Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ərkivanlı unudulmaz müəllim-Qardaşxan Zeynalov 80 yaşın astanasında



Qardaşxan müəllimin 2019-da 80 yaşı tamam olacaq. Lakin o elə insandır ki, onun haqqında təkcə yubileydən-yubileyə yox, həmişə xoş söz demək olar.
Ötən əsrin 60-cı illərindən yuxarı, ən azı 50 il onun dərs dediyi şagirdlərin hər biri üçün o, unudulmaz müəllim olub. Qardaşxan müəllimin də pis oxuyan şagirdləri olub. Lakin o, pislər üçün də yaxşı müəllim olub.

Ərkivanlı unudulmaz müəllim-Qardaşxan Zeynalov 80 yaşın astanasında


Əslinə qalsa, onun fizikanı pis bilən şagirdlərindən biri də mən olmuşam. Humanitar sahələrə çox meylli olduğum üçün, fizikaya elə də marağım yox idi. Lakin Qardaşxan müəllim mənim üçün də yaxşı müəllim olmuşdu. Sadə bir misal deyim.
Bir gün Qardaşxan müəllim həmişəki ciddi, sərt baxışlarının müşayiəti ilə məni yanına çağırdı və bildirdi ki, “Fizika gecəsi” keçiriləcək, sənin üçün də məruzə nəzərdə tutmuşuq, get Fizika kabinetinə, mövzunu götür.
Çox təəccüblənmişdim - mən hara, fizikadan məruzə hara? Birtəhər özümü toplayıb dedim ki, müəllim, mən fizikadan Nyutonun 3-cü Qanunundan başqa (yəni təsir-əks təsir məsələsi. Nümunə-müəllim sənə sillə vursa, sənin əlin də onun sifətinə təsir edir) heç nə bilmirəm. Çox xəsisliklə, bir az da kinayə ilə və sərtliklə gülümsəyib: “söhbəti uzatma, get mövzunu götür.”
Ayağımı sürüyə-sürüyə mövzunu götürməyə getdim. Mövzu nə olsa yaxşıdır? Fiziklər və liriklər. Ədəbiyyata böyük marağımı nəzərə alıb, mənim üçün belə mövzu seçmişdi. Mövzuya girişdim, nə girişdim. O vaxtlar arxa vərəqələri maraqlı məlumatlarla dolu təqvimlər olurdu. Həmin təqvimdən başlamış fiziklərin həyatındakı məzəli, qəribə hadisələrə, ta ki “İnsan və atom” kitabındakı maraqlı məqamlara qədər daha nələr toplamadım. Fiziklər yalan oldu. Fizika gecəsində ən maraqlı məruzə mənim etdiyim məruzə oldu. Bu günlərdə bir hüzr məclisində Qardaşxan müəllimlə rastlaşdım. Dedi ki, həmin məruzəni yenə də saxlayır.
Başqa bir xatirə də var-onu bir az sonra danışacağam.
İndi isə bir suala cavab axtaraq? Qardaşxan müəllim niyə sevilirdi? Təkcə ona görə yox ki, ixtisasını gözəl bilirdi. Təkcə ona görə yox ki, çox sərt baxışı var idi – ötəri baxması kifayət idi ki, sinfin ən şıltaq, ən nadinc şagirdi də özünü cəmləsin. Məncə, Qardaşxan müəllim ona görə çox sevilirdi ki, hər şagirdi olduğu kimi duyub, layiq olduğu səviyyədə dəyərləndirə bilirdi. O insan qəlbinin mühəndisi idi. Mənə elə gəlir ki, onun dərs dediyi hər şagirdin qəlbində Qardaşxan müəllimin unudulmaz yeri var. O, müəllimliyindən tutmuş şəxsi davranışlarına qədər təkcə şagirdlərə yox, müəllim yoldaşlarına da nümunə idi. Əvvəllər bizə elə gəlirdi ki, uşağıq, başqa yerlərdə daha yadda qalan müəllimlər var. Sonralar dərk etdik ki, Qardaşxan müəllim elə bütün yaşlarda bizim üçün həmin nümunəvi müəllimdir.
Qardaşxan müəllim qonşumuz idi. Ailənin tək övladı sayılırdı. Atası o lap körpə olanda müharibəyə getmiş, qayıtmamışdı. Heç harada dəfn olunduğu da dəqiq bilinmirdi. Nə ata, nə bacı, nə qardaş görməyən Qardaşxan müəllim hamıya qayğı ilə yanaşsa da, ata nisgili daim qəlbində ağır bir daş kimi asılmışdı. Nəhayət 3 il öncə, 75 ildən sonra o, atasının Polşa respublikasının ucqar bir rayonunda olan qəbrini çətinliklə də olsa, tapıb ziyarət etdi və qəlbində özünə məxsus bir yüngüllük yarandı.
Bəli, Qardaşxan müəllim hamımız üçün bir etalon idi. Məktəb vaxtı bəzən yolumuz bir olardı. Yol boyu az qala hər dəfə ona 15-20 sual verərdim. Fizikadan kənar. Hamısını səbirlə cavablandırardı. Hətta çox sual verməyimdən, daima axtarışda olmağımdan sevindiyini də bildirərdi.
İndi Bakıda yaşayır. Arabir Ərkivana gəlir. Hər hansı məclisdə görünməyi kifayətdir ki, keçmiş şagirdləri başına toplaşsın.
Yorulmamizinizsa, Qardaşxan müəllimlə bağlı bir qədər vəd etdiyim xatirəni də diqqətinizə çatdırım. Və görün ki, o adi bir işi necə mənalandırırdı.
Deməli, ali məktəbi bitirmişdim. O vaxtı Rayon Komsomol Komitəsi deyilən təşkilatda katib işləyirdim. Bir gün gənclərə vermək üçün otağıma 500 ədəd Fəxri-fərman gətirdilər. Bu fəxri fərmanlara baxdıqda istər-istəməz gülümsədim. Bu bir vərəqlik gömgöy kağız parçalarını mənə təhvil verən məsul şəxs gülümsəməyimin, qayğılanmağımın səbəbini soruşdu. Dedim ki, orta məktəbdə oxuyanda bu Fəxri-Fərmanın bir ədədini Qardaşxan adlı müəllimimiz mənə necə təmtəraqla, əlçatmaz mükafat kimi təqdim etmişdi ki, elə bilirdim əlçatmaz qənimət qazanmışam. “Fizika gecəsi”də uğurlu məruzəmdən sonra bir ay məni intizarda saxladı - bilirsən səni necə böyük mükafat gözləyir? - deyə az qala əfsanəvi hədiyyə ilə qarşılaşcağımı sanırdım. Həmin fəxri-fərmanı da həmin duyğu ilə aldım. Sonralar dəfələrlə yazı müsabiqələrinin mükafatçısı oldum, çox mötəbər təşkilatların sertifikatlarını, təltiflərini aldım. Amma heç biri o fəxri fərmanın yerini vermədi.
Əlbəttə, mən Qardaşxan müəllimi tam cizgiləri ilə sizə təqdim edə bilmədim. Yəqin ki, yazı sosial şəbəkədə paylaşıldıqdan sonra əsl sözü onun keçmiş şagirdləri deyəcək.
Sadə, bir az da arıq cüssəli, təbiətcə isə möhtəşəm Qardaşxan müəllim, biz sizdən çox şey öyrəndik. Yaxşı ki, siz kimi nümunələr var.


Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10