Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ukraynada qızla rəqs... Şuşadan son keçid... Və meymunluq zəmanəsi başladı...


“Bu 31 ildə bizim pul, var-dövlət, ev, villa, maşın, vəzifədən, kürsüdən və s. ötrü ruhumuzu, simamımızı, mənliyimizi dəyişmək “fərasətimiz” olmadı... Odur ki...”

"Şükür Allaha, şəhid və qazilərimizin canı-qanı sayəsində torpaqlarımızın xeyli hissəsi işğaldan azad olundu. Amma təəssüf ki, meymunlar yenə də öz ampluasında qaldı..."
 
-FİKİR SAVAŞI...-
 
Həmişə zəmanəmizin siyasət və şou-biznes meydanlarını zəbt etmiş, bütün insan sifətlərini itirmiş  vicdansız, namussuz məxluqlardan bəhs edəndə qeyri-ixtiyarı 31 il öncə gəncliyimdəki bir olay gözüm önünə gəlir...
 
Bu dəfə həmin hadisəni yadıma həm də son aylar məşhurlaşdırılmış(!) meymunçiçəyi infeksiyası saldı...
 
1991-ci ilin iyulunda ali məktəbdə  5-ci kursa keçid imtahanlarını başa vurduqdan sonra rəhmətlik bibim oğlu İlqar və Yardımlıdan olan otaq yoldaşım Oqtayla birgə 10-15 günlük istirahət üçün Ukraynada yaşayan bacımgilə qonaq getmək qərarına gəldik. Bakı hava limanından adambaşı cəmi 41 ya 42 manata(o vaxt rublun üzərində həm də manat yazılırdı)  uçaqla qalxıb Kiyev hava limanına endik. Oradan isə avtobusla bacımgilin yaşadığı kiçik, amma xoş aura və mənzərəli Smela şəhərinə yollandıq... Bacımgildə digər qonaqlar da olduğu üçün oteldə qalmağı qərara aldıq. Bir axşamçağı gəzinti üçün otelin həyətinə düşərkən bir qrup ukrayın gənclə aramızda yüngül bir söz atışması yaşandı. Lakin qısa müddətdə anlaşdıq və hətta ukrayın oğlanlar bizi yaxınlıqdakı restorana qonaq dəvət etdi... Restoranda Azərbaycan və Ukrayna xalqlarının, onların dostluğunun şəninə təriflər söyləyib yeyib-içdikdən sonra  daha bir məkana dəvət aldıq. Şəhərin mərkəzi parkında o vaxt hələ mövcud olan komsomol təşkilatı tərəfindən komsomol diskotekası təşkil olunmuşdu... Oqtayla mən də Ukrayna gəncləri ilə birgə rəqsə qoşulduq. Sonra cütlüklərin rəqsləri üzrə yarışma keçirildi.  Təsadüfən üz-üzə gəldiyim bir ukrayın qızla həm Azərbaycan milli rəqsini, həm estrada, həm də Ukrayna xalq rəqslərinin sintezindən ibarət bir qarmaqarışıq oyun çıxardıq... Ətrafdakı yüzlərlə insan bizi alqışlamağa başladı... Nəticədə münsiflər heyəti ukrayın qızla məni yarışın qalibi elan etdi. Və bizə hədiyyələr verildi. O vaxt sovet dövlətinin çöküş vaxtı olduğundan komsomol da kasıblamışdı. Bizə gözəl bir gül dəstəsi və Ukrayna ornamentləri ilə bəzədilmiş yaraşıqlı bir şəkər tozu qabı hədiyyə edildi. Təbii ki, gül dəstəsini ukrayın qıza verdim. Həmin şəkər qabını isə bu günədək Ukraynanın o qayğısız günlərindən yadigar saxlayıram... 
 
Onu deyim ki, nə milli, nə də estrada rəqsləri o dərəcədə yaxşı bacarmırdım. Odur ki, rəqs nömrəmə görə 1-ci yer tutacağımı ağlıma belə, gətirmirdirm. Sadəcə, ukrayın qızla bərabər kütləni cəlb edəcək  hoqqa çıxarmağı, necə deyərlər, meymunluq etməyi bacardıq... 
 
