Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəranın unudulmaz kişilərindən biri


Cənub bölgəsinin sayseçmə ziyalılarından biri, ömrünün yarım əsrdən çoxunu Lənkəranın iqtisadi və mədəni həyatının yüksəlişinə həsr etmiş SƏADƏT TAĞIYEVin vəfatından 40 gün ötür. Səadət Tağıyevin 22 il başçılıq etdiyi çayçılıq sovxozu Azərbaycanda istehsal olunan çayın 10 faizini verirdi. Sonrakı fəaliyyəti Qızılağac Dövlət Qoruğu, I saylı çay fabriki ilə bağlı idi. Lap qısa müddət Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının I müavini olub. İşlədiyi hər sahədə prinsipiallığı, insanpərvərliyi ilə iz qoyub. Ömrünün unudulmaz anları publisist Sevda Əlibəylinin “Səadət Tağıyev”  kitabında yer alıb. Kitabın ön sözünün müəllifi Əməkdar elm xadimi, professor Nizaməddin Şəmsizadədir. Nizaməddin Şəmsizadənin “Cənub Mirvarisi Səadət Tağıyev” başlıqlı ön sözünü saytın izləyicilərinə təqdim edirik.


Cənub mirvarisi Səadət Tağıyev


Böyük insanlar Günəşə bənzəyirlər. Qədim türklər Tanrını Günəş kimi təsəvvür edirdilər. “Kitabi-Dədə Qorqud” eposunda Allah belə təqdim olunur: “Ucalardan ucasan - kimsə bilməz necəsən”.

Böyük insan da belədir: özü görünmür – haləsi, əməlləri görünür. Atalar bir də “igidin adını eşidib özünü görmə” - deyiblər. Böyük şəxsiyyətlərin aurası – haləsi özündən qabaq xalqa və millətə bəlli olur, faydalar verir. Bir gün Roma imperatoru Mark Avreliyə xəbər edirlər ki, ordu başçısı olan general səni görmək istəyir. General onun yanına gəlib deyir: “Əlahəzrət imperator, məni öldürmək istəyirlər”. Generalın təşviş və vahiməsi Avreliyə pis təsir edir. Ağıllı və tədbirli Mark Avreli deyir: “Səni heç vaxt öldürə bilməzlər. Çünki səni öldürmək üçün əvvəlcə sənin adını öldürmək lazımdır. Sənin adın isə milyonların qəlbindədir”. Milyonları yox etmək mümkün olmadığı kimi, səni də öldürmək mümkün deyil. General inam və fərəhlə orduya qayıdır. Böyük şəxsiyyətlərin adları beləcə onların özlərindən böyük olur.

Hamı Günəşin haləsini – işığını görür və istisini duyur. Heç kim Günəşin sifətini görməyib: “Zərrə mənəm, Günəş mənəm! Çar ilə pəncü-şeş mənəm” - deyib insanı Günəşə bənzədərdi dahi Nəsimi. Vaqif isə “Pəri” qoşmasında öz gözəlini onunla qiyaslayırdı: “Günəş kimi hər çıxanda səhərdən, Alırsan Vaqifin əqlini sərdən”. Adam var bir evin, adam da var ki, dünyanın bəzəyi, şöhrəti şanıdır. 

Mən bu il öz şərəfli əməlləri, qürurlu şəxsiyyəti, sərt, tələbkar, prinsipial xarakteri, fəqət, böyük məhəbbəti və zəngin mənəvi aləmi ilə təkcə bir elin deyil, həm də respublikanın ağsaqqalına çevrilmiş, canlı ikən heykəlləşmiş belə bir adamla tanış oldum. Mənim televiziyadakı çıxışlarımı az qala əzbərdən bilən, pərəstişkarım olan bu adam – Səadət Tağıyev Lənkəranın Separadi kəndində öz evinin doqqazında məni olduqca səmimi qarşıladı. Elə bildim ki, 40 illik dostumla görüşdüm. Mən ondan Azərbaycanın Cənub zonasının ətrini və hərarətini aldım.

Dostlarım Qənimət Səfərli və Şəmistan Əlizamanlı ilə mən İstisu qəsəbəsində onunla birlikdə olduq. 78 yaşlı şux, qıvraq, nikbin, müdrik el ağsaqqalı ata kimi mehriban idi. Mən ondan 12 il əvvəl itirdiyim atam Şəmsəddinin mehrini duydum. Mən adətən, danışığı sevən və bacaran adam olsam da, uşaq kimi ona qulaq asmaq istəyirdim. İbrətli, yerli-yataqlı, müdrik söhbətindən dəruni bir zövq alırdım. O isə istəyirdi ki, daha çox mən danışım. Az müddət ərzində Səadət müəllim həyat təcrübəsindən mayalanan, canlı bir tarix olan ağıllı və inandırıcı söhbətləri, böyük-kiçik əxlaqı, ədəb-ərkan fəlsəfəsi ilə mənim 59 illik həyatımda bir çevriliş əmələ gətirdi. Məni fərəhləndirən o idi ki, ilk dəfə gördüyüm insanla düşündüklərim üst-üstə düşür, bir-birini tamamlayırdı. Bu düşüncələr tarixə güvənir və onların arxasında dünyanın ən ədalətli hakimi olan TARİX dayanırdı.

