Ekspert: “Azərbaycan nəinki təkcə narahat olmalı, hətta mümkün qədər ehtiyatlı olmalıdır”
Fransa Senatı ölkə hökumətini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib. Qətnamənin lehinə 295, əleyhinə 1 nəfər səs verib.
Sənəddə Bakıya öz qoşunlarını Ermənistan ərazisindən çıxarmaq və 2020-ci il 9 noyabr tarixli Üçtərəfli Bəyanata (TSZ) uyğun olaraq Laçın dəhlizinin statusunun dəyişilməz qalacağına zəmanət vermək çağırışı yer alıb.
Sənəddə həmçinin deyilir: Biz hökuməti avropalı müttəfiqləri ilə birlikdə Azərbaycanın yeni hücumlarına ən güclü və adekvat cavab variantlarını, o cümlədən Azərbaycan liderlərinin əmlakının müsadirə edilməsi və Azərbaycan qaz və neftinin idxalına qadağa qoyulması imkanlarını nəzərdən keçirməyə çağırırıq.
Parlament Fransa hökumətindən Dağlıq Qarabağda humanitar ofis yaradılması məsələsini nəzərdən keçirməyi, həmçinin Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsini müzakirə edərək Parisin İrəvana hər vasitə ilə dəstəyini nümayiş etdirməyi xahiş edir.
Layihəni təqdim edən müəlliflərdən biri Brüno Retayo bildirib: “Bu təklifin məqsədi Ermənistan bu bəlada tək qoymamaqdır. Necə olur ki Rusiya beynəlxalq hüququ, Ukraynanın suverenliyini pozur və qınanır, sanksiyalara məruz qalır, Azərbaycana gəldikdə heç nə baş vermir, Türkiyəyə gəldikdə heç nə baş vermir. Ayıbdır, bu o deməkdir ki Ukraynanın suverenliyi Ermənistanın suverenliyindən daha qiymətlidir? Rusiya Ukraynada hərbi cinayətlər törədir, Ermənistanda da oxşar hərbi cinayətlər törədilib, amma onlara görə heç bir tədbir görülməyib”.
Deputat Patrik Kane çıxışında deyib: “Bu qədər əzab-əziyyətə sinə gərmiş erməni xalqı bütün əsirlərin qaytarılmasını görməlidir və bu, ilkin şərtlər olmadan baş verməlidir. Azərbaycan da ilkin şərt olmadan Ermənistan ərazisini tərk etməli və bu ölkənin suverenliyinə hörmət etməlidir”.
Pyer Uzulias isə bildirib ki, Rusiya Ukraynada tətbiq etdiyi taktikanı Azərbaycan da Ermənistanda tətbiq edir: “Bundan əlavə, Azərbaycan sərhədləri qabağa çəkmək üçün Rusiya-Ukrayna müharibəsindən istifadə edir. Avropa Komissiyasının sədrinin Bakıda qaz müqaviləsi imzalaması və Azərbaycanı Aİ-nin tərəfdaşı hesab etməsi xoşagəlməz haldır. Biz neft və qaz naminə bütün dəyərlərimizdən və prinsiplərimizdən imtina etməyə hazırıqmı?”
Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Olivye Bext qətnamənin qəbuluna etiraz etməsə də, hökumətin sanksiyalar yolunu tutub-tutmayacağını da dəqiqləşdirməyib. O, sadəcə olaraq “dünyanın heç bir ölkəsi Ermənistanı bizdən çox dəstəkləmir” deyib.
Beləliklə, nə baş verir və Fransa parlamentinin bu addımının nəticələri necə ola bilər? Qəbul edilmiş qətnamənin birtərəfli xarakter daşıdığı adi gözlə də görünür. Elə qətnamənin açıq birtərəfli xarakter daşımasının fransız senatorlarını dayandırmaması buna görə təəccüblüdür.
Bu sənəd Azərbaycana beynəlxalq aləmdə hansısa problem yarada bilərmi? Ölkələrimiz arasında münasibətlər bundan sonra necə olacaq? İcraedici hakimiyyət olan Fransa hökuməti necə davranacaq? Senatın qəbul etdiyi qətnamədə nəzərdə tutulanları həyata keçirmək üçün risk edəcəkmi? Axı bu baş versə, Azərbaycan Fransanı Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesindən tamamilə çıxarmaq üçün əməli addımlar ata bilər.
