Eləcə də Masallı ərazisi eramızdan əvvəl və sonrakı dövrdə
Bu ərazidə tarixi keçmişimizdən soraq verən, Hişkədərə kəndində Üst Paleolit dövrünə aid maddi mədəniyyət nümunələri vardır
Hansı ərazilər Masallının ilk yaşayış məskənləri olub?
Masallı rayonu respublikamızın qədim və zəngin tarixə malik olan bölgələrindən biridir. Rayon ərazisində antik, daş, tunc, dəmir dövrlərinə və orta əsrlərə aid çoxlu sayda kurqanlar, nekropollar, yaşayış yerləri, qalalar, maddi mədəniyyət nümunələri aşkar olunmuşdur.
Hişkədərə kəndində Üst Paleolit dövrünə (40 min il bundan əvvəl başlamış və e.ə. XII minilliyə qədər davam etmişdir) aid maddi mədəniyyət nümunələri (çaxmaqdaşı alətləri, qaşov, nizə ucu, kəsici biz, bıçaq tipli alətlər),
İlk Tunc dövrünə (e.ə. IV minilliyin II yarısı – III minilliyin sonu) aid Xudabaxış yurdu nekropolu,
Əmirtürbədə Orta Tunc dövrünə (e.ə. III minilliyin sonu – II minilliyin ortaları) aid torpaq qəbirləri,
Son Tunc – İlk Dəmir dövrünə (e.ə. XIV – VII əsrlər) aid Tatyanoba kəndindəki I Uzunqoruğu və antik dövrə aid II Uzunqoruğu nekropolları,
Ərkivan, Boradigah qəsəbələri, Mahmudavar, Bədəlan, Hişkədərə, Qızılavar, Qəriblər, Qızılağac, Köhnə Alvadı, Təzə Alvadı, Tatyanoba və digər kəndlərdə qeydə alınmış kurqanlar
Masallı ərazisinin çox qədim zamanlardan qədim insan məskənlərindən olduğunu göstərir. Aparılmış arxeoloji tədqiqatlara görə, Masallı ərazisində insanlar hələ 15-20 min il bundan əvvəl məskunlaşmışlar.
Hişgədərə - Masallının ən qədim yurdu
Masallı şəhərindən 17 km cənubda yerləşən Hişkədərə kəndində tapılmış arxeoloji nümunələr Azərbaycanın cənub-şərqində ilk dəfə aşkar edilmiş ən qədim maddi mədəniyyət nümunələri hesab olunur. Hişkədərə maddi mədəniyyət nümunələri “Azərbaycan Respublikasında Paleolit abidələrinin yerləşmə xəritəsi”nə daxil edilmişdir. Hişkədərə kəndindəki Xudabaxış yurdu nekropolu isə “Hişkədərə nekropolu” adı altında İlk Tunc dövrü abidələrinin arxeoloji xəritəsinə daxil edilmişdir. Arxeoloji xəritədə Hişkədərə adı səhvən “Hişkərə” kimi yazılmışdır. E.ə. III – II minilliyə aid Əmirtürbə torpaq qəbirlərində aşkar olunmuş maddi mədəniyyət nümunələri isə hələ qədim zamanlardan Masallı ərazisinin Azərbaycanın yüksək əkinçilik və maldarlıq mədəniyyətinə malik olduğunu sübut edir.
Masallı orta əsrlərdə
Orta əsrlərdə Masallının ərazisində kənd tipli yaşayış məntəqələri mövcud olmuşdur. Bu yaşayış məntəqələrindən
Ərkivan,
Mahmudavar,
Qızılağac,
Türkoba və
Güllük
Azərbaycan Respublikasının Orta əsr arxeoloji abidələri sırasına daxil edilmişdir.
Masallı ərazisi müxtəlif ölkələrin tərkibində
Masallının ərazisi müxtəlif vaxtlarda Azərbaycan ərazisində mövcud olmuş bir çox dövlətlərin və eyni zamanda ayrı-ayrı işğalçı dövlətlərin tərkibində olmuşdur.
