Bəri başdan bildirim ki, bu, yıxılana balta vurmaq, gedənin dalınca danışmaq seriyasından olan bir yazı deyil. Çünki Səfər Mehdiyevin qabağında onlarla jurnalist əmrə müntəzir dayanıb, baş əydiyi bir vaxtda onun neqativ əməlləri haqda yazılar yazmışam.
Mehdiyevin acgözlüyü barədə iş adamlarının, sıravi vətəndaşların onlarla müraciəti işıqlandırılıb. Amma o, heç vaxt bu əməllərindən əl çəkmədi. Nəinki əl çəkmədi, yedikcə mədəsi daha da böyüdü, onun iş adamlarının başına açdığı oyunlar mediada işıqlandırıldıqca azad mediaya qarşı nifrəti daha da şiddətləndi. Gözü çıxarılan onlarla qardaşlarının heç birinin taleyindən dərs ala bilmədi. Məncə bu təfəkkürdə olan bir adam heç indi də düşdüyü durumdan heç nə anlamayıb. Anlamazlıq müalicə olunmayan xəstəlikdir. Özü də Türkiyədə təhsil alıb, guya proqressiv, intiligent hesab olunur. Bir haşiyə çıxaraq deyim ki, elə tip adamlar var ki, onları dəyişmək mümkün deyil. İstəyirsən onu anadan olan kimi apar dünyanın ən modern dövlətində böyüsün, ömrünün yarısını Harvardda, Oksfordda təhsil almaqla keçirsin, yenə xeyri olmayacaq. O, təfəkkürünü dəyişməyəcək. Xudayar bəy düşüncəsini heç kimə güzəştə getməyəcək.
İş adamları gömrük məmurlarının əlində əsir kimi idilər. Onlardan tələb olunan rüşvətə heç bir güzəşt yox idi. Məbləğ bir dəfə səsləndirilirdi. Ödəniş yoxdursa, mallar müsadirə edilirdi. Anbarlarda qalıb xarab olurdu. Xarab olmayan məhsullar isə Komitə rəhbərliyi tərəfindən qeyri-qanuni yolla satışa çıxarılırdı. Necə ki, rəsmi məlumata görə müsadirə olunmuş siqaretlərin müharibə zamanı əsgərlərə göndərilməsi tapşırığı verilsə də, bu tapşırıq da yerinə yetirilməmiş, siqaretlər satılaraq pulları generalların ciblərinə getmişdi.
Yeri gəlmişkən, sözügedən mövzu ilə bağlı hələ bir neçə il əvvəl “Yeni Sabah” maraqlı statistika aparmışdı. Təkcə bir ay ərzində DGK-nın açıqladığı rəsmi məlumatlar əsasında müsadirə olunan siqaret, spirtli içki və mobil telefonlar hesablanmışdı. Bəlli olmuşdu ki, təxmini qiymətləndirməyə görə təkcə bu kateqoriyadan olan müsadirə edilmiş məhsulların bazar dəyəri milyonlar edir. O zaman bizi bir sual düşündürürdü. Bu məhsulların taleyi necə olur? Satılırmı, məhv edilirmi, dövlətəmi təhvil verilir?
Həmin vaxt bu suallarla DGK-nın mətbuat xidmətinin rəhbəri Natiq Axundova müraciət etdik. O, sualları rəsmi sorğu ilə göndərməyimizi istədi. Bunu da etdik. Amma dəfələrlə xatırlatmalara və israrlara baxmayaraq, sorğumuza heç bir cavab verilmədi. Sanki qurbağa gölünə daş atılmışdı. Ümumiyyətlə, Mehdiyev imperatorluğu dönəmində DGK-nın media siyasəti Nehrəm marketinqi üzərində qurulmuşdu. Sorğulara cavab verilmir, mediada yayılan neqativ xəbərlərə isə “qaraçılıq” prinsipi ilə yazılmış, təkziblə, mediaya tövsiyələrlə dolu olan press-relizlər yaymaqla reaksiya verirdilər.
Natiq Axundov özünün, Səfər Mehdiyevin və ətrafında olan bir neçə reket jurnalistlərin qabırğalarından DGK ətrafında elə bir divar hörmüşdü ki, onlar həmin divarın əks tərəfində nə baş verdiyini sadəcə görmək istəmirdilər. Amma xəbərləri yox idi ki, onların bu durumu başını quma soxmuş dəvəquşunun situasiyasından fərqli deyil. Nə olur olsun, ilahi ədalət mütləq var. Hər kəs bir gün yediklərini qusmaq, əkdiklərini biçmək zorundadır. Ələkçiyə qıl verənləri də qıl körpüsü gözləyir. Unutmasınlar...
İndi bir sual yenə də maraqlıdır: Səfər Mehdiyevin gömrüyünün qeyri-qanuni addımlarını bir tərəfə qoyaq. Amma bu adam ikiqat, üçqat, hətta beşqat artıq ödəmələrin bir hissəsinə qanuni don geydirməyə nail olub axı. Məhz Mehdiyevin zamanında bir çox məhsulların rəsmi rüsumu dəfələrlə qaldırıldı. Məhz Mehdiyevin zamanında xaricdən onlayn sifariş olunan məhsullara dünyanın heç bir yerində analoqu olmayan limit tətbiq olundu axı. Bəs bunlar nə olacaq? O limit, iqtisadi əsası olmadan dəfələrlə artırılan rüsumlar da Mehdiyevlə birlikdə arxiv olacaqmı? Axı çoxları həmin rüsumların gorbagor olmasını, normal gömrük rüsumlarının təyin olunmasını istəyir. Görəcəyik...
Elnur Məmmədli/Yeni Sabah