Məmməd Nağıyev ermənilərin Xocalıda törətdiyi qətliamı öz gözləri ilə görən şəxslərdən olub. İxtisasca həkim olan müsahibimiz bir müddət Xankəndidə çalışıb.
O, müxbirə deyib ki, baş verən dəhşətlər bu gün kimi yadındadır. Həmin gün uşaqlar, qocalar, qadınlar vəhşicəsinə qətlə yetirilirdi. Xalqımıza qarşı törədilən növbəti soyqırımın yaşandığı gecə hər kəsin bir çıxış yolu qalırdı - yaşamaq naminə Ağdam istiqamətinə keçmək. Amma bunun üçün Qarqar çayı keçilməli və daha sonra Kətik dağı aşılmalı idi.
Həkim 150 Xocalı sakini ilə bərabər Qarqar çayına yol alıb. Qarlı və şaxtalı havada yaşlı və uşaqların bir qismi elə oradaca donaraq ölüb. Sağ qalanları isə ermənilər mühasirəyə alıb. Düşmən onların silahsız olduğunu bildiyindən üzərlərinə doğru hərəkət edib. Müsahibimiz rusların 366-cı alayının hərbçilərini də gözləri ilə görüb.
M.Nağıyevin bir neçə metrliyində 10 yaşlı uşaq vurulub. Həkim olaraq əynindəki geyimindən istifadə etməklə uşağın axan qanını dayandırmağa çalışıb. Bu zaman ona “Ağdama keçməliyik, dayanmaq lazım deyil” deyilsə də, digər yaralılara kömək etmək üçün geri qayıdıb. Beləcə, əsirlik həyatı başlayıb.
M.Nağıyev təxminən 3 gün əsirlikdə qalıb. Deyir ki, hələ də özünün və bir qism Xocalı sakininin necə və hansı şərtlərlə azad olunduğunu bilmir. Üç gün ərzində insanlığa sığmayan vəhşiliyin şahidi olub. Övladlar anaların gözü qarşısında öldürülub, yandırılıb, gözləri və dişləri çıxarılıb. Öldürülənlər sırasında vaxtilə Özbəkistandan Xocalıya pənah gətirən ahıska türkləri də varmış. Yeri gəlmişkən, bu günədək 150 nəfər Xocalı sakinindən hələ də xəbər yoxdur. Onların sonrakı taleyinin necə olması heç kimə bəlli deyil.
M.Nağıyev bir çox xocalılılar kimi Goranboy rayonunun Ağcakənd qəsəbəsində məskunlaşıb. Hər qar yağanda onun gözlərinin önünə 26 fevralın şaxtası gəlir. Hansı ki, o şaxtada amansızcasına yüzlərlə Xocalı sakini qətlə yetirilib.
İlham Məmmədov,
Musavat.com