Səadət Tağıyevlə tarix baxımından qısamüddətli canlı söhbətlərimi Sevda Əlibəylinin “Səadət Tağıyev” adlı sənədli povesti daha da zənginləşdirdi və tamamladı. Müəllif Cənub bölgəsinin təbiətini, azərbaycanlı mentalitetini, qəhrəmanının yaşadığı ictimai-siyasi mühiti – sovet cəmiyyətinin mahiyyətini, uğurlarını, qüsurlarını və ən başlıcası, qəhrəmanının genetik tarixini, əsil-nəcabətini, şəxsiyyət kimi mənəvi aləmini və psixologiyasını yaxşı bildiyindən Səadət Tağıyevin bir təsərrüfat rəhbəri və şəxsiyyət kimi portretini dolğun yarada bilmişdir. Zəngin faktlar, səriştəli jurnalist qələmi, fəlsəfi ümumiləşdirmələr əsasında rəvan dildə yazılmış povest maraqla oxunur. Səadət Tağıyevi XX əsrin 80-ci illərinin əvvəllərindən 30 il ərzində 1983-2013 tanıyan təvazökar jurnalist Sevda Əlibəyli onu “ömrünün 50 ildən çoxunu Lənkəranın iqtisadi həyatının yüksəlişinə sərf etmiş” mahir təsərrüfatçı və çevik təşkilatçı kimi təqdim edir.

Sevda Əlibəyli povesti Səadət Tağıyev haqqında sənəd və materiallar, mətbuat məqalələri əsasında yox, xalq arasında, dövlət yanında və dost-tanış yaddaşındakı həqiqətlər əsasında yazıb. Şübhəsiz ki, əsas məxəz Səadət müəllimin öz ömürnaməsindən, aydın və kamil yaddaşından süzülüb gələn canlı söhbətləri olub. O, iki əsrin - XX-XXI əsrlərin, II və III minilliklərin qovuşağında yaşayan canlı kənd təsərrüfatı ensiklopediyası, insanlıq və şəxsiyyət ensiklopediyasıdır. Diqqət və səylə onun tarixilik baxımından təsdiqini tapan məntiqli söhbətlərini yerli-yataqlı qələmə alsan, bu ensiklopediyanı ən oxunaqlı əsər kimi kağıza köçürmüş olarsan. Onun içində 60 illik zəngin və mənalı, mürəkkəb və ziddiyyətli bir tarix mürgüləyir. Sevda Əlibəylinin əsərinin canlı və həyati olmasının bir səbəbi də budur ki, Səadət Tağıyev fenomeninə təkcə faktların dili ilə yox, həm də duyğularının hərarəti, bir qadın qəlbi və publisist fəhmi ilə yaxınlaşa bilmişdir.

Bu dəyərli, məzmunlu, həm tariximiz, həm bu günümüz, həm də gələcək üçün faydalı, lazımlı olan bu əsərə, sadəcə, “Səadət Tağıyev” yox, məsələn “Canlı abidə” adı qoymaq daha cazibədar, daha mənalı və doğru olardı. Mənim gördüyüm Səadət Tağıyev Azərbaycanın əfsanəvi cənub torpağında zəlzələdən sonra uca dağ kimi yerdən-torpaqdan boy atan canlı abidədir. 

Səadət Tağıyevdə mən yurdumun kişilərinə məxsus qürur və əxlaq gördüm. O, qeyrət, zəhmət və ləyaqət dayaqları üzərində dayanan bir şəxsiyyət simvolu – insanlıq abidəsidir. Az müddət içində o, birdən-birə həyatımla bağlı adamlar içərisində ön sıraya keçdi. Elə bir zəngin, mənalı, xoşbəxt ömür yaşamışam ki, məni nə mənsəblə, nə sərvətlə, nə də mükafatla təəccübləndirmək olmaz. Fəqət, Cənub mirvarisi Səadət müəllim məni çox böyük bir dəyərlə mat qoydu. Onun adı ŞƏXSİYYƏTDİR.


 Nizaməddin Şəmsizadə

filologiya elmləri doktoru, professor,

Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı.



Şəkilaltılar:

Soldan: Qənimət Səfərov, Səadət Tağıyev, Ülvi Tağıyev, Nizaməddin Şəmsizadə və Şəmistan Əlizamanlı

Ömrün son fotosu. Sevda Əlibəyli, Səadət Tağıyev, Təyyub Rzayev və Əlimərdan Əliyev. 

28 İyul 2022






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10