Onlar adlarını bu qoca dünyanın yaddaşına öz qanları ilə yazmış igidlərdir. Bir anadan doğulmasalar da, doğma qardaşdan daha yaxın, ölərkən qanları, cisimləri bir-birinə qarışmış, şücaətləri ilə düşməni belə heyran qoymuş yeddi şəhid, bir qazi oğuldan danışacağıq. 8 qəhrəman barədədir bu dastan.
Hadisə 1997-ci ildə, atəşkəs dövründə baş verib. Düz 26 il əvvəl. Uzun müddət Azərbaycanda çoxlarının onların qəhrəmanlığından xəbəri olmayıb. Hadisə gizlədilib, sirr kimi saxlanılıb. Amma “heç nə unudulmur, heç kim yaddan çıxmır” deyən adam haqlıymış. Onlar da unudulmadılar. 8 oğulun qanı tökülmüş torpaqları ziyarət etmək üçün sübh tezdən yola düşürük Yolumuz Hadrutadır. Yol yoldaşlarımız 8 igidin ailə üzvləri, onlar haqqında “Əbədi yaşayanlar” adlı kitab yazmış jurnalist Jalə Cəfərova, bu igidləri yetişdirmiş komandir, bir zamanlar Xüsusi Təyinatlı Kəşfiyyat Qrupunun N saylı hərbi hissə komandirlik edən, ehtiyatda olan polkovnik Xətai Baxışovdur. Öz dediyinə görə, yetirmələri arasında çoxlu sayda yüksək rütbəli zabitlər var və onlardan biri də general-leytenant Mayis Bərxudarovdur. Səfər zamanı onunla da görüşmək qismət olacaq.
- Güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Azərbaycanda son sutkada koronavirusa YOLUXMA
- Qalmaqallı imtahan sualları ilə bağlı DİM-dən AÇIQLAMA
İlk baxışda dəmir kimi sərt, soyuq görünən bu adam şəhid anaları ilə söhbətdə ipək kimi yumşaq, mülayim olur, hər birinə “anam”, “bacım” deyə müraciət edir. Avtobusa minən şəhid ailələrinin üzvləri bir-birləri ilə yüz ilin doğmaları kimi öpüşüb görüşürlər. Söhbət zamanı məlum olur ki, elə həqiqətən ailə kimidirlər. Bu illər ərzində bir-birləri ilə ovunub, təsəlli tapıb, doğmalaşıblar. Xeyir-şər məclisləri bir olub, qopmayıb, ayrılmayıblar. Dilə asan gəlir, amma 26 il həqiqətən bir igidin ömrüdür. Aramızda 26 yaşlı bir gənc də var. Ləzgi balasıdır. Şəhid leytenant Vüqar Yarəhmədovun yadigarı Vüqar Yarəhmədov. Atası öləndən 6 ay sonra dünyaya gəlib. Onun qanı tökülən torpağı üzünə sürtmək üçün yola çıxıb o da.
26 il öncə olanlar
1997-ci il aprel ayının 7-də Ermənistan ordusunun Azərbaycan torpaqlarında dislokasiya yerlərinin müəyyən edilməsi, düşmənin canlı qüvvəsi, döyüş texnikaları haqqında məlumat toplanması məqsədi ilə Xocavənd rayonu istiqamətində düşmən arxasına 8 nəfərlik bir qrup göndərilir. Leytenant Elxan Ağayev, leytenant Vüqar Yarəhmədov, çavuşlar Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadov və Aqil Əhmədov.
8 gənc döyüşçülərdən ən kiçiyinin 20, ən böyüyünün 24 yaşı vardı. Aralarından yalnız biri evlənmişdi, xanımı hamiləydi.
