Bu gün yazıçı, dramaturq Nəcəf bəy Vəzirovun anım günüdür. Onun haqqında maraqlı faktları təqdim edirik.
Nəcəf Fətəli oğlu Vəzirov 1854-cü il fevralın 17-də Şuşa şəhərində anadan olub. Onun uşaqlığı fərəhsiz keçib. Atası Fətəli bəy xəstə olduğundan ailənin çətinliyi anası Mina xanımın üstünə düşür.
***
Nəcəf özü də təbiətən sakit və qaradinməz, bədəncə zəif və xəstə uşaq olur. Anasının arzusu bu idi ki, yeganə oğlunu sağlam görsün və onu məktəbə göndərsin. Lakin Nəcəfin səhhəti buna imkan vermir, ananın arzusu hər il ürəyində qalır.
Özünün yazdığına görə, Nəcəf bəy ilk təhsilini dini məktəbdə alır, üç ayda “Quran” oxumağı və yazı yazmağı öyrənir. Burada bir il oxuduqdan sonra Şuşa şəhərindəki mülkiyyə məktəbinə gedir. Ancaq erməni müəllimin amansız rəftarı, uşaqları yerli-yersiz döyüb işgəncə verməsi Nəcəfi məktəbdən uzaqlaşmağa məcbur edir.
***
Yeniyetmə oğlanın məktəbdən qaçmasına bəzi qohumları başqa məna verirlər. Guya o tənbəl və bacarıqsızdır, öyrənə bilmir, çətinlikdən qorxur və s. Hətta qohumlarından biri istəyir ki, Nəcəfə rusca səthi sürətdə yazıb oxumağı öyrətsin ki, heç olmasa o, kənddə mirzəlik edib ata-anasını dolandırsın. Lakin Nəcəf heç kəsin qayğısını qəbul etmir.
Uşaq yaşlarından həyatın ədalətsizlikləri ilə qarşılaşan Nəcəf anasının etirazlarına və göz yaşına baxmayıb 1868-ci ildə Şuşadan ayrılıb Bakıya gəlir. Burada imtahan verib real gimnaziyanın ikinci sinfinə daxil olur. Öz bacarığı və biliyi ilə tezliklə müəllimlərin rəğbətini qazanır. Gimnaziyanın sonuncu sinfində oxuyarkən artıq əlaçı şagird kimi tanınır, hətta dövlətli uşaqlarına dərs deməklə məşğul olur.
***
Gimnaziyada oxuyarkən N.Vəzirov böyük Azərbaycan alimi, o zaman gimnaziyada dərs deyən Həsən bəy Zərdabi ilə tanışlığı onun inkişafına qüvvətli təsir göstərir. Məhz Zərdabinin məsləhəti ilə N. Vəzirov təbiət elmlərinə xüsusi maraq göstərir, rus klassik yazıçılarının əsərlərini mütaliə edərək mütərəqqi ideyalarla tanış olur.
***
Gimnaziyanın son sinfində oxuyarkən “Əti sənin, sümüyü mənim”, “Qara günlü” adlı ilk pyeslərini yazır. N.Vəzirov “Əkinçi” qəzetinin redaktoru H.Zərdabinin rəhbərliyi ilə Bakıda “Hacı Qara” komediyasının tamaşaya qoyulmasında fəal iştirak edir.
O, həyatının həmin dövrü haqqında öz tərcümeyi-halında yazır: “1873-cü ildə altıncı sinifdə olduğum halda birinci dəfə rus teatrına getdim. Bu gecə mənə nəhayət dərəcədə əsər elədi. Teatrın nə olduğunu başa düşdüm. Sabahı günü gimnaziya müəllimi Həsən bəy Məlikov cənablarına müraciət edərək soruşdum ki, bizim dilimizdə teatr əsərləri, məzhəkə, faciə vardırmı? Həsən bəy Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasını tapdı. Bu komediyanı pansionda olan müsəlman şagirdləri ilə bir yerdə oynamaq üçün hazırlamağa başladıq. Hər gün nahardan sonra pansionun nahar otağında hazırlaşırdıq. Tamaşa günü çox adam var idi. Bizim bu teatrımız camaata nəhayət dərəcədə xoş gəldi. Haman gecə müəllimimiz Həsən bəy Məlikov Mirzə Fətəli Axundzadənin təbrik teleqramı göndərdi. M.F.Axundzadə iki vərəqə minnətdarlıq kağızı yazmışdı. Axırda bunu əlavə etmişdi: “Bu gün “Hacı Qara”nı səhnədə göstərməklə mənim ömrümün üzərinə on il daha artırdınız.”
