməl bilmiş, Azərbaycan Milis Məktəbini bitirdikdən sonra Daxili İşlər Nazirliyinin Masallı Rayon Bölməsində mayor rütbəsinə qədər yüksəlmişdir. Sonradan Masallı Konserv Zavodunda hüquq məsləhətçisi vəzifəsində çalışmışdır. Zeynalov Baba və Ənnağı Kərim oğulları yuxarıda adı çəkilən Hacı Zeynalın nəvələridir.

 

       Seybətinin ilk ali təhsilli müəllimləri:

 

  Müzəffərov İlyas Qiyas oğlu Seybətinin ilk ali təhsilli müəllimi olmuşdur. 

 

O, İkinci Dünya müharibəsi iştirakçısı olmuşdur. Berlinə qədər döyüş yolu keçmişdir. Masallı rayonun Digah 8-illik məktəbinin direktoru, sonradan  Masallı Rayon Təhsil Şöbəsinin metodisti, daha sonra isə Seybətin kənd 8-illik məktəbinin direktoru vəzifələrində çalışmışdır

 

Mirzəyeva Şəfiqə Mustafa qızı 

 


 

Seybətin kəndinə Azərbaycanın qərb bölgəsi olan Qazax rayonundan cənub bölgəsinə ezam olunmuş Şəfiqə müəllimənin bu kəndin təhsil tarixində önəmli xidməti olmuşdur. O, uzun müddət Seybətin 8-illik məktəbinin direktoru vəzifəsində çalışmış və Seybətin kəndində Abdulla adlı   bir şəxslə ailə qurmuşdur.

    

 Tofiq Həsənov (Masallı ş., Seybətin k.) - filoloq, pedaqoq, xalq maarifi təşkilatçısı, Qabaqcıl  Maarif Xadimi

 

Xudaverdiyev Əzizulla Seyfulla oğlu 

 


 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirdikdən sonra, BDU-nun  tarix fakültəsini də bitirmişdir. Müzəffərov İlyas Qiyas oğlundan sonra Seybətin məktəbinin direktoru vəzifəsində çalışmış, sonralar Masallı Məhsul İdman Cəmiyyətinin sədri olmuşdur. İdman sahəsində bir sıra xidmətləri vardır.

 

 

Müzəffərov Hadı Məruf oğlu

 

 

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra Seybətin məktəbində dərs hissə müdiri vəzifəsində çalışmışdır. Şairdir,  2 kitabın müəllifidir.

 

Müzəffərov Yusif Qiyas oğlu- Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsini bitirmiş,  I Səmidxan kənd məktəbinin direktoru vəzifəsində çalışmışdır.

 

Seybətinin həkimləri:

Cəfərov YunusMirnağı oğlu

 (1941-2006)   


Seybətin kəndində ilk ali təhsilli həkimdir. Uzun müddət Masallı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə bölməsinə rəhbərlik etmişdir. Yunus həkim imkansız insanları öz maddi vəsaiti hesabına müalicə etdirərdi.

 

Həsənov Əşrəf Mirnağı oğlu (1946-1994) 


 

Azərbaycan Neft-Kimya İnstitutunu bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna daxil olmuş,  sonra isə tibb ixtisası üzrə aspiranturada təhsilini davam etdirmişdir. O,  bəzi imkansızların müalicə olunmasına maddi dəstək göstərmişdir. Dənizdə çimərkən iki nəfərdən birini suda boğulmaqdan xilas etmiş, ikincisini xilas etmək istəyərkən özü də həlak olmuşdur.

 

İsmayılov Mirvahab Sahib oğlu (1947-2020) 

Azərbaycan Tibb İnstitutunu bitirmişdir. Onun müalicə üsulu hətta tibb sahəsində yüksək ixtisaslı mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdir.

 

İbişov Əbülhəsən Abdulhəsən oğlu- (1932-ci il) 

Azərbaycan Tibb İnstitutunu bitirmiş Masallı rayonunun ilk yüksək ixtisaslı həkimlərindən biri  kimi tanınmışdır.

