Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xalqa necə kitab oxutduraq?


Həcər Z. Bayramın yeni yazısını təqdim edirik.

Bir mədəniyyəti yox etmək üçün kitabları yandırmağa gərək yoxdur. Oxumağın qarşısını alın, yetər (R.Bredberi)

Ata tərəfdən uzaq qohumlarımız var, kəndə yaşayırlar. Ata təsərrüfatla məşguldu, ana isə evdar qadındır. Üç uşaqları var. Adətən, yay aylarında onlara qonaq gedərdik. Bəzən bir həfət onlarda qalırdıq. Bu həftə boyu bir şeyə diqqət etmişdim ki, uşaqlar boş vaxtlarında kitab oxuyurlar. Düzü, təəccüblənirdim. Kənd yerində yaşayan uşaqların mütaliəyə belə güclü həvəsinin olmağı mənə qəribə gəlirdi. Düşünürdüm, indi məktəbdə belə uşaqlara kitabə zorla oxudurlar, qaldı evdə onların könüllü müataliə etməsi…


Bakıdan gələndə, onlara “sizə nə gətirim?” deyəndə, hamısı kitab istəyirdi. Hər dəfə bu cavabı eşidəndə təəcublənirdim. Məktəbdə də yaxşı oxuyurdular. Zaman keçdi, o uşaqlar böyüdü, ücü də yüksək balla yaxşı universitetlərə qəbul oldular. Sonralar artıq gənc olan bu qohum uşaqlar şəhərə təhsil almağa gələndə də bir şeyə diqqət etdim. Başqa tələbələr kimi günlərini əyləncələrdə, avaralıqla deyil, kitabxanalarda, ya da evdə kitab arxasında keçirirdilər.


Hər üçü təhsilini başa vurdu, oxuduqları sahədə uğurlu mütəxəssis oldular. Kasıb həyatları geridə qaldı. İmkanları, güzəranları yaxşılaşdı.İndi İldə iki dəfə xarici ölkələrə gedir ailəlikcə orda istirahət edirlər. Onların uşaqlari şəhərin prestijli məktəblərində oxuyurlar.

Bu qohumlarımız sadəcə bir nümunə idi. Onlarla, yüzlərlə elə kasıb, təvazökar ailələrdən çıxan, amma yaxşı oxumağı, təhsili, zəhməti sayəsində uğur qazanan, həyatını dəyişən insanlar var. Əminəm ki, siz özünüz də nə qədər belə adam tanıyırsınız.

Əksi də olur. Məsələn, görürsən, imkanlı, ziyalı ailələrdə uşaqlar doğulur. Gözünü açır, evdə hər şey var. Oxumaq, təhsil almaq, özünü yetişdirmək yolunda heç bir maneə yoxdur. Valideynləri ona lazım olacaq istənilən kitabı, getmək istədiyi hər hansı kursu tapmağa, maliyyəlləşdirməyə gücü çatan adamlardı. Bu bolluğun, bu imkanların içində böyüyən uşaqlar, bəzən təhsildən, kitabdan tamamilə uzaq düşür. Oxumağa meyli, həvəsi olmur. Ziyalı ata-anası sayəsində bütün qapılar üzünə açıqdır deyə, düşünür ki, ömrü boyu belə olacaq. Məsələn tanınmış aktyor Siyavuş Aslan və Ofeliya Aslanın oğlu Çingiz hal hazırda küçədə qalır. Atasından qalan var-dövləti qumarda uduzub, dəfələrlə türməyə düşüb. İndi qalmağa yeri də yoxdur. Bəlkə də zamanında təhsil alıb, oxusaydı, bu gün belə vəziyyətdə yaşamazdı. Məşhurların, uğurlu insanların sonu yaxşı olmayan uşaqları məsələsində onlarla misallar çəkmək olar.