***
Nəcəf bəy Rusiyanın nüfuzlu ali məktəblərində ali təhsil fikrinə düşür. Məktəbdə oxuyarkən başqalarına dərs deməklə topladığı pullarla Peterburqa gedərək universitetə daxil olur. Lakin buranın rütubətli havası onun səhhətinə pis təsir etdiyi üçün xəstələnir. Həkimlər ona Peterburqdan Moskvaya köçməyi məsləhət görür. Moskvada Petrovski-Razumovski Kənd Təsərrüfatı və Meşəçilik Akademiyasına daxil olan N.Vəzirova qəbul imtahanlarında yüksək qiymətlər aldığı üçün təqaüd təyin olunur.
Ədib qırx il sonra həyatının həmin dövrünün çətinliklərini xatırlayaraq yazırdı: “O vaxt ancaq səksən manat param qalmışdı. Bunun əlli manatını tədris haqqı verdim. Elə bir halətdə qalmış idim ki, onun necəliyini yalnız bir Allah bilir. Havası soyuq Moskvada mənim üstümə örtəcək bir yorğanım da yox idi. Gecə üstümə dünya malından təkcə gümanım gələn bircə palasımı (red.- palaz) çəkərdim. Allah nəzərini mənim üzərimdən kəsmədi. Moskvada fövqəladə imtahan verdiyim üçün akademiya mənə təqaüd verdi. İndi özümü dörd il müddəti təmin edilmiş bildim. Üç ayın parasını qabaqcadan alıb özümə bəzi şeylər aldım. Palasımdan əl çəkdim. Əgər bu palas indi əlimə keçərsə, çox baha qiymətə alardım”.
***
Aldığı təqaüdlə dörd illik təhsilini təmin edən N.Vəzirov Moskva, Peterburqda ali təhsil aldığı illərdə teatr tamaşalarına həvəslə gedir, bədii əsərlər yazır, “Əkinçi” qəzetində məqalələrlə fəal çıxış edirdi. Vətənə qayıtdıqdan sonra o, ali məktəbdə aldığı ixtisasa uyğun olaraq, Gəncə quberniyası Dilicanda, Tərtərdə meşəbəyi işləyir, gözəl təhsil və tərbiyə almış Xurşud xanımla evlənir. Bu evlilikdən dramaturqun Şamil adlı oğlu, Sara, Sürəyya adlı qızları dünyaya gəlir. Şuşada dünyaya gələn Xurşud xanım Dağıstanın Teymurxan Şura şəhərində progimnaziyada təhsil almış, Bakıdakı Xeyriyyəçi qadınlar cəmiyyətinin üzvü olmuşdur.
***
Xurşud xanım çox erkən, 1913-cü ildə 45 yaşında dünyasını dəyişib. Ölümündən bir müddət əvvəl o, həyat yoldaşı Nəcəf bəy Vəzirova haqqında yazır:
"Cavanlığımın ən yaxşı illərini mən xalq müğənnisi Dərvişə (Nəcəf bəy Vəzirovun publisist ləqəbi) həsr etmişəm, onu əzizləmişəm, həyatını qorumuşam. Əgər mənim nəzarətim olmasaydı onun əsərləri itib-batmışdı. Müvəffəqiyyətsiz əsərlərini belə göz bəbəyim kimi saxlamışam, bəzən də qadın psixologiyasının əlamətlərini ora əlavə etmişəm. Mən ağır dəqiqələrdə Dərvişlə birlikdə vuruşmuşam və mübarizəni dəyanətlə davam etdirmişəm".
Gənc meşəbəyi kimi öz işinə məsuliyyətli münasibəti, sadə insanlarla rəftarı ona böyük hörmət qazandırır. Lakin Petrovski akademiyasının məzunları hökumətin nəzərində siyasi cəhətdən etibarsız sayıldığı üçün günahı olmadığı halda işdən azad edilir.