 

  Abdullayev Cavanşir   

Hal-hazırda ali təhsilli həkim gecə-gündüz kənd əhalisinin sağlamlığının keşiyindədir. Cavanşir həkim Mirzəyeva Şəfiqə və uzunömürlü Abdulla kişinin övladlarıdır..

 

      Seybətinin digər tanınmış həkimləri:

Cəfərli qardaşları

Orta məktəbi əla qiymətlərlə bitirmiş Əjdər Cəfərli və Asim Cəfərli qardaşılarının hər ikisi ixtisasca həkimdir.


 

Əjdər Cəfərli hal – hazırda Masallı Rayon Mərkəzi Xəstəxanasında, qardaşı Asim Cəfərli isə Türkiyə Respublikasında bir müddət həkim kimi fəaliyyət göstərdikdən sonra doğma vətənə qayıdıb, Bakıda ixtisası üzrə çalışır. 

Onların bibiləri Elmira Cəfərova 1985-ci ildə Moskva Torpaqşünaslıq Univeristetini fərqlənmə diplomu ilə bitirmiş, hazırda Bakı şəhərində ixtisası üzrə işləyir. 

Əmiləri Hakim Cəfərov Tibb Universitetini bitirib.


 Bakı şəhərində stomotoloq işləyir. 

Babaları Cəfərov Cəfər Əjdər oğlu isə Azərbaycan Pedaqoji Universitetini bitirmiş, uzun müddət müəllim işləmişdir. Əjdər Cəfərli və əmisi oğlu Rasim Hakim oğlu II Qarabağ müharibəsi iştirakçılarıdırlar.

 

Seybətinin din xadimləri:

 

  Şeyx Əsədullah Seyfəddini 

 


1871-ci ildə Seybətində dindar ailəsində dünyaya gəlib. Şeyx Əsədullah Seyfəddini dövrünün tanınmış alimlərindən olmaqla nəinki Azərbaycanda,    hətta Qafqazda tanınırdı.

İlk təhsilini yerli dindarlardan öyrənmişdir. Şeyx Əsədullahın dinə olan maraq və biliyini görən atası onu Molla İbrahimin mədrəsəsində dərs deyən alimlərin yanında qoyur. Beləliklə, dövrün görkəmli alimlərindən dini  dərslərini davam etdirmək üçün Nəcəf-ül- Əşrəfə gedərək ən yüksək dərəcədə dini təhsilə yiyələnmiş ruhani alimlərin elmlərindən bəhrələnir. Şeyx Əsədullah dini elmlərlə yanaşı, dünyəvi elmlərdən fəlsəfəni və riyaziyyatı da mükəmməl mənimsəmişdi. Şeyx Əsədullah 1911-ci ildə müctəhidlik zirvəsinə qədər yüksəlib. Doğma yurduna qayıdandan sonra dini biliklərini təbliğ etməyə başlayaraq   islam elminin təbliği ilə məşğul olmağa başladı. Xalq arasında tezliklə çox böyük nüfuz qazanan Şeyx Əsədullah Sovet hakimiyyəti qurulandan sonra ciddi təzyiq və təqiblərə məruz qalır. Dini ayinlərin icrası zamanı kommunist məmurları tərəfindən həbs edilir. Böyük alim ölümdən qurtulsa da, həbsdən qurtula bilmir. Belə ki, o, 5 il Daşkənddə həbs həyatı yaşayır. Əmlakı müsadirə olunan Şeyx Əsədullah 1943-cü ildə doğma yurduna qayıdır. Lakin, əfsuslar olsun ki, yenə də təzyiqlərdən yaxa qurtara bilmir. Hətta alim öz evində yaşaya bilmir. Qonşu Cəlilabad rayonuna gedərək dini ayinləri ilə məşğul olur.

 İnsanların mənəvi dayağına çevrilən Şeyx İslam dininin bütün ayinlərini çox incəliklə yerinə yetirir. Yoxsullara dayaq olan Şeyx 1956-cı ildə vəfat etdi. Onun qəbri-şərifi Masallı şəhərindəki Təpə qəbristanlığındadır.

