Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yazımızın qəhrəmanı – Həkim, bəstəkar, şair həmyerlimiz Şahin Musa oğlu


 

Hər istedadın – istər rəssam, istər bəstəkar, istər şair, istər heykəltaraş... olsun, onun möhtəşəm əsəri ilə qarşılaşanda unudulmaz duyğular yaşayırıq. Biləndə ki, həmin yaradıcı insan sənin həmyerlindir, səninlə eyni havanı udan, eyni torpaq üstündə gəzən insanlardan biridir, o vaxt ikiqat, üçqat, bəlkə də beş qat qürur duyursan.

Masallı rayonunun Qızılağac kəndində anadan olan, orada boya-başa çatan, həm gözəl həkim, həm vətənpərvərlik mahnılarının gözəl bəstəçisi, həm həmin mahnıların sözlərini yazan şairin, daha dəqiqi, çox dəyərli bir şəxsiyyətin həmyerlisi olmağınla necə fəxr etməyəsən.

Şahin Musa oğlunu yəqin ki, çoxunuz tanıyır. Amma çoxunuz bilmir ki, o, hansı istedadın sahibidir, hansı uca, nəcib, alicənab duyğuların daşıyıcısıdır.

Bir masallılı jurnalist kimi bu vaxta qədər onlarla həmyerlimin – Əvəz Cəbiyevin, Nadir Ağayevin,  rəssam Tələt Şıxəliyevin, dövlət mükafatı laureatı, uzaq səfərlər kapitanı Zaur Sadıqzadənin, Prezident təqaüdçüsü Rəsmiyyə Sadıqovanın,  şair-alim Gülhüseyn Hüseynoğlunun, novellavari şeirlərin mahir ustası Böyükxan Pərvizin, möhtəşəm maaripərvər qadın Məryəm Bəylərbəyovanın,  yüksək vəzifədə saflığını qorumuş Ədalət Əzizovun,.. hələ adına sadalayıb qurtara bilmədiyim neçə-neçə insanın az qala bütün ölkəyə nümunə olacaq həyat yolunu işıqlandırmışam. Bu gün isə belə dəyərli insanlardan biri - Şahin Musa oğlunu sizə təqdim etməyə çalışacağam.

...Biz  Şahinlə qiyabi tanış idik - bu günlərdə, masallılar.az saytının təqdimatından sonra isə  süfrə arxasında bir neçə saat söhbətləşmək imkanı qazandıq. Çox təəssüf etdim və özümü qınadım ki, mən neçə illər niyə bu insanla yaxından tanış olmamışam, daha yaxın təmas qurmamışam.

Mənim üçün çətin olan bir yazı

Jurnalistikanın yazılmamış qanunlarından biri də  odur ki, hər hansı yazının “suyu” çoxdur, ya “balığı”? Yəni məlumat, fakt çoxdur, yoxsa bəzək-düzək. Təbii ki ,,balıq”, yəni,   fakt az olanda, gücü “suya” verirsən. Şahin Musa oğluyla bağlı yazını hazırlayanda əlimin altında o qədər “balıq” - fakt, məlumat, dəyərli fikirlər var idi ki, düzü, harada başlayıb harada qurtara bitirəcəyimi kəsdirə bilmirdim. Bu insanın nəinki bir romanlıq, bir triologiyalıq ömür yolu var.

 

Qarşımda onun ötən il çap olunmuş “Ağ ümid” adlı kitabıdır

Kitab korifey sənətkar Ramiz Rövşənin təqdimatı ilə başlayır. Daha sonra tanınmış yazarlar Rəşid Faxralı, Nurəddin Ədiloğu, Faiq Balabəyli... daha kimlər-kimlər onun haqqında ürək sözlərini deyir. Hələ onun  öz şerinə bəstələdiyi “İgid əsgər” mahnısına Məmməd Arazın həsr etdiyi şeirini demirəm.

 

Onun haqqında söz deyən  hər müəllif sanki həmin yazıya özünün bütün ruhunu verməyə çalışıb. Həmin yazılardan seçmələr etmək çox çətin idi. Çünki onun haqqında yazılar elə sevgi ilə yazılmışdı ki, sanki bir cümləsini toxunsaydın, digərləri tökülüb dağılacaqdı.