O gündən anladım ki, əgər kiçik bir qondarma rəqs nömrəsi ilə kütlənin alqışını qazanmaq olursa, deməli, oxşar yollarla pul-para, karyera da qazanmaq mümkündür... Bir sözlə, başa düşdüm ki, artıq meymunluq zəmanəsi başlayıb... Əslində həmin zəmanə hələ 1980-ci illərin sonlarından başlamışdı. Sonuncu SSRİ lideri Mixail Qorbaçovun qondarma yenidənqurma  dövründən...  İnsan nəfsinin ciddi çərçivəyə salındığı sovet rejimi birdən-birə vətəndaşlara nəfsani azadlıq verməyə başladı. SSRİ ilə bağlı nostalji yaratmaq niyyətim yoxdur. Amma fakt idi ki,  totalitar bir imperiya olsa da, cəmiyyətdə, eləcə də Azərbaycanda müəyyən əxlaq, mənəviyyat çərçivələri qorunurdu. Təbii ki, bu, rəhbər vəzifələrdəkilərin əksəriyyətinə aid deyildi. Amma hər halda o dövrdə telekanal və qəzetlərdə kütləvi şəkildə fahişəlik və homoseksuallıq təbliğ olunmur, hər yoldan keçənin əlinə bir mikrafon verib efirə buraxmırdılar... Rüşvətxorluq o dövrdə də olsa da, hər şeydə müəyyən bir əndazə vardı... Fəqət, yenidənqurma illərindən tədricən bütün əxlaq, mənəviyyat çərçivələri laxladıldı və “demokratiya”dan öncə rəhbərlikdəki dələduzlar sui-istifadə edərək dünən qorxa-qorxa, gizlin etdiklərini bu gün aşkar etməyə başladılar.  Əvvəlcə porno video-prokat zalları, sonra isə fahişəxanalar, pritonlar açıq fəaliyyət göstərməyə başladı... Yadımdadır ki, 1994-cü ildə  Bakının mərkəzində “AZİ” ilə üzbəüz yerləşən şəhid Milli Qəhrəman Çingiz Mustafayev adına klubda gündə 3-4 dəfə  porno-filmlərin nümayişi ilə bağlı material hazırlayarkən həmin klubun müdiri açıqca dedi ki, bu işin arxasında elə bir adam durur ki... Bu haqda qəzetdə yazı versək də, heç bir reaksiya olmadı... 
 
Xülasə, Ukraynadan iyulun sonunda yenidən təyyarə ilə Bakıya dönüb oradan da qatarla Ağdama gəldim. Ağdamdakı bacımgildə bir gecə qaldıqdan sonra avtobusla Əsgərandan,  Xocalıdan və Xankəndi yaxınlığındakı Ağa körpüsündən keçməklə Şuşaya, oradan da Laçına, hazırda faktiki Rusiyanın nəzarətində qalan Ağanus kəndimizə yetişdim... Bu, həmin şəhərlərimizdən, eləcə də Şuşadan sonuncu keçidim idi...  Yadımdadır ki,  Əsgəran şəhərindən keçərkən bizə nifrətlə baxan ermənilər avtobusumuza bir neçə daş atmışdı... Ağa körpüsündəki hərbi postda sovet-rus  hərbçiləri tərəfindən həbs edilmək təhlükəsindən isə zorla qurtuldum. Məsələ ondadır ki, ötən Ukrayna səfərində Çerkassı şəhərindən aldığım “diplomat” deyilən yaraşıqlı çemodanımın xırda ciblərindən birində bir neçə avtomat gülləsi qalmışdı... Onları, deyəsən,  Ukraynaya getməmişdən öncə dostum Oqtayla birlikdə bir neçə günlük kəndimizdə olarkən könüllü özünümüdafiə dəstə üzvlərindən birindən yadigar götürüb saxlamışdım... Xoşbəxtlikdən rus hərbçilər çemodanımı çox da dərindən yoxlamadılar və artıq erməni terrorçuların at  oynatdığı  Xankəndindəki xüsusi təcridxanalarda həbsdə qalmaqdan canım qurtardı... 
 
