1980-ci illərin ikinci yarısında Qarabağda erməni separatizmi baş qaldırdı. Sovet İttifaqı rəhbərliyinin göz yumduğu bu separatçı dalğa ildən-ilə daha geniş vüsət alaraq kütləvi nümayiş və mitinqlərdən silahlı toqquşma səviyyəsinə qədər yüksəldi.
Azərbaycanla Ermənistan arasında bu fonda yaranan gərginlik ictimai-siyasi, sosial həyata mənfi təsir etməklə yanaşı, idmandan da yan keçmədi. SSRİ Futbol Çempionatının prinsipial rəqibləri olan İrəvanın “Ararat” və Bakının “Neftçi” klubları arasında matçlar idman mübarizəsindən çox siyasi çalar əldə etməyə başladı.
1987-ci ildə SSRİ yüksək liqasında çıxış edən “Neftçi” və “Ararat” arasında matçlarda mübarizə hələ idman və rəqabət müstəvisində idi. Həmin il komandalar öz aralarında 4 matç keçirir. Həmin görüşlərin 2-si SSRİ yüksək liqası, daha 2-si isə SSRİ Kuboku çərçivəsində baş tutur.
1987-ci il mayın 26-da İrəvanın “Razdan” stadionunda baş tutan matç “Ararat”ın 1:0 hesablı qələbəsi ilə başa çatır. Həmin il oktyabrın 4-də Bakının Lenin adına respublika stadionunda (indiki Tofiq Bəhramov adına stadion) baş tutan görüş isə qolsuz heç-heçə ilə başa çatır.
Həmin hadisələr zamanı ciddi insidentlər yaşanmır. Amma 1987-ci ilin ikinci yarısında Ermənistanda yaşayan azərbaycanlılara qarşı təzyiqlər, etnik təmizləmə siyasəti və 1988-ci ilin fevralında Azərbaycanın Qarabağ bölgəsində erməni separatizminin açıq müstəviyə keçməsi o zaman üçün SSRİ çempionatı çərçivəsində 40 illik rəqabət tarixi olan “Ararat”- “Neftçi” qarşıdurmasına da kölgə salır. Bu özünü 1988-ci ildə SSRİ çempionatının yüksək liqasında qabarıq şəkildə büruzə verdi.
Həmin il yüksək liqanın 5-ci turunda “Ararat” “Neftçi”ni İrəvanda qəbul etməli idi. Amma iki respublika arasında gərginliyi nəzərə alaraq SSRİ rəhbərliyi matçın Moldovanın Kişinyov şəhərində keçirilməsi barədə qərar qəbul edir.
1988-ci il aprelin 8-də keçirilən matç 0:0 hesabı ilə başa çatır. Həmin matçda yan xətt hakimi olan Aleksandr Qorin sonralar xatirəsində görüşün sakit məcrada keçdiyini vurğulamışdı.
“Təəccüblü olsa da, matç korrekt keçdi. Ola bilsin ki, hər iki komandanın oyunçularına gərginlikdən qaçmaq məsləhət görülmüşdü”, - o xatırlayırdı.
“Neftçi”nin “Ararat”la ev oyunu isə bu dəfə Rusiyanın Volqoqrad şəhərində keçirilir. 1988-ci il avqustun 20-də baş tutan və 1:1-lik heç-heçə ilə yekunlaşan həmin görüş “Neftçi” və “Ararat” arasında keçirilən son futbol matçı kimi də tarixə düşür. Belə ki, həmin il “Neftçi” qənaətbəxş nəticə əldə etmədiyi üçün SSRİ yüksək liqasını tərk edərək birinci diviziona düşür. Beləliklə, iki klub arasında 1949-cu il mayın 28-də “Neftçi”nin 2:1 hesabı ilə qalib gəldiyi matçla başlayan rəqabət 1988-ci il avqustun 20-də yekunlaşır.
Ümumilikdə, SSRİ yüksək liqası çərçivəsində “Neftçi” və “Arata” 44, bütün divizionlar və kubok matçları da daxil olmaqla, 76 matç keçirmişdi. Həmin matçların 21-i “Neftçi”nin, 31-i “Ararat”ın qələbəsi ilə, 24 matç isə heç-heçə bitmişdi.
Çempionatının yekunlarına əsasən, “Neftçi” yüksək liqanı tərk edir və SSRİ birinci liqasına düşür. Burada isə Azərbaycan klubu daha bir erməni komandası – “Kotayk”la üzləşməli olur. Qarabağda situasiyanın ötən 1 il ərzində daha da gərginləşməsi sonunda iki komandanın öz meydanlarında qarşılaşması qeyri-mümkün idi. Buna görə də, “Neftçi” ilə “Kotayk”ın birinci liqa çərçivəsində hər iki matçı bu dəfə Rusiyanın Novorossiysk şəhərində baş tutur.
1989-cu il mayın 6-da “Kotayk”ın nominal ev sahibliyi etdiyi matç 0:0, həmin il avqustun 22-də bu dəfə “Neftçi”nin nominal ev sahibliyi etdiyi matç isə 1:1 hesabı ilə başa çatır.
Həmin matçdan sonra daha Azərbaycan və Ermənistan klubları arasında görüşlər keçirilmir. 1990-cı ildə “Neftçi” və “Kotayk” klubları bir-biri ilə oynamaqdan imtina etdiyi üçün onlara texniki məğlubiyyət verilir.
İki ölkə klubları arasında uzun illər futbol matçı keçirilmir. Yalnız 2005-ci il yanvarın 19-da Moskvada hər il keçirilən Birlik Kubokunun 1/4 mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə Ermənistan çempionu “Pyunik” üzbəüz gəlir. Böyük ajiotaj və emosional fonda keçirilən həmin matç Azərbaycan təmsilçisinin 2:0 hesablı inamlı qələbəsi ilə başa çatır.
Növbəti il komandalar bu dəfə Birlik Kubokunun yarımfinal mərhələsində üzləşməli olur. Amma “Pünik” komandası ötən ilki acı məğlubiyyətin təsiri altında təhlükəsizlik təminatını əsas gətirərək Moskvanı tərk edirlər.
2011-ci ildə yenə həmin kubok çərçivəsində Bakının “İnter” komandası Ermənistanın “Mika” klubunu ¼ final mərhələsində rəqibini 4:0 hesabı ilə darmadağın edir.
Qeyd etmək lazımdır ki, klub səviyyəsində matçları istisna etməklə, Azərbaycan və Ermənistan milli yığma komandaları heç zaman görüş keçirməyiblər./lent.az