Deputat: “Özəlləşdirmə çekləri əlində qalan vətəndaşların hüquqları bərpa olunmalıdır”
İqtisadçı: “Özəlləşdirmə prosesi zamanı insanların bütün ümidlərini qırdılar”
Hüquqşünas: “Bu proses kütləvi şəkildə hüquq pozuntuları ilə müşayiət olunub”
Ümummilli lider Heydər Əliyevin vətəndaşlara əvəzsiz özəlləşdirmə çeklərinin paylanılması ilə bağlı fərmanı bir sistemdən digər sistemə keçid edən ölkə vətəndaşlarının qarşısında geniş imkanlar açırdı. Fərmanda və bununla bağlı qanunvericilikdə özəlləşdirmə çeklərinin qiymətli dövlət kağızı olması barədə məqamın yer alması, “Qiymətli kazğılar haqqında” qanuna görə isə qiymətli kağızlar üçün zaman məhdudiyyətinin nəzərdə tutulmaması, inflyasiyadan qorunmaqla bir özəlləşdirmə payı üçün 2000 ABŞ dolları həddində məbləğin müəyyən edilməsi, özələşdirməyə çıxarılacaq dövlət əmlakının 65 faizinin vətəndaşlara məxsus olması böyük ümidlər yaradırdı. Hətta bunun ölkə iqtisadiyyatının şəxaləndirilməsinə, sosializm sistemindən kapitalizm sisteminə keçid dövründə vətəndaşların iştirakı ilə yeni istehsal müəssisələrinin yaradılmasına və sağlam rəqabət mühitinin formalaşmasına təkan verəcəyinə dair ümidlər mövcud idi.
Lakin sonradan bu mütərəqqi proses məmur oliqarxiyasının və bir qrup işbazın özbaşınalığı ucbatından yarımçıq qaldı. Hansı ki, o zaman Dövlət Əmlak Komitəsinə rəhbərlik edən məmurlar oliqarx həmkarları ilə birləşərək, o vaxtkı deputatların hüquqi savadsızlığından, qiymətli kağızlar barədə məlumatsızlığından istifadə edərək, özəlləşdirmə prosesinin qanuni və məntiqi mahiyyətini təhrif etdilər və bundan öz məqsədləri üçün yararlandılar.
Onların məqsədi dövlət başçısına əlavə səlahiyyətlər vermək deyil, qanunları və beynəlxalq insan hüquqlarını pozmaqla özəlləşdirmənin aparılmasında maraqlı olan oliqarx məmurların gələcəkdə öz cinayətlərini gizlətmək niyyətinə “yaşıl işıq” yandırmaq idi. 2011-ci ildə heç bir hüquqi əsas olmadan tədavül müddətinin başa çatdığını bəyan etməklə, yüzminlərlə vətəndaşı hüquqsuz duruma saldılar. Nəticədə onların əlində qalan dövlət qiymətli kağızları - özəlləşdirmə çekləri dəyərsiz kağız parçasına çevrildi.
Ölkə ziyalıları, Milli Məclisin deputatları, ictimai-siyasi, elm-mədəniyyət xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, iqtisadçılar, hüquqşünaslar hökuməti çeki əlində qalan vətəndaşların hüquqlarını bərpa etməyə dəvət etsələr də, onların müraciətlərinə heç bir reaksiya verilmir. Zərərə məruz qalmış vətəndaşların Baş nazirə, müvafiq qurumların rəhbərlərinə ünvanladıqları müraciətlər də cavabsız qalır.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, çekləri əlində qalan vətəndaşların hüquqları bərpa olunmalıdır: “Bununla bağlı müvafiq qurumların hərəkətə keçməsinə və qərar qəbul etməsinə ciddi ehtiyac var. Tarixə ekskurs etsək, görərik ki, o zaman əksər payçılar öz çeklərini “qara bazar”da satışa çıxardılar. Həmin çekləri alanlar isə müxtəlif zavod və fabriklərə sahib oldular. Bir çoxları isə düşündü ki, özəlləşdirmə çeklərini qorumaq daha faydalıdır. Bu, onların hüququdur. 2011-ci ildə tədavül müddəti başa çatdıqdan sonra isə onların çekləri əllərində qaldı”.