3 gün düşmən arxasında meşələrlə, dağlarla dərələrlə yol gedib məlumat toplamışdılar. Düşmənlə təmas xəttindən təxminən 40-50 kilometr irəli keçilmişdi. Gözəgörünməz olmalıydılar. Bu onların ilk tapşırığı deyildi. Həmişə tapşırığı yüksək səviyyədə yerinə yetirib geri gəlmişdilər. O gün isə mərhəmətlərinin qurbanı oldular. Geri dönərkən qoca bir erməni qadın görmüşdü onları. Meşədə giləmeyvə yığırmış. Öldürməliydilər, lakin qadına əlləri qalxmamışdı. Və mərhəmət etdikləri o qarı bir qrup kəşfiyyatçı gördüyünü xəbər verir, düşmən böyük silahlı dəstələrlə kəşfiyyatçıların axtarışına çıxır.
Polkovnik Xətai Baxışovun Lent.az-a danışdıqlarından:
“Bu igidləri mən yetişdirmişdim, döyüş tapşırığına da mən göndərmişdim. Yerləri aşkarlandıqdan sonra düz üç gün onlar ermənilərin mühasirəsində müxtəlif manevrlər edərək döyüşdülər. Ermənilərin mövqelərinə ciddi zərbələr vururdular. Təmas xəttinə ermənilərin danışıqlarını izləmək məqsədi ilə radio danışıqları tuta bilən xüsusi cihaz aparmışdıq. Baş verənlərdən xəbərdar idik. Lakin müdaxilə etmək mümkün deyildi. Dövr atəşkəs dövrüydü. Kəşfiyyatçılarımız özləri vəziyyətdən çıxmalı idilər. Onlar düşmənlə qeyri-bərabər döyüşə girib, son güllələrinə qədər igidliklə vuruşdular. Döyüş zamanı Aqil Əhmədov çox ağır yaralanıb huşunu itirir. Yoldaşları öldüyünü düşünürdülər. Onu təndirin içində gizlədirlər ki, döyüş bitincə gəlib götürsünlər. Aqili gizlətdikləri yerdən təxminən yarım kilometr uzaqda mühasirə halqası daralır, sursatları bitir. Düşmən təslim olmağı tələb edir. Lakin oğullarımız ölümü seçirlər. Qucaqlaşıb, əllərində olan tək qumbara ilə özlərini partladırlar. Bu şəkildə ölümə atılmanın dünya döyüş tarixində analoqu yoxdur. Hətta ermənilər özləri belə bizim əsgərlərin hərəkətindən heyrətə düşmüşdülər. Qəribədir ki, düşmən sona qədər böyük igidlik göstərərək, vuruşmuş oğullarımızı ehtiramla dəfn edib, meyitlərini təhqir etməyib. Sonrakı dövrlərdə öz əsgərlərini bizim şəhidlərin Hadrut ərazisindəki məzarları üstünə gətirərək, onları nümunə göstəriblər”.
Hadisələrin tək şahidi Aqil Əhmədov gözünü açanda özünü düşmənlərin əhatəsində görüb. Dostlarının məzarı başında o günləri gözləri dola-dola xatırlayır: “Ağlımız kəsmirdi, igidlik nədir. Bir onu bilirdik ki, getməliyik, tapşırığa əməl etməliyik. Cavan idik. Qanımız dəli axırdı. İstəyirdik Vətən üçün nələrsə edək, özümüzü göstərək. Əsirlikdə olanda düşmən zabitləri məndən tez-tez soruşurdular ki, sizə hərbi xidmətdə necə dərs deyirlər, nə öyrədirlər ki, o oğlanlar elə qucaqlaşıb özlərini partladıblar? Yaşamağı da seçə bilərdilər. Cavab verə bilmirdim. 20 yaşım var idi onda. 21 yaşım əsirlikdə tamam oldu. Ağlım başqa şey kəsmirdi. Vətən üçün ölmək lazımdırsa ölməlisən. Bu qədər. Əsla düşünmürdük ki, biz ölsək, ailələrimiz nə edəcək?”.
