Kütləvi etirazların baş verdiyi İran inqilabla üzləşəcək, yoxsa İslam liderləri hakimiyyəti saxlayacaq?
İranda bir aydan çoxdur ki, kütləvi etiraz aksiyaları dayanmır. İlkin olaraq insanlar küçələrə axışaraq, hicabını düzgün geyinmədiyinə görə əxlaq polisi tərəfindən həbs edilən 22 yaşlı Məhsa Əmininin ölümünün araşdırılmasını tələb etdilər. Sonra siyasi şüarlar səsləndi: İran kürdləri, bəluclar və Azərbaycan türklərinin hüquqlarını genişləndirməkdən tutmuş, Prezident İbrahim Rəisinin istefasına, İranın dini rejiminin dünyəvi rejimə dəyişdirilməsinə qədər – bir çox tələblər irəli sürüldü. Demək olar ki, bütün böyük şəhər və əyalətlər etiraz aksiyaları ilə əhatə olunub və azərbaycanlıların yaşadığı Təbriz müqavimət mərkəzinə çevrilib. Hakimiyyət aksiyalardan ciddi şəkildə qorxur və rejimin əleyhdarları əmindirlər ki, dini liderlərin - ayətullahların hakimiyyətinə son qoyulub. İranda baş verənlər və cəmiyyətdə millətçi hisslərin güclənməsi nəyə gətirib çıxara bilər? “Lenta.ru” baş verənləri araşdırıb. AYNA araşdırmanı istinadla təqdim edir:
Qeyri-sabit tarazlıq
İranda son iyirmi ildə ruhanilərin şəxsi həyata hədsiz müdaxiləsindən narazılıq artmaqdadır. Lakin son vaxtlara qədər teokratik rejim daha çox dünyəvi azadlıqlar tələb edən insanlarla ortaq dil tapmağı bacarırdı. Özünü islahatçı kimi təqdim edən keçmiş Prezident Həsən Ruhani xalqa güzəştə getdi və həddindən artıq sərt dini qaydaların ləğvini müdafiə etdi. Amma alınmadı. İranın Ali Dini Lideri Ayətullah Əli Xamenei Prezidentin islahatlarının qarşısını aldı.
Mütərəqqi Prezident kimi tanınan Ruhaninin cəmiyyətin tərəfində olması və ruhanilərlə mübahisə etməsi insanlarda nikbinlik yaratmışdı. Bundan əlavə, Ruhani İranın milli azlıqlarının hüquqlarının genişləndirilməsini dəstəklədiyini bəyan edirdi. Onun dövründə ölkənin ən böyük toplumu olan azərbaycanlılara ibtidai məktəbdə fakultativ fənn kimi ana dilini öyrənmək imkanı verildi.
30 milyondan çox
Qeyd edək ki, İranda 30 milyondan çox azərbaycanlılar yaşayır ki, bu, ölkə əhalisinin üçdə biridir. İranda məktəblərdə tədris ancaq fars dilində mümkündür. Hakimiyyət uzun illər kürdlərin, bəlucların, azərbaycanlıların, ərəblərin assimilyasiyası siyasətini apardı və ümumilikdə buna nail oldular. Etnik mənsubiyyətindən asılı olmayaraq, İran əhalisi özlərini ilk növbədə iranlı kimi tanıyıb və yalnız bundan sonra bu və ya digər etnik qrupa mənsub olduqlarını qeyd ediblər. Onların mədəni-maarif hüquqlarının məhdudlaşdırılması zaman-zaman narazılıqlara səbəb olub və bu, etirazlarla nəticələnib. Bununla belə, hakimiyyət onlara qulaq asmadı.