 

Onun oğlu Əhədov Səməd Seybətin kəndinin ilk tibb ixtisası üzrə təhsil almış şəxsdir. Uzun müddət Seybətin kəndində tibb məntəqəsinin rəhbəri vəzifəsində çalışmışdır.

 

Mirdamət Ağa 

 

İraqın Nəcəf şəhərində təhsil almışdır. Onun oğlu Mirhüseyn Ağa zonanın ən savadlı və təqvalı ruhanilərindən olmuşdur. Digər oğlu Mirsüleyman ruhani olmuşdur. Mirdamət Ağanın oğlanlarindan biri də Mirələkbər Cəlilabad rayonunda müəllim  işləyirmir.                              

Seybətinin seyidləri

 

Sadıqov Seyidağa Miriş oğlu (1911-1976) 

 

 

Seybətin kəndinin yadda qalan seyidlərindən olmuşdur. Yaşlıların dediyinə görə,  köhnə bazarda yay vaxtı leysan yağış yağan vaxtı Seyid Ağanın camaat başına toplaşaraq kömək istəyib. Seyid Ağanın bir dəfə ayağını yerə vurması ilə o yağışın dayanması haqqında  rəvayətlər var.

 

Atası Miriş kişi haqqında belə  əhvalat rəvayət olunur ki, bir dəfə Həsənli camaatı onun yanına gələrək şor sudan əziyyət çəkdiklərini bildiriblər. Miriş kişi camaatla birlikdə Həsənliyə gedir. Kənddən azca aralı bir yerdə dayanaraq ayağını yerə vurur və qazmalarını bildirir. Şirin su çıxır. Həsənli camaatı uzun müddət bu quyunun suyundan istifadə edir. Adınada Miriş quyusu deyirdilər.

 

Sadıqov Mirənnağı Əhəd oğlu (1889-1969)

 

 

Seyid Mirənnağının 5 cavan oğlu gənc yaşlarında epidemiya səbəbi ilə dünyalarını dəyişmişdir. Həyat yoldaşı Sona xanım Şeyx Əsədullah Seyifəddinin bacısı olub. Bu şəxs Seybətində sözü keçən şəxslərdən olmuşdur. Hal-hazırda Seybətindən Masallıya gedən yol bu şəxsin rəhbərliyi altında çəkilmişdir. Onu da qeyd edək ki, əvvəllər bu yol “Ölü yolu” adı ilə tanınmışdır. Çünki Seybətin kənd camaatı öz vəfat etmiş yaxınlarını həmin yol ilə Masallı Təpəsindəki qəbristanlığa apararmışlar. Yol  Seybətindən rayon mərkəzinə İstil adlandırılan Su anbarının qarşısında qurulan təpənin üstü ilə Dadva kəndindən keçirdi.

Mirənnağı hətta Seybətində iki tayfa arasında olan düşmənçiliyə bir məsləhəti ilə son qoya bilən şəxsiyyətlərdən olmuşdur.

 

                       Seybətinli seyidlərdən daha biri 

 

Miri Mir Teymur oğlu Ələmov 1901-ci ildə Seybətin  kəndində doğulmuş, 1994-cü ildə vəfat etmişdir. O, erkən yaşlarında ikən əvvəl anasını, bir müddət sonra atasını itirmişdir. Əmisi Mir İslam  Rəfiyev onu öz himayəsinə  götürərək, 1927-ci ildə Seybətin kəndində Kürsum adlı bir qızla evləndirmiş, böyük təntənə ilə keçən toy şənliyinə rəhbərlik etmişdir. Yeddi gün davam edən həmin toyda məşhur Qarabağ xanəndələri Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd və Xan Şuşinski iştirak etmişlər.  

 

 

 

Sadıqov Mirəhməd Mirsadıq oğlu (1906-1968)

 

 

 

Möcüzəli seyidlərdən biri də Mirsadıq Ağa və onun oğlu Mirəhməd olublar. Evləri indi də insanların inanc yeri, ocaq (pir) hesab olunur. Burada el arasında “ocaq (pir) deyilən” və xəstələrin şəfa tapdığı səcdəgah var. 

