Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Heç nə ilə ovunmaq olmur, İlahi


Daş üstündə gül bitirən Uca Allah, daş altında qalanları xilas elə

Hara baxıram  Türkiyədir. Kiminlə danışıram - Türkiyədir. Nə oxuyuram - Türkiyədir. Allah-Allah, bu, nədir?! Bu, nə faciə, bu, nə sınaqdır?! Yüz minlərlə insanı bir gecədə sınaqdan çıxarmaqla, insanlara hansı mesajı verdin? Yoxsa, "dayanın, durun, dinləyin, insanlığı öldürməyin" mesajınımı verdin, insanlara?

"İnsanlar yaşayır, insanlıq ölməkdədir, insanlığı öldürməyin!" mesajınımı göndərdin Göy üzündən Yer üzünə? Yoxsa, yoxsa yerlərmi dünyanın ədalət tərəzisinin pozulduğunu görüb dözə bilmədi? Bunlar nə idi, Allahım? Baş aça bilmirəm. Baş açmağa gücüm çatmır. Danışmağa taqətim qalmayıb. Susa-susa parçalanıram, İlahi. O taylı-bu taylı Azərbaycan kimi.

Türkiyədə baş verən dəhşətli zəlzələ Xoy şəhərində baş verən zəlzələni, evindən didərgin düşən ana-bacılarımızı, ata-babalarımızı, qardaşlarımızı, körpələrimizi bizə unutdurdumu? Yox, Arazın o tayında qalan qan qardaşlarımızı da unutmadıq! Hər biri içimizdə dərd olub ürəyimizin divarına hörülüb. Hara qaçaq, kimə tərəf qaçaq? Türkiyəyəmi, O Tayamı yardım əlimizi uzadaq, İlahi?

Sən qüdrətlisən. Çarəsizlikdə çırpınanlara Sən uzat yardım əlini. Daş üstündə gül bitirən Uca Allah, daş altında qalanları da xilas eylə.

Nə yazım ki, nə deyim ki, insanların acısına məlhəm olsun? Deyəcək sözmü, yazılacaq kəlməmi qaldı? Yardım üçün kimi yorğan aparır, kimi peçenye aparır, kimi uşaq yeməyi aparır. Kimi də əynindən isti gödəkçəsini çıxarıb qardaşlarımız üçün göndərir. Yardımın ünvana tez yetişməsi üçün hamı qaçır. Saatbasaat artan ölü sayı hamını məyus edir. Yardım göndərdiyi diyardan ölü sayının artdığı xəbərini eşidən insanların ürəyi qan ağlayır. Yardımımız yetişə bilmir qardaşlarımıza, Allahım. Diri insanlar daşlar altında ölü canlara çevrilir.

Artıq son saatlardır Türkiyədən gələn mesajlarda insanlar kəfən istəyirlər: "Kəfən çatdırmaq olmur. Kəfən göndərin". Belə də yardımmı olar, Allah? Belə də istəkmi olar, Allah? Harda günah etdik? Kəfən üçün dil açıb danışır insanlar. Kəfən istəmək istəklərin ən dəhşətlisidir. Dəhşətli istəyin əsirinə çevrilib insanlar.

Hərdən qocalar deyirdi: "Kəfənlə o dünyaya getmək də xoşbəxtlikdir". Yoxsa, daha o xoşbəxtliyidəmi bizə çox gördün, İlahi?

Vaqif Səmədoğlu düşür yadıma:

İlahi,

hansı dildə yalvarım sənə?

Bir dua yetər

yoxsa sənə də

ağız açmaq gərəkdir dönə-dönə?

İlahi, bu, nə işgəncə idi? Bu, nə sınaq idi? Olanlara dözmək çox çətindir. Öz taleyində zəlzələ olarsa, qaldırmaq olurmuş o yükü. Elin taleyində baş verən zəlzələnin yükünü qaldırmaq olmurmuş. İndi hamımız Türkiyə kimiyik.

Dünyadan apardığın adamları hara apardın? Sən Rəhmli Allahsan. İnanırıq ki, soyuqlu-şaxtalı fevralda isti ocaqları buza dönən insanları cənnətlə sevindirəcəksən.

Bir zaman Vaqif Səmədoğluya sual etdilər: "Vaqif müəllim, siz hardasınız?” Vaqif Səmədoğlu cavabında belə demişdi: "Allahın olduğu yerdə...".

Allahım, inanırıq ki, zəlzələ qurbanları da indi Sənin olduğun yerdədirlər.

Səbinə Yusif






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10