Ruhaninin islahatları heç vaxt İran dövlətçiliyinin fundamental prinsiplərinə toxunmayıb. Əxlaq polisi hələ də insanların şəxsi həyatına nəzarət edir və etnik azlıqların siyasi institutlarda, biznesdə və mədəniyyətdə təmsil olunmaq hüquqları məhduddur. 2021-ci ilin avqustunda, Xameneinin dostu və silahdaşı İbrahim Rəisi Prezident vəzifəsinə gələndə mühafizəkarlıq yenidən dünyəviliyi ələ keçirdi və əvvəlki dövlət başçısının transformasiyası donduruldu. Rəisinin Ali Rəhbərin varisi olacağı ehtimal edilir - Ayətullah Xamenei qocadır və səhhəti pisdir, hər an təqaüdə çıxa bilər. Rəisi Prezident kimi səlahiyyətlərindən istifadə edərək ölkədə şəriət qanunlarını sərtləşdirmək üçün istifadə edir ki, bu da cəmiyyətdə, xüsusən də şəhər sakinləri arasında narazılığı artırır
22 yaşlı Məhsa Əmininin saxlanıldıqdan sonra ölümü sosial partlayışa səbəb oldu. İlk etiraz edən iranlı qadınlar oldu. Əvvəlcə saçların kəsilməsini, hicabların yandırılmasını əks etdirən videoçarx çəkdilər, sonra isə kütləvi aksiyalara çıxdılar. Lakin tədricən nümayişlər kürd azlığının yaşadığı İranın şimal-qərbinə yayıldı. Təkcə Əmininin ölümündə günahkar olanların cəzalandırılması ilə bağlı çağırışlar səslənmirdi. Camaat hökumətin istefasını tələb edib və Məhsanın dəfn mərasimində “Diktatora ölüm” şüarları səsləndiriblər. Bu şüar son bir neçə ildə Xameneiyə qarşı istifadə olunur.
Təxribatların qarşısını almaq adı ilə polis kütləyə atəş açıb, lakin bəzi bölmələr nümayişçilərin tərəfinə keçib. Bundan başqa, nümayişçiləri İranın keçmiş monarxı Rza Pəhləvinin dul arvadı Fərəh Pəhləvi və keçmiş hakim sülalənin bütün nümayəndələri dəstəkləyir. Tədricən nümayişlər İranın digər bölgələrinə də yayılaraq 31 əyalətdən 20-ni bürüdü, ən əsası isə millətçi xarakter aldı.
Məhsa Əmininin başına gələnlər
Əhalisinin əksəriyyətini azərbaycanlıların təşkil etdiyi rayonları kütləvi narazılıqlar bürüyərkən hakimiyyət həyəcan təbili çaldı. Təbriz, Qəzvin, Zəncan şəhərlərində nümayişçilər şüarlar səsləndiriblər: “Yaşasın Azərbaycan!”. Lakin etirazçılar arasında ərəblər, bəluclər, bəxtiyarlar, türkmənlər, gilanlar, mazandaranlar da var. İlk dəfə olaraq ölkədəki demək olar ki, bütün nümayişçilər, o cümlədən etnik iranlılar siyasi sistemin özünə qarşı çıxır və hakimiyyəti, təhlükəsizlik qüvvələrini, mollaları, polisi və s. “Şərəfsiz!" adlandırırlar.
Etirazlara İrandan kənarda da dəstək verilib. Onlarla iranlı və iraqlı kürd mərhum Məhsa Əmininin fotoşəkilləri ilə BMT-nin Ərbildəki qərargahına gəlib. Brüsseldə iranlı qadınlar evdə etirazçılarla həmrəy olaraq saçlarını kəsdirib, hicablarını yandırıblar, fransız aktrisalar və hətta diplomatlar da buna əməl ediblər. Aİ İran hakimiyyətini nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiq etməməyə çağırıb.
Ölən 201 nəfərdən 23-ü uşaqdır
İranda etirazlar başlayandan bəri 201 nəfər ölüb ki, onların 23ü uşaqdır. Bu, İran İnsan Haqları fəallarının məlumatlarıdır. ABŞ İranın əxlaq polisinə, təhlükəsizlik strukturlarının rəsmilərinə, İnformasiya və Milli Təhlükəsizlik Nazirliyinə qarşı sanksiyalar tətbiq edib. Eyni zamanda, iranlı istifadəçilərin hüquqlarını məhdudlaşdıran sanksiyalar əksinə, qismən götürülüb. Texniki şirkətlər, xüsusən də İlon Maskın “Starlink” internet şəbəkəsi İranda etirazçılara dəstək olaraq dövlətin blokadalarından yan keçərək interneti yaymağa başlayıb.
