Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Təhdidlərə baxmayaraq Əhməd Cavaddan boşanmadı, 8 il sürgündə oldu, ərinin ölümünü on beş ildən sonra öyrəndi – Şükriyyə Axundzadə haqqında maraqlı faktlar


Əhməd Cavadın xanımı Şükriyyə Axundzadə haqqında maraqlı faktları təqdim edirik.


Şükriyyə Süleyman qızı Axundzadə 1902-ci ildə Gürcüstanın Batumi şəhərində türk əsilli ailədə anadan olub. Qızlar Gimnaziyasında təhsil alıb. Gimnaziyada təhsil aldığı dövrlərdə Əhməd Cavadla tanış olur.

***

Adlı-sanlı bəy qızı olan Şükriyyə yaxşı təhsil alır. Batumidə Qızlar Gimnaziyasını bitirir. O, azərbaycan dili ilə yanaşı, gürcü, acar, türk və rus dillərini mükəmməl şəkildə öyrənir.

***

1914-cü ildə erməni və ruslar tərəfindən türklərə qarşı törədilən qırğınlar zamanı Əhməd Cavad Batumiyə gəlir. Şükriyyənin atası Süleyman bəyin razılığı ilə Əhməd Cavad və dostu onların evində qalır.

Bir müddət sonra Əhməd Cavadın Şükriyyədən xoşu gəlir. Bu barədə fikrini dostuna bildirəndən sonra onlar Şükriyyəyə elçi gedirlər. Ancaq çox sərt və zəhmli kişi olan Süleyman bəy dostları ilə onlara elçi gələn Cavadın təklifini rədd edir və qızını gözündən uzaq qoymaq istəmədiyini bildirir. Son sözü də bu olur: “Cavadı tanıyıram, gözəl şairdir, amma mən qızılbaşa qız vermərəm!”.

***

Pərt halda evdən çıxan Əhməd Cavad isə gələcək qayınatasına “Verməzsən, qaçırdaram” deyir və elə də edir. Şükriyyəni Gəncəyə gətirir. Burada el adəti ilə toy edirlər. Toydan bir neçə gün sonra Şükriyyə xanımı Gəncədən Şəmkirə aparır. Bir müddət Seyfəlidə, ata yurdu Mehrilidə qalır. Sonra yenidən Gəncəyə qayıdırlar.

Toydan sonra çox çalışırlar ki, Süleyman bəylə barışsınlar. Ancaq bəy öz qürurunu sındırmır və təklifi qəbul etmir. Onlar yeddi ildən sonra barışırlar. Barışıq günündə böyük məclis qurulur. Qohumlar, tanışlar yığılırlar masa arxasına Süleyman bəylə Cavad barışandan sonra elə o məclisdə bir-biriləri ilə elə şirin söhbətə başlayırlar ki, hamı onlara baxıb təəccüb edir. Qohumlar zarafatla deyirlər: “Bunları tez - tez küsdürmək lazımdır ki, belə mehriban olsunlar”.

Bu evlilikdən onların Niyazi, Aydın, Tuqay, İlmas adlı dörd oğlu və Almaz adlı bir qızları olur. Almaz on altı yaşında ağır xəstəlikdən dünyasını dəyişir. Əhməd Cavad 10 oktyabr 1935-ci ildə qızı Almaz üçün "Qızım üçün" şeirində yazır:

"On altıncı bahar, nə qanlı bahar!..
Ox, qızım, fələkdə nə dönüklük var!?"

***

Əhməd Cavadla Mircəfər Bağırov Qusarda bir məktəbdə müəllim işləyirlər. Həmin dövrlərdə Mircəfər dəfələrlə onlarda qonaq olmuşdu, Şükriyyə xanım ona süfrə açmışdı.

***

Ancaq 37-ci ilin repressiyasına ilk tuş gələnlərdən olur Əhməd Cavad. 1937-ci il mart ayının 21-də Azərbaycan Sovet Yazıçılar İttifaqının iclasında mühakimə və ittihamlardan sonra Əhməd Cavadı Süleyman Rüstəmin təklifi ilə Yazıçılar İttifaqının üzvlüyündən düşmən kimi çıxardılar.

Yazıçı Nurəddin Babayevin “Babam-nənəm, atam-anam və biz” kitabından:

“1937-ci ilin yazı idi. Azərnəşrin böyründəki küçə ilə “Spartak” kinoteatrına tərəf enirdim. Küçənin tinində Əhməd Cavada rast gəldim. Gözlərimə inanmadım. Rəngi bomboz bozarmışdı, mənə elə gəldi, kişinin qəddi-qaməti də sınıb, beli bükülüb. Salamlaşdıq. “Cavad Mirzə, necəsiniz?” soruşdum. Dodaqları əsdi:

- Bala, - dedi, - indicə məni Yazıçılar İttifaqından xaric etdilər... bir düşmən kimi”.

***

Əhməd Cavadın 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən əksinqilabi millətçilik fəaliyyətinə görə güllələnməsi ilə ailənin ağrılı-acılı günləri başladı. Əhməd Cavad Axundzadənin “İstintaq işi”ndə saxlanılan, Şükriyyə xanımın verdiyi ifadə:

***

“Mən Bayıl türməsində dustaq kimi saxlananda, vaxtı ilə bizim ev qulluqçumuz olan Mariya Sergeyevna da xırda oğurluq üstündə yatırdı. O, dustaqlara yemək verilən zaman mənə dedi ki, “Sənin ərini Bayıl türməsinin səyyar xəstəxanasına başı bintlə sarınmış halda, 40 dərəcə temperaturla gətirmişdilər”. Bu sözləri eşidəndən sonra mən Əhməd Cavadla çox görüş istədim, ancaq rədd etdilər”.

