Hökumət neft-qaz satışından gələn milyardların bir hissəsini əhaliyə niyə vermək istəmir?
“Bu yay mövsümündə ancaq təqaüd aldığım gün bir-iki kilo meyvə ala bilmişəm. Pensiyam dərmanlarıma güc-bəla ilə çatır. Əti də eləcə, ayda bir kiloqram alarıq, ya yox…”
Bu sözləri “20-ci sahə”də yerləşən supermarketlərdən birində piştaxtalar arasında dolaşan Həmidə Səfərova deyir. Hərdən bir məhsulu vitrindən qaldırıb, qalın şüşəli eynəkli gözünə yaxınlaşdırıb, baxır, sonra qaytarıb yerinə qoyur. “10 gün qabaqla müqayisədə yenə 10-15 qəpik artırıblar, camaatı fikirləşən yoxdur, mənim kimi qəpiyi qəpiyin üstünə qoyub yaşamağa çalışan adamlar necə alsınlar?!” – deyib dərindən ah çəkir.
Yaxınlıqda sıralanan ət dükanlarının birindən çıxan Şahlar isə əlindəki torbanı yellədərək, gülümsünür: “Adam aldığından utanır, vallah. Əvvəl bir dəfəyə 3-4 kilo alırdım, indi ancaq dolmalıq 1 kilo 200 qram ət almışam. Yoldaşım tapşırıb ki, belə al, içinə düyüdən-ədviyyatdan qataq, uşaqların qarnı doysun”. Şahlar bildirir ki, 3 uşaq atasıdır, kirayədə qalır, tikintidə çalışır: “Rayonlarda dolanışıq heç yoxdur, torpağı çoxdan satmışam, puluna da şəhər ətrafından 1-2 sot yer almaq istəyirdim, amma böyük uşaq xəstələndi, əməliyyat etdirəsi olduq, güc-bəla ilə çatdı. Naşükür deyiləm, əvvəlkindən də az qazanmıram, amma pulun bərəkəti yoxdur, 100 manatın “başını kəsirsən, canı çıxır”.
İki ilə yaxındır, Azərbaycanda bahalıq cəmiyyətin başlıca mövzusudur. Qiymətlərin artması isə bilavasitə dövlət qurumlarının qərarları, ondan doğan fəsadlar, ümumiyyətlə, ölkə iqtisadiyyatında hökmranlıq edən inhisarçı şirkətlərin nəzarətsiz fəaliyyəti ilə bağlıdır. Məsələn, son bir ayda ölkədə Aİ-95 markalı yanacağın və çörəyin qiyməti xeyli artırılıb. Hökumət hər iki qiymət artımını dünya bazarlarındakı tendensiya ilə izah edir. Amma müstəqil ekspertlər bu arqumentləri qəbul etmirlər, bildirilir ki, xarici faktorlardan qaynaqlanan bahalığı dövlət kompensasiya etmək iqtidarındadır. Çünki yarım ildə təkcə neft-qaz satışından milyardlarla əlavə vəsait əldə edib, onun bir hissəsinə əhalini bahalıqdan qorumaq olardı. Xatırladaq ki, Maliyyə Nazirliyin yarım illə bağlı açıqladığı rəqəmlərə görə, büdcədə 2.5 milyard manatdan artıq profisit yaranıb.
İqtisadçı Nemət Əliyev isə deyir ki, ölkədə bu dərəcədə bahalaşmanın qarşısında nə sosial müavinət, nə təqaüd, nə pensiya, nə də maaş duruş gətirər. “Təsəvvür edin ki, ötən ilin iyulunda kilosu 78 qəpiyə satılan pomidor bu ilin iyulunda 1 manat 50 qəpiyə ticarət edilib. Bahalaşma səviyyəsi 92%-dir”, – o qeyd edir.
N.Əliyevin sözlərinə görə, hazırda Bakının iri market şəbəkələrində bu məhsul müştərilərə 2-2.5 manata təklif edilir: “81%-dən çox bahalaşan baş soğanın kilo qiyməti isə 53 qəpikdən 96 qəpiyə yüksəlib. İkinci çörək hesab etdiyimiz kartofun kiloqramı ötən ilin iyulunda 71 qəpiyə alınıb-satılırdısa, bu ilin iyulunda bu məsulun qiyməti 48% artaraq, 1 manat 5 qəpiyə qalxıb. Badımcanın qiyməti 82%-dən, göy lobyanın qiyməti isə 54%-dən çox artıb. Orta hesabla, tərəvəzlər 62%, meyvələr 24% bahalaşıb”.
İqtisadçı vurğulayır ki, Azərbaycan əhalisinin başlıca qidası olan əla növ buğda çörəyinin qiyməti 38%-ə yaxın bahalaşıb:
““Qreçka” kimi tanıdığımız qarabaşaq yarmasının qiyməti 37%-dən çox, günəbaxan yağı 32%, şəkər tozu 25%-ə yaxın bahalaşıb”.
Ekspert deyir ki, Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan rəsmi məlumatların müqayisəsi bu mənzərəni üzə çıxarır. Onun sözlərinə görə, qida rasionumuzda tez-tez istifadə etdiyimiz ərzaq məhsullarının bahalaşma səviyyəsi, sözün həqiqi mənasında, heyrət doğurur.
İqtisadçı daha sonra qeyd edilən dövrdə qeyri-ərzaq məhsullarının və xidmətlərin qiymətinə diqqət çəkir:
“Dəftərxana ləvazimatları 43%, mobil telefonlar 29%, noutbuklar 41%, poçt xidmətləri 58% bahalaşıb. Ötən ilin əvvəllərindən hökumətin rəvac verdiyi və hazırda da davam etdirdiyi bahalaşma dalğasının tempi hələ də səngimək bilmir”.
N.Əliyev əmindir ki, orta aylıq əməkhaqqı, pensiya, sosial müavinət artımları bu bahalaşma faizlərinin heç 100 metr yaxınlığına da düşə bilməz. “Bəs davamlı gəlir yerləri, iş yerləri olmayan milyonlarla bicarələr belə bir acınacaqlı şəraitdə nə etməlidirlər, haralara, kimlərə pənah aparmalıdırlar?”, – o, sual edir.
İqtisadçı bildirir ki, əgər hökumət üzərinə düşən sosial öhdəliyi yerinə yetirə bilmirsə, xaricə satdığımız xam neft, neft məhsulları və təbii qazın bahalaşmasından son il yarımda qazanılan 26 milyard manatdan bahalaşmanın ölkə daxilində yaratdığı neqativ təsirlərin neytrallaşdırılması məqsədlərinə xərcləmək istəmirsə, heç olmasa, əhalinin əl-qolunu bağlamamalı, təcili şəkildə quru sərhədləri açmaqla sərbəst ticarətə imkan yaratmalı, Gömrük Komitəsində fəaliyyət göstərən süni və qanunsuz qiymətartırma mexanizmini ləğv etməli, simvolik faizlərlə kredit verilişini təmin etməli, xarici investorların Azərbaycana gəlişinin şərtlərinin yaxşılaşdırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirməlidir. “Əks halda, böyük müflisləşmə dalğasının qarşısını almaq çox çətin olacaq”, – Nemət Əliyev xəbərdarlıq edir.
Turqut