Yeraltı separatizm
Ayətullah Xameneinin özünün əslən azərbaycanlı olması uzun müddət İran azərbaycanlılarının türkçülük ideyalarını geridə qoyub. Bununla belə, onun ölümü ilə bağlı şayiələr son həftələrdə aktiv şəkildə yayılır və bu, yeni ruhani liderin seçilməsi prosedurunun yaxınlaşması deməkdir. İki potensial varis var - Prezident Rəisi və 53 yaşlı Müctəb. Rəhbərin seçilməsi və təyin edilməsi proseduru yalnız 1989-cu ildə həyata keçirildiyi üçün tənzimlənməmişdir. Bu siyasi qeyri-müəyyənlik etiraz fəaliyyətinə qızın ölümündən az təsir edir.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib: etirazlar xarici düşmənlərin İranın tərəqqisi və iqtisadiyyat, siyasət və ŞƏT üzvlüyündə əldə etdiyi strateji nailiyyətlər üçün intiqamıdır. Etirazların keçirildiyi günlərdə BMT Baş Assambleyasının illik iclasında Nyu Yorkda olan Prezident Rəisi ABŞ-ı iranlıları etiraza sövq etməkdə ittiham edib və ənənəvi olaraq Vaşinqtonu öz problemləri ilə məşğul olmağa çağırıb. “Amerika polisi tərəfindən öldürülənlərin hamısı haqqında nə demək olar? Bütün bu ölümlər araşdırılıbmı?”, - Raisi sual edib.
İranın özündə Qərb dövlətlərinin himayə etdiyi iddia edilən düşmənlərin ovuna çıxması elan edilib: məsələn, oktyabrın əvvəlində İran İslam Respublikasının keçmiş Prezidenti Haşimi Rəfsəncaninin qadın hüquqları uğrunda mübarizə aparan qızı Tehranda saxlanılıb.
Qərbdən milli azlıqların hüquqlarına hörmətlə bağlı çağırışlar cavabsız qaldı. Bu arada müşahidəçilər qeyd edirlər ki, İslam Respublikası tarixində ilk dəfə olaraq üsyan getdikcə daha çox milli azadlıq hərəkatı çalarları alır. Bunun rejim dəyişikliyinin hərəkətverici qüvvəsinə çevrilə biləcəyi versiyaları irəli sürülür.
Həyəcanverici proqnozlara baxmayaraq, politoloqlar hesab edirlər ki, İranda milli məsələ mediada təqdim olunduğu qədər kəskin deyil. Yaxın Şərq üzrə ekspert Kirill Semyonov milli azlıqların İran cəmiyyətinə yaxşı inteqrasiya edildiyinə əmindir: “Separatizm ideyaları əsasən İranda üçüncü ən böyük etnik qrup olan kürdlərə xasdır. Amma kürd məsələsi sırf İran problemi deyil, Yaxın Şərqin ümumi problemidir. Kürdlər xalq olaraq İran, İraq, Suriya və Türkiyə ərazisindədirlər. Onlar uzun illərdir ki, öz dövlətini yaratmağa çalışırlar, lakin bütün cəhdlər boşa çıxır. Eyni zamanda, İranda ən geniş siyasi şəbəkəyə malik olan kürdlərdir”.
“İndi İranda ən güclü kürd təşkilatı radikal sol “Komala” hesab olunur. Ancaq bu qrupu çətin ki, separatçı adlandırmaq olar. Əksinə, o, İran Kürdüstanı və ölkənin digər milli bölgələrinə muxtariyyətin genişləndirilməsinin tərəfdarıdır”, - Semyonov deyir.
