Artur Şopenhauerin çox kitab oxumaqla bağlı fikirlərini təqdim edirik.
"Oxumaq, Yazmaq və Yaşamaq haqqında" kitabından
Oxuduqca sanki başqa bir insan bizim yerimizə düşünür. Biz sadəcə onun zehni prosesini izləyirik. Necə ki, yazmağı öyrənəndə şagird müəllimin qələmlə çəkdiyi xətləri izləyir, oxuyarkən də belədir, düşüncə işlərinin çoxu artıq bizim üçün edilir və proses bununla da yekunlaşır.
Odur ki, öz düşüncələrimizlə məşğul olduqdan sonra əlimizə kitab almaq həmişə bizə rahatlıq verir, amma biz oxuyarkən zehnimiz başqasının düşüncələri üçün oyun meydançasından başqa bir şeyə çevrilmir. Axırda hamısı bizi tərk edir, bəs geriyə nə qalır?
Çox oxuyan, yəni demək olar ki, bütün gün boyu bunu edən insan get-gedə düşünmək qabiliyyətini itirir. Necə ki, atdan enməyən adam axırda yeriməyi unudur, bax bu da belədir. Bir çox savadlı insanın vəziyyəti bundan elə də fərqlənmir: oxumaq onları yavaş-yavaş axmaq edir. Çünki hər boş vaxtda oxumaq və davamlı olaraq oxumaq zehni dəhşətli dərəcədə iflicedici təsirə məruz qoyur.
Necə ki, yad cismin ağırlığı üzərindən heç vaxt əskik olmayan polad yay axırda elastikliyini itirir; başqasının düşüncələrinin basqısını və ya təzyiq elementi kimi mövcudluğunu saxlayan ağıl da atrofiyaya düçar olur, itiliyi yox olur.
Dayanmadan yemək yeyən insanın mədəsi pozulur və bununla da, o, bütün bədəninə xəsarət yetirir. Düşüncə materialı ilə həddindən artıq qidalanan, dolan ağıl da boğulur, zədələnir. İnsan nə qədər çox oxuyursa, oxuduqlarının zehnində izləri qaçılmaz dərəcədə azalır.
Ağıl üzərində yazıların təkrar-təkrar yazıldığı lövhəyə bənzəyir.
Dərin-dərin düşünməyə vaxt olmur, oxunulan materiallar isə ancaq təfəkkürlə həzm olunur, necə ki, yediyimiz yemək bizi yediyimiz vaxt deyil, həzm prosesi başladıqda qidalandırır. İnsan düşünmədən, təfəkkür etmədən davamlı olaraq oxuyarsa, oxuduqları beynində kök salmaz. Əksəriyyəti itib gedər. Həqiqətən, bizim bədən qidamızla zehni qidamız arasında vəziyyət təxminən eynidir: insanın yediyi qidanın yalnız beşdə biri həzm olunur, qalan hissəsi buxarlanma, tərləmə və s. şəkildə yox olub gedir.
Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, kağız üzərindəki düşüncələr sahildəki ayaq izlərindən heç də fərqlənmir:
Düzdür, adamın getdiyi yolu öyrənirsən, amma yolda nə gördüyünü bilmək üçün sənə onun gözləri lazımdır./kulis az