Tanınmış rusiyalı ekspert Qriqori Trofimçuk məsələ ilə bağlı Press Kluba şərh verib:
– Ümumiyyətlə Qarabağ ətrafında iki il və hətta ondan da əvvəl Azərbaycan mətbuatına dediklərim baş verir: Qərb “suverenlik” mövzusundan əl çəkməyəcək, hətta bu ərazidən cəmi yüz kvadrat metr qalsa da, ondan maksimum faydalanmağa çalışacaq. Məlum olduğu kimi, Qarabağla bağlı heç bir hüquqi problem yoxdur və heç kim bunu mübahisə mövzusuna çevirməyə çalışmır. Amma vəziyyəti bundan sonra hansı istiqamətə yönəltmək kimi böyük siyasi sual var və bu yolda hər şey ola bilər. Qarabağ Azərbaycanın və bir çox cəhətdən Türkiyənin bölgədəki hərbi-siyasi gücünü cilovlamaq yolunda əsas elementdir.
Bir çox azərbaycanlı şərhçilərin etdiyi kimi Ruben Vardanyanın Qarabağda peyda olmasını tamamilə Rusiyanın hansısa “intriqaları”na bağlamaq lazım deyil. Dediyim kimi, bu fiqurun regionda peyda olmasını “Moskvanın gedişi” kimi qiymətləndirmək olmaz. Moskva hazırda bunun hayında deyil və bu qədər yumora ehtiyac yoxdur. Bu, problemin həlli üçün erməni icmasının özü tərəfindən atılan addımdır, Qərblə, o cümlədən maliyyə məsələlərində yeni kommunikasiya kanallarının yaradılması variantlarından biridir. Bildiyiniz kimi, Ermənistan artıq Moskvanın dəstəyinə çox da güvənmir, ona görə də müstəqil şəkildə çıxış yolları axtarır.
Fransa Senatının qərarını “həyata keçirilməsi məcburi deyil” kimi standart şərhlərlə bir kənara atmaq da axmaqlıq olardı. Parisdən Bakıya yeni bir test göndərilib və bu, elə həmin Fransa parlamentinin əvvəllər, eyni mövzuda göndərdiyi testdən daha ciddidir. Yəni bu bir tendensiyaya çevrilir. Və bu gün artıq qətnamədə müəyyən tələblər göstərilir. Makron bütün beynəlxalq məsələlərin təzahüründə qəribə görünür, lakin başa düşmək lazımdır ki, onun arxasında ABŞ dayanır.
Vaşinqtona bir az fərqli hökumətə malik bir az fərqli Azərbaycan lazımdır. Və bir az fərqli Türkiyə lazımdır.
Tarım çəkilən, dəqiq sərhədləri olmayan Qarabağ zənciri bütün bu məqsədlər üçün ideal vasitədir. Xüsusən də o, tamamilə Moskvanın əlindən çıxarılsa. Eyni səbəbdən, ATƏT-in Minsk Qrupu da kənara atılmır. Bu Bakını çox qıcıqlandırır və o deməkdir ki, hələlik mövcud olmalıdır.
Sualınızın birbaşa cavabına gəldikdə, Azərbaycan nəinki narahat (bu, çox zəif reaksiya olardı), hətta mümkün qədər ehtiyatlı olmalıdır. Son zamanlar Türkiyə daxilində sosial tarazlığı dəyişmək cəhdlərinə nəzər salsanız, burada hər şey mümkündür. Heç kim heç nədən sığortalanmayıb. Onu da qeyd etmək lazımdır ki, Qarabağ hazırda xeyli dərəcədə Ukrayna ətrafında vəziyyətin inkişafından asılıdır. Bütün bunlar birlikdə hər an partlaya biləcək böyük siyasi problem yaradır və Fransa parlamenti də buna öncədən zəmin hazırlayır.
Amma başqa bir şeyi də qeyd etmək lazımdır: Azərbaycanı bir sıra amillər, o cümlədən eyni Fransa prezidentlərinin açıq, xroniki zəifliyi xilas edir, bu əhəmiyyətli bir güzəştdir. Hər halda, Azərbaycan təbii ki, öz imkanları daxilində hadisələrin fövqəladə inkişafına hazırlaşmalıdır. 2020-ci ilin noyabrında heç nə bitməyib: Azərbaycan yeni siyasi səviyyəyə çatıb və buna görə də onun qarşısındakı problemlər də böyüyüb.
Rauf Orucov