 

  

Səcdəgahda ərəb dilində ocaq (pir) sahibinin adı yazılan tasdan el arasında “çillə” kəsmək üçün istifadə olunur.

 

Kənddə türkəçarə:

 

 

Seybətin kəndində Dəstəgül  adlı qadın da  kəndin tanınmışlarından olub. Bu qadın hətta həkimlərin dərman ilə müalicə edə bilmədiyi xəstələri təbii yolla müalicə etmişdir.   Onun yanına Azərbaycanın ayrı-ayrı rayonlarından xəstələr axışırdı, xəstələri təmənnasız müalicə edən bu qadın həqiqətən də möcüzə idi. Özünün çox kasıb yaşamasına baxmayaraq çəkdiyi əziyyət müqabilində heç kimdən heç bir təmənna etməzdi. Hətta həkimlərə müraciət edəndə ki, sizdən qabaq müalicə üçün bu qadına müraciət etmişəm, həkimlər deyirmiş  ki, əgər bu qadın bu xəstəliyi müalicə edə bilməyibsə, deməli təbabət elmi bu xəstəliyin müqabilində acizdir.

    Seybətin kəndində türkəçarə ilə müalicə edənlərdən biri də Seyid Mirxəlil olmuşdur. Hətta onun qızı Rüqayə də bu işlə məşğul olmuşdur.

 

Seybətin sahibkarları:

 

Sovet hakimiyyəti dağıldıqdan sonra Seybətin kəndinin coğrafi mövqeyi kənd sakinlərinin alverə meyl etməsinə zəmin yaratdı. Bunun əsas səbəbi Seybətin dairəsində Təzə Bazarın tikilməsi  Bakı-Astara yolunun bu kəndin mərkəzindən keçməsi olub.  

 

Nəticədə Seybətin gənclərinin çörək dalınca  başqa yerlərə çıxıb getməsinin qarşısı alındı. Bazarın tikilməsi və insanların bura axını Seybətin dairəsində yeni sahibkarlıq obyektlərinin yaranmasına stimul verdi.

Seybətin sahibkarlarından danışarkən öncə mərhum Allahqulu Zeynalov haqqında yazmamaq olmaz. Bu şəxs kasıb ailənin nümayəndəsi olsa da, halal zəhmətlə kəndin həm mənəvi, həm də maddi cəhətdən ən üstün sahibkarı olub. Mərhum Allahqulu Zeynalov (1952-2011) Seybətin kəndində imkansız ailələrə davamlı yardımlar etmişdir. Hətta Seybətindən kənar imkanı olmayanlara böyük maddi yardımlar etmişdir. Seybətin kəndində ailə qurmaq üçün imkanı olmayanlara öz şəxsi vəsaiti ilə toy etmiş, övladına cehiz verə bilməyən valideynlərə həmin ehtiyacı ödəyəcək qədər vəsait vermişdir. Seybətin kənd qəbristanlığında iki tikilidən birini mərhum Allahqulu Zeynalov öz şəxsi vəsaiti hesabına inşa etdirmişdir. Hətta imkansız ailələrə elə yardımlar edərdi ki, həmin insanlar yardımın kim tərəfindən olunduğunu bilməyiblər. Mərhum Allahqulu Zenyalov toy mərasimlərində çox oturmağı sevməzdi. Amma imkansızların toylarında əvvəldən axıra kimi iştirak edərdi. Hələ indi də Seybətin sakinləri mərhum Allahqulu Zeynalovu çox gözəl təəsüratlarla xatırlayırlar.

Seybətində ən birinci tikilən sahibkarlıq obyekti mərhum Allahqulu Zeynalova məxsus Benzindoldurma məntəqəsi,

 

Hamam,

 


 

“Lanur” şadlıq sarayı,

 

 

Seybətində xüsusi mebel salonlarının tikilməsi mebel sexlərinin fəaliyyət göstərməsinə stimul verdi. Mebel sexlərinin tikilməsi mebel salonlarının açılmasına və  nəticəsində isə Masallı rayonunun mebel sənayesi rayonu kimi tanınmasına səbəb oldu. Kənar rayonlardan mebel alıcılarının rayona axın etməsi bu sahənin sürətlə inkişafına səbəb oldu. Təbii ki, ərazidə yaşayan insanların maddi rifah halı da yaxşılaşdı.