Yanvar ayının ortasında Bakıda " Birinci Turan Kitab Festivalı"keçirildi. Festivalda 40-a yaxın nəşriyyat, 20-yə yaxın kitab mağazası iştirak edirdi. Doğrudan da festival çox maraqlı idi. Kitab təqdimatları, imza və qiraət saatları, mühazirələr təşkil olunmuşdu. Bundan başqa, müəlliflərlə görüşlər keçirildi. Amma sərgidə oxucuların sayı az idi. Bəlkə də səbəb sərginin düz dördgünlük olmasıydı.

İnsanın bir çox vərdişi ailədə formalaşır. Kitab oxuma vərdişi də həmçinin. Şəxsən mən gözümü açandan evimizdə içi kitablarla dolu böyük dolab görmüşəm. Sovetlər dövründə atam xeyli qəzet və jurnala abunə yazilmışdı. “Azərbaycan qadını”, “Ulduz”, “Azərbaycan”, “Elm və texnika” jurnalıllarının bütün nüsxələri bizə gəlirdi. Biz uşaqlar rus dilində təhsil aldığımıza görə, atam o dildə də bir neçə qəzet və jurnal alırdı. O nəşrlər, jurnallar, kitablar mənim bir oxucu kimi zövqümü formalaşdırdı.

Valideynlərim mütaliəni çox sevirdilər. Mənə də kitabları sevməyi öyrədirdilər. Gecələr kitab oxumaqla, müxtəlif nağıl qəhrəmanlaını sevdirməklə, məndə kitablara qarşı dərin maraq yarada bilmişdilər. Ailəmin aşıladıgı bu kitab oxuma vərdişi həyatda mənə çox şey qazandırdı.

Yadımdadır, o vaxtlar xüsusi “avtolavka” deyilən maşınlarda rayon və kəndlərə səyyar kitab mağazaları gələrdi. Dünya ədəbiyyatından seçmə əsərləri tərcümə edib, antoloqiyalar hazırlayıb rayon və kənd kitabxanalarına göndərirdilər. Müxtəlif xalqların klassik və müasir ədəbiyyatları tərcümə edilib, almanax şəklində buraxılır, Azərbaycanın bütün kəndlərinə göndərilirdi. Əllərində kitab, jurnal, qəzet oxuyan insanları ictimai nəqliyyatda, küçələrdə, parklarda görmək adi hal idi. Hər yay tətillində ədəbiyyat müəllimimiz oxuyacağımız əsərlərin siyahısını verərdı. Bütün yayı kitabxanadan və ya kitab mağazalarından həmin ədəbiyyatı alıb, oxuyardıq. Ona görə də 30 il əvvəl insanların nitqi daha səlis idi, indi isə 18-25 yaşlı insanlar danışanda, görürsən ki, cümlə qura bilmir, qırıq-qırıq danışırlar. Səbəb budur ki, kitab oxumurlar, mətndən uzaq düşüblər, cümlə necə qurulur, xəbərləri yoxdu.

Sovetlər dağılandan sonra hər şey kimi, kitaba münasibət də dəyişdi. İnsanlar mütaliədə soyudular. Bir çox bukinist və kitab mağazaları yığışdırıldı. Bəzi kitab mağazalarının təyinatı dəyişdirildi. Onların yerində şadlıq sarayları, restoran, kafe və donərxanalar tikildi. Vaxtı ilə Bakıda 100-ə yaxın “kitab evi” vardı. Hazırda şəhər mərkəzində uzaqbaşı on dənə kitab evi tapmaq olar. Dunya ədəbiyyatı incilərinin yerini kriminal kitablar tutmağa başladı. Düzgün cümlələrlə, sensuzaradan keçdiyi üçün hər nöqtə-vergülü qaydasında olan, insanlara ən azıś sözlərin doğru yazılışını öyrədən, azdan-çoxdan maarifləndirici missiyası olan nəşrlərin yerini sarı mətbuat tutdu. O illərdə ölkədə yayılmış sarı mətbuat bumunu, o qəribə-qəribə mətnləri təkcə əxlaqçı yanaşmadan deyil, həm də linqvistik yanaşmadan qiymətləndirmək lazımdı. Çünki o qəzetlər, jurnallar sayəsində küçə dili, jarqon, avam dil mətbuata ayaq açdı və leqallaşdı. Qınamalı da deyil, o illərdə ölkədə xaos vardı, bir-birinin ardınca baş verən taleyüklü siyasi hadisələr fonunda hər yerdə olduğu kimi, kitab, mətbuat sahəsində də xaosun yaşanmağı təəccüblü deyildi. O illərdə təkcə çörək qəhətə çəkilmədi, yaxşı kitab, keyfiyyətli qəzet-jurnal, bir sözlə, yaxşı mətn də qəhətə çəkildi.

