Qərb susur, Rusiya məmnundur, üfüqdə sülh görünmür…
Yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibə verib, Ermənistanın Baş naziri Nikol Paşinyan isə mətbuat konfransı keçirib. Bu, hər iki liderin 2023-cü ildə ilk publik çıxışı idi, daxili və xarici siyasət prioritetlərlə bağlı əsas mesajların səsləndirilməsi baxımdan əhəmiyyət kəsb edirdi.
Əliyev və Paşinyanın bəyanatlarına keçməzdən əvvəl qeyd edək ki, hər iki liderin media ilə təması kifayət qədər məhdud çevrə üçün təşkil olunmuşdu. İlham Əliyevə sual vermək imkanı dövlət televiziyasına və bir neçə hökumətyönlü kanala yaradılmışdı, Nikol Paşinyan isə mətbuat konfransında iştirak edən müxalifət mediasının sayını kifayət qədər qayçılamışdı. Bu məhdudiyyət Ermənistan Jurnalistlər Birliyinin kəskin etirazına səbəb olmuşdu.
“Ermənistan Jurnalistlər İttifaqı hökumətin və ya Baş nazir aparatının hökumət rəsmisinin iştirakı ilə keçirilən ictimai tədbirdə iştirakçıların seçilməsində demokratiyanın fundamental prinsipləri, azadlığı pozan ayrı-seçkiliyi pisləyir. Bu, ölkədə artmaqda olan anlaşılmazlıq və dözümsüzlük mühitini daha da dərinləşdirir”, – deyə bəyanatda qeyd olunur.
Liderlərin gündəliyinə gəlincə, əsas mesajlar Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının gedişində ortaya çıxan ziddiyyətləri, Laçın yolunda keçirilən aksiyanı, müttəfiqlərin, beynəlxalq birliyin prosesə reaksiyasını əhatə edirdi.
Əliyev və Paşinyanın çıxışları tərəflərin sülh müqaviləsindən uzaqda olduğunu, yaxın gələcəkdə əsas ziddiyyətlər üzrə kompromislərin əldə olunmasının mümkün olmadığından xəbər verir. Bəs yeni müharibə olacaqmı? İlham Əliyevin dediklərindən belə məlum olur ki, hazırkı status-kvo Azərbaycan üçün risklər yaratmır, bu barədə Ermənistan düşünməli və maraqlı olmalıdır. Yəni rəsmi Bakı hələlik güc tətbiq etmək niyyətində deyil…
Azərbaycan lideri bəyan edib ki, gedişat Ermənistan rəhbərliyini sülh müqaviləsinin qaçılmaz olduğu reallığını qəbul etməyə məcbur edəcək:
“Son bir il ərzində – mart ayından bəri biz üç dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz və istədiyimizə nail oluruq və hər hansı bir erməni havadarı onların yardımına yetişə bilməz. Bu, birincisi. İkincisi, həm Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər bizə çox böyük strateji üstünlük təmin edir. Artıq vizual müşahidə bizə imkan verir ki, istənilən təhlükəni bəri başdan görək və onun qarşısını alaq. Hesab edirəm ki, artıq üç dəfə belə hərbi və siyasi uğursuzluğa düçar olmuş Ermənistan anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır. Onlar bunu nə qədər tez anlasalar və nə qədər tez özlərində güc tapıb, iradə tapıb buna razılıq versələr, o qədər də bölgə üçün yaxşı olacaq”.
Azərbaycanın üçüncü müharibəni başlamaq fikri olmadığını qeyd edən Prezident İlham Əliyev deyib ki, indi bəzi Qərb mətbuatında bizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası geniş vüsət alır: “Onun ilk təzahürlərini biz görürük, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq. Amma bu, bizi dayandırmayacaq. Ona görə mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək”.
İ.Əliyev xüsusilə vurğulayıb ki, Azərbaycan sülh müqaviləsi üçün xüsusi fəallıq göstərməyəcək. “İstəmirlər – heç lazım da deyil. Delimitasiyanı istəmirlər – heç o da lazım deyil. Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək. Lakin mən artıq belə terminlərdən istifadə etməyə məcburam. Sərhəd delimitasiya edilməyib, bəs kim deyir ki, sərhəd buradan deyil, oradan keçir. Mən hesab edirəm ki, buradan keçir. Mənim bunu demək üçün əsaslarım var – tarixi, kartoqrafik əsaslar. Buna görə bu məsələ bizdən çox onları maraqlandırmalıdır”, – deyə dövlət başçısı vurğulayıb.