“Ölən kəşfiyyatçılara ehtiram göstərən düşmən sağ qalan əsirlə necə davrandı, işgəncə verdi?” - deyə soruşuram.
Aqil qızarır, üzünü şəhid bulağı başında ağı deyən analardan birinə çevirir və pıçıldayr.
“Onlar 7 oğul itiriblər, mən çəkdiyim işgəncələrdən danışsam, ayıb olmazmı? İncitdilər. 2 dəfə əməliyyat etmişdilər məni. Birində huşsuz idim, xəbərim olmayıb. İkinci dəfə keyidici dərman vurmadan qarnımı yarıb bağırsaqlarımı tikirdilər. Qəsdən incidirdilər. Deyirdim, insan deyilsinizmi? Bir dəfəlik öldürün. Məhkəməm olmuşdu, ölümə məhkum eləmişdilər. Hər dəfə saxlanıldığım kameranın qapısı açılanda düşünürdüm ki, öldürməyə aparırlar. Verilən işgəncələr sağlığıma zərbələr vurdu. Bəlkə gələn il bura, qardaşlarımın qanı tökülən yerə gələ bilmədim heç. Amma boş şeydir. Bir istəyim var, onlar unudulmasın. Qazini də unutmaq olar, müharibə iştirakçısını da. Amma şəhidlər unudulmamalıdır ” - deyir.
Bu döyüşlərdən sonrakı 6 ay ərzində ailələr itkin düşmüş oğulları barədə xəbər ala bilmirlər. Hadisə atəşkəs dövründə baş verdiyi üçün məsələ ictimaiyyətə açıqlanmır. Lakin dövlət səviyyəsində sağ qalan Aqilin geri alınması və şəhidlərin cəsədlərinin geri alınması üçün danışıqlar aparılır.
Hadisədən altı ay sonra, oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin səyi nəticəsində şəhidlərimizin cəsədləri erməni əsgərlərin cəsədləri ilə dəyişdirilir. Oktyabrın 16-da onların nəşi Bakıya gətirilir və II Şəhidlər Xiyabanında yan-yana dəfn edilir. 1998-ci ilin iyun ayında həlak olan 7 şəhid "Azərbaycan Bayrağı ordeni" ilə təltif edilib.
Aqildən isə uzun müddət xəbər almaq olmur. Hamı onu ölmüş bilirdi. Ermənilər özləri hadisəni ictimailəşdirincə, 23 ay əsirlikdə qalmış Aqil beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə Vətənə xəbər göndərə bilir. Prezident Heydər Əliyevin səyləri nəticəsində o iki cəsədi və bir canlı əsirlə dəyişdirilərək, geri alınır. Döndükdən sonra Aqilin yaxınları bu hadisələr barədə jurnalist, QHT rəhbəri Jalə Cəfərovaya danışırlar. Jalə xanım şəhid ailələri ilə yaxından tanış olub onlar haqqında kitab yazır, musiqi bəstələyir. Sonrakı illərdə “8 oğul istərəm” adlı sənədli film də çəkilir.
Hadruta çatırıq. Onların döyüşdüyü əraziyə maşınla getmək imkansızdır. Bir kilometrə qədər məsafəni piyada gedirik. Qoşa çinarların altında xatirələrini əbədiləşdirmək üçün xatirə bulağı tikilib, əvvəlki məzarlarının yerində simvolik bir məzarlıq yaradılıb. Şəhidlərin ailələri təkcə bu məzarlara yox onların qanları çilənmiş hər yerə qərənfillər düzürlər. Dinarın yol boyu gözlərini bir nöqtəyə dikib, susan, sanki bu dünyada deyilmiş kimi hər şeyə laqeyd nəzərlərlə baxan qoca anası çinarların dibinə çatınca dilə gəlir, ağı deyir.
Bu dağlar ulu dağlar
Çeşməli sulu dağlar
Burda oğullar ölmüş
Göy kişnər bulud ağlar...
