Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Türkiyədə görməli olduğumuz böyük rəsm: Bu ağır yükü Ərdoğandan başqa kim daşıya bilər?

Təxminən iki ay kimi qısa bir müddətdən sonra Türkiyədə Prezident və Parlament seçkilərinin keçirilməsi gözlənilir. Bu seçki Türkiyə tarixinin şübhəsiz ki, ən önəmli seçkiləridir və bu səbəbdən də istər Türkiyədə, istərsə də bütün dünyada, o cümlədən Azərbaycanda heç vaxt olmadığı qədər çox ciddi müzakirə mövzusudur. Mövcud vəziyyət haqlı olaraq belə bir sual doğurur; Bu seçkilər nədən bu qədər önəmlidir və niyə çox geniş bir coğrafiyada qızğın bir şəkildə müzakirə olunur?

Bu sualın cavabını aramaq, böyük rəsmi görmək üçün bir az geridən başlamaq daha doğru olar. Altı yüz illik Osmanlı imperiyasının qalıqları üzərində qurulan Türkiyə Respublikası təxminən 80 il öz evindən kənara heç vaxt boylanmadı (Kipr hadisələri burada müəyyən istisna təşkil edə bilər, lakin “Kipr Türkiyənin hər zaman daxili məsələsi oldu” demək də yanlış olmaz), nəinki dünyada, hətta bölgəsində baş verən çox ciddi proseslərə belə müdaxilə etmək həvəsinə düşmədi və ya buna icazə verilmədi. Qərbin, xüsusən də ABŞ-ın yönləndirmələri ilə ölkənin hərəkət istiqamətləri müəyyənləşdirildi.

Türkiyə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan bir ölkə statusunda olmalı və hər zaman Qərb məhsulları üçün açıq bazar olmaqda davam etməli idi. Bu səbəbdən də bəzi yüngül sənaye sahələri istisna olmaqla sənaye müəssisələrinin, xüsusilə də silah sənayesinin inkişafına heç vaxt icazə verilmədi. Uzun müddət davam edən bu vəziyyətin dəyişdirilməsinə bəzi hallarda cəhdlər edilsə də, qarşısı sərt şəkildə alındı. Daha aydınlatıcı olmaq üçün bu cəhdlərdən bir neçəsinə qısaca nəzər salaq.

Dövrünün ən zəngin və vətənpərvər iş adamlarından biri olan Nuri Dəmirağ Türkiyənin xaricdən asılılığını aradan qaldırmaq üçün ilk dəfə təyyarə zavodu qurdu və istehsala başladı. Eyni zamanda pilot məktəbləri açdı və yüzlərlə pilot hazırladı. Lakin 1938-ci ildə yoxlama uçuşu zamanı pistdə “biriləri” tərəfindən qazılmış xəndəyə düşən təyyarə qəzaya uğrayır və bu bəhanə ilə dövlət onun təyyarələrini almaqdan imtina edir. Nəticədə təyyarə zavodu bağlanaraq soba zavoduna çevrilir.

NİDA TƏHLİL

Nuri Killigil ( Nuru Paşa) 1938-ci ildə silah zavodu qurdu və müxtəlif silahların istehsalına başladı. Yenə də çox keçmədən silah zavodunda baş verən müəmmalı bir partlayış nəticəsində Nuru Paşa başda olmaqla 27 nəfər həlak oldu və həyati əhəmiyyətli bu layihələr dayandırıldı.

Türkiyənin ilk yerli avtomobili olan “DEVRİM” 1961-ci ildə istehsal olundu və yenə də təqdimat zamanı avtomobilin çəninə benzin tökmək “biriləri” tərəfindən unuduldu. Avtomobil yüz metr getdikdən sonra benzini olmadığı üçün dayandı və bununla da istehsala son verildi.