Bütün bunlarla yanaşı, bir yazının imkanları daxilində seçmələr etməyə məcbur oldum. Həmin seçmələri təqdim etməzdən öncə bəzi xronoloji və statistik məlumatları xatırlatmaq istəyirəm.

Kitablara sığmayan bir ömür

Şahin Musa oğlu 1963-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadan olub. Atası dəyərli pedaqoq Musa müəllim ahıl yaşında dünyasını dəyişib, anasını isə avtomobil  qəzasında itirib. Azərbaycan Tibb Universitetini bitirib. Əmək fəaliyyətinə Biləsuvar rayonundan başlayıb, son iş yerləri isə  Bakıda “MedServis” özəl tibb mərkəzində poliklinika şöbəsinin və MedEra Hospital klinikasının dioqnostika şöbəsinin müdiri vəzifələri olub. Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür, “Tibb xəbərləri” jurnalının təsisçisidir. 2006-cı ildə Türkiyənin Başkənd Univeristetində diaqnostika mütəxəssisi kimi yüksək ixtisasartırma kursu keçmişdir. Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyasının (WAMBES) idarə heyətinin üzvüdür. 

Bir müqayisə də yəqin sizin üçün maraqlı olar. Masallıdan çoxlu dünya şöhrətli alimlər, idmançılar yetişsə də 225 minlik rayonun bir bəstəkar qıtlığı var idi. Ötən əsrdə masallılı, ensklopedik şəxsiyyət Mirkazım Aslanlının bəstələrini nəzərə almasaq Şahin Musa oğlu Masallının hələ ki, ölkə miqyasında peşəkar səviyyədə və Prezident təqaüdçüsü olan ilk bəstəkarı
 Titullarını sıralamaqla qurtarmır.

Yaradıcılığının ilk meyvəsi, ilk nübarı  öz şerinə bəstələdiyi “İgid əsgər” mahnısı olub. Daha sonra

“Çağırır Vətən”

“Ağ ümid”

“Cənab Leytenant”

“Vətən Əmanəti ”

“I batalyon” və beləcə 30-a yaxın savaş türkülərinin müəllifidir.

Bir az da aşağıdakı məlumatlara diqqət yetirək.

Yuxarıda adını çəkdiyim “Ağ ümid” kitabında Şahin Musa oğlunun şeirləri ilə yanaşı, bəstələdiyi mahnıların partiturası,  eləcə də Ş. Musa oğlunun esseləri, onunla müsahibələr, mahnıların yaranma tarixi və səbəbləri ilə bağlı gövrək xatirələr yer alıb.

Kitab böyük zəhmətin bəhrəsidir. İstər kitabın tərtibatı, istər yazıların düzülüşü, təqdimatı peşəkar yanaşmanın bəhrəsidir.

İndi isə Şahin Musa oğlu haqqında yazılardan seçmələri sizə təqdim edirik

Ramiz Rövşən

“Sabaha ümid doğuran mahnılar

 

“Əziz dostum Şahin Musaoğlunun özündən əvvəl, mən onun mahnılarıyla tanış olmuşam. Şairlə, bəstəkarla tanışlığın ən gözəl şəkli də, yəqin elə budu.

...Deyirlər ki, yaxşı həkim dava-dərmandan əvvəl öz sözüylə xəstəni ovutmağı, onda ümid və inam yaratmağı bacarandı. Bu baxımdan, Şahin Musaoğlu öz mahnılarında da həkimdi. Onun Qarabağ savaşına həsr etdiyi mahnılarda hər şey var; ağrı da, dərd də, təskinlik də, ümid də...

...Amma Şahin Musaoğlu təkcə müharibə mövzusunda mahnılar yazmayıb. Bir bəstəkar kimi onun yaradıcılığının əhatə dairəsi daha genişdi; lirik sevgi nəğmələrindən (“Gedirəm”, “Qəlbin payızı” və s.) milli, dini, mifoloji məzmun daşıyan mahnılaracan (“Bay yurdum”, “Bismillah”, “Salam, dar ağacı” və s.)...