Onun sözlərinə görə, İranda həm solçu radikallar, həm də mühafizəkarlar, millətçilər, islamçılar və bir çox başqa kürd siyasi strukturları var. Onların bir çoxu Şah dövründən fəaliyyət göstərir.
“Kürdlər İranın qərbində yaşayır və ən yoxsul xalq hesab olunurlar. Çətin iqtisadi şərait onları başqa bölgələrə, məsələn, İran azərbaycanlılarının yaşadığı Təbrizə köçməyə sövq edir. Kürdlər azərbaycanlılardan daha mütəşəkkildirlər, onların İranda mütəşəkkil partizan hərəkatı var. Zaman-zaman hətta İran xüsusi xidmət orqanlarına da qarşı çıxırlar. Bu, azərbaycanlıların narazılığına və kürdlərin problem mənbəyinə çevriləcəyinə dair qorxuya səbəb olur”, - azərbaycanlı şərqşünas Nurlan Qasımov deyib.
Semyonov qeyd edib ki, İran ərəbləri də separatçı ideyalarla bəslənirlər. Lakin Semyonov bunun ayətullah rejimi ilə hansısa ciddi mübarizə ilə nəticələnəcəyinə şübhə edir.
“İran ərəbləri Fars körfəzinin şimalında, İraqın yanındakı Xuzistan və ya Əhvaz bölgəsində yaşayırlar. Onlar iranlılar kimi şiədirlər, lakin ayrılıb İraq şiə ərəblərinə qoşulmaq istəyirlər. “Əhvazın Azadlığı uğrunda Ərəb Mübarizə Hərəkatı” ən güclü struktur hesab olunur. Lakin indiyədək İran ərəblərinin separatizmi heç nəyə gətirib çıxarmayıb”, - ekspert deyib.
“Bundan əlavə, Pakistana meyl edən və uzun illər onunla vahid dövlət yaratmağa çalışan iranlı bəluclar var, lakin bu günə kimi onların resursları yoxdur. "Üsyançı İranın Bəlucistanının “Cundullah” qruplaşması uzun illər ən güclü sünni separatçı struktur hesab olunurdu. İran hakimiyyəti onu terrorçu hesab edir, 2010-2011-ci illərdə onları faktiki olaraq məğlub edə biliblər”, Semyonov deyir. İranın digər milli azlıqları - bəxtiyarlar, türkmənlər, gilanlar, mazandaranlar o qədər də çox deyillər, demək olar ki, heç bir separatçı əhval-ruhiyyə yoxdur.
Əksəriyyətini etnik azərbaycanlıların təşkil etdiyi İranın şimalını etiraz əhval-ruhiyyəsi bürüsə də, ekspertlər bu faktı rejim üçün təhlükə hesab etmirlər.
Semyonov diqqəti İran azərbaycanlılarının həmişə yüksək vəzifələr tutduqlarına və bugünkü şiə İranının yaranmasının mənşəyində dayanmasına diqqət çəkir, ona görə də hesab edir ki, bu mühitdə separatizmdən söhbət gedə bilməz: “İndiki İran, Azərbaycan, Qərbi Əfqanıstan və Pakistan ərazilərini idarə edən türkdilli Səfəvilər sülaləsi farslar deyil, azərbaycanlılardır. Etnik iranlılar da daxil olmaqla, heç kim bu faktı inkar etmir. Yəni müasir İran İran xalqının fars və türk mahiyyətlərinin qarışığıdır”.
Şərqşünas Qasımov isə hesab edir ki, İran azərbaycanlılarının ikili milli kimliyi var: “Millətçilik və türkçülük əsasən gənclər və futbolsevərlər arasında yayılıb. Lakin 1990-cı ildən bəridir rəsmi Tehran təkcə yerli azərbaycanlılardan deyil, Bakının siyasətindən ehtiyatlanır. Bu şübhə iki Qarabağ müharibəsinin qızğın vaxtında İranın Azərbaycandan çox Ermənistanı dəstəkləməsi ilə nəticələndi. Eyni zamanda, iranlılar Azərbaycanı Bakı Respublikası adlandırırlar ki, bu da azərbaycanlıları dəhşətli dərəcədə qıcıqlandırır”.