Seybətin kənd ərazisində Fəxrəddin Baxışovun tikdiyi kərpic zavodu Respublikada əhəmiyyətli sənaye obyektlərindən biri kimi tanınır. Kərpic zavodunda hal-hazırda Seybətin və kənar yerlərdən gəlmiş 200-dən çox adam işlə təmin olunmuşdur.

 

Mebel salonlarından Abdullayev Üzeyir Əliəkbər oğluna məxsus, “Xoşbəxt” mebel salonu.

 


 

Süleymanov Mirbəşir Mirhüseyin oğluna məxsus “Sevinc mebel salonu

 


 

Kərimov Hafiz Kərim oğluna məxsus “Nurcan” mebel salonu

 


 

Zeynalov Qurbanəli Sadiq oğluna məxsus “Türkan” mebel salonu və avtoservisi

 


 

Əzizov Qacar İsrail oğluna məxsus “İnci” mebel salonu

 


 

Zeynalov Şərafət Məmmədhəsən oğluna məxsus “Təsərrüfat malları mağazası”

“Embovud” mebel fabrikinə məxsus “Embovud” mebel salonu

 


 

“Perla” mebel salonu

 


 

Əskərov Təhmasib Mirağa oğluna məxsus “Roza” mebel salonu

 


 

Kərimov Hafiz Kərim oğluna məxsus “İlqar Plaza” şadlıq sarayı

 


 

“Qızılgül” uşaq Əyləncə Mərkəzi

 


 

Seybətinin xeyirxah sahibkarlarından biri də Hacı Adəm oğulları ilə tanınan ailənin başçısı Yaqubov Arzuman Adəm oğludur. Ataları mərhum hacı Adəm Seybətin kəndindəki Qala məscidində yerləşən minarəni öz şəxsi vəsaiti hesabına tikdirmişdir. Məscidin tikintisinə böyük maddi yardım göstərmişdir. Mərhum Hacı Adəmin yoldaşı Hacı Xanım adı ilə tanınan qadın dövlətdən aldığı təqaüdü məscidə və imkansız ailələrə sərf edir. Mərhum Hacı Adəm vəfat etdikdən sonra bu ənənəni böyük oğlu Arzuman öz   öhdəsinə götürmüşdür. Seybətin Qala məscidinə gedən asfalt yolun çəkilməsini və işıqlandırılmasını öz vəsaiti hesabına görmüşdür. Seybətin  məktəbinin təmirində istilik sistemini öz şəxsi vəsaiti hesabına çəkdirmişdir. İmkansız ailələrə daim maddi yardımlar edirlər. Seybətin sakinlərindən onların barəsində həmişə xoş sözlər eşidilir. İxtiyarlarında olan sahibkarlıq obyektlərində 30-dan artıq işçi işləyir.


Mir İslam Rəfiyev

Mirislam Mirələm oğlu Rəfiyev (1859-1947) 

 

 

Seybətin kəndinin tanınmış simalarından biridir. Mirislam zil-tenor səsə sahib xanəndə olaraq, nəinki doğma yurdunda, hətta yaxın Şərqdə məşhur xanəndə kimi tanınmışdır. Mirislam Rəfiyevin yüksək istedadı, möhkəm yaddaşı və şairlik məharətinin olması onun xanəndəlik həyatında daha da yüksəlməsinə səbəb olmuşdur. Xanəndənin nəsil şəcərəsini araşdırarkən aydınlaşdı ki, onun ulu babaları (Pirhəsən) İranın Ərdəbil mahalından gələrək Yelağac kəndində məskunlaşmış, sonradan isə oğlanları ilə  Seybətinə köçərək buranın ilk sakinlərindən olmuşdur. Pirhəsən Mirislamın yeddinci babası sayılır. 