Bir şair kimi də, o, təkcə mahnı mətnlərinin müəllifi deyil. Şahinin heç bir musiqisiz-filansız, qoşmalarımızdan, gəraylılarımızdan gələn gözəl poetik dillə yazılmış şeirləri də var:


 İndi özümün özümlə

Sonuncu davam çatışmır.

İçimdə dərd nəfəs alır,

Çölümdə havam çatışmır.

 

Və ya:

 

Sənsiz dedim, bəs görəsən

Sən necə, mənsizmisən?

Söylə, doğmalar içində

Məntək kimsəsizmisən?


 ...Mən Şahinin bu mahnılarının, notlarıyla birgə, kitab şəklində çap olunmağını çoxdan arzulayırdım. Deyəsən, bu arzum yerinə yetir. Bir arzum da, bu mahnıların məktəblərdə uşaqlara öyrədilməsidi. İnanıram ki, gec-tez bu da olacaq. Çünki içi vətənə, torpağa, insana sevgiylə dolu olan bu mahnıların ruhuyla, havasıyla böyüyən balaların sabahına mənim ümidim böyükdü. Elə o cür balaları olan vətənin sabahına da.”

-------------------------

Şair Rəşid Faxralının yazısından seçmələr


Hamımız Vətənin əsgəriyik


“Onu çoxdan tanıyıram, könül dünyasına yaxşı bələdəm. ...Hərdən düşünürəm: həkim olmasa, şair olardı Şahin, həkim olmasa, şair olmasa, bəstəkar olardı. Şairliyi də, bəstəkarlığı da həkimliyi qədər bəyənilir; duyduqlarını şeirləşdirir - şairdi, duyduqlarını musiqiləşdirir - bəstəkardı. Şeiri də, musiqisi də ürəyi kimi Vətənə köklənib. Dönməz inam yiyəsidi. Azərbaycan əsgərinə “İgid əsgər, möhkəm dayan!” - deyir, torpaqlarımız işğaldan azad edilsin deyə hamımıza “Çağırır Vətən!” – deyir, pilotlarımızın uçuşlarını sözlə, musiqiylə uğurlayır - “Şahin”lər deyir, şəhidliyi dövlətçiliyimizin yaşamına, torpaqlarımızın işğaldan azad edilməsinə çağırış bilir - “Cənab leytenant” - deyir, hərdən düşüncələrinin kövrəkliyinə təslim olur - “Yollar yordumu səni?” - deyir.

...Bənzərsiz təbəssümündə sezilməsi çətin olmayan bir qəhər də var. Bu qəhər torpaq qoxuyur - işğal olunmuş torpaqlarımızın qəhəridi, közü kül altda qalmış ocaqlarımızın, söndürülmüş çıraqlarımızın qəhəridi, tanıdığı-tanımadığı şəhidlərimizin yarıda qırılan ömürlərinin qəhəridi. O qəhərdə 20 Yanvarın da rəngi var, 26 fevralın da, 1 aprelin də, 29 oktyabrın da...

Şahin - həkimdi, Şahin - şairdi, Şahin - bəstəkardı.

...Eyni təxəyyülün üçlü təzahürü vətəndaş Şahin Musaoğlu hərbçi olmasa da özünü ordumuzun əsgəri bilir. Ordumuzun uğurları onun da ürəyini telləndirir, onun da könül dünyasının səyyarəsinə dönür...

Birinci batalyon ordumuzun ilkinlərindən oldu. Müharibənin ağırlığı ilkin olaraq onun çiyinlərinə düşdü, ilk ağrılarını o çəkdi; uğursuz Daşaltı əməliyyatına birinci batalyon cəlb edilmişdi. Neçəsi şəhid oldu, neçəsi yaralandı. Şahin bunları kövrəkliklə xatırlayırdı. Qurbanın, Bəhramın, Seyidağanın, Füzulinin, Heydərin, Elmanın... yana-yana danışdıqlarını Şahin yana-yana yaşayırdı. Göz yaşlarının ürəyinə axdığını duymaq, hiss eləmək çətin deyildi. Dinləyirdi – qaşları çatılırdı, xatırlayırdı – ürəyi uçunurdu; uçunan ürəyinin giziltisi misralaşırmış, misralar musiqiləşirmiş. Ürəyindən nələr keçdiyini “Birinci batalyon” yazılana kimi kimsə bilmədi. “Birinci batalyon” şəhidlərə elegiya oldu, qazilərə təsəlli.

