Binəqədi rayonu, tək küçəsi olan Sulutəpə qəsəbəsindəyik.
Bu qəsəbədə sağa da dönsən, sola dönsən də, aşağı və ya yuxarı getsən də Ruslan Allahverdiyev küçəsinə çıxırsan.
Burada yaşayan sakinlər təcili yardım çağırdıqda qəsəbənin girişinə gedib onu qarşılamağa məcbur olurlar.
Qəsəbənin özü boydadır Ruslan Allahverdiyev küçəsi...
O qəsəbənin ki, əhalisinin sayı az qala 100 minə çatır. Burda son illərdə azı 30 min ev tikilib. Və ən dəhşətlisi odur ki, bu evlərin heç birinin sənədi yoxdur.
Lent.az olaraq yolumuzu Sulutəpədən saldıq.
İlk qarşılaşdığımız dar, tozlu və indiyədək asfalt üzü görməyən küçələrdir. Lap yadımızdan çıxmışdı küçələr yox, küçə. Dedik axı, bu qəsəbə bir küçədən ibarətdir.
Bu küçədə nəinki yol, demək olar ki, başdan-ayağa hər şey problemlidir. Yolların qəzalı vəziyyətdə olması isə ətrafda yaşayan sakinləri cana-boğaza yığıb. Yol kənarındakı zibil qabları isə başlı-başına qalan Ruslan Allahverdiyev küçəsini daha pis vəziyyətə salıb. Küçənin giriş hissəsindən, Xocahəsən istiqamətinə qədər olan bütün yollar isə heç gediləsi deyil.
Dərin çalalar nəqliyyatın hərəkətinə mane olmaqla yanaşı, tez-tez onları sıradan çıxarır.
Qəsəbə sakini Xətai Məmmədov bildirir ki, Ruslan Allahverdiyev küçəsinə axırıncı dəfə 10 il bundan əvvəl asfalt çəkilib:
“Heç bir maşın bu küçəyə girə bilmir. Yollar bərbad vəziyyətdədir. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, ərizə vermişik. Lakin heç kim bizim şikayətlərimizi nəzərə almır. Qışda, yağış yağanda lap acınacaqlı vəziyyətdə olur. Uşaqlar məktəbə, sakinlər də işə gedib gələ bilmirlər. Avtobusun intervalı guya 10 dəqiqədir. Yollar bərbad vəziyyətdədir deyə avtobuslar 30-40 dəqiqədən bir işləyir. Biz artıq bilmirik ki, dərdimizi kimə deyək. İmkanı olanlar öz evinin qabağına daşla yol çəkir. İmkanı olmayanlar da elə bu yollarda yıxıla-yıxıla gedir gəlir”.
Qəsəbənin kanalizasiya sistemi olmadığından evlərdən çıxan çirkab sular yola tökülür. Üfunət qoxan kanalizasiya suları bir tərəfdən, yollara atılan zibillər isə digər tərəfdən ətrafda antisanitar vəziyyət yaradır.
Sakinlər deyir ki, atılan zibillərə itlər yığışır ki, onlar da məktəbə, bağçaya gedən uşaqlara hücum edirlər.
Qəsəbə sakini Eldəniz İsrafilov yolların bərbad vəziyyətdə olmasından şikayətlənir:
“İstər qış olsun, istərsə də yay fərqi yoxdur. Yollar daim bu vəziyyətdədir. Taksi sifariş edəndə ləğv edirlər. Heç bir taksi bura gəlmir. Uşaqlar məktəbə gedib gələ bilmir. Küçənin səkisi yoxdur. Mənim uşağım məktəbə gedəndə bəlkə yolda başına bir hadisə gələr deyə narahat qalıram. Kiminsə halı pisləşəndə təcili yardım gəlib çıxa bilmir. Küçə o qədər böyükdür ki, təcili yardım ünvanı tapa bilmir. Bizim 6 şəhidimiz var. Heç olmasa, bu küçənin bəzi yerlərinə onların adını verərdilər”.
Küçəni gəzdikcə yolda qəribə bir məqam diqqətimizi çəkdi. Belə ki, sakinlər kanalizasiya quyusunun yanına böyük bir daş və ağac budağı qoyublar.
Həmin ərazidə yaşayan sakinlərdən bunun səbəbini soruşduq. Onlar bildirdilər ki, kanalizasiya quyusu qəzalı vəziyyətdədir, daşla ağac budağı avtobus və yaxud maşınların üzərindən keçməməsi üçün qoyulub.
Çala-çuxurlu, çirkab su basmış bu küçədə insan özünü minalanmış ərazidə gəzdiyini hiss edir.