Bu qeyd etdiyim üç hadisənin heç biri təsadüf deyildi və Türkiyədə iqtisadi və siyasi müstəqilliyə doğru addım atılmasına icazə verilməyəcəyini göstərirdi. Eyni zamanda Türkiyənin Baş Naziri Adnan Menderesin edam edilməsi və mütəmadi olaraq hərbi çevrilişlərin təşkil olunması bu kimi cəhdlərin qarşısının ən sərt şəkildə alınacağının da nümayişkaranə elanı idi.

Bir ölkənin istehsal müəssisələri yetərli və rəqabətədavamlı deyilsə, ağır sənayesi qurulmamışsa, silah sənayesi yoxdursa və ordusunun silah tələbatının 90 faizə qədərini xaricdən təmin edirsə, o ölkənin müstəqilliyindən danışmaq da mümkün görünmür. Çünki “istehsal, müstəqil iqtisadi güc tam mənası ilə siyasi müstəqilliyin əsasıdır” desək, yəqin ki, yanılmarıq.

Birinci Qarabağ müharibəsində Kəlbəcərin işğalı ərəfəsində mülki əhalinin çıxarılması məqsədilə Azərbaycanın israrlı tələblərinə baxmayaraq Türkiyə tərəfindən bizə helikopterlərin verilməməsi, əsaslı yardımların göstərilməməsi hamımızın xatirindədir. Bu, təkcə o zamankı Türkiyə hakimiyyətinin qətiyyətsizliyi, səbatsızlığı ilə izah oluna bilməz. Çünki Türkiyəyə, həmin dövrdə PKK terroruna qarşı apardığı mübarizədə belə bir çox hallarda Qərbdən aldığı silahlardan (Qərb silahlarından tam asılı olan Türkiyəyə adətən məhdud sayda və köhnə nəsil silahlar verilirdi) istifadəyə icazə verilmirdi və bu səbəbdən də böyük çətinliklərlə, itkilərlə qarşılaşırdı. Yəni Türkiyənin müstəqil qərar vermək, regionda baş verən proseslərə müdaxilə etmək və lazım olanda maraqlarını müdafiə etmək imkanları yox idi və ya çox məhdud idi. Əsasən bu səbəbdən və Rusiyadan çəkindiyi üçün Türkiyə həmin dövrdə Azərbaycanın tələbinə müsbət cavab verə bilmədi.

Ümumiləşdirsək, başda Türkiyə olmaqla bütün müsəlman ölkələri rəsmi olaraq müstəqil ölkə statusu daşısalar da, əslində Qərbin bütün maraqlarını təmin edən, tələblərini yerinə yetirən vassal ölkələrdən başqa bir şey deyildilər. Bu asılılıq qırmızı xətt idi və ona toxunmağı düşünmək belə qadağan idi. Bu qırmızı xətt yuxarıda qeyd edilən bəzi uğursuz cəhdlərə baxmayaraq son 20 ilə qədər, yəni Rəcəb Tayyip Ərdoğana qədər heç vaxt ciddi şəkildə təhdid edilmədi.

Bəs R.T.Ərdoğanın hakimiyyətə gəlməsi ilə hansı dəyişikliklər baş verdi?

Tərəfsiz, bütün siyasi kimliklərdən uzaq bir şəkildə son iyirmi ildə Türkiyədə gedən proseselərə nəzər yetirsək, çox ciddi, hətta inqilabi dəyişikliklərin baş verdiyinin şahidi olarıq.

İlk növbədə Türkiyə iqtisadiyyatı çox ciddi inkişaf yolu keçdi, müdaxilələrə, böhranlara dayanıqlı hala gəldi, ixracatda Türkiyə tarixinin rekord göstəriciləri əldə olundu və nəticədə əhalinin rifah halı sürətli şəkildə yüksəlməyə başladı. Nəinki Türkiyənin əyalətlərində, hətta İstanbul, Ankara kimi böyük şəhərlərdə təbii qazın olmadığını, suyun qrafiklə verildiyini, zibillərin toplanmadığını, ərzağın talonla paylandığını, xəstəxanaların, yolların bərbad vəziyyətdə olduğunu, metroların tikilməsinin xəyal belə edilmədiyini, terrorun, faili məchul cinayətlərin ölkəyə hakim olduğunu düşünə bilirsinizmi?