O, Dinarın qarda geyinilən ağ rəngli “masxalatını” (qarda geyinilən kamuflyaj paltarı) qoruyub saxlayıb. Oğlunun iyi getməsin deyə yumayıb da. Vəsiyyət edib ki, öləndə kəfən əvəzinə o xalata büküb dəfn etsinlər.
Şəhid Fariz Cavadovun qardaşı Eyvaz Cavadov: “Orta məktəbi qurtarıb əsgər getmişdi. İdmançı görünüşlü, qıvraq oğlan idi. 3 il 7 ay qulluq elədi. Mayis Bərxudarovun komandanlığı altında xidmət eləmişdi. Həmişə onun haqqında komandirlərindən, yoldaşlarından yaxşı sözlər eşidirdik”.
Şəhid leytenant Elxan Ağayevin qardaşı İlham Ağayev: “Elxan düşdüyü kampaniyaların ürəyi idi. Şən, deyən-gülən, zarafatcıl oğlan idi. Özü könüllü yazılmışdı cəbhəyə. 19 yaşı vardı onda. Laçında, Ağdərənin alınmasında iştirak etmişdi. 1995-ci ildə Türkiyəyə komando məktəbinə getdi. Leytenant rütbəsi aldı, rota komandiri oldu. O Vətən üçün ölümə igidlik kimi yox, adi vəzifə kimi baxırdı”.
Vüqar Yarəhmədov: Mən atamı xatırlamıram. Bir onu bilirəm ki, onun adı mənim ömür yolumu şərəfləndirib. Atamın şəhadətindən 6 ay sonra dünyaya gəlmişəm. Bu gözəl insanla tanış ola bilmədim, amma onunla ömrüm boyu qürur duydum.
Şəhid Anar Rzayevin anası Ziyafət xanım: “Uşaq vaxtı bir az qorxaq uşaq idi. Bu otaqdan o otağa keçməyə qorxardı. Amma əsgərliyə gedincə çox dəyişdi. Onun böyüyüb qəhrəman olacağını haradan biləydim. Zarafatla deyirdi ki, daha sizin yox, Yaşmanın oğluyam. Oğlum şəhid olanda 42 yaşım var idi. Böyük vəzifəli generallar gəlmişdi qapımıza. Əyilib əlimdən öpdülər. Elə cəsur oğlum olduğuna görə. Qəhrəman olmaq üçün şərait lazım imiş. Anar o şəraitdən istifadə elədi”.
Şəhid Dinar Mustafayevin bacısı: “Biz öncələr ancaq Dinarın itkisini düşünürdük. Buna faciə kimi baxırdıq. Amma dağları yaxşı görmək üçün onun dibinə gəlmək yox, uzaqda dayanmaq lazımdır. Müəyyən zaman keçəndən sonra anladıq ki, necə bir qəhrəman çıxıb bizim evimizdən. Yanımızdaykən biz qardaşımızı tanımamışıq. Ölümündən sonra yenidən tanış olduq”.
Bu gün bu igidlərin ailələrinin yalnız bir istəkləri var. Onların adlarının əbədiləşdirilməsi üçün xatirə kompleksinin yaradılmasını və ya Bakıda hansısa bağın, parkın onların adını daşımasını istəyirlər. Əslində düşmənin belə nümunə götürdüyü bu hadisəni dərsliklərimizə salmaq, daha geniş işıqlandırmaq, çox gözəl bədii film çəkmək olar.
Hər dəfə qəhrəmanlardan söz düşəndə Koroğlu deyirik, Babək deyirik. Amma əsrlər sonra Azərbaycan tarixi onlardan da igid, onlardan da ürəkli oğullar yetişdirib. Gələcəkdə igid oğul deyəndə gənclərimizin Anar, Dinar, Vüqar, Aqşin, Elxan, Nizami, Fariz, Aqil demələri üçün biz bu dastanı nəsildən - nəsilə ötürməyə borcluyuq.