     

Seybətin ərazisi əvvəllər yaşayış üçün çətin yerlərdən - kolluqlardan,  cəngəlliklərdən ibarət olmuşdur. Bu ərazilərin böyük hissəsi Mirislamın atası Mirbağıra məxsus olmuşdur. Həmin ərazi xalq arasında “Mirzə Bağır istili” kimi tanınmışdır. Bu istil Seybətin kəndi ilə Dadva kəndi arasında böyük bir ərazini əhatə edirdi. İstilin qarşısında qurulmuş bəndin üstü ilə Seybətin sakinləri Masallıya gedərmişlər. Həmin su anbarında yığılmış qar ərinti sularından Seybətin sakinləri əkinçilikdə, suvarma işlərində və mal-qaranın suvarılmasında istifadə edərdilər. İstilin qarşısında olan bənd 1974-cü ilə kimi mövcud idi və yenə də Mirzə Bağır istili adlanırdı. Həmin bənd Seybətin kəndinin qarşısında Kolat deyilən əraziyə qədər uzanırdı. Sonradan Sovxoz dövründə suvarma işləri üçün istifadə edilən bənd, Viləş çayından çəkilmiş kanallar   səbəbindən dağılmışdır. Lakin kənddən Kolat deyilən əraziyə qədər yerdən bəndin qalıqları hələ də qalmaqdadır. 

Mirislam Rəfiyev Seybətin seyidlərinin  nümayəndəsidir. Mirislam ilk təhsilini mollaxanada almış, yeniyetməlik dövründə ərəb və fars dillərini öyrənmiş, “Qurani-Kərimi” mütaliə etmişdir. Dəyərli  kitablardan bəhrələnərək şeir və qəzəllər yazmışdır. 

 12 yaşında olanda isə Ərdəbil şəhərinə köçmüşdür. İranda 20 ildən artıq yaşamış, fars musiqisinin incəliklərini dərindən öyrənnmiş və İranın mahir ifaçısı kimi şöhrət tapmışdır. Hər il məhərrəm ayında doğma elinə, Seybətinə gəlib imam təziyələrində yaxından iştirak edərmiş. Mirislamın 3 qız övladı olmuşdur. Mirislam Rəfiyev daim öz üzərində çalışmış, xanəndəlik sənətinin incəliklərinə qədər yiyələnmişdir. Deyilənlərə görə, Mirislam İranda hətta Nəsirəddin şahın və digər  şahların  sarayında bir müddət ifaçılıq etmişdir. 

         Gözəl ifaçılıq məharəti ilə şahın rəğbətini qazandığına görə onu Nəcəfül-Əşrəfdə ilahiyyat mərkəzinə oxumağa göndərirlər. Beləliklə, ünü Avropaya qədər yayılmış məşhur ifalarının səsi 1921-ci ildə qrammofon vallarına köçürülür. 

Mirislam Rəfiyevin səs yazısı Azərbaycan Mədəniyyətinin Qızıl Fondunda saxlanılır. 1930-cü illərdə Mirislam doğma vətəninə - Seybətinə dönür. Ömrünün sonuna kimi Seybətində yaşayaraq muğamların, xalq musiqisinin gənc nəslə təbliğ etməklə  keçirir. Mirislam Rəfiyev Bakıda vəfat etmiş, Bibiheybət qəbirstanlığında dəfn olunmuşdur.

Mir İslam Rəfiyev haqqında “Cənubxəbər TV-də jurnalist Zahir Əmənovlaşahın sarayında müğənnilik etmiş masallılı xanəndə” adlı verilişdə yazıçı-publisist Xodaşirin Cəbiyevlə (Cabbari) müsahibənin lingini təqdim edirik: 

 

 

Xanəndə Ağa Faiq Qəfərov

 

  

