Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda elmin qürub çağı: acınacaqlı nəticə özünü çox gözlətməyəcək


Professor: “Cənubi Koreyada elmə ayrılan vəsait 95 milyard dollar,  Azərbaycanda isə 100 milyon dollardır ki, onu da 70 milyon dollara salacaqlar”

Elmə çox da səxavətli olmayan büdcə xərcləri azalmağa davam edəcək. Belə bir tendensiya nəinki arzuolunmazdır, həm də respublikamızın perspektivi üçün son dərəcə təhlükəlidir.

AYNA-nın həmsöhbəti, iqtisad elmləri doktoru, professor Saleh Məmmədov belə fikirdədir. Onun sözlərinə görə, elmi-texniki inkişafın tədricən zəifləməsi kulminasiya nöqtəsinə çatıb.

“Üstəlik, uzun illər davamlı tədqiqatlar belə qənaətə gəlməyə əsas verir ki, elmin inkişafının faktiki dayandırılması ölkənin gələcəyi və müstəqilliyi üçün ciddi təhlükə yaradır. Amma buna baxmayaraq, elmə ayrılan vəsaitin azalması tendensiyası davam edəcək və bu problemin aktuallığı gələn ilin dövlət büdcəsinin hazırlanması prosesində xüsusilə kəskin hiss olunur”, - deyə alim bildirib.

Mütəxəssisin qənaətincə, “Azərbaycanın 2022-2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyası”ndan belə çıxır ki, elmə ayrılan büdcə xərclərinin azaldılması davam etdiriləcək: “Bundan başqa, sənəd ÜDM-in strukturunda elmə xərclərin payının 2026-cı ildə hazırkı 0,2%-dən 0,1%-ə qədər azaldılmasını nəzərdə tutur. Bu cür yanaşmalar elmi-tədqiqat-konstruktor və texniki-tikinti işlərinin kommersiyalaşdırılması ilə bağlı qərarların əsasını təşkil edir”.

“Lakin hesablamalar göstərir ki, Azərbaycanda elmə ayrılan xərclərin optimal səviyyəsi ÜDM-in ən azı 5%-i miqdarında olmalıdır ki, bu da təxminən 2-3 milyard dollar təşkil edir. Yalnız bu halda dövlət başçısının qarşıya qoyduğu əsas məqsədə - respublikamızın müsəlman ölkələri arasında inkişaf baxımından birincilərdən birinə çevrilməsinə nail olmaq olar. Amma bu, asan yol deyil. Bunun üçün ölkəmiz müstəqillik əldə etdikdən sonra itirdiyi mövqeləri bərpa etməlidir. Bundan əlavə, Azərbaycan dünyanın qabaqcıl elmi-texniki tərəqqisi ilə ayaqlaşmalıdır. Doğrudan da, hələ 1985-2002-ci illərdə respublika elmə ayrılan xərclərin azaldılması üzrə lider olmuşdu. Azərbaycan dünyada yeganə ölkə olub ki, bu müddət ərzində elmə ayrılmalar demək olar ki, iki dəfə azalıb”, - deyə Məmmədov vurğulayıb.

Ümumi daxili məhsulun (ÜDM) strukturunda elmə xərclərin payına qayıdaraq, müqayisəli qiymətləndirməyə müraciət etmək faydalıdır. Məsələn, İsrail və Cənubi Koreyada bu göstərici 5,4-5,6% təşkil edir. Digər inkişaf etmiş ölkələrdə bu, ÜDM-in təxminən 3-5%-ni təşkil edir.

“Sovet dövründə respublikamızda bu səviyyə 1,1-1,3%-ə çatırdı. Hazırda İsrailin elmə illik xərcləri - 21,5 milyard dollar olmaqla, 57 müsəlman ölkəsinin bu sahəyə ayırdığı xərclərdən qat-qat artıqdır. Cənubi Koreyada elmə ayrılan vəsait 95 milyard dollardır. Azərbaycanda isə 100 milyon dollardan çox deyil. Artıq qeyd edildiyi kimi, qeyd olunan strategiyaya əsasən, 2026-cı ilə qədər bu xərclərin 70 milyon dollara qədər azaldılması planlaşdırılır”, - deyə professor xatırladıb.

Nəticə, necə deyərlər, göz qabağındadır. Hələ 1985-ci ildə Azərbaycan alimləri ildə 1,5 minə qədər patent verirdilərsə, indi bu rəqəm yüz əllini keçmir və heç bir statistika da aparılmır. Sovet dövründə SSRİ Azərbaycanda elmə 150 milyon dollar ayırmışdı... Və son illər ərzində ölkəmizin ÜDM-i 4-5 dəfə artsa da, ötən il elmə ayrılan xərclər azalaraq 90 milyon dollara yaxın olub.

Müsahibizin sözlərinə görə, ölkədə bir dənə də olsun elmi məhsul istehsal olunmur, elmi inkişaflar yoxdur: “Və sual cavabsız qalır: nə üçün möhkəm maliyyə imkanlarına malik olan və bir vaxtlar bütün sovet məkanını neft-qaz avadanlığı ilə təmin edən respublikamız müstəqillik əldə etdikdən sonrakı 30 il ərzində elmi-texniki məhsulların istehsalını qura bilmir? Zamanın çağırışlarından sonra, sadəcə olaraq, bu gün öz yüksək texnologiyalı istehsalımızı qurmalıyıq. Bunun üçün bütün ölkənin resurslarından istifadə etmək lazımdır. Elmi-texniki istehsal bir neçə il ərzində bu sahədə əksər vergilərdən azad edilməlidir. Amma yerli vergi qanunlarına üzdən nəzər salanda belə, qəribə mənzərə ortaya çıxır... Xaricdən gətirilən texnoloji avadanlıqlar ƏDV-dən azad edilərkən, milli texnologiya istehsalçıları 18 faiz əlavə dəyər vergisinə cəlb edilir. Bu, o deməkdir ki, yerli şirkətin texnoloji məhsulu idxal olunandan 18% bahadır”.

Professor hesab edir ki, lazım olanla müqayisədə elmə qəpik-quruş ayrılır. Onun sözlərinə görə, rəqəmsal reallığa keçid, ilk növbədə, elmi sahədə islahatlar tələb edir, çünki bunsuz onun nə bu günü, nə də gələcəyi var.

Müəllif: Tanya Samsonova






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az

Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]