Onu da qeyd edim ki, bugünkü gənclərin yaşları səbəbindən görmədikləri, bəzilərinin unutduğu, bir çoxlarının isə bilərəkdən xatırlamaq istəmədiyi bu acınacaqlı vəziyyəti haradansa eşitmədim, oxumadım, bilavasitə 90-cı illərdə Türkiyədə keçən tələbəlik həyatımda yaşadım və müşahidə etdim.

Ölkənin iqtisadi gücünün artması ilə bərabər daxildə sabitliyin əldə olunması da çox önəmliydi və burada çətin və hətta qanlı bir mücadilənin şahidi olduq. Bütün çətinliklərə baxmayaraq davamlı iqtisadi inkişafın və siyasi sabitliyin əldə olunması ilə ağır sənayenin, xüsusilə də silah sənayesinin inkişafına münbit şərait yarandı. Eyni zamanda Ərdoğan öndərliyində siyasi iradənin qətiyyətli addımları bu layihələrin sürətlə və uğurla həyata keçməsinə imkan verdi. Nəticədə Türkiyə ordusunun silah tələbatının 80 faizindən çoxunu yerli istehsal hesabına təmin etməklə bərabər, bu gün dünyanın əsas silah ixrac edən ölkələrindən birinə çevrildi. Bayraktar SİHA-ları, ATAK helikopterləri və digər bir çox silah sistemləri dünyanın ən yaxşılarından hesab olunur. Dünən bizə iki helikopter verə bilməyən bir ölkə, ikinci Qarabağ müharibəsindəki misilsiz hərbi və siyasi dəstəyi ilə zəfərimizdə böyük pay sahibi oldu.

Bir cümlə ilə ifadə etsək, deyə bilərik ki, Türkiyə zəif, kasıb, dövrün inkişaf səviyyəsindən çox geridə qalmış, haradasa on ildən bir hərbi çevrilişlərin baş verdiyi, hər ay yeni hökumətlərin qurulduğu, baş nazirlərinin ABŞ prezidentləri qarşısında əmrə müntəzir bir şəkildə dayandığı vassal bir dövlətdən, Ərdoğanla birlikd,ə sözün həqiqi mənasında həm regionda, həm də dünyada həlledici söz sahibi olan güclü bir dövlətə çevrildi.

Qarabağ müharibəsində, Liviyada, Suriyada gedən proseslərdə və Rusiya-Ukrayna savaşında oynadığı rol və Türkiyə ərazisində PKK terrorunun bitirilməsi, Asiyada, Afrikada təsir dairəsinin genişləndirilməsi, Türkiyənin ilk yerli avtomobilinin istehsalı kimi bir çox həyati əhəmiyyətli layihələrin icrası ilə Türkiyənin gücünün artması, təbii ki, Qərbi hiddətləndirir. Bununla bərabər, Ərdoğan Türkiyəsi ilə hesablaşmaq məcburiyyətində olduqlarını da istəmədən də olsa qəbul edirlər. Lakin Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq, Türkiyəni əvvəlki sözəbaxan vəziyyətinə geri qaytarmaq üçün bütün yollardan istifadə olunur. Gəzi olayları, FETÖ çevrilişləri, orduda yuvalanmış və Türkiyə tarixində baş verən bütün hərbi çevrilişlərdə imzası olan “natocuların” mütəmadi olaraq hökuməti devirmə cəhdlərinin bir tək səbəbi var idi. O da Türkiyənin tam müstəqil dövlət olması istiqamətində atılan addımların qarşısını almaq. Çünki Türkiyənin müstəqilləşməsi digər sömürülən dövlətlərin də boyunduruğu qırmaq istəklərini alovlandıra və bu da yüz illərdir sürən Qərb müstəmləkəçiliyinin sonunu gətirə bilər. Görməli olduğumuz böyük rəsm budur. Bütün məsələ bu düzənin qırılmaması üçündür. Və Türkiyədə baş tutacaq seçkilərin bu qədər böyük əhəmiyyət kəsb etməsinin də səbəbi budur. Qərbin qurduğu düzən qorunacaqmı, yoxsa Ərdoğan Türkiyəsi bu düzəni yıxmaq üçün israrlı cəhdlərini davam etdirəcəkmi?

