Bakıda gözdən iraqda, görənləri heyran edən maraqlı bir heykəl varmış. Sorağını alıb, onu görmək üçün üz tutduq Buzovnaya. Dedilər bu heykəl Buzovnada 1 nömrəli psixonevroloji xidmət müəssisəsinin qonşuluğunda bir həyətdə quraşdırılıb. Biz də eləmədik tənbəllik, axtara- axtara, soraqlaşa - soraqlaşa gedib çıxdıq həmin ünvana.
Yola çıxanda hava dumanlı idi. Buzovnaya çatana qədər çiskini güclü yağış əvəz elədi, bizim axtarışında olduğumuz kompozisiya Buzovnanın ucqar bir köşəsində, gözdən - könüldən uzaq bir yerdə quraşdırılıb. Bilmirəm çiskinli, yağışlı havanın gətirdiyi kədər idi bu, yoxsa psixonevroloji xəstəxananın aurasından idi, insanı kədər, hüzn bürüyürdü. Ətrafda heç kim gözə dəymirdi. Haqqında eşitdiyimiz o kompozisiya da yalqız dayanıb, üzünü göylərə tutaraq, Tanrıyla söhbət edirdi sanki.
Dəmir konstruksiya və kəndirlərdən hörülərək toxunmuş bu abidə üzü göylərə baxan, saçlarını geriyə atmış qadın başı şəklində hazırlanıb. Əgər nəzərdə tutulduğu qaydada işlək vəziyyətdə olsaydı göylərə baxan bu qadının gözlərindən yaş axmalı, saçları isə şəlaləyə çevrilməliydi.
Hazırlanarkən məramı başqa olsa da, insanların ona qoyduğu ad bu abidənin taleyinə çevrilib. Unudulub. Bizə dedilər adı “Unudulan qadın”dır. Elə ona görə gözlərindən yaş sel olub axır.
“Unudulan qadın” heykəlinin hündürlüyü 12 metr, eni 5 metr, çəkisi 8 tondur. Heykəli hazırlayan şəxs peşəkar heykəltəraş deyil, həvəskardı. Adı da Davud. Özünü çox axtarsaq da tapa bilmədik. Yaxınlıqda yaşayan sakinlərdən biri dedi ki, Davud bu heykəli 2017-ci ildə hazırlayıb. Dediyinə görə internetdə baxıb, görüb. Belə bir kompozisiya Tayvanda da varmış, hər gün onu görməyə yüzlərlə turist gəlirmiş. Davud gördüyü o heykəldən ilhamlanaraq, heç kimin köməyi olmadan tək işləyib.
Kompozisiya xüsusi təklif əsasında hazırlansa da, sifarişçi sona yaxın maliyyəni dayandırıb, işlər yarımçıq qalıb.
İlkin layihəyə əsasən, heykəlin boğaz hissəsində yerləşən motorlar yerləşdiyi hovuzdan suyu alıb yuxarı ötürməli, unudulan qadının gözlərindən göz yaşları süzülməli, saçları isə şəlaləyə çevrilməliydi.
Kompozisiyanın öncə şəhərin mənzərəli bir yerində quraşdırılması nəzərdə tutulsa da, sonradan heç kimə lazım olmayıb. Davud usta əl işini yaxınlıqdakı psixonevroloji mərkəzin həyətində bir kənarda quraşdırmalı olub. Əməyinə çox heyfi gəlir. Deyir hər gün bir neçə adam gəlib, baxıb gedir. Maraqlı bir yerdə bulvarda, dəniz sahilində quraşdırılsaydı, tamamlansaydı, daha çox diqqət çəkərdi. Heykəli görmək üçün hətta Gürcüstandan da turistlər gəlib, baxıb şəkillərini çəkib gediblər.
Psixonevroloji mərkəzin həyətində çoxlu maraqlı kompozisiyalar quraşdırılıb, “Unudulan qadın” da dönüb olub onlardan birisi. Amma indi “Unudulan qadın” dönüb olub saçları yolunmuş qadın. Xəstələr “saçlarını” didib dağıdıblar, özü də qərib, yetim bir görkəm alıb. Kompozisiyanı fərqli bir formaya salıblar. Yanında buz dağlarını andıran dəmir “aysberqlər” və pinqivinlər kədərli bir mənzərə yaradır. Qadın dəyərini bilənlərin yanında gözəlləşir, bilməyənlərin yanında isə, indi olduğu kimi saçları yolunur. Susuz qalmış çiçəyə dönür, solur quruyur. Eynən “Unudulan qadın “ kimi.
Davud ustanın bu əl işi abadlaşdırılsa, şəhərin içində, dəniz kənarında və ya abad bir parkda quraşdırılsa, yəqin ki, maraqla qarşılanardı. Hər il minlərlə turist Gürcüstana “Əli və Nino” kompozisiyasını görmək üçün gedir. Biz də belə bir addım ata, gözəllikdən həm zövq ala, həm də qazanc götürə bilərdik, amma eləmirik.