Qayda-qanunların hökm sürdüyü tamhüquqlu bir dünya qurulacaq və biz də orada öz yerimizi tutacağıq?
Uzun illərdir ki, bir məqama diqqət çəkməyə çalışıram. Rusiya Vladimir Putinin rəhbərliyi altında kartların dünya üzrə yenidən bölüşdürülməsini istəyir. Üstəlik, dünyanın çoxqütblü olmasını və ölkəsinin güc mərkəzlərdən biri olmasını tələb edir.
Putin bunu dəfələrlə beynəlxalq arenada ifadə edib. “Soyuq müharibə” dövründə dünyanı idarə edənlərin bir-birilərinə göstərdikləri hörməti xatırladan Putin bu gün ABŞ-ın nəzarətində nizam-intizamsız bir düzənin hökm sürdüyünü söyləyib.
Gəlin bu gün gəldiyimiz nöqtəyə nəzər salaq. Ukrayna tərəfinin bəyanatlarına baxsaq, bu ölkənin ərazisinin beşdə biri Rusiyanın işğalı altındadır. Nəzərinizə çatdıraq ki, onlar kənd təsərrüfatı sahəsi olmaqla yanaşı, enerji və mədənçilik nöqteyi-nəzərindən həyati əhəmiyyət kəsb edir.
Kiyevdəki uğursuzluqdan sonra Rusiya digər istiqamətlərdə ağır-ağır irəliləyir. O, Azov dənizini daxili dənizə çevirdi, bu ərazidəki mühüm limanları və nəhəng zavodları nəzarətə götürdü. Qara dəniz üzərində yeni və təhdidedici hegemonluq yaratdı.
Mən bunları Rusiyanın nailiyyətləri və ya qələbəsi hesab etmirəm. Nəyin uğur hesab olunduğu, qalibin kimliyini müəyyənləşdirmək üçün uzun zaman tələb olunacaq.
100-ə yaxın yaşı olan Henri Kissincerin Rusiyanın bəzi ərazi tutmalarını qəbul edərək, müharibəni bitirmək çağırışı qlobal arenada müsbət cavab almadı. Ən azı indikilik…
Ukrayna və Polşa
Bu tərəfə dönsək, Ukraynaya maliyyə dəstəyi davam edir. Ölkə artıq bu dəstəklərlə gündəlik həyatını ayaqda saxlayır. Ciddi hərbi itkilər verən Ukrayna ordusu ona verilən silahların dəstəyi ilə müqavimət göstərir.
Uzun müddət davam edəcəyi gözlənilən (planlı) müharibədə Polşanın Qərb blokunun siyasi və hərbi bazasına çevrilməsi iki ölkə arasındakı sərhədlərin qaldırılması ilə tamamilə fərqli ölçülər qazandı.
İşğalın əvvəlində dünya qəhrəmanı elan edilən Ukrayna liderini indi təkcə ABŞ Prezidenti deyil, digər tərəfdaşları tərəfindən də “danlanmağa” başlayıb. Ona görə də müharibə başlayandan ona daha soyuqqanlı yanaşanların diqqət çəkdiyi məqam daha qabarıq görünürdü.
Ukrayna yalnız böyük qarşıdurma üçün zəmindir. Milyonlarla insanın mühacirətə getməsi, ölkənin vəziyyəti heç kimin vecinə deyil.
Yeni nizamın nizamsızlığı
Biz baş verənlərin demək olar ki, hər saniyəsinin birbaşa əlaqəli olduğu ölkədə yaşayırıq. Qara dəniz, Rusiya ilə geosiyasi kəsişmələr və yaxın münasibətlərimiz, NATO-nun Şərqi Avropaya genişlənmə siyasəti üçün yeni namizədlər, Suriyada Rusiya amili və s.
Türkiyə üçün daha bir neçə vacib məqam var. Yeni dünya nizamı yaranır və kimin nə deməsindən asılı olmayaraq, bizim burada çox mühüm rolumuz olacaq.
Rusiya-Ukrayna böhranında qurduğumuz balans və “taxıl dəhlizi” adı altında davam edən proses yalnız iki başlanğıcdır. Ancaq unutmayaq ki, hər şey o qədər də asan inkişaf etməyəcək, əksinə, bizi yeni böhran sahələri gözləyir.
Yeni nizamın formalaşması zehni dünyamızı belə bir səhvə sürükləməsin ki, müəyyən qayda-qanunlarla fəaliyyət göstərən tamhüquqlu bir dünya qurulacaq və biz orada öz yerimizi tutacağıq. Dünya heç vaxt belə bir yer olmayıb və olmayacaq.
Ümumilikdə “yeni nizam” adlandırmağımız məfhum bütün dünyada və təbii ki, bizə yaxın və ətrafımızda qeyri-sabit ərazilərin, parçalanan ölkələrin və uzun sürən böhranların mövcudluğuna mane olmur. Bunlar artıq yeni nizamın mövcudluğu və davamı üçün lazımdır.
Mübarizə və yeni səhifə
İstəsək də, istəməsək də, bizi belə bir dünya gözləyir. Ona görə də, gəlin keçmişin kodlarına nəzər salaraq, Yunanıstanın ABŞ-ın əli ilə şirnikləndirilməsini qiymətləndirməyək. Məsələ bizim onları döyüşdə məğlub etmək qabiliyyətimizdən qat-qat artıqdır.
Suriyanın şimalında bizə qarşı formalaşdırılan (dəstəklənən) qondarma dövlətin vəziyyəti də belədir. Bizə başqa yanaşma lazımdır.
Məsələn, biz İsraillə münasibətlərimizdə yeni səhifə açdıq. Nəzərə alaq ki, burada proses asan olmayacaq. Amma “dünən belə etdin, bu gün belə edirsən” deyənlərə mütləq qulağımızı bağlayaq. Eyni şey Misir üçün də keçərlidir.
Qaşıqçı qətli ilə bağlı ifadə edilən bəzi yanaşmalara da eyni münasibəti sərgiləməliyik. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Türkiyəyə gələcək və hər bir ölkənin diplomatik münasibətlərində olduğu kimi ölkəmizdə də belə eniş-yoxuşlar yaşanacaq.
Saysız-hesabsız misallarda olduğu kimi, xarici siyasət belə işləyir. Türkiyə də doğru olanı edir. Yeri gələndə döyüşür, yeri gələndə yeni səhifə açır. O da səhv edə bilər, işlər planlaşdırıldığı kimi getməyə bilər. Hər halda, Ankaraya ağıl verməkdə çox tələsməyək.
Müəllif: Nasuhi Güngör
Mənbə: "haberturk.com.tr"
Tərcümə AYNA-ya məxsusdur
Müəllif: İsmayıl Məmmədli