“Türkiyə çox ciddi bir yol ayrımına yaxınlaşır” desək, yanılmarıq. Hansı yola qərar verəcəyi isə həm Türkiyənin, həm də bölgənin gələcəyi baxımından çox önəmlidir. Bu qərarın verilməsi çox çətin bir dövrə təsadüf edir. Sosial- iqtisadi vəziyyət əvvəlki illərə nisbətən xeyli pisləşib və üstəlik, 50 minə yaxın insanın həyatına son qoyan, ölkənin haradasa yeddidə bir hissəsini dağıdan dəhşətli fəlakət çətin vəziyyət yaradıb.

Eyni zamanda heç kim, hətta ən qatı tərəfdarları belə, Ərdoğan hakimiyyətində hər şeyin doğru və səhvsiz olduğunu iddia etmir. Bu hakimiyyətin də kifayət qədər yanlışları və nöqsanları mövcuddur. AK Partidə mental yorğunluğun olduğu da bir həqiqətdir. Keçmişdə xarici siyasətdə, xüsusilə də Suriya məsələsində təlafisi mümkün olmayan yanlış addımların atıldığına da şübhə yoxdur.

Bununla bərabər Türkiyə müxalifəti də gələcəyə ümid vermir və bu düşərgədə baş verən son proseslər də onlara olan inamı xeyli sarsıdır.

Belə bir çətin vəziyyətdə və bir çox suallarla Türkiyə cəmiyyəti seçkilərə gedir.

Bu və digər yanlışlara, 21 il hakimiyyətdə olmasına baxmayaraq, hələ də Ərdoğanın Türkiyədə ən çox sevilən və etimad edilən siyasi lider olmasının səbəbi nədir?

Ərdoğan Türk xalqının yenidən böyük dövlət olmaq sevdasınımı ifadə edir?

Şübhəsiz ki, son 20 ildə Türkiyə geniş imkanlara malik bölgəsəl bir gücə çevrilib və bu coğrafiyada ona rəğmən addımların atılması çox çətinləşib. Belə olan halda bu gücü qırmaq üçün başda ABŞ olmaqla inkişaf etmiş dövlətlər və onların tətikçisi olan PKK, FETÖ kimi terror təşkilatları bir cəbhədə birləşərək Ərdoğan hakimiyyətinin yıxılması üçün açıq şəkildə mübarizə aparırsa, biz necə düşünməliyik?

Dünyanın yenidən bölüşdürülməsi üçün acımasız bir mübarizənin getdiyi və Türkiyənin dəhşətli təbii fəlakətlərlə üz-üzə qaldığı bu çətin günlərdə hazırki müxalif qüvvələr Ərdoğanın alternativi ola bilərmi?

Bu ağır yükü Ərdoğandan başqa kim daşıya bilər? Risk etməyə dəyərmi və daha pis olsa, nə olacaq?

Bu gün Türkiyə cəmiyyətində, şübhəsiz ki, kənardan da müdaxilələrlə çox ciddi qütbləşmələrin və parçalanmaların yarandığı aşkardır ki, bu da narahatedici məqamlardandır. Düşünün ki, Ərdoğanın qarşısına “ayaqqabı” belə qoyulsa, ona səs verməyə hazır olduğunu deyən bir kütlə var. “Ayaqqabı”nın idarə etdiyi dövlət nə olacaq?

Bu kimi sualların cavabına və Türkiyənin hansı istiqamətdə addımlayacağına isə iki ay sonra aydınlıq gələcək.

Son və doğru qərar, təbii ki, Türk xalqının olacaq. Nəticə nə olursa-olsun, Türkiyə üçün xeyirli və uğurlu olması diləyi ilə.

Nəsir Muxtarlı

Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10