...Vətənpərvərlik Şahin Musaoğlunun ömürlüyünün qayəsidi; Vətən istəyərsə küləyə dönüb yarpaq da titrədər, selə dönüb gərəksiz daşları axıdar da, yağışa dönüb çilənə də bilər, şimşəyə dönüb çaxa da bilər... Nə eləsə Şahin kimi eləyər”.

 

Yazıçı publisist Nurəddin Ədiloğlunun yazısından seçmələr

 

"Sülh savaşçısı" 

...“İgid əsgər, möhkəm dayan” adlı ilk mahnısını da həmin illərdə yazıb. Azərbaycanın Levitanı adını qazanmış hərbi aparıcı Şəmistan Əlizamanlının ilk dəfə ifa etdiyi bu mahnını Şahin Musaoğlu Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin şəhid ruhuna həsr edib: 

Ya azad ol, ya candan keç, 
İki yoldan birini seç. 
Azadlığın şərbətin iç, 
İgid əsgər, möhkəm dayan! 

...Şahin Musaoğlunun vətənpərvərlik ruhunda qələmə aldığı “İgid əsgər, möhkəm dayan” adlı şeirlər kitabı 2003-cü ildə “Adiloğlu” nəşriyyatında işıq üzü görüb. İki il öncə isə Küveytdə fəaliyyət göstərən “Vətənsevər” Dostluq Cəmiyyətinin təşəbbüsü ilə həmin şeirlər kitabı ərəb dilində “Eyyuhəl cundiş şucaa qıf şəmixan!” adı ilə nəfis tərtibatla məşhur “Əl-Risalə” mətbəə evində çap edilib. Şeirləri ərəb dilinə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin əməkdaşı Babək Əhmədov tərcümə edib. 

Şahin Musaoğlunun Şəmistan Əlizamanlının ifasında səslənən “Ağ ümid”, “Birinci batalyon”, “Cənab leytenant” mahnıları da böyük uğurlar qazanıb. “Cənab leytenant” dünən şərəfli döyüş yolu keçmiş, bu gün vətəni göz bəbəyi kimi qoruyan, sabah isə bu yolu keçəcək bütün Azərbaycan zabitlərinə həsr olunub. Və təkcə Azərbaycanda deyil, xarici ölkələrdə təhsil alan soydaşlarımız da onu sevə-sevə, həm də böyük şövqlə ifa edirlər. 

Bir neçə il öncə Kanadada Yusif adlı tələbənin universitet şəhərciyində təşkil olunmuş konsertdə “Cənab leytenant” mahnısını həvəslə ifa etməsi və yaxud Parisdə təhsil alan bir qrup azərbaycanlı gənclərin tonqal başında bu mahnını gitaranın müşayiəti ilə xorla oxumaları xaricdə təhsil alan azərbaycanlı gənclərimizin bu mövzuda olan türkülərə marağının bariz nümunəsidir. 

Hay ver, mənə, cənab leytenant! 
 Hay ver mənə, leytenant! 
 Xoş müjdəli bir savaşdan, 
 Pay ver mənə, leytenant! 

Dörd il əvvəl "Eurovision" milli seçim mərhələsində iştirak edən Nadejda Mikayılova adlı gənc ifaçının da bu mahnı ilə çıxış etməsi və klip şəklində hazırladığı layihə də sosial şəbəkələrdə böyük populyarlıq qazandı. 

Marş kimi səslənən “And içirəm”, “Yol ver türkün bayrağına”, “Vətən çağırır”, “Öncə vətəndir” və başqa mahnıların müəllifi olan Şahin bəyin fikrincə, hərbi vətənpərvərlik mövzusu ciddi mövzudur. İnsanların ruhuna, qeyrətinə, mənəviyyatına hesablanmış mövzudur. Bu mövzu Vətənə, Anaya münasibətdir... Coşqudur, ruhdur, qisasdır... Hər yeni mahnı yazmaq yeni nəfəs deməkdir... Hər yeni mahnı yeni səhifədir. Hər yeni mahnı - yeni səs, yeni söz deməkdir... 