Tarixə nəzər saldıqda indiki Masallı ərazisinin
Midiya dövləti (e.ə.VII əsrin II yarısı – VI əsrin ortaları),
Əhəməni (e.ə. 550-330) və
Makedoniyalı İsgəndər (e.ə.330-321) imperiyalarının,
Atropatena dövləti (e.ə.321-b.e. 227),
Sasani imperiyasının (227-651),
Ərəb xilafətinin (VII-IX əsrlər),
Sacilər (879-941),
Salarilər (941-981),
Rəvvadilər (981-1065;
Rəvvadilər 1054-cü ildə Səlcuqlardan asılı vəziyyətə düşmüşlər) dövlətlərinin,
Səlcuq imperiyasının (1054-1136),
Atabəylər (1136-1225),
Hülakilər (1256-13357),
Cəlairilər (1357 (59)-1410),
Qaraqoyunlular (1410-1468),
Ağqoyunlular (1468-1501),
Səfəvilər (1501-1736) dövlətinin,
Əfşarlar imperiyasının (1736-1747),
Talış xanlığının (1747-1813),
Rusiya imperiyasının
( I mərhələ: - I Pyotr, 1722-1732,
II mərhələ: - 1813-1918),
Azərbaycan Xalq Cümhuriyyətinin (1918, 28 may – 1920, 28 aprel) və Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ; 1920-1991) tərkibində olmuşdur.
Masallı xanlıqlar dövründə
1747-ci ildə Nadir şah Əfşar sui-qəsd nəticəsində öldürüldükdən sonra Azərbaycan torpaqlarında müstəqil xanlıqlar yaranmışdır. Həmin xanlıqlardan biri Talış xanlığı olmuşdur. Paytaxtı əvvəl Astara, sonra isə Lənkəran olmuş Talış xanlığı inzibati cəhətdən 11 mahala bölünürdü:
- Astara.
- Çay İçi Lənkəran.
- Dırığ.
- Dəştvənd.
- Əsalim.
- Korqanrud.
- Muğan.
- Uluf.
- Ucarud.
- Vılgic.
- Zuvand.
İndiki Masallı rayonunun ərazisi Dəştvənd və Uluf mahallarının tərkibində olmuşdur.
Dəştvənd mahalının adı mənbələrdə onun mərkəzi olmuş Ərkivanın adı ilə Ərkivan mahalı kimi də qeyd olunur.
Dəştvənd mahalı
şərqdən Xəzər dənizi,
qərbdən Ucarud,
şimaldan Muğan,
cənubdan isə
Uluf mahalları ilə həmsərhəd olmuşdur.
Uluf mahalı 12 kənddən ibarət olmuşdur.
Mahal Lənkəran şəhərinin qədim sərhədi olan Ləkər körpüsündən Masallının indiki Bədəlana kəndinə qədər olan ərazini əhatə etmişdir. Yəni, Masallının indiki Boradigah qəsəbəsi, Türkoba, Tüklə, Hişgədərə ərazi vahidlərinin tərkibindəki kəndlər Uruf Malının tərkibində olmuşdur.
Mahal cənubdan Çay İçi Lənkəran, şimaldan Dəştvənd, qərbdən Dırığ mahalları, şərqdən isə Xəzər dənizi ilə həmsərhəd olmuşdur. Uluf mahalına daxil olmuş kəndlər bu gün Lənkəran və Masallı rayonlarının ərazisində yerləşir.
MASALLI Rus İmperiyası dövründə
Masallının ərazisi 2 dəfə Rusiya imperiyasının tərkibində olmuşdur.
Birinci mərhələ 1723-1732,
ikinci mərhələ isə 1813-1918-ci illəri əhatə etmişdir.
Rusiya imperiyası dövründə indiki Masallı ərazisi əvvəl Talış (Lənkəran) əyalətinin, sonra isə Lənkəran qəzasının tərkibində olmuşdur.
Rusiya imperatoru I Pyotr Xəzər dənizini ələ keçirmək üçün 1722-ci il iyunun 18-də Xəzəryanı bölgələrə yürüş etmişdir. Yürüş Rusiya ilə Səfəvi arasında 1723-cü il sentyabrın 12-də imzalanmış Peterburq müqaviləsi ilə başa çatmışdır.
Peterburq müqaviləsinə əsasən Gilan, Mazandaran, Astrabad, Bakı və Dərbənd kimi Xəzəryanı bölgələr Rusiyanın əlinə keçdi.
Gilan ərazisindəki Masallı
Qeyd olunan dövrdə Masallı ərazisi Gilan vilayətinin tərkibində olduğundan Masallı da Rusiya imperiyasının hakimiyyəti altına keçmişdir.
Rusiya ilə Səfəvi arasında 1732-ci il yanvarın 21-də imzalanmış Rəşt müqaviləsinə əsasən Rusiya Kürdən cənubdakı Xəzəryanı bölgələri – Gilan, Mazandaran və Astrabadı Səfəviyə qaytardı.
Buna görə də, I mərhələdə Masallı olduqca qısa müddətdə Rusiya imperiyasının tərkibində olmuşdur.