“Artıq üzərindən 11 il zaman ötüb və bu çeklər hələ də əllərdədir. Yaxşı olardı ki, müvafiq qurumlar vətəndaşların hüquqlarını qorumaq üçün proqram hazırlasın. Bunu necə həyata keçirmək onların səlahiyyətinə aid olan məsələdir. Lakin bütün hallarda bu problem öz həllini tapmalıdır”, - deyə deputat bildirib.
İqtisad elmləri doktoru, professor, sosial araşdırmaçı Əhməd Qəşəmoğlu da AYNA-ya açıqlamasında özəlləşdirmə prosesi zamanı vətəndaşların aldadıldığını söyləyib: “O zaman mərhum Prezident Heydər Əliyevin fərmanı cəmiyyətdə böyük ruh yüksəkliyi ilə qarşılandı. İnsanlar bu çeklərə ümid yeri kimi baxırdılar. Hətta bu yolla sahibkarlıqla məğul olub gəlir əldə edəcəyinə inananlar da var idi. Bu, onların haqqı idi. Çünki dövlət bir sistemdən digər sistemə transformasiya edirdi”.
“Lakin sonradan bütün ümidlər boşa çıxdı. Bir qrup işbaz bundan sui-istifadə etdi və əhalini aldadaraq, onlardan bu çekləri dəyər-dəyməzinə satın aldı. Lakin elə vətəndaşlar da oldu ki, onlar bu fırıldağın qurbanı olmaq istəmədilər. Bu məqsədlə öz çeklərini qorudular”, - deyə ekspert vurğulayıb.
Qəşəmoğlu qeyd edib ki, bu gün yüzminlərlə vətəndaş tarixi ədalətin bərpa olunacağı günü gözləyir: “Bu prosesə məntini yekun vurulmalıdır. Hökumət qurumları bununla bağlı addımlar atmalıdır. Çek sahiblərinə ya müvafiq kompensasiya verilməli, ya da tədavül müddətini artırmaqla onların özəlləşdirmə prosesində iştirakına şərait yaradılmalıdır”.
Öz növbəsində hüquqşünas Namizəd Səfərov hesab edir ki, bir sıra sosial məsələlərdə olduğu kimi, bu proses də kütləvi hüquq pozuntuları ilə müşayiət olunub. Onun AYNA-ya dediyinə görə, bununla bağlı ictimaiyyətə hesabat da verilmədi.
“Nə qədər dövlət müəssisəsi özəlləşdirməyə çıxarılıb? Nə qədər dövlət müəssisəsi nə qədər özəlləşdirmə payı ilə satın alınıb? Onların gələcək taleyi necə olub? Bunların heç birinin cavabı yoxdur. Səbəb də bəllidir – çünki bu məqamları açsalar, nə qədər qanunsuzluqların baş verdiyi ortaya çıxacaq”, - deyə müsahibimiz bildirib.
Səfərovun fikrincə, buna məsul olan məmurlar özləri prosesi bu şəkildə bitirdilər ki, daha çox varlansınlar, var-dövlət sahibi olsunlar: “Buna nail oldular da. Nəticədə zərbə yenə də ümidsiz və çarəsiz vətəndaşlara dəydi. Bu gün yüzminlərlə vətəndaş çeki əlində hələ də gözləyir. Onların bununla bağlı müraciətlərinə reaksiya verən də yoxdur. Bu, belə olmamalıdır. Hökumət borcludur ki, dəymiş ziyanı kompensasiya etsin, bununla bağlı hərəkətə keçsin”.
QEYD
Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.
Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.
Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.
Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.
Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.
Müəllif: Aydın Gəray