Ermənistanın Baş naziri də sülh haqqında xeyli bədbin danışıb və Azərbaycanı prosesi pozmaqda ittiham edib, üstəlik yaranmış vəziyyətə görə rəsmi Bakını ittiham edib. O mətbuat konfransından sonra BBC radiosuna müsahibəsində bu barədə daha ətraflı danışıb. Jurnalistin “Azərbaycan və Ermənistanın təklif etdiyi sülh müqaviləsi layihələrində əsas ziddiyyətlər nədən ibarətdir” sualına belə cavab verib:
“Birincisi, ərazi bütövlüyü deyərkən, nə nəzərdə tutulur… Bəli ziddiyyətlər olub, lakin mən sizə təklif mətnindəki cümlələri təqdim etmək istəmirəm, məzmunu təqdim etmək istəyirəm. Əslində ziddiyyət təşkil edənləri də var, etməyənləri də. Dediyim kimi, həmin mətndə olmalıdır ki, Ermənistan Respublikası və Azərbaycan Respublikası bir-birinin ərazi bütövlüyünü tanıyır.
Prinsipcə, biz də, Azərbaycan da buna razıyıq. Ziddiyyət ondadır ki, Azərbaycan “Ermənistan Respublikasının ərazisi” deyəndə, nə nəzərdə tutur. Ermənistan “Azərbaycan Respublikasının ərazi bütövlüyü” deyəndə, nə nəzərdə tutur.
Daha açıq deyim. Məsələ ondadır ki, bizim şübhələrimiz vardır ki, Azərbaycan bizimlə qarşılıqlı surətdə ərazi bütövlüyünün tanınması haqqında əraziləri təsbit etməyən müddəa imzalamağa çalışır. İmzaladıqdan sonra isə demarkasiya və delimitasiya prosesi əsnasında yeni ərazi iddiaları irəli sürməyə başlayar. Məsələn, deyək ki, Sünik və ya hər hansı başqa ərazi Ermənistan ərazi bütövlüyünə daxil deyil.
Azərbaycan isə öz növbəsində ondan ehtiyatlanır ki, Ermənistan Respublikası öz 29,8 kvadrat kilometr ərazisinə zaminlik verən sənəd imzalayaraq, bu məsələni həll edib bir yana qoyar və Azərbaycanın dövlətçiliyi və ərazi bütövlüyünün parçalanmasına yönəlmiş yeni hərəkət və proseslərə başlayar.
Belə ki, bizim ehtiyatlanmalarımız güzgüvaridir. Niyə? Ona görə ki, qarşılıqlı etimad yoxdur. Ona görə ki, tərəflər düşünürlər ki, tərəf müqabili sülh istəyir, lakin onun maraqları, dövlətçiliyi, müstəqilliyi, suverenliyi hesabına.
Çünki biz düşünürük ki, onlar bizim dövlətçiliyimizi ləğv etmək istəyirlər, onlar da düşünürlər ki, ola bilsin, biz hazırda o qədər güclü deyilik ki, onların dövlətçiliyini ləğv edək, ancaq vaxt uzadırıq ki, güc toplayıb onların dövlətçiliyini ləğv edək. Fundamental problemdir… Odur ki, deyirəm: bunun mətnə aidiyyəti yoxdur, bu, psixoloji, tarixi, sosial-psixoloji problemdir… O cümlələr bu problemi həll etməsə, heç nə olmayacaq…
Mən bunları nə çox yaxşı, nə də çox pis şey kimi demirəm. Mən istəyirəm ki, həmçinin sizin vasitənizlə bizim ictimaiyyət və müəyyən mənada Azərbaycan ictimaiyyəti problemin mahiyyətini anlasın.
Ona görə ki, Azərbaycan… Baxın, biz nə qədər də desək ki, Dağlıq Qarabağ problemi bizim üçün ərazi məsələsi deyil, insan haqları məsələsidir, Azərbaycan elə dərk etmir. Azərbaycan belə anlayır ki, biz Dağlıq Qarabağ problemi deyərkən, hətta Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi deyərkən, Azərbaycana dair ərazi iddiaları formalaşdırırıq.