Bu böyük küçəni gəzməklə qurtarmaq olmaz...
Biraz yol qət etdikdən sonra asfaltlı yola gəlib çıxdıq.
Maraqlı məqamlardan biri də odur ki, daşlı, çınqıllı bu küçənin sadəcə kiçik bir hissəsi asfaltlıdır.
Yolun kənarında oturan yaşlı qadına yaxınlaşıb, bunun səbəbini soruşduq.
Qəsəbə sakini Minarə Həsənova bildirdi ki, burda şəhid ailəsi yaşayır:
“Burada yaşayan bir balamız vardı, şəhid oldu. Onun şərəfinə bu küçənin bir hissəsi asfaltladılar. Amma küçənin çox pis vəziyyətdə olan yerləri var. Buranı da düzəltməyəcəkdilər. Vəzifəli şəxslər gəlir deyə təmir etdilər”.
Yaşlı qadının yanından ayrılıb, yolumuza davam etdik.
Ətrafda toplaşan insanların söhbəti bizi dayandırdı.
“Yenə çəkməyə gəliblər. Neçənci dəfədir Allah bilir. Görəsən bu səfər yollar düzələr?”
Az getdik, uz getdik nəhayət gəlib çıxdıq ən qəribə problemə...
Problemlərlə dolub daşan bu məhəllənin bir hissəsindəki partlamış su borusundan 2 ildən çoxdur ki, dayanmadan su axır. Hə, bildiyiniz təmiz, içməli su.
Qəsəbə sakini Yaşar Kərimov deyir ki, 3 il bundan əvvəl “Azərsu” ASC-nin əməkdaşları buraya su çəkib:
“Vaxtilə bu suyu çəkəndə küçədəki hər ailədən 300 manat pul aldılar. Daha sonra isə su borusu partladı. İki ildən çoxdur ki, bu borudan küçə boyu su axır. Biz dəfələrlə şikayət etmişik. Deyirlər ki, gəlib baxacağıq. Lakin heç kimdən səs-soraq yoxdur. Bu su qanunsuz şəkildə kiminsə həyətində axsa, həmin dəqiqə gəlib cəriməliyərlər. İnsanlara suya israfçılıq etməməyi deyirlər. Bəs, bu israfçılıq deyil? Biz artıq “Azərsu”ya ərizə verməkdən utanırıq. Burada yaşayan sakinlər artıq bu problemlərdən bezib. Elə bir vəziyyətdəyik ki, bir çox ailə evini satıb buradan çıxıb getmək istəyir. Suyun qıt olduğu bu zamanlarda belə israfçılıq əslində cinayətdir”.
Su borusu partlayan əraziyə xeyli nəzər saldıq.
Burada heç uşaqların oynaması üçün yer də yoxdur.
Qəsəbənin balaca sakini 6 yaşlı Bahar Hümbətova məhlədə heç bir uşağın olmadığını deyir:
“Anam mənə küçədə oynamağa icazə vermir. Ancaq həyətdə oynayıram. Burada mənimlə oynayan uşaq yoxdur".
Küçədə sakinləri qorxudan əsas problem yararsız neft buruğudur.
Sakinlər bildirirlər ki, dəfələrlə həm bələdiyyəyə, həm də aidiyyəti qurumlara şikayət edilib. 5-6 il bundan əvvəl gəlib baxış keçirilib, neft buruğunu dörd tərəfdən yerə betonla bərkidilib. Lakin bərkidilən beton da günü-gündən çökür.
İnsanı təəssüfləndirən də elə budur. Neft ölkəsində yaşayasan, amma yarasız və qəzalı olan bu neft buruğu ilə bağlı heç bir tədbir görməyəsən.
Əslində siz bu qəsəbəni uzaqdan da olsa, Bakı-Sumqayıt yolundan görürsünüz. Dağların döşü ilə uzanmış xaotik, nizamsız yaşayış evlərindən ibarət bir qəsəbə. Amma dağların o biri tərəfində də bir Sulutəpə var, bilirdinizmi? Biz ora da getdik. Sahibsiz itlərin, tülkülərin, çaqqalların oylağı olan bir Sulutəpədir, Bakı qəsəbəsidir bura.
Bu yerlərdə nə su var, nə də qaz. Amma illərdir ki, orada insanlar yaşayır. Siz, Bakıda odun sobası ilə qızdırılanb ev təsəvvür edirsinizmi? Bəs, susuz çöllü-biyabanda yaşayan insanlkar necə? Bax, gələn yazımız onlar barədə olacaq.
Lent.az-da qalın.
FOTO: İlkin Nəbiyev
Lent.az