Şahin Musaoğlunun on iki əsəri Silahlı Qüvvələrin hərbi hissə və məktəblərində tədris edilir. Özünün qələmə aldığı nəzm parçalarından savayı, M. Şəhriyarın, (“Azərbaycan”), Əhməd Cavadın (“Bismillah”), Bəxtiyar Vahabzadənin (“Bay Yurdum”), Ramiz Rövşənin (“Yalquzaq”), Hidayətin (“Torpaq”), Rüstəm Behrudinin (“Salam, dar ağacı”), Nizami Saraclının (“Türkün bayrağına”) sözlərinə bəstələdiyi mahnılar Azərbaycan Teleradiosunun "Qızıl" fonduna daxil edilmişdir. Eyni zamanda “Şahin Musaoğlunun müəllif mahnıları” adlı kompakt diskləri Azərbaycan və Türkiyə dinləyicilərinin ixtiyarına verilmişdir. 

…Bu ilin aprel ayında Şahin Musaoğluna Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komissiyasının sədri vəzifəsi həvalə olunub. Xatırladım ki, bundan öncə AYB –də Hərbi Vətənpərvərlik Komissiyasının sədri mərhum xalq şairi Zəlimxan Yaqub idi.” 

 

 

 

 

 

 

 

 

 

 

 

Dəyərli eloğlumuz haqqında yazımızı  Məmməd Arazın onun öz şerinə bəstələdiyi “İgid əsgər, möhkəm dayan” mahnısına yazdığı şeirlə bitirəm.

Məmməd Araz

ƏSGƏR OĞUL

 

Səfərbərlik marşı

“İgid əsgər, möhkəm dayan”

mahnısını dinləyərkən

Sən bu yurda söykəlisən, bu yurd sənə,

Keşiyində dursan belə neçə sənə,

Ayaq üstə yatsan belə neçə sənə:

Sən bu yurda söykəlisən, bu yurd sənə

 

Son atəş də, son zərbə də səninkidir,

Oğul əsgər, əsgər oğul-mərd igiddir,

Mərd ölsə də mərdlik ölmür ,hünər ölmür;

Hünər ölmür, mərdlik ölmür-əsgər ölmür.


Mən  bilmirəm, hardan boy al, hara dırman,

Mən bilmirəm, göyə ucal, yerə quylan,

Babaların məzarını qoru, qardaş!

Ataların vüqarını qoru, qardaş!

 

Çağırışcı marşı


Körpələrin yuxusunu qoru, qardaş!

“Vətən ölməz”duyğusunu qoru, qardaş!

“Hünər ölməz” nıdasını qoru, qardaş!

Od yurdunun odasını qoru, qardaş!


Gurşad olub göydən ələn-mən bilmirəm,

Harda şirləş, harda filləş-mən bilmirəm,

Mən bilirəm: geriyə yol yoxdur, atam!

Öncül oğul dönüb geri baxmır, atam!


Geridə biz qəbir yeri saxlamışıq,

Bəsdir daha sızlamışıq, ağlamışıq!

Geridə biz qəbir yeri saxlamışıq,

Özümüzə dar ağacı qurmaq üçün,

Özümüz  öz boynumuzu vurmaq üçün:

Qətl yeri saxlamışıq, qətl yeri!

Qəbir yeri saxlamışıq, qəbir yeri!

Bu torpağın hər qayası deyir bunu,

Bu torpağın min yarası deyir bunu.

Bu torpağın son nəfəsi olsan belə,

Son dirisi, son əsgəri olsan belə,

Geri dönmə, son qələbə xəttinəcən,

Son qələbə həddinəcən, səddinəcən.

 

Şahin Musaoğlu 55 illik yubiley

 

Dönmə geri üfüqəcən...

Nə zaman ki, bu yer, bu yurd

Yağıları süpürəcək, üfürəcək,

Hər əsgərin, hər nəfərin

Nəfəsi od püskürəcək.


Onda dönüb görəcəksən:

nakamların qəbri: Məşəl!

Qaliblərin qəlbi: Məşəl!

Məşəl! Məşəl!

Şah dağından qəlbi məşəl!...

 

 


Qurban türkün bayrağına

 

Cənab Leytenant

 

Yenilməyən Tankçılar

 

 

Deyilənləri bir “xonçaya” düzdü: Zahir

 

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10