“Sovet İttifaqı dağılandan və müstəqil Azərbaycan yarandıqdan sonra İran hakimiyyəti onunla necə davranacağını bilmirdi. İranın qərbində eyniadlı ostan (vilayət) var. İranlılar başa düşürlər ki, paytaxtı Bakı olan Azərbaycan bir vaxtlar Rusiya imperiyası tərəfindən parçalanmış İran dövlətinin bir parçasıdır”, şərqşünas söyləyib.
Onun sözlərinə görə, İran öz “yumşaq gücü”nü Azərbaycana da yaymağa çalışıb: “ Mədəni əlaqələr genişlənmiş, maarifləndirmə proqramları hazırlanmış, millətlərarası mədəniyyət mərkəzləri yaradılmışdır. Amma paradoks ondadır ki, azərbaycanlılar da iranlı həmkarlarına təsir göstərmişlər ki, bu da İran İslam Respublikasının ali rəhbərliyinin narahatlığına səbəb olub, buna görə də mədəniyyətlərarası qarşılıqlı əlaqə getdikcə azalıb. İndi Tehran və Bakını əsasən enerji, logistika, infrastruktur və iqtisadi layihələr birləşdirir. Mədəni və siyasi qarşılıqlı əlaqə minimuma endirilir”.
“İranın Azərbaycana qarşı ehtiyatlı olması daha çox xarici siyasət amilləri ilə deyil, daxili amillərlə bağlıdır. Ayətullah rejimi İran azərbaycanlılarının Cənubi Qafqazdakı qardaşları ilə əlaqə saxlamasından ehtiyat edir ki, bu da ölkədə separatizmi artıracaq”, - deyə Qasımov bildirib.
Qasımov qeyd edib ki, 1980-ci illərin sonlarında İranda müstəqil güney azərbaycanlıların GAMOH hərəkatı yarandı: “Ona Təbriz Universitetinin professoru, etnik azərbaycanlı Mahmudəli Çöhrəqanlı rəhbərlik edirdi. Bu təşkilatın üzvləri Güney Azərbaycanın İrandan ayrılmasını müdafiə edirdilər, lakin onlara qarşı cinayət işi açıldı. Çöhrəqanlı ABŞ-a getdi. İndi GAMOH marginallaşıb və yarı yeraltı mövcuddur. İranın kəşfiyyat xidmətləri etnik gizli əməliyyatlara diqqətlə nəzarət edir, ona görə də Azərbaycan separatizmi küçədə deyil, sosial şəbəkələrdə və internetdə daha çox eşidilir”.
Politoloq hesab edir ki, əsas sual ondan ibarətdir ki, İran azərbaycanlıları özlərini kiminlə eyniləşdirirlər - Bakı ilə, yoxsa hələ də Tehranla? Və cavab verir ki, İran azərbaycanlıları hələ də özlərini iranlı hesab edirlər: “Azərbaycanlılar öz istəkləri ilə ayrılmayan “sahibsiz quzular” kimi qəbul edilir və şəriət normalarından uzaqlaşma onları korlayır. Əgər söhbət azərbaycanlıların birləşməsindən gedirsə, o zaman söhbət İranın şimalını Azərbaycana birləşdirməkdən getmir. İran azərbaycanlılarının dünyasının ideal mənzərəsi odur ki, Azərbaycanı İranın bir hissəsi kimi görsünlər, o zaman Azərbaycan xalqı birləşəcək”.
Ekspertlər razılaşırlar ki, İran rejiminin tənəzzül astanasında olması ilə bağlı proqnozlar doğru deyil. Çünki İranda konsolidasiya edilmiş elita, köklü siyasi institutlar, hakimiyyət dəyişikliyi var. Bu, dini rejimə böhranlar zamanı çevik qalmağa, lakin İslam mahiyyətinin saxlamasına imkan verir.
Müəllif: Turan Abdulla