Beləliklə, 1991-ci il təxminən avqustun 1-i, yaxud 2-də Ağdam-Əsgəran-Xocalı-Xankəndi-Şuşa-Laçın marşrutuyla doğma kəndimizə gəldim... Bundan sonra Şuşaya gəlmək bir daha qismətim olmadı... Sonrakı müddətdə Bakıdan Laçına artıq Qubadlı yoluyla gəlməli olduq... Həmin il SSRİ dağıldı... Və Ukrayna öz nüvə silahını Rusiya və ABŞ-la yanaşı, daha bir neçə Avropa dövlətinin təkidi və təhlükəsizlik zəmanəti altında  təhvil verdi... Bəlkə də müstəqil Ukraynanın ilk prezidenti Leonid Kravçuk nüvə başlıqlarının verilməsinə razı olmasaydı, dünən  rəqs etdiyimiz Ukrayna bu gün Putin kimi siyasi meymunlarım savaş arenasına çevrilməzdi....
 
1992-ci ilin fevral-martında ali məktəbin sonuncu kursunda oxuyarkən öz təşəbbüsüm, tələbə yoldaşlarım və bir neçə müəllimlərimizin dəstəyi ilə yaratdığımız könüllü dəstə ilə Laçına yollandıq. Və işğal günlərinədək Laçın alayının təkibində əlahiddə tağım kimi Ermənistanla sərhəddə döyüş xidmətində olduq...
 
Məhz bəzi siyasətçilərin xəyanəti, bəzilərinin meymunluğu, yəni qucaqdan-qucağa, mövqedən mövqeyə, partiyadan partiyaya atılması sayəsində Xocalı kimi  Şuşa, Laçın da, ardınca daha 7 bölgəmiz də işğal olundu... Bundan sonra isə yenə də xəyanətkarların, meymun siyasətçi, deputat, “ziyalı”, alim, şair, yazıçı, jurnalist və artistlərin sayəsində müstəqil(!) dövlətimizin həm sərvətləri, eyni zamanda mənəviyyatımız, milli-mənəvi dəyərlərimiz də işğal olunmağa başladı... Geniş zalların tribunaları, konsert salonları, telekanallar, qəzetlər və nəhayət, saytlar, “You Tube” kanalları meymunların və meymunbazların oylağına çevrildi... Həmin illər ərzində adamlığını, abır-həyasını qorumağa çalışan insanların çoxu kimi bizlər də doğma yurd-yuvasından didərgin düşüb özgə qapılarında, yataqxanalarda, kirayələrdə ömür-gün sürdük. Bu 31 ildə bizim pul, var-dövlət, ev, villa, maşın, vəzifədən, kürsüdən və s. ötrü ruhumuzu, simamımızı, mənliyimizi dəyişmək “fərasətimiz” olmadı... Odur ki, özgə qapılarında, yataqxanalarda müəllim olduq, jurnalist olduq, ata olduq, nəhayət, baba olduq, amma meymun olmadıq...  
 
Şükür Allaha, yetişmiş geo-siyasi situasiyada dövlətimizin siyasəti, şəhid və qazilərimizin canı-qanı sayəsində torpaqlarımızın xeyli hissəsi işğaldan azad olundu. Ağdamdan Əsgərandan keçib gedə bilməsək də, Şuşa şəhəri də azaddır... Və bu gün buna layiq olan insanlar da bu gözəl şəhərimizi ziyarət edə bilir... Amma təəssüf ki, meymunlar yenə də öz ampluasında qalıb... Yenə də orda-burda şəkil, klip çəkdirir, poz verir, qucaqdan-qucağa, mövqedən mövqeyə atlanır və dişlərini ağardıb bizlərin səbrini daşırtmağa çalışırlar...
Doğrudan da arını, abır-həyasını, namusunu, vucdanını, mənliyini, insafını itirmiş adamlarla meymun arasında o qədər də fərq yoxmuş...
 
Allah bizləri meymun çiçəyindən daha çox, mənəvi, siyasi meymunluqdan qorusun!..
 
P.S. Fotolardakı anonim ingilis rəssamı Benksinin parlamentdə meymunları təsvir edən və "Meymun işi" adlanan əsəridir. 2019-cu ildə Honkonqda keçirilmiş məşhur  "Sotheby's"("Sotbis") hərracında 12 milyon dollara satılıb....
 
Sultan Laçın  





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10