***
Hakimiyyət tərəfindən siyasi cəhətdən etibarsız sayılaraq, işdən azad edildikdən sonra Bakıda imtahan verərək vəkil işləmək hüququ alır, məhkəmələrdə vəkil kimi çalışır. Şəhər mühitində o, bədii yaradıcılıqla daha ciddi məşğul olur, "Yağışdan çıxdıq, yağmura düşdük”, “Müsibəti-Fəxrəddin”, “Pəhləvanani-zəmanə” kimi məşhur əsərlərini yazır, dramaturgiyanın ən yaxşı nümunələrinin teatr səhnəsində tamaşaya qoyulmasında yaxından iştirak edir.
***
18 dеkabr 1905-ci ildə “Həyat” qəzеtində Nəcəf bəy Vəzirov Həsən vəy Zərdabiyə “Mənim sеvgili, əziz müəllimim Həsən bəy!” adlı açıq etiraz məktubu yazır. Məktubda o, Həsən bəyin özünü Azərbaycanda teatrın banisi kimi təqdim etməsindən inciyir və öz incikliyini belə ifadə edir:
“Həyat”ın 117-ci nömrəsində Bakıda müsəlman tеatrının binası barəsində yazdığınız məqaləni oxuyub artıq təəccüb еtdim… Məqalədən bеlə görünür ki, guya Bakıda müsəlman tеatrının əvvəl binasını siz cənab qoymusunuz… İxtiyarınız var mənim canıma və malıma… Bunu özünüz çox yaxşı bilirsiniz və mənim cəmi yoldaşlarım və aşinalarım bilir mənim sizə olan ixlasımı. Amma ancaq… fəda olum sənə, Həsən bəy! Mənim millətə olan qulluğumu puç еtmək ixtiyarını mən hеç kimə vеrə bilmərəm, çünki tamam ömrümdə millətə еtdiyim xidmət mənim üçün əvvəl və axır bir təsəllidir. Bu təsəllini mənim əlimdən almaq mənim üçün böyük zülmdür…
Tеatrın binasını mən qoymuşam… Hərçənd tеatr binasını еtmək təklikdə özü bir böyük xidmət dеyil millətə, amma çünki biz müsəlmanlar çox yеtim olmuşuq və cəmi məxluqdan gеri qalmışıq, ona görə bu bir balaca işin binasını kasıblıqda böyük dövlət hеsab еdib, ondan əl çəkə bilmərəm. Ömrümdə əvvəlinci dəfə rus tеatrını görüb mən altımıncı klasda olanda sabahı gün sizdən sual еtdim: bizim də varmıdır bir еlə şеy ki, biz də tеatr binası еdək? Buyurdunuz var. Bu sözdən savayı və biz məşq еdəndə yanımızda dinməz-söyləməz əyləşməkdən savayı hеç bir işə siz qarışmadınız… Hərgah siz dübarə oxusanız mərhum Mirzə Fətəlinin kağızını onda dürüst bilərsiniz ki, mənim ərzimdə xilaf yoxdur. O kağız bu halda sizdədir. Sizin yadınızda gərək olsun ki, mən tələbə olan zamanı nеçə komеdiyalar yazıb sizə göndərmişdim. Həmin komеdiyalar məndə durur…”
***
Ömrünün son illərində yazıçı meşəçilik işi ilə bağlı tələbələri Azərbaycanın müxtəlif rayonlarına aparır, təcrübə məşğələlərinə rəhbərlik edir. Lakin qocaman yazıçının səhhəti pozulur, tez-tez ürək ağrısından şikayətlənir. Həkimlər ona işdən çıxıb istirahət etməyi məsləhət görürlər. 1926-cı ilin yayında Nəcəf bəy Vəzirov təcrübə məşğələləri aparmaq üçün tələbələrlə birlikdə Şamaxıya Çuxuryurda gedir və iyul ayının 13-də orada ürək çatışmazlığından vəfat edir.
Yazıçının cənazəsi Bakıya gətirilir və iyulun 13-də dəfn olunur./kulis.az