TALIŞ (LƏNKƏRAN) ƏYALƏTİ
Rusiyanın işğalçılıq siyasəti XIX əsrin əvvəllərində də davam etmiş, Gülüstan (1813, 12 oktyabr) və Türkmənçay (1828, 10 fevral) müqavilələrinə əsasən Azərbaycanın şimal xanlıqlarını, o cümlədən 1813-ci il, yanvar ayının 1-də Talış xanlığını işğal etmişdir.
Xanlıqlar işğal edildikdən sonra burada komendant idarə üsulu yaradılmış, xanlıqlar və sultanlıqlar əyalətlər və dairələrə çevrilmişdir.
Talış xanlığı 1813-cü ildə işğal edilsə də, ilk illər onun xan idarəçiliyi saxlanmış və bu idarəçilik 13 ildən sonra, 1826-cı ildə ləğv edilmişdir.
Şimali Azərbaycan ərazisində Bakı, Quba, Nuxa (Şəki), Qarabağ, Şirvan , Talış əyalətləri, Yelizavetpol (Gəncə), Car-Balakən dairələri, Qazax və Şəmşəddil distansiyaları yaradılmışdır.
Əyalətlər mahallara, mahallar isə kəndlərə bölünürdü. Tərkibində Masallının da olduğu Talış (Lənkəran) əyaləti 1826-1840-cı illərdə mövcud omuşdur.
LƏNKƏRAN QƏZASI
Çar I Nikolay 1840-cı il aprelin 10-da Cənubi Qafqazda inzibati və məhkəmə islahatı haqqında qanun verdi. Həmin qanuna əsasən əyalətlər ləğv edilmiş, əvəzində mərkəzi Tiflis olan Gürcüstan-İmeretiya quberniyası və mərkəzi Şamaxı olan Xəzər (Kaspi) vilayəti yaradılmışdır.
Quberniya və vilayət özləri də qəzalara, qəzalar nahiyələrə, nahiyələr isə kəndlərə bölünürdü. Quberniya qubernator, vilayət isə rəis tərəfindən idarə olunurdu.
Qafqazın Baş hakiminə tabe olan qubernator və rəis çar tərəfindən təyin edilirdi.
1840-cı il 10 aprel qanunu ilə yaradılmış qəzalardan biri Lənkəran qəzası idi. Mərkəzi Lənkəran şəhəri olan Lənkəran qəzası indiki Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarını əhatə etmişdir.
Lənkəran qəzası ilk əvvəl 5 nahiyədən – Lənkəran,
Astara,
Zuvand,
Ərkivan
və Sebican nahiyələrindən ibarət olmuşdur.
Masallının ərazisi
Ərkivan nahiyəsinə daxil idi
Ərkivan nahiyəsinin isə mərkəzi Nikolayevka kəndi olmuşdur. Nikolayevka sonralar Kalinovka adlandırılmışdır. 12 iyun 2018-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə Kalinovkanın adı dəyişdirilərək Viləş adlandırılmışdır.
Lənkəran qəzası 1840-1846-cı illərdə Xəzər vilayətinin tərkibində olmuşdur.
1846-cı il 14 dekabr tarixli çar fərmanı ilə Gürcüstan-İmeretiya quberniyası və Xəzər vilayəti ləğv edilərək yerində
Tiflis,
Kutaisi,
Şamaxı və
Dərbənd quberniyaları yaradılmışdır.
Lənkəran qəzası Şamaxı quberniyasının tərkibində olmuşdur.
1859-cu ildə baş vermiş zəlzələ nəticəsində Şamaxı şəhəri dağıldığından, quberniyanın mərkəzi Bakıya köçürülmüş və bundan sonra Bakı quberniyası adlanmışdır. Lənkəran qəzası 1846-1859-cu illərdə Şamaxı quberniyasının tərkibində omuşdur.
1917-ci il Fevral nəticəsində Rusiyada mütləqiyyət devrilmiş, çar II Nikolay hakimiyyətdən salınmış və Romanovlar sülaləsinin 300 illik hakimiyyətinə son qoyulmuşdur.
Fevral inqilabından sonra Rusiyada Müvəqqəti hökumət yaradılmışdır. Müvəqqəti hökumətin Lənkəran qəzasında da orqanları yaradılmışdır. 1917-ci ildə qəzaların tərkibindəki nahiyələr dairələrlə əvəz olundu.
Lənkəran qəzası Lənkəran şəhəri, Sara (Sarı) adası və Astara, Astraxanbazar, Boradigah, Prişib, Şürük, Masallı, Mistan, Lerik və Vərgədüz dairələrinə bölündü.
Bu zaman Masallı rayonunun ərazisi Masallı və Boradigah dairələrinin tərkibində olmuşdur.