Sual olunur: Bəs Azərbaycan nə istəyir? Azərbaycanın anlayışı nədir? Əlaqələrimiz əsnasında məlum etmişik ki, dırnaqarası nikbin və bədbin variantlar mövcuddur.
Azərbaycanlılar nə deyir? Deyir ki, odur, Gürcüstanda ermənilər gürcülərlə heç bir status olmadan yanaşı yaşayırlar. Siz niyə bu modelə razı deyilsiniz?
Bizim anlayışımızda bu model o deməkdir ki, azərbaycanlılar elə etmək istəyirlər ki, Dağlıq Qarabağ erməniləri oradan çıxsınlar və onlar ermənilər olmayan Qarabağ əldə etsinlər”.
“Necə şərait yaranmalıdır ki, Ermənistan inansın ki, Azərbaycanla sənəd imzalamaq olar” sualına cavabında Paşinyan deyib ki, bunun mexanizmləri var: “Onlardan biri, məsələn, sülh sazişi kontekstində konkret sərhədlər təsbit etməkdir. Məsələn, sülh müqaviləsinə xəritə qoşmaq ki, Ermənistan Respublikası bu qədərdir. Budur Ermənistan Respublikasının ərazisi və Azərbaycan bu ərazini tanıyır. Eyniliklə Ermənistan da Azərbaycan Respublikasının ərazisini tanıyır”.
İlham Əliyevin və Nikol Paşinyanın Laçın yolunda 1 aydır davam edən aksiya haqqında mövqeləri də kəskin ziddiyyətlidir. Əliyev deyib ki, Laçın-Xankəndi yolunda baş verən hadisələrə blokada demək insafsızlıqdır:
“Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən gənclər bizim fəxrimizdir. Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər. Bunun, necə deyərlər, bir addımlığında separatçılar dünyaya tamamilə yalan informasiya ötürməklə məşğuldurlar. Orada blokadadan söhbət gedə bilməz. Sülhməramlıların dörd yüzə yaxın yük avtomobili oradan keçib.
“Əlbəttə ki, oradan keçən, hətta bu aksiyaya qədər keçən bütün nəqliyyat vasitələri nəzarət altında idi. Biz haradan öyrəndik ki, İran maşınları oraya yanacaq aparır? Biz orada gördük. Halbuki, İran tərəfi bunu əvvəllər inkar etməyə çalışırdı. Hətta İran maşınları üzərinə saxta erməni nömrələrini yapışdırmaqla bizi belə primitiv səviyyədə aldatmaq istəyirdilər”.
Azərbaycanın məqsədinin blokada olmadığını vurğulayan dövlət başçısı bildirib ki, tələblər tam ədalətlidir: “Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq. Ona görə Laçın-Xankəndi yolunda baş verən hadisələrə blokada demək, sadəcə olaraq, insafsızlıqdır”.
Paşinyan isə mətbuat konfransında deyib ki, “Laçın dəhlizində baş verənlər Dağlıq Qarabağ xalqının, Dağlıq Qarabağ ermənilərinin öz vətənində yaşamaq iradəsini qırmağa yönəlib və bu, məsələnin nəzərə almalı olduğumuz vacib kontekstidir.
Beləliklə, 2023-cü il xeyli gərgin başladı və bura Ermənistan-Rusiya, Azərbaycan-Qərb arasında münasibətlərin gərginləşməsi də əlavə etsək, regionda Qarabağ mövzusunun əsas prioritet olacağı qaçılmazdır. Təəssüf doğuran odur ki, proseslər sülh axtarışları, kompromislərin əldə olunması istiqamətində deyil, qarşılıqlı ittihamlar səviyyəsinə keçib. ABŞ, Avropa İttifaqı 2022-ci ildəki qədər fəal deyil və bu, ötənilki səylərin nəticəsiz qalması ilə bağlıdır. Rusiya isə gərginliyin yüksəlməsi situasiyasında özünü suda balıq kimi hiss edir və bundan məmnundur. İl ərzində bu gərginliyi Ermənistanın daxilinə transfer edə bilsə, Kremldəki gurultulu alqışların sədası Cənubi Qafqazda eşidiləcək…
Turqut