Azərbaycanın məhşur xanəndələrindən olan Ağa Faiq Qəfərov 1956- cı il fevralın 10- da Seybətin kəndində anadan olmuşdur. 1979- cu ildə ilk dəfə oxumağa başlayıb. Atası Miryusif Qafarov 1953-cü ildə Azərbaycanda keçirilmiş Azərbaycan Muğam festivalının iştirakçısı olmuş, tanınmış sənətkarımız Xan Şuşinski tərəfindən radioqəbuledici ilə mükafatlandırılmışdır. Lakin bu işdə valideynlərinin etirazları ilə üzləşdiyinə görə bu sənəti tərk etmişdir. Ağa Faiq atası Miryusifdən dərs almış və Bakı şəhərində orta ixtisas təhsili alarkən Respublikanın xalq artisti Arif Babayevlə tez- tez  görüşmüş onun məsləhətlərindən bəhrələnmişdir. İlk dəfə 1979- cu ildə xanəndə kimi çıxış etmişdir. Hal-hazırda Ağa Faiq Qafarov Respublikamızda tanınmış xanəndələrdəndir.

     2016-cı ildə Azərbaycan Respublikasında keçirilmiş Mahnı müsabiqəsində   Respublikanın əməkdar artisti mərhum Baloğlan Əşrəfov və Əli Mirəliyev tərəfindən istedadı yüksək qiymətləndirilmişdir. 

 

Seybətin sənətkərları:

 

Hal-hazırda Masallı şəhərində mövcud olan Köhnə hamam usta Məlikməmmədin əl işlərinə bir nümunədir. Başqa memarlıq işlərindən Şərəfə kəndində tikdiyi məsciddə vardır. Oğlu Fazil Böyük Vətən müharibəsi iştirakçısı bir gözünü itirsə də, atasının sənətini davam etdirmişdir. İkinci oğlu Nəzir müharibəyə getmiş, lakin sonrakı taleyi məlum olmamışdır. Amma çox yaxın zamanda məlum olmuşdur ki, müharibədən sağ qayıtmış və sonrakı həyatını Polşada davam etdirmişdir.  

 

Seybətin uzunömürlüləri:

Vəliyullah Əhəd oğlu (Şeyx Əsədullahın qardaşı) - 103 il

Mirnağı Həsənov (həkim Əşrəfin atası) 110 il

Mirnağının atası Həsən kişi 120 il

Hal-hazırda Seybətində həyatda olan uzunömürlülər: Abdullayev Abdulla - 90 yaş (mərhum Mirzəyeva Şəfiqənin həyat yoldaşı)

Abbasova Gülüstan - 93 yaş

Həmidova  Mənsurə Mirsoltan qızı - 92 yaş

Nəsillər:

Ən böyük nəsil Mirmüzəffərlidir. Mirsüleymanlı, 

Mirabbaslı, 

Mirəhmədli, 

Kərbəlayı Musalı, 

Tağılı, 

Nurulu, 

Kərimli, 

Zeynallı, 

Abışdılar nəsilləri də var.

 

Seybətində geoloji tapıntı

 

Bu yaxınlarda su kanalizasiya işləri üçün kanalları qazarkən Seybətin kəndinin cənubunda böyük bir saxsı küp tapılmışdır. Məlum olmuşdur ki, onun içinə insan nəşi qoyularaq dəfn edilmişdir.Həmin saxsı küpün qalıqları Masallı Rayon  Tarix- Diyarşünaslıq Muzeyinə aparılmış, sonradan məlum olumşdur ki, əvvəllər insan nəşinin vəhşi heyvanların təcavüzünə məruz qalmamasından ötrü bu küplərdən istifadə edərmişlər. Küpün içinə qoymalarına baxmayaraq dəfn islam ayinlərinə uyğun icra olunarmış. 

 

Seybətinlə bağlı yazının hazırlanmasında məktəbin direktoru Lətafət xanım Zeynalovaya, kəndin fəalları Mahir Cahangirova və İbrahim Sadıqova  bizə yaxından kömək etdikləri  üçün təşəkkür edirik.

 

Yazının hazırlamasına kömək etmiş Alzaman Baxış və Xodaşirin Cəbiyevə də minnətdarıq.

 

Yazını  hazırladı: Zahir Əmənov

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10