İyulun 30-da Azərbaycanda Məhərrəm ayı başlanacaq. Hər il bu ərəfədə toyların keçirilib-keçirilməyəcəyi ilə bağlı müzakirələr gündəmə gəlir. Məlum olduğu kimi, ənənəyə uyğun olaraq, Məhərrəmlikdə Azərbaycanda toylar keçirilmir. Bir çoxları bu dövrdə toy məclisinin təşkilinin günah olduğunu hesab edir, digərləri isə bunun əksini düşünürlər.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin keçmiş sədri, alim-dinşünas Rafiq Əliyev açıqlamasında bildirib ki, Məhərrəm ayında toy etmək günah deyil: “Məhərrəm ayı əsasən şiə zonasında keçirilir. İran, Azərbaycan və Orta Asiyanın bəzi yerlərində təşkil olunur. Qurani-Kərimdə Məhərrəm ayı ilə bağlı heç bir qeyd yoxdur”.
Lakin bu da faktdır ki, Azərbaycanda müsəlmanların mütləq əksəriyyəti, o cümlədən şadlıq evlərinin sahibləri və işçiləri şiə məzhəbinə aid insanlardır və Azərbaycan əhalisinin əksəriyyəti Məhərrəmlikdə toy şənliyinə neqativ baxır. Yəni məsələnin mənəvi tərəfi də var - çoxluğun inancına, dəyərinə sayğı.
Bəs dinimiz bu məsələni necə qarşılayır?
Rafiq Əliyev nə dərəcədə haqlıdır?
Mövzu ilə bağlı tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli “Yeni Müsavat”a danışıb:
“Ümumiyyətlə, bu məsələni bir dini məzhəbə aid etmək kökündən yanlışdır. Məlum olduğu kimi, Məhərrəmlik daha çox Kərbəla hadisəsi ilə bağlıdır. Çünki Kərbəla hadisəsi bu ayda baş verib. Bu hadisə zamanı Məhəmməd Peyğəmbərin (s) nəvəsi və ailə üzvləri amansızlıqla qətlə yetirilib. Beləliklə də bütün müsəlmanlar üçün Həzrət Əli əziz olduğuna görə hadisə müsəlman ölkələrində yad edilir. Yəni bunu konkret bir məzhəbə aid etmək olmaz, çünki Əhli-beyt, Peyğəmbərin ailəsi bütün müsəlmanlar üçün əzizdir.
Hacı Şahin: “Bu məsələni bir dini məzhəbə aid etmək kökündən yanlışdır”
Kərbəla faciəsinin baş verməsi ilə əlaqədar olaraq, insanlar əsrlər boyu könüllü olaraq şadlıq mərasimləri keçirməkdən imtina edirlər. Yəni bu, olar-olmaz kateqoriyasından fərqli bir məsələdir. Faktiki olaraq Kərbəla çölündə Peyğəmbər ailəsinə qarşı soyqırım həyata keçirilib. Hadisə şəhidlərinin xatirəsini əziz tutmaq üçün insanlar şadlıq mərasimi keçirmirlər. Bir daha qeyd edirəm ki, bu, şəriət deyil, könül, qəlb məsələsidir. Ona görə də bu məsələ mənəvi mövzu kimi müzakirə oluna bilər. Və insanlar bunu könüllü edirlərsə, məsələyə normal yanaşmaq lazımdır".
Dini ekspert Kənan Rövşənoğlu isə qeyd etdi:
“İslamla bağlı bütün məsələlər, hökmlər, qaydalar, birbəbir Quranda yer almayıb, müsəlmanlar digər dini mənbələrə istinad edir. Ona görə də Məhərrəmlik Quranda yoxdur sözünün özü diletant yanaşmadır. Ona qalsa müsəlmanların gündəlik namazının qaydaları bütünlüklə Quranda deyil, bir çox incəlikləri hədislərdə - sünnədə əks olunub.
Kənan Rövşənoğlu: “İslamın digər məsələlərində olduğu kimi burada da məcburiyyət yoxdur, amma... ”
Məhərrəmliyin qeyd olunması həzrət Məhəmməd Peyğəmbərin (s) nəvəsi, ailə üzvlərinin amansızlıqla qətlə yetirilməsinə görə saxlanılan matəm mərasimidir. Kərbəla hadisəsi Peyğəmbərin (s) dünyadan köçməsindən təxminən 50 il sonra baş verib. Təbii ki, Quranda yazılmayıb. Amma müsəlmanlar Peyğəmbərə (s), Həzrət Əli (ə) və Peyğəmbərin qızı Həzrət Fatiməyə (ə.s), ehtiram olaraq Həzrət Hüseyn (ə) və Kərbəla şəhidlərinə yas saxlayır. Şair Məhəmməd Füzuli yazır ki, “Mahi Muhərrəm oldu, məsərrət (əyləncə) haramdır, matəm bu gün şəriətə bir ehtiramdır”. Yəni şəriətin hökmü demir, ehtiramdır. İndi də kimsə Kərbəla hadisəsini Peyğəmbər (s) ailəsi və övladlarına qarşı zülm, qətliam olaraq görürsə, onlar matəm saxlayır, görməyənlər saxlamır. İslamın digər məsələlərində olduğu kimi burada da məcburiyyət yoxdur. Matəmin forma və qaydaları da bir ayrı mövzudur. Bəziləri bunu daha qabarıq, kütləvi şəkildə qeyd edir, bəziləri daha sakit".
Xatırladaq ki, bu il Azərbaycanda Məhərrəm ayı iyulun 30-da başlayacaq.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev bildirib ki, Şamaxı Astrofizika Rəsədxanasının təqdim etdiyi təqvimə əsasən, 30 iyul Məhərrəm ayının birinci günüdür:
“Həmin gün Zilhiccə ayı tamamlanır və Məhərrəm ayı daxil olur. Bu, Hicri-Qəməri təqvimi ilə 1444-cü ilin başlanğıcıdır. Çünki Məhərrəm ayı Hicri-Qəməri təqvimində birinci aydır. Aşura günü avqustun 8-nə təsadüf edəcək. Ərbəin günü, yəni İmam Hüseynin şəhadətinin 40-cı günü sentyabrın 17-si olacaq”.
Məhərrəm ayının Aşura günü İmam Hüseyn əleyhissəlamın ailəsi və səhabələri ilə birlikdə Haqq uğrunda şəhadətə yetişdiyi gün kimi İslam tarixinə faciəvi, eyni zamanda qürurverici hadisə kimi daxil olub. İmam Hüseyn əleyhissalamın xatirəsinin, Kərbəla müsibətinin nəsillərin yaddaşında yaşadılması imanın, əqidəyə sadiqliyin, Vətən, torpaq naminə şəhidlik məktəbinin ən bariz nümunəsi və əbədi təcəssümüdür.
Xalidə GƏRAY,
“Yeni Müsavat”