Sonrakı otuz il ərzində ölkədə bir çox problem öz həllini tapdı. Kitab, nəşriyyat sahəsində də azdan-çoxdan bir səliqə-səhman yarandı. Yerli ədəbiyyata yeni imzalar gəldi, tərcümə işi vüsət aldı. Amma insanlarımızın oxuma vərdişi, sovet illərindəki kitab həvəsi tam yerinə gəlmədi. Müasir dövrdə cəmiyyətimizin ən böyük problemlərindən biri də insanların kitaba və oxumağa marağının az olmasıdır. Fikirlər versək, görərik ki, cəmiyyət kitabdan və mutailədən get-gedə uzaqlaşır.

Sovet dövrünün evlərindəki kitab dolu olan şkafların yerini büllur, suvenir dolu şkaflar əvəz edib. İndi nadir hallarda evlərdə kitaba rast gəlmək olar. Şagirdlər, tələbələr qiymət xatirinə ancaq dərslikləri oxuyurlar. Bədii ədəbiyyata vaxt ayırmırlar. Buna da səbəb erkən yaşlardan kitab vərdişlərinə sahib olmamaqdır. Fikir vermişəm, məktəbdə uşaqlar çox vaxt yazıçıların əsərlərini mündəricatdan oxuyurlar. Bu da onlarda nə əsər haqqında, nə qəhramanları haqqında tam fikir, təsəvvür formalaşdırmır.

Müasir dövrün insanı öz vaxtını daha çox internetdə keçirirlər. Şou, kriminal xəbərləri müasir oxucunun gündəmini zəbt edib. Bir çoxları bu informasiyanı maraqdan oxuyur, dinləyir. Bu kimi xəbərlərin isə insan həyatına hər hansı bir təsiri, faydası olacaq informativ yükü yoxdur. Əsl erudisiya, intellekt kitab vasitəsilə qazanılandır. Buna görə də, çox kitab oxunan cəmiyyətlərdə kriminalın səviyyəsi aşağıdır.

Kitab oxumayan toplumda kriminal, narkomaniya, aqressiya artıqca, cəmiyyət də deqredasiyaya uğrayır. Əgər əvvələr ən mötəbər məclislərin bəzəyi alimlər, ziyalılar idisə bu gün onların yerini şou biznes əhli, artistlər, alverçilər tutub.

Bəzən ətrafımda tanışlar, qohumlar vaxt edib kitab oxuya bilmədiklərindən şikayət edirlər. Çox vaxtında işlərinin çox olması bəhanə gətirirlər. Amma ən azı gündə bir saat kitaba vaxt ayırmaqla intellektual boşluğu doldura bilərlər.

Cəmiyyətdə kitaba olan marağı artırmaq fərdi məsələ deyil. Dövlətin kitab siyasəti olmalıdır. Təhsil ocaqlarında - məktəblərdə, universitetlərdə seminarlar, dərnəklər və kitab klubları təşkil olunmaldı. Kitabxanalar yeni nəşrlərlə təmin olunmalı, insanların kitab oxuması üçün dövlət xüsusi proqramlar hazırlamalıdır. Və yaxud, necə ki "Şuşa ili", "multikulturalizm ili", "Nəsimi ili" elan edilir, beləcə də “Kitab ili” elan etmək və həmin il kitabın inkişafına dəstək vermək olar. Eyni zamanda, televiziya kanallarında, KİV-lərdə kitab təqdimatları, sərgilər, festivallardan verlişlər hazırlamaq, bununla da insanlarda kitab və oxumağa maraq, həvəs oyatmaq olar./kulis.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10