***

1937-ci ilin iyunun 4-də Əhməd Cavadı Bayıl türməsində S.Fedarenko yoxlayıb. Ondan bir bel kəməri, qalstuk, ayaq rezini və yeddi ədəd Nikolay dövründə buraxılmış 5-lik qızıl götürülüb.

* * *

İçərişəhər, 6-cı böyük qala döngəsi, 12 nömrəli ev... Qapı döyülür, üç nəfər qara paltarlı adam Şükriyyə xanıma “bizimlə getməlisən” deyir və çox çəkmir ki, Bakının boş küçələrindən keçib pay-piyada Bayıl qalasına sarı gedirlər. Şükriyyə gözünü açanda özünü kiçik, qaranlıq otaqda görür. Sonra müstəntiqin sorğu-sualı başlanır. Ona deyirlər ki, bizə göstəriş verilib ki, səni Axundzadə familiyasından çıxardıb, təzədən Bejanidze familiyasına qaytaraq.

Yəni ərizə yazıb Axundzadədən boşanmalı və azad olub evinə qayıtmalısan, yoxsa səni qarlı Sibirə sürgün gözləyir. Bu təklif sonradan Mircəfər Bağırov tərəfindən də edilir. Ancaq Şükriyyənin cavabı bu cür olur:

“Bəlkə də, Cavadı güllələyəcəklər. Amma mənim boşanma ərizəm ona güllədən də ağır olacaq. Mən Əhməd Cavada görə atam Süleyman bəyi ayaqlayıb, ona qoşulub qaçmışam. Amma Cavadı heç vaxt ayaqlamaram”.

1937-ci ilin sonunda bir qatar üzü Qazaxıstan çöllərinə doğru yol almışdı. Vaqonda 47 nəfər vardı, üç gündür ac-susuz yol gedirdilər, üstəlik, ayaqüstə. Həmin vaqonda Şükriyyə də olur.

***

Şükriyyə xanımı da həbs edirlər. Əhməd kimi sevgilisinin qeyrətini qorumaq üçün, onun namusuna təcavüz olmasın deyə, Şükriyyə yolçuluğun birinci gününü, iki kilometr piyada gəldikləri o yolu keçəndən sonra axşam özünü tualetə verib alt-üst paltarlarını çıxarıb tualetin döşəməsini silir, saçını, üz-gözünü murdarlayır ki, ona dəyməsinlər. 6 gün yol boyu ac qalan qadınlardan cinsi əlaqə tələb edib əvəzində çörək verəcəklərini deyən rus əsgərlərinə boyun əyməyərək ac qalan, susuz qalan Şükriyyə xanımdan qadınlardan biri soruşur:
– Sən ac deyilsən?
– Mən heç kimə heç vaxt imkan vermərəm ki, Cavadın ləyaqətinə toxunsun.

– Necə dözürsən? Altı gündür...

– Barmağımı kəsib qanımı içirəm.

***

Şükriyyənin övladlarının hərəsi bir internata verilir. İkinci Dünya müharibəsi başlayanda, böyük oğulları Niyazi və Aydın cəbhəyə yollanırlar. Vətən xaininin övladları olduqları üçün ən təhlükəli ərazilərdə xidmət edirlər. Kiçik oğlu İlmas sonra xatirələrini nəql edərkən deyir:

“Mən anamın bir əlimlə sinəsini, o biri əlimlə üzünü cırmışdım ki, məni atmasın. Amma anam məni özündən qoparıb atmışdı”.

Qazaxıstanın o dəhşətli düşərgəsində ömrün səkkiz ilini xərcləyir Şükriyyə. Odun doğrayır, yük daşıyır, dərzilik, aşpazlıq edir. Ta 1955-ci ilin 30 iyuluna, bəraət aldığı günə qədər...

***

Vətənə qayıdandan sonra şəhərbəşəhər düşüb balalarını axtarıb başına yığır. Şəmkirin Seyfəlli kəndində Əhməd Cavadın ata yurdunda yaşamağa başlayır.

***

Rəsmi mənbələr Əhməd Cavadın 1937-ci ildə, oktyabr ayının 13-də, Bakıda güllələnərək öldürüldüyünü yazsa da, bir sıra qaynaqlar Şükriyyə xanımın da təsdiqi ilə onun oktyabrın 12-də Bayıl təcridxanasında işgəncələrdən öldüyünü bildirir. Görünür tələm-tələsik “məhkəmə”nin keçirilməsinin və hökmün guya 13-ü gecə icra edildiyinin rəsmləşdirilməsinin səbəbi də Əhməd Cavadın artıq həyatda olmaması ilə bağlı olub. Qazaxstandan qayıdıb Şəmkirə yerləşdikdən sonra Şükriyyə xanım elə bilib ki, Əhməd Cavad hələ də sağdır. Onunla həbsxanada görüşə bilmək üçün uzun illər, müxtəlif dövlət orqanlarına, hətta SSRİ Nazirlər Sovetinin sədrinə müraciət edib. Yalnız 1955-ci ildə Şükriyyə xanıma Əhməd Cavadın hələ 1937-ci ildə öldüyü xəbərini verirlər.

Şükriyyə Axundzadə 1993-cü ilin oktyabr ayında dünyasını dəyişir./kulis.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10