1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin dövründə də qəzalar saxlanmış və Masallı ərazisi əvvəlki kimi Lənkəran qəzasının tərkibində olmuşdur.
Masallı sovet dövründə
1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyasının XI Ordusu tərəfindən işğal edildi. İşğaldan sonra burada Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı.
Azərbaycan SSR formal olaraq 1920-1922-ci illərdə müstəqil olmuşdur.
Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR 1922-ci il dekabrın 10-da Sovet Rusiyasından asılı olan ZSFSR adı altında bir Federasiyada birləşdilər.
1922-ci il dekabrın 30-da RSFSR, Ukrayna SSR, Belarus SSR və ZSFSR Sovet Sosialist Respublikaları İttifaqı adı altında bir dövlətdə birləşdilər.
1936-cı ildə ZSFSR yenidən Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR-ə parçalandı.
Azərbaycan SSR 1922-1991-ci illərdə SSRİ-nin tərkibində olmuşdur. SSRİ-nin ilk illərinə qədər inzibati-ərazi bölgüsü kimi qəzalar saxlanılmışdır.
1930-cu ildə qəza və mahalların (dairələr) ləğv edilərək yerində rayonlar yaradılmışdır. Beləliklə, 1840-cı ildə yaradılmış digər qəzalar kimi Lənkəran qəzası da 1930-cu ildə ləğv edildi. Lənkəran qəzasının ərazisində 1930-cu il avqustun 8-də Astara, Lənkəran, Zuvand (1938-ci ildən Lerik), Masallı, Astraxanbazar (1967-ci ildən Cəlilabad) və Vərgədüz (1938-ci ildən Yardımlı) rayonları yaradılmışdır. Onu da qeyd edək, Çar Rusiyanın 1840-cı ildən Azərbaycanda yaratdığı idarəetmə sistemi 1930-ci ilə qədər davan edib.
Bu günkü Masallı rayonu
Azərbaycan Respublikasının cənub-şərqində yerləşir. Rayon cənubdan Lənkəran, şimaldan Neftçala, qərbdən Yardımlı, cənub-qərbdən Lerik, şimal-qərbdən Cəlilabad rayonları, şərqdən Xəzər dənizi ilə həmsərhəddir. Masallı Lənkəran – Astara iqtisadi rayonuna daxildir.
Ərazisi – 721 kv. km.
Əhalisi - 225. 100 nəfər. 1 oktyabr 2018
Mərkəzi – Masallı şəhəri.
Masallıya 23 avqust 1950-ci ildə qəsəbə,
20 yanvar 1960-cı ildə isə rayon tabeliyində şəhər statusu verilmişdir.
Şəhərdə 26. 095 min nəfər əhali yaşayır.
Masallı adına nə vaxt, hansı əsərdə və necə rast gəlinib?
Mirzə Əhməd Mirzə Xudaverdi oğlu "Əxbərnamə". əsərində yazır: (B.2009. Əsəri 1883-cü ildə 97 yaşında olarkən fars dilində yazmışdır. Əsər Talış xanlığı tarixindən bəhs edir).
1) "Atam söyləyirdi: (yəni Mirzə Xudaverdi - İ.Ş.) " məndən və iki nəfər qulluqçudan başqa xanın yanında bir nəfər də tüfəngçi qalmamışdı. Hamı getmişdi. Tüfəng səsi göyə yüksəlirdi. Mən də dözə bilmədim. Atıma hey vurub çapdım. Xan dalımca: "Getmə!". Mən isə qulaq asmadım. (Xan) buyurdu: "İndi ki, gedirsən, deyin ki, o yekə başı tutsunlar!". "Yekə baş" Masallı kəndindəki Əbdülsəmədin atası Kazım bəy idi. ..." (Səh. 54). 2) Xan bir qədər gözlədi. Sonra namazını qıldı. Atına mindi. Yanında on min nəfərə qədər adam vardı. (Bir qədər getdiksən sonra) gördük ki, Masallıda Xələfin evləri ətrafına çatmışıq. Lakin (soldatlardan) heç birəsər yoxdur. Səhər açılırdı. Biz Şıxlar və Yeddioymaq tərəfə gedirdik. Rusların bu yoldan gələcəyini zənn edirdik. Masallı kəndi evlərini bir az keçmişdik ki, elə bir göy yerə endi. Soldatlar başımıza (saysız) güllə yağdırdılar. ..." (Səh. 56).
Masallının ərazisi və əhalisi
Yaşayış məntəqələrinin sayı – 103 (1 şəhər, 2 qəsəbə, 100 kənd).
İldırım Şükürzadə, Tədqiqatçı-tarixçi
İ